Qızları erkən yaşda necə bədbəxt edirlər?
Qızları erkən yaşda necə bədbəxt edirlər?

Onların erkən yaşlarda hamilə qalmalarının əsas səbəbi təhsilsiz olmalarıdı

BMT-nin "Əhali Fondu" oktyabrın 30-da təşkil olunan toplantıda dünyada erkən yaşlarda hamiləliyin mövcud durumu ilə bağlı hesabatın nəticələrini açıqlayıb. Hesabatın nəticələrinə görə, hər il erkən yaşlarda hamiləliklə bağlı iki milyondan artıq rəqəm qeydə alınır. BMT-nin "Əhali Fondu"-nun icraçı direktoru Babatunde Osotimexinin hər gün 18 yaşdan aşağı 20 mindən artıq qadının övlad dünyaya gətirdiyini deyərək rəqəmin ildən-ilə 7.3 milyon artdığını vurğulayıb.

Osotimexinin erkən hamiləliyin zərərləri haqda toplantı iştirakçıları ilə fikir mülahizəsi aparıb. O, erkən hamiləlik nəticəsində qızların təhsillərinin yarımçıq qaldığını, psixoloji travma aldıqlarını, öz sağlıqlarını təhlükəyə atdıqlarını, təhsil və iş olmadan dövlətə gələcəkdə heç bir töhfə verə bilməyəcəklərini deyib: "Azyaşlılar cinsi istismara, şiddətə, erkən hamiləliyə qarşı xüsusilə müdafiəsizdi. Hamiləlik azyaşlıları həm fiziki, həm də ki, inkişaf baxımdan təhlükəyə atır. Bu yaşlarda hamilə qalanların digərləri ilə nisbətdə şikəst olma, həyatlarını təhlükəyə atma riskləri daha çoxdu. 14 və daha az yaşda hamilə qalan qızlar hüquqları pozulmuş, gələcəkləri ömürlərinin sonuna qədər girov olan qadınlardı. Hamiləlik onlara müxtəlif formalarda zərər verir.
Dünyanın bir çox ölkələrində cəmiyyət erkən yaşda hamilə qaldığı üçün qızları təqsirkar hesab edir. Halbuki, erkən yaşda hamiləlik əksər hallarda qızların şəxsi istəklərindən daha çox ailəsinin tələblərindən, içində yaşadığı cəmiyyətdən və iqtidarda olan hökumətdən asılıdı. Onlar təhsillərini tam olaraq ala bilmədikləri, hər hansı bir sənətə yiyələnə bilmədikləri üçün gələcəkdə dövlətə də heç bir töhfə vermirlər. Əksər hallarda erkən yaşlarda hamilə olan qadınlar təhsildən imtina etmək məcburiyyətində qalırlar. Bu da təhsili olmayan qadının iş tapıb gələcəkdə ailəsinə, həmçinin dövlətə də fayda verməsindən məhrum edir". Osotimexinin hər gün təxminən 39 min qız uşağının hüquqlarının tapdanaraq ailə həyatı qurmağa vadar edildiyini deyir: "Hər gün 39 mindən artıq qız uşağı ailə həyatı qurur ki, bunların 9-dan biri də 15 yaşdan az olanların payına düşür". Hesabatda 10 hamiləlikdən 9-unun rəsmi nikahdan olduğu qeyd edilir.

İlk növbədə - təhsil!

Osotimexinin erkən hamiləyiln qarşısını almaq üçün bir sıra təkliflər irəli sürərək tövsiyələrini verib: "Bunun üçün ilk olaraq qızların təhsil alması vacibdi. Qızların təhsil alması çox önəmlidir. Hesabat da məktəbə gedən qız uşaqlarının hamillə qalma ehtimalının az olduğunu yazır. Uşaq evliyinin qarşısını almaq üçün qanunlar qəbul etmək, qüvvədə olan qanunların işləkliyini təmin etmək çox önəmli məsələlərdən biri hesab edilir. Bundan başqa azyaşlıların cinsi biliklər haqda məlumatlandırılması da çox vacibdi. Kişilər qadınların, qızların hamı ilə bərabər hüquqlara sahib olmasını dərk etmələri üçün müəyyən işlər görülməlidir ki, cəmiyyətdə qızların hüquq və azadlıqları tapdalanmasın. Hamilə qadınların sərt rəftara, qadağalara deyil, dəstəyə ehtiyacı var. Onların hamilə ikən məktəbə getmələrini, həmçinin ana olduqdan sonra təhsillərini davam etdirmələrinə yardımçı olmalıyıq. Qız uşaqlarını böyüdərək, haqlarını qoruyaraq, erkən yaşlarda hamilə qalmanın qarşısını alaraq onların karyera qurmalarına yardımçı ola bilərik. Qızlar da oğlanlar kimi bərabər hüquqlara sahib olsalar düşünürəm ki, həmin cəmiyyət daha çox inkişaf edə bilər".
Osotimexinin 10-14 yaşlı qızların daha çox dəstəyə ehtiyacının olduğunu vurğulayır: "Erkən evliliyi, erkən hamiləliyi, cahilliyi yaradan və təbliğ edən səbəbləri aradan qaldırmalıyıq. Bu yaş həddində ana olmağa hazırlaşanların psixoloji sarsıntıları da çox ola bilər".

Erkən yaşlarda
hamiləlik ana və
körpə səhhətini
sual altına atır

BMT-nin Əhali Fondunun türkiyəli təmsilçisi doktor Zahidul Huqe erkən yaşlarda hamiləliyin mənfi təsirlərə malik olmasından söz açıb: "Erkən yaşda hamilə qaldığı üçün hər gün 200 qadın dünyasını dəyişir. Qızların erkən yaşlarda hamilə qalmalarının əsas səbəbi təhsilsiz olmalarıdı".
Huqe təhsili, iqtisadi durumu zəif olan ölkələrdəki vəziyyətin zəngin dövlətlərlə müqayisədə daha acınacaqlı olduğunu dilə gətirib. O, şəraiti, imkanı aşağı səviyyədə olan dövlətlərdə qızların erkən yaşlarda ailə həyatı quraraq hamilə qalma ehtimallarının yüksək olduğunu ifadə edib: "Hesabat təhsilli qızların erkən yaşlarda hamiləlikdən yayındığını göstərir. Təhsil qızların gələcəkdə karyera qurmasına yardımçı olaraq onlarda özgüvəni artırır. Bundan başqa təhsil qadının cəmiyyətdə özünəməxsus status qazanmasına, söz haqqına sahib olmasına da yardım edir. Erkən yaşlarda hamilə qalmağa maneə olan təhsil bu yolla gələcək nəslin daha sağlam olmasına da fayda verir".
Erkən yaşlarda hamiləliyin ana və körpə səhhətini sual altına atdığını deyən Huqe Türkiyədəki mövcud duruma nəzər salıb: "Türkiyədə 25-49 yaş arası qadınların yüzdə 25 faizinin 18 yaşa qədər, yüzdə beş faizinin 16 yaşdan öncə ailə həyatı qurub".

Azərbaycanda
vəziyyət necədir?

Bəs, görəsən Azərbaycanda erkən yaşlarda nigaha daxil olmalar nə qədərdi? Bu haqda məlumat almaq üçün Azərbaycan Respublikasının Statistika Komitəsinin rəsmi saytına daxil olaraq ötən il üçün olan nəticələri əldə etdik. Statitika Komitəsinin hesabatına görə ötən il 79 min 65 qız nikaha daxil olub ki, bu rəqəm də digər yaş hədləri ilə müqayisədə üstünlük təşkil edir. Belə ki, ötən il 18-24 yaş aralığında olan qızların 20 min 31-i, 25-34 yaş aralığında olanların 43 min 81-i, 35-dən yuxarı olanalrın isə 10 min 948 nəfəri nikaha daxil olub. Göstərilən nəticələr Azərbaycanda da erkən yaşlarda hamiləliyin geniş yayıldığını söyləməyə əsas verir. Erkən yaşlarda ana olmağın övlad və ana üçün yarada biləcəyi fəsadlar, psixoloji travmaları haqda öyrənmək üçün ekspertimiz Narınc Rüstəmovaya müraciət etdik.
Onun sözlərinə görə, hormonal olaraq bədən 9 yaşdan etibarən dəyişməyə başlayır. Buna görə də, yeniyetməlik yaşı artıq erkənləşməyə başlayıb. Hormal dəyişikliklər yarandıqda qadın və kişilərin bədən quruluşlarında dəyişikliklər gözə çarpır. 14 yaşına qədər xanımın orqanizmi tam formalaşmır. Ona görə, bu yaş müddətində hamilə qalmaq məsləhət deyil. Bunun psixoloji sarsıntıları da çox olur. Bədən buna hazır olmadığı üçün psixoloji olaraq beyin və düşüncələr də buna hazır deyil. Azərbaycanda erkən yaşlarda doğuşların sayının çox olmaması sevindirici haldı. Bunun səbəblərindən biri də ölkəmizdə qeyri-qanuni yaşamaq, cinsi həyat hələ də qəbul olunmazlığıdı. 14 yaşına qədər olan bir xanım dünyaya övlad gətirərkən psixoloji fəsadlar alır. Bundan başqa özü hələ tam yetkinləşməyən bir qadının övladın tərbiyəsi ilə məşğul olması çox çətin məsələdi. O yaşda analığı dərk etmək mümkün deyil. Bu məsələdə psixoloji və fizioloji faktorlar paralellik təşkil edir. Həmin yaş həddində ana övladına istədiyi kimi baxa bilməməklə yanaşı onun məsuliyyətini də dərk etmir. Buna görə 18 yaşdan sonra ailə həyatı qurmaq daha məqsədə uyğundu. Dövlətin qanunları da bunu tələb edir. 18 yaş həddinə biz formal baxmamalıyıq. Qanun qəbul edilərkən tibbi həm də psixoloji yönümdən araşdırılır.Erkən yaşlarda qadının çanağı tam formalaşmadığı üçün müəyyən problemlər, uşaqda kəllədaxili təzyiq və fəsadların yaranma ehtimalı olur. 14 yaşdan etibarən bədən formalaşması bitmək üzrə olduğu üçün qadın fiziki olaraq hamiləliyə hazır olur".
Narınc xanım erkən yaşlarda və ya daha gec övlad dünyaya gətirən qadınların böyük çətinliklərlə üzləşə biləcəyindən xəbərdar edir: "Erkən yaşlarda, o cümlədən 32 yaşdan yuxarı olan qadınların dünyaya gətirdikləri uşaqlarda müəyyən qüsurların olma ehtimalları daha çoxdu. Erkən yaşlarda bədən tam formalaşmadığı üçün dünyaya gələcək körpənin də bədəni tam formalaşmır. Erkən hamiləlik ana ilə yanaşı övlad üçün də çox təhlükəlidir ki, bu zaman körpədə inkişaf problemləri ortaya çıxa bilər".
Psixoloq erkən yaşlarda hamiləliyin ölkəmizdə o qədər də geniş yayılmadığı qənaətindədi: "Erkən yaşda nikahlar Azərbaycanda elə də geniş vüsət almayıb. Kifayət qədər təbliğat aparıldığı üçün düşünürəm ki, son illər bu rəqəm daha da aşağı düşüb. Öncəki illərlə müqayisədə gec ailə həyatı quranların da sayı artıb. Karyeraya, təhsilə daha çox vaxt ayrıldığı üçün qadının yaşı 24-25-i tamamlayır. 24-28 yaş arası ailə həyatı qurmaq daha məqsədə uyğundu. Bəzən elə xanımlar var ki, 15 yaşda olsa da 25 yaşlı birisindən daha bacarıqlı olur. Bu zaman valideyn övladının ailə həyatı qurmasını normal hesab edir. Qadının erkən ana olması həyat yoldaşına da təsir edir. Valideynlər övladlarını böyüdə bilmədikləri üçün aqressiya yaşayır, körpələrlə pis rəftar edirlər. Beləcə erkən ailə həyatı qurduğu üçün övladla necə davranmağın lazım olduğunu bilməyən valideyn aqressiv davranaraq bu davranış modelini övladına da sərgiləmiş olur. Evlilik erkən yaşlarda olsa da qadın çalışmalıdır ki, hamiləliyi bir az gecikdirsin".

Nigar Məhərrəm