Qarabağ müharibəsinə başlaya bilərikmi?
Qarabağ müharibəsinə başlaya bilərikmi?

Rusiya Xəzəryanı əməkdaşlıq institunun baş direktoru Sergey Mixeyev bildirib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. KTMT ölkələri silahlı münaqişələrdə İrəvana yardım edəcəklər, amma bunun Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”.

Maraqlıdır ki, Sergey Mixeyev bu fikirləri İrəvan-Moskva arasında videokörpüdə çıxış edərkən ifadə edib.
Ekspert vurğulayıb ki, işğal olunmuş Dağlıq Qarabağın rəhbərliyi özünü Ermənistanın bir hissəsi hesab etmir və özünü dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan müstəqil dövlət kimi təqdim edir.
Ekspertin sözlərinə görə, qondarma respublika KTMT-nin üzvü deyil və onun Kollektiv Təhlükəsizlik Müqaviləsinin yurisdiksiyasına heç bir aidiyyatı yoxdur.
Tanınmış politoloq Qabil Hüseynlinin “Unikal”a söylədiyinə görə, ”Politoloq Mixeyevin yuxarıdakı fikirləri birinci növbədə publikaya hesablanıb. İkinci növbədə isə, Rusiyanın Güney Qafqazda yaratmış olduğu hərbi disbalansı pərdələmək üçün dilə gətirilib. Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən hamıya bəllidir ki, bu konflikt və müharibə Moskvanın ermənilərə verdiyi xeyir-dua ilə baş tutub və bu xeyir-duanın arxasında rusların ermənilərə aşiqliyi deyil, konkret geopolitik maraqlar durur. Buna görə də Rusiya Güney Qafqazda yarada bildiyi balansın pozulmasına heç cür razı ola bilməz. Əgər Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin hərbi yolla azad edilməsinə qalxsa, qarşısında Ermənistan ordusunu, arxasında isə rus əsgərlərini görəcək. Buna görə də Qarabağ müharibəsinə başlamaq üçün birinci növbədə Rusiya amilini neytrallaşdırmaq lazımdır və Azərbaycanın əsas siyasi-diplomatik səyləri bu istiqamətə yönəlməlidir”.
Ekspertin sözlərinə görə, “Rus politoloqu səmimi danışmır. Dağlıq Qarabağ rejiminin maraqlarını qoruyan Ermənistan dövlətidir və Rusiya hər vəchlə Emənistanı gücləndirməkdə davam edir. Bu gün Ermənistanda Rusiyanın ən müasir raket kompleksləri quraşdırılıb. Ermənistanın hərbi baxımdan güclənməyi isə Dağlıq Qarabağdakı rejimin hərbi baxımdan güclənməyi deməkdir. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu Ermənistan ordusunu lazımi şəkildə yerində oturda bilər. Amma bunun üçün birinci növbədə Rusiyanı oyundan kənarlaşdırmaq lazımdır”.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun “Unikal”a bildirdiyinə görə, “Dağlıq Qarabağ münaqişəsinin həlli süni olaraq mürəkkəbləşdirilir və ya belə təqdim olunur. İqtisadi, siyasi və hərbi baxımdan Ermənistandan xeyli güclü olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini istənilən anda müharibə yolu ilə həll edə bilər”.
Politoloq qeyd edir ki, Azərbaycanın ümumi parametrləri, iqtisadi qüdrəti və siyasi bacarığı dünənə kimi Azərbaycanı sıradan çıxarmaq niyyətində olan dövlətləri də dosta çevirib.
Əhmədoğlunun sözlərinə görə, “Azərbaycanın müasir silahlarla təchiz olunmuş güclü orduya malik olması son iki ildə dünya hərbi ekspertlərinin və tədqiqat mərkəzlərinin diqqətindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan kosmik dövlətə çevrilib. Bakıda keçirilmiş son hərbi parad Azərbaycanın hansı silahlara malik olduğunu, eləcə də hərbi qüdrətini nümayiş etdirdi. Həmçinin, Azərbaycan rəsmiləri hansı şərtlərlə Ermənistana qaz satmağa, bu ölkənin regiondakı iqtisadi layihələrə qoşulmasına icazə verməyə hazır olduğunu bəyan etdilər. Xarici ekspertlər Dağlıq Qarabağda müharibənin olmayacağı ilə bağlı proqnozlarını Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi ilə əlaqələndirirlər. Onların fikrincə, Azərbaycan Dağlıq Qarabağın dağ mağaralarında erməni hərbçiləri yandırmağa və əzməyə imkan verən silahlara malik olduğu bir halda, Prezident İlham Əliyev işğalçı Ermənistana xoşniyyətli mesajını verdi. Müdrikliyin başqa əlaməti olmur".
Əhmədoğlu hesab edir ki, “Ermənistan özü üçün faydalı olan İlham Əliyevin müdrikliyinə adekvat reaksiya vermədi. Rus, qərbli, iranlı olmasından asılı olmayaraq, İlham Əliyevin müdrikliyinə istinad edənlərin aktivləşməsinin, onların Ermənistanı ayıltmasının vaxtıdır: Ermənistan Azərbaycanın iqtisadi təkliflərini qəbul etməli və ya "TOS"-ların yüksək temperatur və təzyiq yaradan atəşlərini seçməlidirlər. Azərbaycan üçün hər ikisinin nəticəsi birdir: Dağlıq Qarabağ geri qayıdacaq".
Adil Hüseynli