“Müsavat Partiyasında Arif Hacılı kimi dələduzlar da var”
“Müsavat Partiyasında Arif Hacılı kimi dələduzlar da var”

Asəf Quliyev: “Pənah Hüseyn əvvəldən Milli Şuranın əleyhinə çıxırdı”

Son günlər ölkədə və o cümlədən bölgədə baş verən proseslərlə bağlı suallarımızı AXCP sədrinin keçmiş müavini Asəf Quliyev cavablandırır.

-Asəf bəy, Milli Şuradan və AXCP-dən istefa verməyinizin səbəbləri barədə açıqlamalarınız Müsavatın funksionreləri tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Onlar deyirlər ki, Asəf Quliyev istefasının əsil səbəblərini gizlədir, həqiqəti demir. Doğrudanmı, belədir?
-Bəs səbəblər nədir? Məsələn, nə deyirlər?
-Konkret söz deyilmir...
-Bilirsiniz, mən istefamın səbəblərini açıqlamışam və arqumentli şəkildə əsaslandırmışam. Məndən sonar istefa verənlər, prezident seçkilərinin uduzulması – bütün bunlar göstərdi ki, istefa qərarı və atdığım addım düzgündür. Bunu qəbul eləmək lazımdır. Siyasətdə bir əxlaq var. Əgər, doğrudan da, siyasətdə normal bir addım atılırsa, onu təqdir eləmək lazımdır. Seçkidən sonrakı proseslər və ortalığa çıxan faktlar göstərdi ki, mən düzgün addım atmışam. Mən qəbul etdiyim bu məsuliyyətli qərara görə bu gün də peşman deyiləm. Zamanı geri qaytarmaq mümkün olsaydı, mən daha əvvəldən istefa verərdim. Təəssüf ki, bir qədər yubandım. Bir daha təkrar edirəm: Milli Şuradan və AXCP-dən istefamın səbəblərini açıqlamışam və bu zaman adlar da çəkmişəm. Amma qeyd etməliyəm ki, adlarını çəkdiyim şəxslərdən Pənah Hüseyn əvvəldən Milli Şuranın əleyhinə çıxır, onun düzgün xətt götürmədiyini deyirdi. Pənah bəy sona qədər də Milli Şuranın fəaliyyətində iştirak eləmədi. Ancaq Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı ümumi prosesə böyük bir zərbə vurdu. Mən onun fəaliyyəti ilə bağlı fikirlərimi demişəm və bu fikirlərin arxasında dururam. Arif Hacılı Müsavat Partiyası deyil. Arif Hacılı Müsavat Partiyasındakı kiçik bir qrupun başçısıdır. Çox adam çalışır ki, mənim fikirlərimi Müsavat Partiyasına qarşı yönəltsin. Müsavat Partiyasında mənim hörmət bəslədiyim kifayət qədər ləyaqətli insanlar var. Amma Müsavat Partiyasında Arif Hacılı kimi dələduzlar da var. Məsələyə bu baxımdan yanaşmaq lazımdır. Kiminsə əlində mənim istefamla bağlı başqa arqumentlər varsa, buyursun, o faktları ortalığa qoysun. Mənim kimdənsə çəkinəcəyim və yaxud qorxacağım heç nə yoxdur. Buyursunlar, sözlərini desinlər, mən də onlara cavab verim! Yoxsa sözlərlə deyəndə ki, “Yox, səbəb başqadır”, mən bu cür hədəfsiz sözlərə cavab verə bilmərəm.
-Bəs AXCP-ni fəaliyyətində Sizi nələr qane etmirdi?
-Söhbət AXCP-dən getmir. Mən istefa verərkən AXCP Milli Şuranın təsisçilərindən biri idi və nüfuzlu aparıcı qüvvə idi. Sözsüz ki, Milli Şuradan istefa verib AXCP-də fəaliyyətimi davam etdirsəydim, eyni şey alınırdı. AXCP-də ola, ya da Milli Şurada. AXCP də Milli Şuranın üzvlərindən biridir və bu qurumun qəbul etdiyi qərarları həyata keçirdirdi. Amma mənim fərqli bir fikrim, fərqli bir ideyam var və bu fərqli fikirləri, düşüncələri həyata keçirtmək üçün, öz yolumu getmək üçün məcbur idim ki, AXCP-dən də gedim. Əgər AXCP Milli Şuranın üzvü olmasaydı, mən bu qurumdan da istefa verməzdim.
-Zaman-zaman Milli Şura barədə mətbuatdan belə fikirlər səslənirdi ki, qurum Rusiyanın layihəsi olaraq ortalığa çıxmışdı, amma sonradan o vaxtlar Sizin də daxil olduğunuz radikal müxalifət bu qurumu milli layihəyə çevirə bildi. Doğrudanmı, ortalıqda Rusiya layihəsi vardımı və belə bir çevrilmə prosesi getdimi?
-Tamamilə yanlış fikirdir. Birinci növbədə, məsələnin qoyuluşu yanlışdır. Milli Şura Rusiyanın layihəsi deyildi və hadisələrin sonrakı inkişafı da göstərdi ki, həmin fikir səhvdir. Yeri gəlmişkən, Milli Şuranı Rusiya layihəsi adlandıranlardan biri də Arif Hacılı idi. Bu ideyanı irəli sürənlərin əsas hədəfi Rüstəm İbrahimbəyovun fəaliyyət yönü ilə bağlı idi. Bu fikir tamamilə yanlış idi. Sonradan meydana çıxan hadisələr göstərdi ki, Rüstəm İbrahimbəyov heç də Rusiyanın adamı deyil, müstəqil şəxsiyyətdir və öz fəaliyyəti ilə bunu sübut da elədi. İkincisi isə, “radikal müxalifət” deyərkən nəyin nəzərdə tutulduğunu anlaya bilmirəm. Ümumiyyətlə, Azərbaycanda radikal müxalifət yoxdur, loyal müxalifət var. İndiyə qədər hansı radikal addımlar atılıb ki, bu düşərgəyə “radikal” epitet əlavə ediblər?
-Müxalifət cinahında taktiki və strateji baxımdan hansı boşluqları görürsünüz ki, yeni bir siyasi təşkilat yaratmaq niyyətinə düşübsünüz?
-Müxalifət düşərgəsindəki ən böyük boşluq konkret hansısa ideologiyanın olmamasıdır. Və yeri gəlmişkən, ümumən Azərbaycan cəmiyyətində də belə bir böyük boşluq müşahidə olunur. İkinci mühüm boşluq son iyirmi ildə müxalifət düşərgəsində qeydə alınan siyasi mübarizə və taktiki gedişlərin kasadlığı ilə bağlıdır. 1993-cü ildən bəri bu qurumlar eyni şüarları irəli sürür və eyni sözləri deyir. Azərbaycan cəmiyyəti də müxaliflərdən yeni ideyalar, yeni baxışlar görmədiyi üçün onlara dəstək vermir. Nəticədə müxalifət iyirmi ildir ki, dalbadal məğlubiyyətlərə düçar olur. Ən acınacaqlısı da odur ki, müxalifət daim təkrarlanan bu məğlubiyyətlərdən heç bir nəticə çıxartmaq istəmir. Buna görə də mən tamamilə fərqli bir qənaətə gəlmişəm və gələcək fəaliyyətimizdə bu qənaətləri müvafiq formalarda ortalığa qoyacağıq. Yeni yaradacağımız siyasi təşkilat heç bir bloka qoşulmayacaq. Partiyaların mövqeyini müşahidə edib onlarla işbirliyinə gedə bilərik.
-Hər halda bu gün cəmiyyətdə heç kimi dəstəklməyən böyük bir elektorat var və bu qrup bütün siyasi qurumlara qarşı laqeyddir. Bu qrup nə Sizin loyal dediyiniz müxalif qurumları dəstəkləyir, nə də iqtidaryönlü siyasi partiyaları. Bu böyük qrupu təşkil edib hərəkətə gətirmək üçün, Sizcə, hansı addımlar atılmalıdır?
-Həmin sosial bazanı hərəkətə gətirmək üçün bizim nə düşündüyümüz vacib və önəmli deyil. Hiss edilməlidir ki, bu böyük qrupun indiki mərhələdə tələbləri və istəkləri nədən ibarətdir. Biz çalışacağıq ki, yeni yaradacağımız siyasi təşkilat vasitəsilə həmin böyük boşluğu dolduraq. Kimsə yeni siyasi partiya yaradanda öz tərəfdarlarını köhnə partiyasından qopardıb aparıb. Mənim belə hərəkət etmək fikrim yoxdur. İndiyə qədər siyasətdən kənarda qalmış, müxalif düşüncəli, demokratik əhvali-ruhiyyəli insanlar əsasında yeni siyasi qüvvə təşkil etmək niyyətindəyik. Biz bu insanlara güvənib fərqli bir siyasi mübarizə üsulu sərgiləyən təşkilat yaradacağıq.
-Vilnüs sammitindən sonrakı və Avrasiya İttifaqının yaranacağı tarixə qədərki Azərbaycan... Bu mərhələdə keçə biləcəyimiz hadisələri necə səciyyələndirə bilərdiniz?
-Azərbaycan elə də böyük dövlət deyil ki, hansısa müstəqil addımları ata bilsin. Gəlin, bir şeyi etiraf edək ki, Azərbaycan hakimiyyəti də, müxalifət də bilir ki, ölkədəki siyasi prosesləri beynəlxalq güclər idarə edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu proseslərin qurulma qaydası belə olub. Lap indiki radikal dediyiniz müxalifət də hakimiyyətə gəlsə belə, yenə də bu oyun qaydası pozulmayacaq. Əsas diqtə xaricdən gələcək. Ölkəni müstəqil şəkildə o zaman idarə etmək olar ki, cəmiyyət bütövlükdə bir siyasi qüvvəni dəstəkləyə və onun arxasında dayana. Belə olan halda xalqın gücünə söykənib müstəqil siyasət yürütmək mümkündür. İndiki şəraitdə bunu etmək mümkün deyil. Beynəlxalq şərtlər də, prezident seçkilərindən sonrakı proseslər də göstərir ki, Azərbaycan iqtidarının hakimiyyətdə qalıb həm Rusiya ilə, həm də Avropa ilə ümumi dil tapmasına razılıq verilib. Artıq bu siyasət razılaşdırılıb. Azərbaycanın Vilnüs sammitindəki davranışı və imzaladığı sənədlər Rusiya ilə razılaşdırılmış şəkildə baş tutub. Qərb-İran münasibətlərində baş verən yumşalmalar Azərbaycanda demokratik cəmiyyət qurulması istiqamətində gedə biləcək prosesləri ləngitdi. O cəmiyyətlərdə inkişaf müşahidə olunur ki, həmin cəmiyyət öz iradəsini ifadə eləyə bilir. Bunun konkret nümunəsini Ukraynada baş verən hadisələrdə görürük. Amma Avroatlantik məkana münasibət baxımından nəinki Azərbaycan cəmiyyəti, heç müxalifət də hansısa bir addım atmadı. Digər narahatlıq doğuran məsələ bundan ibarətdir ki, bu gün Azərbaycan dövlətçiliyi ciddi sınaq qarşısındadır. Azərbaycan Gömrük Birliyinə qoşularsa, dövlət müstəqilliyimiz xeyli məhdudlaşacaq. Müstəqillik məsələsində müxalifətlə iqtidar eyni cəhbədən çıxış etməlidir.
-Amma başqa bir təhlükə ondan ibarətdir ki, Azərbaycan israrla heç bir beynəlxalq təhlükəsizlik sisteminə qoşulmaq istəmir...
-Mən elə buna görə deyirəm ki, milli dövlətçiliyimiz ciddi təhlükə qarşısındadır. Cəmiyyətimizin bütün qüvvələri bu hədəf ətrafında vahid iradə və mövqe nümayiş etdirməlidir.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli