“Rusiya da hüquqi dövlət deyil, orada zorakılıq hər zaman baş verir”
“Rusiya da hüquqi dövlət deyil, orada zorakılıq hər zaman baş verir”
Elxan Mehdiyev: “Milli Şuradakı bir çox qüvvələrin sona kimi mübarizəni davam etdirəcəyinə inanmırdım”
Son günlərdə müxalifət daxilində və bölgədə gedən proseslərlə bağlı suallarımızı politoloq Elxan Mehdiyev cavablandırır.
-Milli Şurada konfliktlər, qarşılıqlı ittihamlar yenidən baş qaldırıb. Sizcə, bu konfliktlərin kökündə nə durur: siyasi kompromis mədəniyyətinin aşağı olması, şəxsi maraqlar, yoxsa kənar maraqların bu qurumda effektli şəkildə gerçəkləşdirilməsi?
-Doğrusu, bu suala cavab vermək mənim üçün bir qədər çətindir. Çünki bu suala bu konflikti yaradanların özləri daha düzgün cavab verə bilər. Mənim kənardan onların davranışına və fikirlərinə qiymət verməyim düzgün deyil. Çünki onlar özləri də fikirlərini tam şəkildə açıqlamayıblar. Liberal Demokrat Partiyasının nümayəndəsi Milli Şurada öz narazılığını bildirib və qurumu tərk edib. Amma onun sədri heç bir zaman öz mövqeyini ifadə eləməyib. Milli Şuranın son iclasında da partiya sədrinin nümayəndəsi bu barədə müzakirə açmadığnı deyib. Bu baxımdan da mən səbəbələrin nə olduğunu bilmədiyimi desəm, ən doğru cavab olar.
-Elxan bəy, hamımız bu cəmiyyətdə yaşayırıq və bu toplumda baş verən önəmli siyasi hadisələr hər birimizin gündəlik həyatına və ümumən dünyagörüşünə təsirsiz ötüşmür. Və o cümlədən Siz də bu cəmiyyətdə yaşayırsınız. Gözümüzün qabağında müxalifətin iriformatlı birliyinin daxilində gedən və normal siyasi əndazəni xeyli aşan qarşılıqlı ittihamlar baş alıb gedir. Bir ziyalı və vətəndaş kimi bunu necə dəyərləndirirsiniz?
-Təbii, mənim arzum bu olardı ki, Milli Şuraya daxil olan siyasi qurumların hamısı Milli Şurada təmsil olunmaq xəttini davam etdirsin. Amma bilirsiniz ki, qurumda təmsil edilən partiyalar rəngarəng və çeşidli qruplardır. Onlar ilk dəfədir ki, eyni çərçivə daxilində bilərşib. Hamıya məlum idi ki, onalrın baxışları da fərqli idi. Prezident seçkilərindən sonra da bir-birlərinə hansısa ittihamlari irəli sürmələri son illərin təcrübəsindən yanaşanda gözlənilən idi. Digər tərəfdən isə, Sizin dediyiniz kimi, adi bir şəxs kimi deyə bilərəm ki, Milli Şuradakı bir çox qüvvələrin sona kimi mübarizəni davam etdirəcəyinə inanmırdım. Məndə bu qənaəti son 20-25 ilin təcrübəsi doğurmuşdu. Amma düşünürəm ki, Milli Şurada bu qurumun fəaliyyətinə ağır zərbə vuracaq böyük bir hadisə də baş verməyib. Təbii, hamı istəyərdi ki, bu qüvvələrin hamısı öz mübarizələrində bir cərgədə olaydı. Amma müxalifət qüvvələrinin hamısının bir yerdə olması vacib də deyil, şərt də deyil. Əsas məsələ respublikada demokartik mühitin yaradılmasına nail olmaqdır. Müxalifət partiyalarının müxtəlif qruplarda birləşməsi ən böyük demokartik hüquqlardır və normal demokartik prosesdir. Lakin avtoritar sistemlərdə bütün qüvvələrin bir yerdə olması arzu edilir ki, hakimiyyətə qarşı vahid platformada birləşsin. Lakin, dediyim kimi, bunun olmaması da faciəli hal deyil. Çünki demokartik hərəkat olarsa, o partiyaların cəmiyyətdəki yeri açıqca görünəcək. Amma bu demokartik mühit olmadığından bir çox siyasi partiyalar, siyasi hərəkatlar əsası olmayan iddialarla çıxış edirlər. Çünki bu iddiaları, bu gücü sınamaq üçün meydan yoxdur.
-Bəlkə də, növbəti sual-fikrimlə razılaşmayacaqsınız, amma mənə elə gəlir ki, Azərbaycan dövləti ciddi xarici problemlərlə üzləşdiyi vaxtlarda radikal müxalifətin də daxilində süni problemlər baş qaldırır... Azərbaycanın “Avrasiya İttifaqı, yoxsa Qərb?” dilemması qarşısında qaldığı bir vaxtda Milli Şurada köhnə iqtidarlılarla ənənəvi müxaliflər arasında cəmiyyətin qəbul etmək istəmədiyi bir tərzdə məlum proseslər baş qaldırıb. Bu, təsadüfdür, yoxsa qanunauyğunluq?
-Vallah, Azərbaycanın ən ciddi problemi nə Avrasiya İttifaqıdır, nə də gömrük birliyinə daxil olub-olmamaq. Azərbaycanın ən ciddi problemi işğal edilmiş ərazilərdir. Bir ölkənin ki ərazisinin 15-17%-i işğal altındadırsa, bundan başqa onun daha ciddi problemi nə ola bilər? Amma Siz dediyiniz baxımdan Avrasiya İttifaqı və yaxud gömrük birliyi məsələlərinin ortalıqda olmasının Azərbaycan üçün köklü bir problem olduğunu düşünmürəm. Bu məsələləri birtərəfli olaraq hakimiyyətin özü həll edir və müxalifət bütün bu proseslərdən təcrid edilib. Buna görə dediyiniz məsələyə mənim yanaşmam fərqlidir. Mən Rusiyanın Azərbaycandakı nüfuz və təsirinin bundan sonra daha da artacağı ilə bağlı fikirləri bölüşmürəm. Rusiya qəbul edir ki, Azərbaycan hakimiyyətində ona doğma olan şəxslər əyləşib. Bu gün də həmin rejim davam edir. Rusiya Azərbaycandan çəkilməmişdi ki, bundan sonra onun yenidən Azərbaycana qayıdışı və öz nüfuzunu artırması haqqında danışılsın. 20 ildir ki, Rusiyanın Azərbaycandakı nüfuzu öz yerini tamamilə tutub. Bu hakimiyyətin ehtiyat etdiyi böyük amil də Rusiyadır. “Milyaderlər İttifaqı” yaranan zaman hakimiyyətin addımlar atması, yəqin ki, hər kəsin yadındadır. Yalnız Putinin Azərbaycana səfərindən sonra hakimiyyət sakitləşdi. Bu baxımdan Rusiyanın nüfuzunun yenidən yüksəlməsindən danışmaq əbəsdir. Çünki o, Azərbaycandan getməmişdi. Şübhəsiz, biz heç də Rusiya ilə münasibətlərin pozulmasını istəmirik. Əksinə, hesab edirik ki, Rusiya ilə yaxşı, normal münasibətlər olmalıdır. Lakin bu münasibətlər qarşılıqlı hörmətə əsaslanmalı, bərabərhüquqlu olmalıdır. Azərbaycan-Rusiya münasibətləri isə daha çox rejimin qorunmasına hesablanıb. Rusiyadakı qüvvələr Azərbaycandakı demokratik qüvvələrin anti-Rusiya mövqeyinə malik olduğu fikrindədir.
-Elxan bəy, bu gün Rusiyadakı soydaşlarımızı müxtəlif formalarda sıxışdırırlar və Rusiya açıq və ya örtülü fortmada tələb edir ki, Azərbaycan Avrasiya İttifaqına və gömrük birliyinə qoşulsun. Bu o deməkdir ki, dövlətüstü qurum yaranacq və Azərbaycan da digər respublikalar kimi ona tabe olacaq. Ölkənin süverenliyinin təhlükə qarşısında olmasını ciddi təhlükə hesab etmirsiniz?
-Mən bu fikirlə razı deyiləm ki, azərbaycanlıları Rusiyadan qovurlar. Soydaşlarımızın orada sıxışdırılması bu gün olmayıb ki. Yadınızdadırsa, 90-cı illərdə soydaşlarımızı Moskvada kütləvi surətdə döyür, saxlayır və Rusiyadan çıxardırdılar. Təbii ki, Rusiya da hüquqi dövlət deyil. Orada zorakılıq hər zaman baş verir. Oradakı zorakılıq Azərbaycanda həbs edilənlərə qarşı tətbiq edilən zorakılıqdan heç də çox deyil. Bu gün bütün Azərbaycan mətbuatı adam öldürmüş Orxan Zeynalovun sanki müdafiəsinə qalxıb, ona bəraət qazandırmağa çalışır. Bu isə qətiyyən qəbuledilməz bir haldır. Buna görə də Rusiyada azərbaycanlıların sıxışdırlması və yaxud Azərbaycanı Avrasiya İttifaqına zorla daxil etdirmək barədə fikirlər olduqca səthi yanaşmanın nəticəsidir. Tacikistan, Qırğızıstan, Qazaxıstan Rusiyanın təklif etdiyi bütün strukturlarda təmsil olunur. Amma Rusiyada ən çox diskriminasiyaya, döyülməyə, öldürülməyə məruz qalanlar elə bu ölkələrin vətəndaşlarıdır. Bu gün Rusiyada qanunsuz yaşayan azərbaycanlılar sıxışdırılır, hamısı yox. Siz baxın, Rusiyada iki milyon yarımdan çox azərbaycanlı yaşayırsa və orada qanunsuz miqrantlara qarşı bu cür tədbirlər görülürsə, biz deyə bilərikmi ki, Rusiya azərbaycanlıları sıxışdır və bizi məcbur etmək istəyir ki, Avrasiya İttifaqına girək? Məncə, bu, çox səthi yanaşmadır.
-Elxan bəy, Rusiyada hər gün yüzlərlə adam öldürülür. Bu qatillərdən hansı daxili işlər nazirinin kabinetinə gətirlib və sonra da bundan siyasi teleşoular düzəldilib? Azərbaycan cəmiyyəti qatili herç zaman müdafiə eləməyib. Söhbət bu faktın arxasında duran siyasi maraqlardan gedir...
-Mən Rusiyanı müdafiə etmək fikrində deyiləm. Amma özünüz gördünüz ki, bu hadisə Moskavada, Rusiya nə qədər böyük ajiotaj yaratmışdı. On minlərlə insan küçələrə çıxmışdı və ölkənin bütün hüquq strukturları bu işə cəlb edilmişdi. Daxili işlər naziri də göstərirdi ki, özü bu işə nəzarət edir, bu işin üstündədir və sonda da cinayətkar tutulub. Nazir də bu cinayətkarı görmək istəyir. Nazir, bəlkə də, kütləni sakitləşdirmək üçün bu hərəkəti edib. Və yaxud daha yaxşı işələdiyini nümayiş etdirmək istəyib. Təbii ki, bu, qəbuledilməz faktdır.
Söhbətləşdi:
Fərzuq Seydbəyli