“Cəmiyyətimiz nədirsə, ordumuz da odur”
“Cəmiyyətimiz nədirsə, ordumuz da odur”

Üzeyir Cəfərov: “Müdafiə naziri kimi Zakir Həsənov üçün çox çətin olacaq”

“Cəmiyyətimizdə gördüyümüz deqradasiya, mülki həyatdakı hüquqsuzluqlar və digər eybəcərliklər sabah ordu sıralarına transfer olunur”

Yeni seçilmiş prezident yeni hökuməti formalaşdırdı. Və bu prosesdə cəmiyyəti daha çox razı salan ən önəmli dəyişiklik müdafiə nazirinin yenilənməsi oldu. Müstəqil hərbi ekspert Üzeyir Cəfərovla söhbətimiz bu yöndə olacaq.

-Üzeyir bəy, Azərbaycan Ordusunda “Səfər Əbiyev erası” başa çatdı. Bir ekspert kimi bu “era” Sizin yaddaşınızda hansı müsbət və mənfi yönləri ilə qalacaq?
-Bu başdan onu demək istəyirəm ki, mən hələ belə qətiyyətli fikir söyləmək istəməzdim ki, Azərbaycan Ordusunda “Səfər Əbiyev erası” başa çatıb. Çünki bilmək olmaz ki, sabah onu hansı vəzifəyə təyin edəcəklər. Məndə olan məlumata görə, Səfər Əbiyev yaxınlarda güc strukturları ilə bağlı olan yeni bir təyinat alacaq və ona yenə də rəhbər postlardan biri həvalə ediləcək. O ki qaldı onun müdafiə naziri kimi hansı müsbət və mənfi cəhətləri ilə yadda qalmasına, mən bu barədə mətbuatda həmişə fikirlərimi obyektiv şəkildə bildirməyə çalışmışam. Sadəcə, indi onun müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra mənim bu barədə fikir söyləməyim bir qədər düzgün olmaz. Bununla belə, mənim subyektiv fikrimdir ki, Azərbaycanın silahlı qüvvələri ötən illər ərzində daha çox uğurlar əldə edə bilərdi. Orduya münasibətdə müəyyən işlər görüldü, təəssüflər olsun ki, bir çox işlər isə həyata keçirilmədi. Elə bu görülməyən işlərin sayəsindədir ki, bu gün Azərbaycan cəmiyyətində ordu ilə bağlı nikbin əhvali-ruhiyyə hökm sürmür. Bunun da bir səbəbi Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı bir çox addımlarla bağlıdır. Bu addımlar isə vətəndaş cəmiyyəti qurumları və ümumən cəmiyyət tərəfindən heç də birmənalı şəkildə qarşılanmayıb. Bu məsələ ilə bağlı bir müddətdən sonra nəsə fikir söyləmək olar.
-Hər bir halda fakt budur ki, ötən illər ərzində Azərbaycan Ordusunda rüşvətxorluq, korrupsiya, əsgərlərin döyülməsi və təhqir edilməsi, döyüşdən kənar durumlarda əsgərlərin öldürülməsi və yaralanması, sıravi əsgərlərin intihar etməsi, homoseksualizm faktları kifayət qədər qeydə alınıb və bu barədə KİV, QHT-lər, hətta cəmiyyət tərəfindən iradlar, etirazlar səslənib. Bu faktların böyük bir qismi Səfər Əbiyevin “xidmət siyahısı”na daxildir...
-Mən Sizinlə razıyam. Yəni güc strukturunda bu hadisələr baş veribsə, məsuliyyət birbaşa həmin quruma rəhbərlik edən birinci şəxsin üzərinə düşür. Bunu qətiyyən inkar etmirəm. Amma ədalət naminə qeyd edilməlidir ki, bu cür faktlar, məsələn, Şəmkirdəki hərbi hissədə qeydə alınırsa, onun məsuliyyətini birbaşa Səfər Əbiyevin üzərinə yıxmaq da düzgün deyil. Və yaxud da bu cür hadisələr Naxçıvandakı hərbi hissələrdə baş verirsə, oradakı briqada komandiri general Kərəm Mustafayevi təqsirləndirmək əvəzinə bütün günahı Səfər Əbiyevin boynuna yıxmaq da olmaz. Ədalətli olmaq lazımdır. Mən bu məqamda qətiyyən Səfər Əbiyevin vəkili rolunda çıxış eləmək niyyətində deyiləm. Amma onun vəzifə məsuliyyəti ilə yanaşı o birilərinin də günahlarını qeyd etmək lazımdır. Yerlərdəki komandirlərin məsuliyyətlərinin artması üçün, sözsüz ki, müdafiə naziri, onun müavinləri tələbkarlığı o səviyyəyə qaldırmalıdırlar ki, sadaladığınız cinayət faktları orduda baş verməsin, yerlərdəki komandirlər öz vəzifə borclarına vicdanla yanaşsınlar, hər bir əsgərə öz övladları kimi qayğı göstərsinlər. Belə olarsa, orduda nə rüşvətxorluq, nə korrupsiya, nə homoseksualizm, nə intihar, nə də döyüşdənkənar ölüm halları baş verər. Amma bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində müşahidə etdiyimiz eybəcərliklərin bir hissəsi də Azərbaycan Ordusunda var və bunu heç kim inkar edə bilməz. Çünki ordu bu cəmiyyətin ayrılmaz bir hissəsidir. Cəmiyyətimiz nədirsə, ordumuz da odur. Cəmiyyətimizdə gördüyümüz deqradasiya, mülki həyatdakı hüquqsuzluqlar və digər eybəcərliklər sabah ordu sıralarına transfer olunur və orduda həmin şakərlər təkrar edilir. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, məsələlərə bir qədər ədalətli yanaşsaq, daha yaxşı olar.
-Əsgər hüququ deyərkən nələri başa düşməliyik və bu gün sıravi əsgərimiz öz hüquqlarını qoruya bilirmi?
-Əslinə qalanda, mən bu suala bir qədər başqa cür yanaşardım. Mən çox istəyərdim ki, Azərbaycan əsgəri öz hüquqlarını ölkənin konstitusiyası və qanunları çərçivəsində qoruya bilsin. Bu gün Azərbaycan əsgəri üçün çox çətindir. Bilirsiniz, əgər bu gün Azərbaycanın ziyalıları və hətta üzdə olan şəxsiyyətləri öz hüquqlarını qorumaqda çətinlik çəkirsə, bərbad qərarlar çıxartmaq ad çıxartmış məhkəmələrdə, hüquq-mühafizə orqanlarında öz hüquqlarını qoruya bilmirsə, faktiki olaraq, sıravi əsgərin öz hüquqlarını qoruması müşkül bir məsələyə çevrilir. Ona görə də əsgərimizin Türkiyədə, Birləşmiş Ştatlarda və digər inkişaf etmiş ölkələrdə olduğu kimi öz hüquqlarını müdafiə etməsi üçün cəmiyyətimiz inkişaf etməlidir. Orduya ictimai nəzarət gücləndirilməlidir. Bu nəzarəti həyata keçirdənlər saf insanlar olmalıdır. Bu mexanizm mükəmməl şəkildə işləsə, hissə komandirləri anlayarlar ki, əsgərə öz balası kimi yanaşıb onun qayğısına qalmalıdırlar. O zaman əsgərin haqqı yeyilməz. Və hesab edirəm ki, əsgərin hüquqları məhz belə bir durumda lazımi şəkildə qoruna bilər.
-Yeni müdafiə naziri hansı bir ordunu təhvil alıb və o nələri eləməyə qadirdir? Sizcə, onun potensialı buna imkan verəcəkmi?
-Zakir Həsənovun necə müdafiə naziri olacağı barədə indidən bir fikir söyləyə bilmərəm. Bunun üçün bir qədər vaxtın keçməsi lazımdır. Amma bunu dəqiq deyə bilərəm ki, Zakir Həsənov üçün çox çətin olacaq. Bu günləri Müdafiə nazirliyi sistemində adı olub özü görünməyən birinci müavin var – Baş Qərargahın rəisi general-polkovnik Nəcməddin Sadıqov. Və yaxud kabinetdə oturub general rütbəsinə qədər qalxmış Çingiz Məmmədov kimi bir şəxs oturub orada. Bu gün Silahlı Qüvvələrdə bayaq qeyd etdiyiniz rüşvətxorluq halları ilə mübarizə aparmalı olan, amma təəssüflər olsun ki, bu baxımdan özü də müsbət bir imicə malik olmayan general Məmməd Beydullayev kimi şəxslər oturub nazirlikdə. Əgər bu şəxslər Müdafiə Nazirliyi sistemindən uzaqlaşdırılmasa, Zakir Həsənov heç bir uğurlu addım ata bilməz və onun atdığı addımlar uzun illər kabinetlərdə əyləşib qartımış şəxslər tərəfindən müqavimətlə qarşılanacaq. Beləliklə də, görülən işlərin effekti çox da yüksək olmayacaq. Düşünmürəm ki, Zakir Həsənovun əlində hansısa sehrli bir çubuq var və o çubuğu tərpədən kimi Müdafiə Nazirliyində möcüzələr baş verəcək. Və yaxud naziriliyin işində köklü dəyişikliklər müşahidə olunacaq. Amma yeni müdafiə naziri çox ciddi bir fiqurdur. Bu insan istədiyi məsələni qaldıra və həll edə bilər. Sadəcə, ona yetərincə dəstək vermək və işlərində köməklik göstərmək lazımdır. Bu kömək də ondan ibarət ola bilər ki, onun ətrafında olan təsadüfi adamlar, yəni məsələlərə dövlətçilik baxımından deyil, öz şəxsi maraqları baxımından yanaşan adamlar nazirlikdən kənarlaşdırılsın. Buna görə də yenə də təkrar edirəm ki, Zakir Həsənov üçün çox çətin olacaq. Həddindən artıq çətin olacaq. Çünki o, orduya tamamilə başqa bir qurumdan gəlib və Müdafiə Nazirliyi sistemini o qədər də dərindən bilən bir şəxs deyil. O, uzun müddət fərqli qurumlarda çalışıb. Keçmiş SSRİ-nin zamanında Almaniyadakı məhdud təyinatlı sərhəd qoşunlarının tərkibində, hərbi komissarlıq sistemində xidmət eləyib. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki Sərhəd Qoşunlarında çalışıb. Bundan sonra Daxili Qoşunlara komandan təyin edilib. Hər halda mən ona uğurlar arzulayıram və çox istəyirəm ki, bu təyinat ordunun xeyrinə olsun, ordudakı neqativ hallar aradan qaldırılsın, cəmiyyətdəki ordu barəsindəki neqativ rəylər və qənaətlər dəyişsin.
-Sualımın ilk hissəsinə cavab vermədiniz. Zakir Həsənov necə bir ordu təhvil alıb? Səfər Əbiyevdən ona qalan miras nə gündədir?
-Ordu təkcə Səfər Əbiyevdən ibarət deyildi ki. Orduda elə hərbi hissələrimiz var ki, komandirlər vicdanla xidmət edirlər. Belə hissələrdə il ərzində heç bir ciddi hadisə baş vermir. Amma orduda kifayət qədər problem var. Yeni müdafiə naziri bu problemləri həll etmək üçün gecəli-gündüzlü çalışmalıdır. Bunun üçün isə birinci növbədə özü üçün güclü komanda yaratmalıdır.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli