"Şou aparıcılarını sanki küçədən tutub ekrana atıblar"
"Şou aparıcılarını sanki küçədən tutub ekrana atıblar"

Qulu Məhərrəmli: "Belə bir təsəvvür yaranır ki, sanki bizim telekanallar cəmiyyəti... "

"Siqnal yox, əməlli-başlı həyəcan təbili çalmaq lazımdır"

Müasir Azərbaycan teleməkanında baş verən proseslərlə bağlı suallarımızı tanınmış telejurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli cavablandırır.

-Qulu müəllim, Azərbaycan teleməkanında xoşladığınız veriliş varmı?
-Sözün düzü, mən bizim telekanalların verilişlərinə çox nadir hallarda baxıram. Daha çox radioları dinləyirəm. Telekanallarda daim baxdığım veriliş yoxdur. Hərdən xəbərlərə baxıram. İctimai radionun proqram strukturunu xoşladığım üçün onu dinləyirəm.
-Deməli, müasir Azərbaycan teleməkanının əsas cizgilərini müəyyən edən şəxslərdən biri - professor, tanınmış telejurnalist Qulu Məhərrəmli Azərbaycan teleməkanına yadlaşıb. Səbəblərini bizimlə bölüşə bilərsiniz?
-Səbəb bilirsiniz nədir? Bir qonşunla hə gün görüşüb hal-əhval tuta bilmirsən, o da səninlə maraqlanmır və tədricən soyuqluq, yadlaşma yaranır. Televiziya da belədir. Əgər o, cəmiyyəti ifadə eləmirsə, tamaşaçının ruhunu oxşamırsa, zövqünü inkişaf etdirmirsə, əyləndirmirsə, təbii ki, bu tamaşaçı bu televiziyadan üz döndərəcək. Bu mənada bizim telekanalların çox bədbəxt bir taleyi var ki, tamaşaçılarımızın cəmi 20-25%-i onların verilişlərinə baxır. Yerdə qalanlar əsasən Rusiya və Türkiyənin telekanallarına tamaşa edirlər. Yəni televiziya ona görə bizə yadlaşıb ki, o, şüurlu şəkildə Azərbaycan tamaşaçısından uzaq düşüb.
-Bəs bizim telekanalların bu formada nüfuzdan düşməsinin başlıca səbəblərini nələrdə görürsünüz?
-Təbii ki, ortalıqda olan mənzərə nəticədir. Amma düşünməliyik ki, nələr baş verib ki, telekanallar bu günə düşüb. Mənim düşüncəmə görə, bu aşınmanın əsas səbəbi telekanalların azadlığının olmamasıdr. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi odur ki, peşəkarlar telekanallardan kənarlaşdırılıb. Üçüncü səbəb teleproqram siyasətinin düzgün qurulmamasıdır. Digər mühüm səbəb yayım konsepsiyalarının həddindən artıq cılızlaşmasında ifadə olunur. Yüksək səviyyəli prodüserlərin və işinin fanatı olan peşəkarların telekanallardan tədricən uzaqlaşdırılması da bu mənzərəni formalaşdıran amillərdəndir. Buna isə, sadəcə, təəssüf eləmək olar.
-Təbliğat imkanları baxımından televiziyanı kütləvi qırğın silahı ilə müqayisə eləmək olar. Çünki ailənin əksər üzvləri axşam saatlarının çox hissəsini onun qarşısında keçirdirlər. Fikirmcə, bizim telekanallar bizim cəmiyyətə çox pis bir xidmət göstərirlər... Sosial şüur, sosial psixologiya bu telekanalların təsiri ilə aşınmağa doğru gedir, cəmiyyətin səviyyəsi sürətlə aşağı düşür...
-Bunu düzgün qeyd edirsiniz ki, televiziya, həqiqətən də, kütləvi qırğın silahı kimidir. Bu silahın kimin əlində olması və ondan hansı məqsədlər üçün istifadə etməsi çox vacib məsələdir. Bu gün Siz dediyiniz problemlər artıq psixoloji problemdir. Bu gün valideynlər çox vaxt öz övladlarının ekranın qabağından çəkindirirlər ki, onlar yerli telekanallara baxmasınlar. Niyə? Çünki bu cür cılız, məzmunsuz məişət mübahisələri, kriminal xəbərlər, hər şeyin qara rəngə boyanması - bunların hamısı nəticə etibarilə teletamaşaçının psixologiyasına, düşüncəsinə, onun davranışına neqativ təsir edir. Bunlar yeni problemlər deyil. Vaxtilə Avropada, Amerikada bu məsələləri ciddi şəkildə araşdırıblar. Məsələn, Birləşmiş Ştatlarda həbsxanaların birində rəy sorğusu keçirilib ki, televiziyada göstərilən kriminal süjetlərin və s. davranışların dustaqların şüuruna təsirini öyrənsinlər. Rəyi soruşulan hər on nəfərdən doqquzu deyib ki, televiziya onlara qeyri-standart davranışı, yəni əxlaqsızlığı və kriminal üsulları təlqin edib. Rəyi soruşulan hər on nəfərdən dördü isə deyib ki, nə vaxtsa televiziyada gördükləri neqativ davranışları gerçəkləşdirməyə cəhd edib. Birləşmiş Ştatların prezidenti Kennedi deyirdi ki, "II Dünya Savaşından sonra Amerika xalqını televiziya formalaşdırıb". Amerikadakı da televiziyadır, bizimkilər də. Amma nəyə görə bir ölkədə televiziya milləti formalaşdırır, o birində isə cəmiyyəti deqradasiyaya uğradır, milli-mənəvi dəyərləri ayaqlar altına atır? Bax, yenə də gəlib çxırıq həmin məsələyə ki, biz televiziya adlanan həmin o vasitədən, silahdan necə və hansı məqsədlə istifadə edirik. Buna görə də bizdə belə bir təsəvvür yaranır ki, sanki bizim telekanallar cəmiyyəti pozmaq, əxlaqı pozmaq missiyasını boynuna götürüb və bununla məşğuldur. Özəl telekanalları başa düşmək olar, onların bir oyunu var, o da pulun başındadır. Amma dövlət büdcəsindən maliyyələşən telekanalların aydın yayım konsepsiyası olmalıdır və tamaşaçının, cəmiyyətin marağını gözləməlidir. Təəssüf ki, onların da cazibədar verilişləri yoxdur. Patetik və dayaz təbliğat yönlü verilişlər verilir və onlara da heç kim baxmır. Baxanlarda isə bu verilişlər heç bir qıcıq, heç bir maraq doğurmur. Ona görə də çox solğun və düşüncəyə təsir etməyən telekanalların verilişlərini seyr etmək məcburiyyətindəyik.
-Sizə elə gəlmir ki, telekanalların bu cür dişsizləşməsi həm xaricdə, həm də daxildə müəyyən dairələrin maraqlarına uyğundur? Yəni cəmiyyətin səviyyəsinin aşağı düşməsi və şüurunun kütləşməsi, bayağı dünyagörüşə malik olması onları qane edir?
-Əlbəttə ki, telekanallar özbaşına deyil. Azərbaycanda müstəqil televiziya yoxdur. Amma paradoksal görünən budur ki, ölkədəki telekanalları dövlətin bütün yüksəkrütbəli məmurları, hətta dövlətin başçısı da, Prezident Administrasiyasının rəhbəri də tənqid edirlər. Belə olan halda adamda müəyyən fikirlər yaranır ki, telekanallar hətta bu cür yüksəksəviyyəli tənqidlərdən də nəticə çıxartmırlarsa, yaxşı, bəs onda necə olsun? Ona görə də bunlar bir qədər qəliz məsələlərdir. Bu barədə dərindən düşünmək lazımdır.
-Hər halda, ən azından, həyəcan siqnalı verməyin vaxtıdır...
-Siqnal yox, əməlli-başlı həyəcan təbili çalmaq lazımdır və biz bilməliyik ki, bu televiziyalar Azərbaycan xalqının ictimai şüurunun, milli şüurunun oyanmasına yox, onun debilləşməsinə xidmət edir. Gənc nəslin formalaşmasına deyil, onların manqurtlaşmasına şərait yaradır. Mənəvi dəyərlərə hörmət yaratmağa deyil, bu dəyərləri gözdən salmağa xidmət edir. Və bunlar millətin taleyüklü problemləridir. Ona görə də bu barədə həyəcan siqnalı vermək yox, həyəcan təbili çalmaq lazımdır ki, cəmiyyət bilsin ki, bu sahədə durum nə yerdədir.
-Telekanallarda ən çox rastlaşdığımız simalardan biri də aparıcılardır. Onların cəmiyyətlə ünsiyyəti daha çoxdur. Çünki populyar mövzulara toxunurlar - gənclərin maraqları, sevgi, itkin düşənlər və s. Teleaparıcıların səviyyəsi toxunduqları mövzuların dərinliyinə uyğun gəlirmi?
-Teleaparıcıların hamısını bir-birinə qatmaq, bəlkə də, ədalətsizlik olardı. Aparıcıların bir qismi xəbərlərlə məşğul olur. Bu baxımdan telekanallarımızda müəyyən bir orta hədd saxlanılır. İkinci qism aparıcılar populyar verilişlərin aparıcılarıdır. Burada da vəziyyət mənfidən aşağı olsa da, çox da ağlamalı gündə deyil. Bizim əsas problemlərimiz şou aparıcıları ilə bağlıdır. Telekanallarımızda nümayiş etdirilən şoular müsbət hisslər oyatmır və neqativ duyğular yaradır. Bu sahədə parlaq nümunələr görməmişik. Azərbaycanda yaxşı şou aparıcısı Murad Dadaşovdur. Onda intellekt var, maneralar var, ünsiyyət qurmağı bacarır və s. Amma digər şou aparıcılarını sanki küçədən tutub ekrana atıblar. Onlar heç bir hazırlıq mərhələsi keçməyiblər, danışıq mədəniyyətinə yiyələnməyiblər. Nitq mədəniyyətləri çox aşağıdır, çünki təfəkkür səviyyələri çox aşağıdır. Bu tip aparıcılar telekanalları daha çox gözdən salırlar. Belə teleaparıcılar üçün mənəvi dəyərlər anlayışı, müqəddəs olası heç nə yoxdur. Onlar telekanalların rəhbərlərindən konkret tapşırıqlar alırlar ki, nəyin bahasına olursa-olsun, konfliktlər yaradın, dava-dalaş salın ki, veriliş maraqlı olsun. Verilişə baxan çox olsun ki, telereklamlar çoxlu qazanc gətirsin. Amma nəzərə alsaq ki, şoular televiziyalarımızın proqramlarında, təxminən, 60-70% yer tutur, xeyli vaxt aparır və bu tip şou aparıcılar üstünlük təşkil edir, tamaşaçılarla daha çox ünsiyyətdə olurlar və nöqsanların çoxu da bu cür aparıcılarla bağlıdır. Ona görə də belə aparıcıların yetişdirilməsi üçün müəyyən bir məktəb, format, müəyyən tələblər olmalıdır.

Söhbətləşdi:
Ferzuq Seyidbəyli