“Rüstəm İbrahimbəyov prezident seçkilərindən əvvəl Azərbaycana gələ bilməməsi ilə, faktiki olaraq, Milli Şuranın sədrliyindən getmişdi”
“Rüstəm İbrahimbəyov prezident seçkilərindən əvvəl Azərbaycana gələ bilməməsi ilə, faktiki olaraq, Milli Şuranın sədrliyindən getmişdi”

Sərdar Cəlaloğlu: “Azərbaycan ruhuna görə Rusiyanın, bədəninə görə Qərbin yanındadır”

Analitiklərin və siyasətçilərin də əvvəldən qeyd etdikləri kimi, 2013-cü ilin son ayları Azərbaycan üçün ciddi sınaqlar və seçimlər dövrü kimi yadda qalacaq. Dünyada və bölgədə baş verən geopolitik dəyişikliklər yeni reallıq və bununla da yeni vəzifələr ortalığa çıxardır. Bu yöndə suallarımızı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır.

-AB-nin Vilnüs sammitində “viza payı” ilə kifayətləndik və eyni zamanda məlum səbəblər üzündən Rusiyanın güclü təzyiqləri qarşısındayıq. Sizcə, bundan sonar bölgədə hadisələr hansı istiqamətdə inkişaf edəcək?
-Ümumiyyətlə, son zamanlar bölgədə baş vermiş hadisələr bölgədə tarazlaşdırılmış xarici siyasət erasının başa çatmasından xəbər verir və yeni yolun seçilməsi fazasına qədəm qoyulduğunu göstərir. Əslinə baxanda, Azərbaycan ruhuna görə Rusiyanın, bədəninə görə Qərbin yanındadır. Yəni iqtisadi əlaqələr baxımından Avropaya kifayət qədər inteqrasiya olunmuşuq, amma ruhumuza görə keçmiş SSRİ insanının ruhundayıq. Bu da son nəticədə böyük bir ziddiyyət yardır və bu gün Azərbaycanda meydana çıxan daxili və xarici problemlərin əsas səbəbi buradan qaynaqlanır. Belə bir vəziyyətdə Azərbaycanın ya bədəni ruhu ilə uyğunlaşmalıdır, ya da ruhu bədəni ilə dil tapmalıdır ki, bir tam kimi meydana çıxsın. Faktiki olaraq, Rusiya ilə eyni bir ruhaniyyətdəyiksə, gərəkdir ki, iqtisadi əlaqələrimizin hamısını bu ölkə ilə bağlayaq. Yəni bunun üçün Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşulmaq tələb olunur. Yox, əgər ruhumuzu bədənimizlə birləşdirmək istəyiriksə, onda Rusiyayönlü düşüncə tərzimizi pozub onun yerinə yeni bir düşüncə tərzi yaratmalıyıq. İqtisadi əlaqələrimiz hansı məkanla bağlıdırsa, düşüncə tərzimiz də bu məkana uyğunlaşmalıdır. Bu uyğunlaşmanın da şərtləri bəllidir: cəmiyyətimizin tam şəkildə demokratikləşməsi, köklü siyasi islahatların aparılması, ölkə iqtisadiyyatının tam liberallaşdırılması, insan hüquq və azadlıqlarının təminatı və Qərb strukturlarına sürətlə inteqrasiya olunmaq. Bu gün Azərbaycan bu prosesi aparır, amma xeyli ləng şəkildə. Bəzən deyirik ki, guya Azərbaycanda keçid prosesi başa çatıb. Əslində, keçid mərhələsi formal olaraq başa çatıb. Amma bu prosesin tam şəkildə başa çatması üçün Azərbaycanın Qərb ailəsinə qoşulması tələb olunur. Əks halda, biz yenidən geri dövrlərə qayıtmalı olacağıq. Hazırda müşahidə olunan hadisələr bununla bağlıdır. Sual oluna bilər ki, bu məsələ niyə məhz bu gün aktuallaşıb? Neçə ilər idi ki, bu baxımdan heç bir problem yaranmırdı və status-kvonun saxlanmasına çalışılırdı? Məsələ burasındadır ki, Qərb dövlətlərinin və Birləşmiş Ştatların Azərbaycanın özündə strateji, enerji və demokratiya maraqları mövcuddur. Baş verən hadisələr bu maraqların sıralanmasını belə müəyyənləşdirmişdi: öncə iqtisadi maraqlar, sonra geopolitik maraqlar, ondan sonra isə demokratik maraqlar. İqtisadi maraqlar Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının Qərbə nəql edilməsi ilə bağlı idi. Geopolitik maraqlar Əfqanıstan müharibəsi, İranın nüvə proqramı, Yaxın və Orta Şərq, Orta Asiya, Uzaq Şərq probelmlərinə görə müəyyənləşirdi. Demokratik maraqlar isə Qərbin özünün bölüşdürdüyü dəyərlər sistemi ilə əlaqəliydi. İndi, gəlin görək, bölgədə hansı dəyişikliklər baş verməyə başlayıb? Əfqanıstandakı proseslər başa çatmaq üzrədir. Birləşmiş Ştatlar və Avropa dövlətləri artıq oradan çıxırlar və Əfqanıstan taleyin ümidinə buraxılır. Nüvə proqramına görə iyirimi il idi ki, Qərblə İranın arasında çox ciddi bir qarşıdurma var idi. Həsən Ruhaninin prezidentliyə gəlməsi ilə bu qarşıdurma artıq əməkdaşlığa doğru yön götürməyə meyllənib və Amerika ilə, Qərb dövlətləri ilə dil tapılır. Bir tərəfdən, enerji resursları Azərbaycandan yüz dəfələrlə çox olan İranın karbohidrogen ehtiyatlarının Avropaya nəqli başlanacaq və Avropanın Azərbaycanın qazından, neftindən asılılığını dəfələrlə azaldacaq. Nəticədə Azərbaycan enerji dövləti kimi Qərb üçün əhəmiyyətini itirəcək. Digər tərəfdən, Əfqanıstanda münaqişə artıq başa çatıb və İranla hərbi münaqişə ehtimalı zəiflədiyinə görə Azərbaycanın Qərb üçün geopolitik əhəmiyyəti də azalır. Yəni Azərbaycanla bağlı prioritetlər dəyişilir. Energetika və geopolitika maraqları arxa plana, demokratik maraqlar ön plana keçir.
Demokratiyanın ön plana keçməsi nə deməkdir? Qərbi Avropa istiqamətində daha ciddi inteqrativ addımların atılması. Azərbaycan hökumətinin bu prosesə müqavimət göstərməsi birinci növbədə xarici faktorlarla, daha çox Rusiyanın təsiri ilə bağlıdır. Bu həm də ölkənin daxili şərtləri ilə bağlıdır. Yəni Azərbaycandakı mövcud şərtlərlə Avropaya inteqrasiya etmək mümkün deyil. Hətta Rusiya nə qədər təzyiq etsə də, Azərbaycanın tam şəkildə Qərbə inteqrasiya olunmasına, Avropa Birliyinə üzv qəbul edilməsinə razılıq versə də, Avropa bizi qəbul etməyəcək. Çünki neçə illərdir ki, Türkiyəni də bu quruma üzv qəbul etmirlər. Səbəb də budur ki, Türkiyədə fundamental şəkildə demokratik dəyişikliklər həyata keçirilmir. Avropa Birliyi indiki günümüzdə bizi öz ailəsinə qəbul etməyəcək. Bunun üçün uyğun olan şərtlər yerinə yetirilməlidir. Bu iki faktor birləşməklə bizim Avropaya inteqrasiya olunmaq şansımızı azaldır. Həm də Azərbaycan Avropa ilə əməkdaşlıq baxımından çox da ciddi və iri addım atmayıb.
-Ən təhlükəlisi də budur ki, Azərbaycan heç bir ciddi beynəlxalq təhlükəsizlik sisteminə qoşulmaq istəmir və nəticədə Rusiyanın ən müasir silahlarla sürətlə silahlandırdığı Ermənistanın qabağında əliyalın, tənha qalmalı olacaq…
-Elə bunun özü də ən ciddi problemlərimizdən biridir. Əgər bu gün Ermənistan bitərəf dövlət olsaydı, biz də bitərəfliyimizi saxlamaqla problemlərimizi həll edə bilərdik. Amma bu gün Ermənistan bitərəf deyilsə, hətta Xocalıda inşa etdiyi beynəlxalq aeroportu da rusların istifadəsinə verəcəyini deyirsə və Dağlıq Qarabağı da Rusiyanın yaratmaqda olduğu Gömrük Birliyinə qoşmaq istəyirlərsə (bu addım Qarabağı Azərbaycandan qoparmaq planının tərkib hissəsidir), onda biz də, ən azından, Ermənistanın müttəfiqliklərini neytrallaşdıracaq müttəfiqliklər yaratmalıyıq və yaxud bu səviyyədə müttəfiqlər tapmalıyıq. Bunun üçün də Rusiyaya qarşı dura biləcək ən böyük güc Türkiyə deyil. Türkiyə bir dövlət kimi Rusiyanın qarşısında çox zəifdir. Yeganə yol Avropa Birliyini öz yanımıza almaqdır. Yəni Ermənistan Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşulursa, Azərbaycan da Avropa Birliyinə qoşulmalıdır. Belə olan halda NATO və Avropa Birliyi Azərbaycanın təhlükəsizliyinin qarantı rolunda çıxış edə bilər. Yalnız bu variantda Ermənistanla münaqişəmizdə hərbi-siyasi tarazlığı saxlaya bilərik. Əks halda Ermənistan Rusiya tərəfindən çox ciddi dəstək alacaq, Azərbaycan təklənəcək və beləliklə də, biz Ermənistanın qabağında çox gücsüz bir vəziyyətə düşəcəyik.
-Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verdi. Bundan sonra bu qurumun İctimai Palataya dönüşməsi ehtimalı nə dərəcədə realdır?
-Əvvəlcə onu bildirim ki, Rüstəm İbrahimbəyov prezident seçkilərindən əvvəl Azərbaycana gələ bilməməsi ilə, faktiki olaraq, Milli Şuranın sədrliyindən getmişdi. O, bu quruma nə sədrlik eləyə bilirdi, nə də Milli Şuranın üzvləri üçün bir sədr kimi rolu var idi. Bilirsiniz ki, Cəmil Həsənli Milli Şuranın vahid namizədi kimi prezidentliyə namizəd veriləndən sonra həm də, faktiki olaraq, bu qurumun lideri kimi qəbul edilirdi. İndiki mərhələdə isə Rüstəm İbrahimbəyovun sədrlikdən istefa verməsi formal bir prosedur təsiri bağışlayır. Yəni faktiki olaraq, Milli Şuranın rəhbərliyindən getmiş bir adam formal proseduru yerinə yetirib ərizə verir ki, “Mən sədrlikdən gedirəm”. Bəs bundan sonra nə olacaq? Onsuz da bu Milli Şura Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şura deyil, bu qurumda olan İctimai Palatanın bir hissəsidir. Ona görə də Milli Şura ilə İctimai Palata artıq bir-birini nöqtə və vergülünə qədər kopyalayır. Buna görə mənə elə gəlir ki, yaxın vaxtlarda Milli Şuranın üzvləri belə bir qərar qəbul edəcəklər və etməlidirlər ki, ya İctimai Palatanı saxlasınlar, ya da Milli Şuranı. Yox, əgər bunu etməyəcəklərsə, Milli Şuranın özündə keyfiyyət dəyişiklikləri aparılmalı, islahatlar keçirilməlidir. Belə olan halda Milli Şuranın ya tərkibi genişləndirilməlidir, ya da strukturu, idarə edilməsi dəyişdirilməlidir. Gedən proseslərdən belə görsənir ki, hər iki istiqamətdə cəhdlər var. Yəni dublikasiyanı aradan qaldırmaq üçün bəyanatlar səslənir ki, İctimai Palata buraxılsın. Eyni zamanda Milli Şuranın reformasiya olunub İctimai Palatadan fərqli bir quruma çevrilməsi, bura əlavə qüvvələrin cəlb edilməsi ilə bağlı da bəyanatlar səslənir. İndi hansı meylin üstün gələcəyi oradakı qüvvələrin iradəsindən və niyyətindən asılıdır. Məncə, indiki halda İctimai Palatanın saxlanması və Milli Şuranın buraxılması daha düzgün olar.

Fərzuq Seyidbəyli