“Azərbaycana qarşı təzyiq Rusiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib”
“Azərbaycana qarşı təzyiq Rusiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib”

Əli Əliyev: “Azərbaycan indiki mərhələdən müstəmləkə kimi də çıxa bilər, güclü bir dövlət kimi də”

Son günlərdə ölkədə baş verməkdə olan siyasi proseslərlə bağlı suallarımızı Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev cavablandırır.
-Əli bəy, proseslərin gedişi Azərbaycan dövlətinin taleyüklü yolayrıcına gəlib çıxdığından xəbər verir. Və bu yolayrıcı Azərbaycanın yaxın 50 ildəki perspektivini müəyyən edə bilər...
-Həqiqətən də, Azərbaycan yolayrıcına gəlib çıxıb. Artıq elə bir məqamdır ki, Azərbaycan seçim etməlidir. Bu seçim isə çox mürəkkəb siyasi dönəmə təsadüf edir. Belə ki Suriya hadisələrinin söndürülməsi fonunda və Qərb-İran münasibətlərinin normallaşması dönəmində Azərbaycan keçmiş SSRİ məkanına, yoxsa Qərbə doğru yön götürəcəyi barədə qərar qəbul etməlidir. Bu, çox ağır bir seçimdir. Bu seçimə müxtəlif cür yanaşmalar ola bilər. Bu yaxınlarda MDB-nin Vilnüsdə keçirilən sammiti zamanı çox qəribə fikirlər səsləndirildi. Bunların içində mənim üçün maraqlı olanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyə ilə bağlı dediyi sözlər idi. Guya o, Türkiyədə şəxsi təmasları zamanı Türkiyənin də gömrük birliyinə qoşulması arzusunu dilə gətirib. Bu təklifin həqiqətən olub-olmadığını deyə bilmərəm, amma gerçəkdirsə, bu arzunun gerçəkləşməsi bölgədə tamamilə yeni bir situasiya yarada bilər. Və bu, Azərbaycanın da seçiminə təsir göstərə bilər. Başqa bir yandan isə Rusiyanın Azərbaycana təzyiqləri davam edir və məngənə getdikcə daha da sıxılır. Moskvada baş vermiş Orxan Zeynalov hadisələrinin tam şəkildə siyasiləşdirilməsindən sonra məlumat gəlib ki, artıq Rusiya gömrüklərinə qeyri-rəsmi şəkildə göstəriş verilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ərazisinə buraxılmasın. Bu barədə hətta iqtidar mətbuatı da yazıb. Bu isə o deməkdir ki, Rusiya-Azərbaycan münasibətləri getdikcə daha da gərginləşəcək. Bu gərginləşmə Azərbaycanın Avrasiya İttifaqına və gömrük birliyinə daxil olmaq barədə Rusiyanın xeyrinə seçim etməsinə qədər davam edəcək. Və təbii ki, Azərbaycan bu seçimi etməyəcək. Amma Azərbaycanı qarşıda başqa bir seçim də gözləyir. Ukraynanın Qərbə münasibətdə etdiyi seçim. Ukrayna Rusiyanın bütün təzyiqlərinə tab gətirərək Avropa Bilrliyi ilə assosiativ üzvlük barədə, strateji seçim barədə qərar qəbul elədi. Bu qayda ilə Ukrayna yaxın 5-7 ildə Avropa Birliyinin tamhüquqlu üzvünə çevrilmək perspektivi əldə edib. Hesab edirəm ki, Ukrayna çox düzgün seçim edib. Bu proseslərin fonunda Azərbaycanın keçmiş SSRi ilə Qərb arasında seçim edə bilməsi taleyüklü bir məsələdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevi çox vacib seçimlər etmək mərhələsi gözləyir. Mən bu fikri əvvəllər də demişəm: Azərbaycan indiki mərhələdən müstəmləkə kimi də çıxa bilər, güclü bir dövlət kimi də. Bu nəticələrin hər hansı birinin əldə edilməsi hakimiyyətin atacağı addımlardan asılıdır. Amma cəmiyyətimiz də, siyasi partiyalar da bu məqamda diqqətli olmalı, prosesləri izləməli və qəbul ediləcək seçimin məsuliyyət yükünü bölüşməlidir. Başa düşməliyik ki, bu seçim təkcə prezident İlham Əliyevin və yaxud hakim Yeni Azərbaycan Partiyasının seçimi deyil, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin seçimi olacaq. Yəni biz elə etməliyik ki, dövlət müstəqilliyimizə və suverenliyimizə heç bir xələl gəlməsin.
-Azərbaycan Ukraynasayağı addım ata bilərmi?
-Mən hesab edirəm ki, strateji baxımdan Azərbaycan bu günki status-kvonu qoruyub saxlamaq imkanında deyil. Açığı, Rusiyanın Azərbaycana qarşı təzyiqləri, hətta mən deyərdim ki, təhdidləri də bu seçimin edilməsi ilə bağlıdır. Əslində, bizim partiya Milli Şura layihəsini və onunla bağlı prosesləri dəyərləndirərək bildirmişdik ki, Rusiya bunu etməyə cəhd göstərir. Biz bunu demişdik və prosesləri də təqib edirdik. İndi prezident seçkilərindən sonra bu prosesin qəflətən vüsət alması və Rusiya rəsmilərinin ayrı-ayrı bəyanatları da göstərir ki, Azərbaycana qarşı təzyiq Rusiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib və Azərbaycanı zorla Avrasiya İttifaqına sürükləmək istəyirlər. Mənə elə gəlir ki, strateji baxımdan Azərbaycan üçün daha faydalı seçim Ukraynasayağı və Baltikyanı ölkələri sayağı seçim ola bilər. Yeri gəlmişkən qeyd edim ki, Gürcüstanın təzə seçilmiş prezidenti də Rusiyayönümlü siyasətin təmsilçisi hesab edilsə də, baş nazir İvanişvili ilə birlikdə açıq şəkildə Gürcüstanın NATO və Avropa Birliyinə meylli olduğunu bir daha dilə gətirdi və bu yöndə inkişaf edəcəklərini bildirdi. Mənə elə gəlir ki, keçmiş SSRİ məkanından həm Ukrayna, həm Gürcüstan birmənalı seçim edib. Hesab edirəm ki, Moldova da bu yaxınlarda Rumıniya ilə bağlı mövqeyini ortalığa qoyacaq. Moldova Rumıniya ilə birləşmək qərarını zaman-zaman dilə gətirir. Dnstryanı respublika problemi bu işin gerçəkləşməsinə mane olsa da, hesab edirəm ki, Moldova da böyük mənada keçmiş SSRİ-yə qayıtmaq fikrində deyil. Belə bir situasiyada Azərbaycan da Qərbə doğru seçim etməlidir. Təbii ki, Rusiya ilə münasibətləri qoruyub saxlamaq şərti ilə. Və hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu yaxınlarda bu istiqamətdə ciddi qərar qəbul etməsinin şahidi olacağıq. Düşünmürəm ki, hakimiyyətdəki bütün şəxslər Azərbaycanın Rusiyaya doğru irəliləməsinin tərəfdarıdırlar. Hərçənd ki, ölkə siyasətinin əsas vektorunu müəyyənləşdirən şəxslər Rusiyaya meylli siyasət yürüdürlər. Prezident seçkilərindən sonra verilən bəyanatlardan bunu açıqca hiss etmək mümkündür. Onlar Azərbaycanın Qərblə münasibətlərini pozaraq Rusiyaya doğru kurs götürməyə cəhd edirlər. Elnur Aslanlının açıqlamaları, Elxan Süleymanovun Avronestlə bağlı verdiyi bəyanatı açıq şəkildə sübut edir ki, Azərbaycan hakimiyyətinin daxilində Rusiya ilə münasibətləri yaxşılaşdırmaq və Qərblə münasibətləri süni şəkildə pisləşdirmək xəttinin müəllifləri var. Mən hesab edirəm ki, bu, səhv xəttdir. Azərbaycan bacardığı qədər balanslı siyasəti davam etdirməlidir. Bunu bacarmasaq, Rusiyaya tərəf meyllənmə Azərbaycanın milli dövlətçiliyinin varlığını şübhə altına salacaq və bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır.
-Son günlərdə hökumətdə baş vermiş kadr dəyişikliklərinin həmin Qərb-Rusiya yolayrıcı ilə əlaqəsi varmı?
-Mən hesab edirəm ki, hakimiyyət bu kadr dəyişiklikləri ilə özünün bütövlüyünü qoruyub saxlamaq istədi. Düzdür, keçmiş müdafiə naziri Səfər Əbiyevin istefasını onun ABŞ səfiri ilə bağlı səsləndirdiyi bəyanatla əlaqələndirənlər də var. Bununla belə, başqa arqumentlər irəli sürənlər də var. Amma fikrimcə, belə deyil. Düşünmürəm ki, prezident İlham Əliyev xarici siyasət sahəsində balansdan imtina edəcək. İndiki məqamda Azərbaycan dövlətçiliyinin maraqları ön plana çəkilməlidir. Mən başa düşürəm ki, Azərbaycan hakimiyyəti çox ağır seçim etmək qarşısında durub. Fikirmcə, bu, belə də olmalıydı. Azərbaycan gec-tez özünün inkişaf istiqamətini seçməliydi. Hətta bu məsələdə xeyli ləngimə baş verib. Son illər ərzində Türkiyə ilə münasibətlərdə istənilən səviyyədə yaxınlığın müşahidə edilməməsi yuxarıda dediyimiz seçimi etməkdə Azərbaycanı bir qədər də çətin duruma salır. Çünki bizim kimi dövlətlərin dünya siyasətində açıq müttəfiqi olmalıdır. Hesab edirəm ki, Türkiyədən başqa bizə bu yaxınlığı nümayiş etdirəcək ikinci bir dövlət yoxdur. Amma hakimiyyətin içindəki bir sıra qruplar bu münasibətlərin yaxşılaşmasına deyil, daha da pisləşməsinə rəvac verən addımlar atıblar. Amma elə də gec deyil, Azərbaycan öz strateji seçimini etmək üçün ilk növbədə Türkiyə ilə yaxınlıq etməlidir və bu məsələdə onu özünün ən yaxın müttəfiqi saymalıdır. Hətta hesab edirəm ki, Türkiyə gömrük birliyinə qoşulmaq barədə qərar qəbul eləsə, onun iştirak etdiyi gömrük sazişində Azərbaycanın iştirakı o qədər də ziyanlı olmaz. Nəzərə almaq lazımdır ki, bu, gələcəkdə türk-slavyan ittifaqına gətirib çıxarda bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın ən böyük subyektləri Yakutiya, Başqırdıstan və Tatarıstan önəmli çəkiyə malikdir. Azərbaycanla Türkiyənin birgə şəkildə gömrük birliyinə daxil olması SSRİ məkanından böyük bir coğrafiyada gələcəkdə türk xalqlarının sürətli inkişafına gətirib çıxarda bilər. Lakin yenə də deyirəm ki, yalnız Türkiyənin qatıldığı gömrük sazişinə qoşula bilərik. Əks halda, dövlət suverenliyimiz məhdudlaşacaq.
-Milli Şuranın davam edən azkontingentli mitinqlərinin Azərbaycanın strateji seçim etmək baxımından düşdüyü vəziyyətlə əlaqəsi ola bilərmi?
-Mən belə bir əlaqə görmürəm. Bu mitinqlərdə bir inadkarlıq, təşəbbüsü əldə saxlamaq mövqeyi var. Yaddan çıxartmaq lazım deyil ki, Milli Şuranın namizədinin qeydə alınması kampaniyası da, kampaniya dövründə Milli Şuranın seçdiyi hədəflər də hakimiyyətdaxili qruplardan biri ilə əlaqədən xəbər verir. Belə olmasaydı, Milli Şuranın namizədi öz çıxışlarında Azərbaycanın bu günki real durumuna qiymət verərdi və ancaq prezidenti tənqid eləməzdi. O çıxışlarda digər məmurların adları çəkilmədi və onlar tənqid edilmədi. Korrupsiyada və ölkədəki vəziyyətdə onların günahları sadalanmadı. Ancaq, göründüyü kimi, Cəmil Həsənli yalnız prezidenti hədəfə götürmüşdü. Hansısa hakimiyyətdaxili qruplaşma bu qayda ilə öz sözlərini Cəmil Həsənlinin dili ilə deyirdi.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli