“Cəmiyyət yüksək səviyyədə müxalifəti dəstəkləmədi”
“Cəmiyyət yüksək səviyyədə müxalifəti dəstəkləmədi”
Fazil Mustafa: “İnsanlar adamdan hələ də tələb edirlər ki, “Bizə real mənzərə lazım deyil, bizi aldat”

Prezident seçkilərindən sonra müxalifət sıralarında baş verməkdə olan proseslə bağlı suallarımızı Böyük Quruluş partiyasının başqanı, millət vəkili Fazil Mustafa cavablandırır.

-Fazil bəy, ölkədə başa çatmış prezident seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz?
-Bütün hallarda bu prezident seçkilərinin nəticələri Azərbaycan reallığına uyğundur və hər hər hansı bir şəkildə cəmiyyət tərəfindən ciddi bir hakimiyyət dəyişikliyi simptomları müşahidə edilmədiyinə görə bu prosesin yekunlarına normal baxıram. Yəni ola bilsin ki, hansısa seçki dairələrində və seçki məntəqələrində qanun pozuntuları qeydə alınsın və bu da təbiidir. Bununla belə, bütövlükdə Azərbaycan cəmiyyətinin ab-havasına uyğun bir seçki keçirildi və seçkinin nəticələri də gözlənilən kimi oldu.
-Həm də radikal müxalifətin seçkiqabağı iddiaları yenə də gerçəkləşə bilmədi...
-Söhbət təkcə iddiadan getmir. Söhbət həm də bütövlükdə cəmiyyətin reaksiyasından gedir. Cəmiyyətdə müəyyən problemlərə görə narazı olan kifayət qədər böyük bir kütlə var. Bütün bunların müqabilində isə bu narazılıq müxalifəti dəstəkləməyə yönəlmədi. Bu narazılıq iqtidarın islahatlara başlayacağı istiqamətə daha çox meylləndi və əslində, çoxluğun laqeyd qalması hakimiyyətin xeyrinə işlədi. Məsələnin kökü buradadır. Yoxsa müxalifət onsuz da həmişə iddialarla çıxış edir və bu, belə də olmalıdır. Amma əsas məsələ bu idiaların cəmiyyət tərəfindən nə dərəcədə dəstək qazana bilməsindədir. Konkret nəticə bundan ibarət oldu ki, cəmiyyət yüksək səviyyədə müxalifəti dəstəkləmədi.
-Siz milli-azadlıq hərəkatının lap təməlindən bu günə qədər gələn siyasətçilərdənsiniz. Elə bu günki müxalif liderlərin əksəriyyəti də Sizinlə bərabər bu yolu gələnlərdir. Onlar niyə bu qədər üzücü bir duruma düşdülər?
-Onların bu günki siyasi iflasının əsas səbəbi zamanı düzgün oxumamaqdadır. Onlar ölkədə baş verən siyasi proseslərə beynəlxalq müstəvidən yanaşa bilmirlər. Onlar dar çərçivədə düşünüb siyasi proseslərin əyalət miqyasında idarə olunacağına ümid bəsləyirlər. Bu cür təfəkkür tərzi bir müddət lokal siyasi proseslərdə fayda verə bildi. Bir sıra insanlar elə bu dalğanın üzərində siyasətə gələ biliblər. Amma kimlər ki, özlərini təkmilləşdirə bilmədilər, elə o dalğanın içində də qalıb, əslində, boğuldular. Əsas problem budur ki, onlar Azərbaycanı beynəlxalq siyasət müstəvisindən ayıraraq ayrıca bir ada, əlahiddə bir subyekt kimi təsəvvür edirlər. Onlar anlamaq istəmirlər ki, bu seçkinin nəticəsindən öncə ilk növbədə Misirdə, Suriyada gedən proseslərə diqqət yetirmək lazım idi. Bizdən daha çox dövlət ənənəsi olan ölkələrdə prezidenti devirib yerinə ordunu gətirirlər və heç bir dünya dövlətində, demokratiyadan dəm vuran ölkədə səs çıxmır. Əksinə, ordunu dəstəkləyir, hələ ona pul da verirlər. Bu o deməkdir ki, bunlara diqqət yetirib müəyyən etmək lazım idi ki, Azərbaycan kimi gənc dövlətlərdə beynəlxalq siyasi dairələrin nüfuz miqyası xalqın rolundan daha güclü rol oynayır.Məncə, müxalifət bunu nəzərə alıb özünün siyasi kursunu daha da təkmilləşdirməli idi. Cəmiyyəti inandırmaq lazım idi. Cəmiyyəti inandırmaq üçün isə sağlam və effektli bir ideyaya sahib olmaq lazımdır. Bu olmadığına görə də Azərbaycan cəmiyyəti radikal müxalifətə dəstək vermədi. Ən ciddi problemlərdən biri də budur ki, radikal müxalifət də yeniləşməyə meylli deyil. Buna görə əvvəlcədən proqnozlaşdırıldığı kimi də uğursuzluğa düçar oldular. Heç kim özünün ayranına turş demək istəmir, heç kim özünün yanlışını görmək istəmir və hətta yanlışlığında israr eləyir. Belə olan halda isə müxalifət sıralarında yeniləşmə olmayacaq. Bundan sonrakı proseslərdə onların daha ciddi, daha ağır məğlubiyyətləri ortaya çıxacaq və cəmiyyətin dəstəyi azalacaq. Çünki onlar bu qədər narazılığın fonunda böyük bir kütləni arxalarınca apara biləcək bir imkana sahib deyillərsə, bu hal ciddi şəkildə sorğulanası bir vəziyyətdən xəbər verir.
-Doğrudanmı, yəni müxalifətin İsa Qəmbər, Əli Kərimli kimi veteranları kütləni ələ almaq üçün “İstefa!” və “Azadlıq!” şüarlarından başqa bir şey düşünüb tapa bilmirlər?
-Bilirsiniz, elə vəziyyətlər var ki, orada təcrübədən çox intiusiya və bilik önəmli rol oynayır. Ola bilsin ki, bir fakültədə bir müəllim qırx il dərs deyir və bu sahədə böyük təcrübəsi var. Amma gənc bir müəllim daha çevik bir dünyagörüşlə tələbənin istədiyini daha çox verə bilir. Nəticədə tələbənin rəğbəti ona yönəlir. Məsələnin kökü buradadır. Yəni uzun illər siyasətdə olmaq hələ yetərli deyil. Başqa bir misal çəkim. At çox möhkəm qaça bilir, amma bu o demək deyil ki, at yaxşı futbol oynaya bilər. Yaxşı futbol oynamaq üçün ayrıca özəlliklərə malik olmaq lazımdır. Yəni siyasi prosesləri anlamaq və kütləni dalınca aparmaq üçün bu günki müxalifət daha yeni özəlliklərə sahiblənməlidir.
-Bu məğlubiyyət müxalifət sıralarında bir yenilənmənin, təzələnmənin təməlini qoya bilərmi?
-Azərbaycanda çevik müxalifətin formalaşması prosesi ciddi şəkildə ləngiyib və bu proses yanlış istiqamətə yönəlib.
-Milli Şuranın mənsubları artıq bildirirlər ki, bundan sonra Milli Şura çərçivəsində artıq növbəti parlament seçkilərinə hazırlaşacaqlar. Doğrudanmı, Milli Şura bundan sonra nələrisə etməyə qabildir?
-Əslində, bundan sonra onların deməyə başqa sözləri də qalmayıb. Bu bir elementar həqiqətdir ki, siyasi partiyalar hər zaman seçkilərə hazırlıq görməlidir. Amma söhbət ondan gedir ki, yeniləşmiş kafa ilə parlament seçkilərinə hazırlaşacaqlar, yoxsa köhnə kafa ilə? Yəni vəziyyətə yenə də ireal düşüncə ilə yanaşacaqlar, yoxsa yeni bir yanaşma tərzi olacaq? Əsas məsələ budur. Hansı siyasi quruma “Nə edəcəksən?” sualını versən, həmin trafaret cavabı alacaqsan. O sözü işlədirlər ki, “Biz parlament seçkilərinə hazırlaşacağıq, daha böyük nəticələr əldə edəcəyik”. Halbuki prezident seçkiləri parlament seçkilərindən daha önəmli idi və parlament seçkilərindənsə indi situasiyanı dəyişmək imkanları daha çox idi. Bu gün bu baxımdan bir yazı da vermişəm. Amma aldığım mesajlarda fərqli bir şey görürəm. Görürəm ki, insanlar adamdan hələ də tələb edirlər ki, “Bizə real mənzərə lazım deyil, bizi aldat! Bizi inandır ki, yaxşı olacaq”. Yəni Azərbaycan cəmiyyəti Mehdini gözləyən bir cəmiyyətdir. İstəyir ki, on ikinci imam gəlib bu cəmiyyətdə ədaləti bərpa eləsin. Eybi yox, biz tənbəlliyimizə davam eləyək. Həmin vəziyyətdir. Siyasətdə də belə düşünüləcəksə, yeniləşmə olmayacaq.
-Bəs siyasi partiyalarda qeydə alınan istefalar siyasi mədəniyyətdən irəli gəlir, yoxsa şəxsi küsgünlüyün və yaxud başqa maraqların ifadəsidir?
-Bu istefalar böyük siyasi ənənənin olmaması ilə bağlıdır. Özlərini inandırırlar ki, cəmiyyətə başqa söz deyib, kənarda başqa addım atacağıq. Bununla da mövqeyimizi gücləndirəcəyik, daha çox xalqın istəklərinə uyğun siyasi partiya kimi formalaşacağıq.Yekun nəticə ortalığa çıxmayanda belə hallar tez-tez baş verir. Amma o yerdə ki, səmimi şəkildə reallıqları dilə gətirib maksimalist hədəflər qarşıya qoyulursa, o zaman bu cür təlatümlər yaşanmır. Yəni bu faktlar yeridilən siyasətlə bağlı bir məsələdir. Yanlışlığın müəyyən bir bədəlidir ki, onu da ödəyirlər. Sakit bir tərzdə prosesdə iştirak edib yüksək bir tonda hər şeyin qaydada olduğunu ifadə etməyə çalışırsansa, sonda bunun nəticəsini ortadan qaldırmaq hər halda çətin olur və belə istefalar başlanır.
-Ölkədə prezident seçkilərinin başa çatması və eyni zamanda Rusiyanın intensiv şəkildə Ermənistanı silahlandırması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nələr gözlənilə bilər?
-Hər halda, bu yöndə ənənəvi siyasi kurs dəyişilməyəcək. Rusiya bölgədə hansısa vəziyyətin dəyişilməsində maraqlı deyil. Rusiya maraqlı olmadığına görə də bu problemin həlli istiqamətində ciddi bir dəyişiklik baş verməyəcək. Rusiyanın Ermənistanı müntəzəm şəkildə silahlandırması da elə-belə bir məsələ deyil. Rusiya Ermənistandakı ordusunu silahlandırır. Bu ordunun başında erməni generalı da dura bilər, bir başqası da. Amma faktiki olaraq rus ordusu kimi baxdığına görə silahlandırır.
Söhbətləşdi:
Ferzuq Seyidbəyli