"İsa Qəmbər lazımi anda lazımi qərarı verməyə cəsarət eləmir"
"İsa Qəmbər lazımi anda lazımi qərarı verməyə cəsarət eləmir"

Qüdrət Həsənquliyev: "İran Azərbaycanın indiki çətin durumundan namərdcəsinə istifadə edir"

Son günlərdə ölkədə və o cümlədən bölgədə baş verən proseslərlə bağlı suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cavablandırır.

-...Ermənistan da düzgün qərar qəbul edə bilmədi. Sırf "Böyük Ermənistan", nə bilim, ərazilərin genişləndirilməsi və s. ideyaları ilə bölgədə gedən prosesləri xeyli dərəcədə ləngitdilər. Minlərlə insan həyatını itirdi, minlərlə insan şikəst oldu və bölgənin inkişafına böyük bir zərbə vuruldu. Niyə? Çünki onların da bir xalq kimi intellektual səviyyəsi imkan vermədi ki, əlverişli tarixi şəraitdə düzgün qərar qəbul edə bilsinlər. Buna görə də biz xalqımızı hazırlamalıyıq. Hazırlamalıyıq ki, xalqımız daha ali dəyərlərə bağlı bir cəmiyyətə keçidi ağrısız şəkildə gerçəkləşdirsin.
-Prezident seçkilərindən sonra prezidentlə görüşünüz olubmu?
-Yox, görüşümüz olmayıb. Sadəcə, əvvəlki seçkilərdə olduğu kimi mən ona yenə də telefon etdim və təbrik edib uğurlar arzuladım. Bu bütün sivil cəmiyyətlərdə qəbul edilmiş bir qaydadır, Azərbaycanda bu addımı ilk dəfə hələ 2003-cü ildə mən atmışam. O vaxt üçün çox qeyri-adi bir hal idi ki, seçkilərdə məğlub olan tərəf qalibi telefonda təbrik edirdi. Bu ənənəni yenə də davam etdirdim və hesab edirəm ki, bu, demokratik ənənələrin təşəkkülünün bir formasıdır. Biz bu yöndə bir nümunə göstərdik və mən bu addımı doğru hesab edirəm.
-İrana yanaşamada bəzən çox sərt davranırsınız. Qorxmursunuz ki, Siz də günlərin birində Rafiq Tağının aqibətini yaşayarsınız?
-Bilirsiniz, siyasətdə olan adam əgər müxtəlif məsələlərlə bağlı fikirlərini bildirməyə çəkinirsə, onun içində bir senzura varsa, əlbəttə, bu həmin siyasətçiyə heç də uğurlar vəd etmir. Xüsusən də ol halda ki, söhbət ölkənin milli maraqlarından və mənafeyindən gedir. Bilirsiniz ki, İran Azərbaycana münasibətdə güc mövqeyindən çıxış edir. Yəni bərabərhüquqlu, qonşuluq münasibətləri qurmur və Azərbaycanın hazırkı çətin durumundan namərdcəsinə istifadə edir. İran bilir ki, Naxçıvan blokada şəraitində yaşayır, amma qərar qəbul edib ki, otuz tondan artıq yük götürən yük maşınları İran ərazisindən keçə bilməz. Bunu da Arazın üzərindəki körpünün köhnəlməsi ilə əlaqələndirir. Halbuki məsələnin kökündə bu fakt dayanmır. Naxçıvandan seçilmiş millət vəkili kimi mən bunu yaxşı bilirəm. Orada yeni körpü tikilib və dünyanın hər yerində sərhəd çaydan keçirsə, o çayın ortası sərhəd sayılır. Vaxtilə Rusiya ilə İranın arasında imzalanmış müqavilədə də bu öz əksini tapıb. İndi, tutaq ki, Araz çayı yatağını dəyişir, Azərbaycan tərəfindən texnika ilə çayı öz təbii axarına qaytarmaq istəyəndə traktorları İran tərəfdən atəşə tutub işləməyə imkan vermirlər. Bu, güc nümayiş etdirməkdir. Sivil dünyada heç kim bu "dil"də danışmır. Yaxşı ki, traktorun sürücüsü sağ qalıb. Ölkənin Xarici İşlər Nazirliyi var, səfirliklər var və problemi bu kanallarla müzakirə eləmək olar. Həm də Azərbaycan tərəfi Arazı özünün təbii yatağına qaytarmaq niyyətində idi. İrana deyəndə ki, sərhəd körpünün ortasındadır, deyir ki, yox, sərhəd siz tərəfdən keçməlidir. Beynəlxalq hüquqda da belə bir şey yoxdur. Azərbaycan tərəfi də buna etiraz edəndə də götürüb gömrükxanaları bağlayırlar. Həm də hansı gündə? Aşuraya bir gün qalmış. Yəni İran Azərbaycana münasibətdə sırf güc mövqeyindən çıxış edir. Ona görə də mən dəfələrlə bu məsələni qaldırmışam ki, İran islam respublikası olsa da, onun rəhbərliyinin yürütdüyü siyasətin İslam dininə aidiyyəti yoxdur. Yəni İranın siyasətində İslam dini heç bir rol oynamır. Bilirsiniz ki, İran Ermənistanla hərbi-iqtisadi baxımdan sıx əməkdaşlıq edir. Amma ermənilər bizim məscidləri donuzxanaya çeviriblər, Ermənistandakı İslam mədəniyyəti nümunələrini vandalcasına məhv ediblər, bir milyon müsəlmanı yurdundan, yuvasından didərgin salıblar. Bunların çoxu da şiə məzhəbinə məxsus insanlardır. İran da guya özünü şiəliyin ideoloji mərkəzi hesab edir. Bu faktların hamısı göstərir ki, İran mollaları dindən istifadə edərək hakimiyyəti ələ keçirdiblər və indi də həmin dini istismar edirlər. Nə təhər olur ki, müsəlmanların əziz hesab etdiyi Aşuraya bir gün qalmış tutub Naxçıvanın yolunu bağlayırlar? Bunu da bilirsən ki, oradakı qadınlar, uşaqlar bu durumdan əziyyət çəkəcəklər. Naxçıvana ərzaq, yanacaq isə Bakıdan daşınır. Və belə bir halda müsəlmanların yolunu bağlayırsan və müsəlman dövlətin torpağını işğal edən Ermənistanla yaxınlıq edirsən. Ona görə də mən İranın bu mənfur siyasətini hər zaman ifşa eləmişəm və bunu davam etdirəcəyəm. Yalnız və yalnız milli maraqlarımızdan çıxış etməklə. Bu da var ki, Azərbaycan tərəfi İranla vizalara görə 45 kilometrlik məhdudiyyəti ləğv edərkən buna qarşı çıxış edən mən olmuşam. Çünki hesab edirdim ki, bu addım bizim milli maraqlarımıza cavab vermir və İranda yaşayan soydaşlarımızın bura gəlib-getməsində çətinliklər yaradır. Mən həmişə bu fikirdə olmuşam ki, farslarla da ciddi şəkildə işləməliyik. Hesab etmirəm ki, farsların hamısı İrandakı fars şovinizminin tərəfdarıdır. Onlara sıx təmas yaratmalıyıq ki, biz müsəlmanıq, eyni təriqətə mənsubuq, sivil xalqlarıq. Lazımdır ki, qonşuluq münasibətlərini də sivil xalqlar kimi quraq. Nə qədər ki, soydaşlarımız İran
dövlətində yaşayırlar, onların hüquqlarını qorumaq üçün farslarla mehriban münasibətlər qurmalıyıq. Çexlərlə slovaklar necə sivil qaydada, qansız, müharibəsiz ayrıldılarsa, biz də elə ayrılmalıyıq. Yəni İranı başa salmalıyıq ki, siz otuz milyonluq bir xalqı əsarətdə saxlaya bilməzsiniz. Ya könüllülük əsasında İran konfederativ dövlətə çevrilməlidir, ya da hərə öz dövlətini qurmalıdır. Yoxsa bir xalq başqa bir xalqı bütün milli hüquqlardan məhrum edə bilməz. Bu azmış kimi, İran Şimali Azərbaycana da yeri gəldi-gəlmədi təzyiqlər göstərir. Azərbaycanın daxili işlərinə müdaxilə edib burada dini ekstremizmi yayır. Biz bunların hamısına qarşı etiraz edəcəyik. Yaxşı, mən deməyim, siz deməyin və imkan verək ki, bunlar bildiklərini eləsinlər? Bunu da unutmayaq ki, əhalinin bir hissəsi prosesləri düzgün anlamır və bizim borcumuzdur ki, iki ölkə arasında baş verən prosesləri təhlil edib onları doğru məlumatlandıraq ki, vətəndaşlarımız düzgün qərarlar qəbul edə bilsinlər. Mənim bu yöndə çıxışlarım ancaq bu məqsədə xidmət edir.
-Son zamanlar ölkədə dini təriqətlər zəminində antitəbliğatlar aparılır, qarşıdurmalar yaratmaq meylləri müşahidə olunur. Azərbaycanda bu zəmində gərginliklər yaşana bilərmi?
-Hökumət və cəmiyyət vurğuladığınız proseslərə seyrçi qalarsa, əlbəttə, yaşana bilər. Mən hesab edirəm ki, bu məqamda daha çox hakimiyyət, siyasi partiyalar, mətbuat, vətəndaş cəmiyyəti institutları hərəkətə keçməlidir. Bu tendensiyanın ən kiçik təzahürlərinə qarşı barışmaz mövqe nümayiş etdirməliyik. Amma buna imkan yaratsaq, prosesləri kənardan seyr eləsək, əlverişli münbit şərait yaranacaqsa (bilirsiniz ki, xarici qüvvələr də bu qarşıdurmanın yaranması üçün müdaxilələr edir, bura maliyyə vəsaitləri göndərir, yoxsul təbəqənin durumundan istifadə edib onları pulla öz tərəfinə çəkir), dedikləriniz baş verə bilər. Məsələn, indi iş tapmaq çətindir. Hansısa dini təriqətin üzvü xaricdən aldığı pullarla mağaza açır və deyir ki, "Mən ancaq öz təriqətimin üzvünü işə götürəcəyəm". Kasıb da görür ki, vəziyyət belədir, dərhal saqqal buraxıb şalvarının balağını kəsir ki, onu işə götürsünlər. Dövlət və cəmiyyət əhalinin yoxsulluğundan bu cür faydalanmaq istəyənlərə qarşı seyrçi qalmamalıdır. Bu cür təriqətlərin belə neqativ ruhlu fəaliyyəti üçün münbit şərait varsa, həm də bu şəraiti aradan qaldırmalıyıq.
-Milli Şurada yenə də aləm bir-birinə dəyib. Sizcə, İsa Qəmbər qeyri-səmimidir, yoxsa Əli Kərimli?
-Mən onların hər ikisini də kifayət qədər tanıyıram və əvvəllər də söyləmişəm ki, Əli Kərimli iliyinə qədər siyasiləşib və onda insani münasibətlərə dəyər verə biləcək keyfiyyət qalmayıb. Yəni o, baş verənlərin hamısını siyasətə bağlayır. Bunu mən əvvəllərdə demişəm və onun ətrafındakı gənclərə də xəbərdarlıq eləmişdim ki, zaman keçdikcə onunla daha yaxından təmasa keçərkən onu daha yaxşı tanıyacaqsınız. Mənə elə gəlir ki, İsa Qəmbər Əli Kərimlinin içini və kimliyini çox gözəl bilir. Amma bir siyasətçi kimi İsa Qəmbərin ən böyük çatışmazlığı budur ki, cəsarətsiz adamdır. Buna görə də lazımi anda lazımi qərarı verməyə cəsarət eləmir. İsa Qəmbər Milli Şurada yeganə şəxs idi ki, həmin qurumun Rusiyanın xeyir-duası ilə yaradıldığını, Rusiyanın layihəsi olduğunu bilirdi. O bunu bilirdi! Hətta müəyyən mənada müqavimət də göstərirdi. Amma axırda cəsarəti çatmırdı ki, ortalığa prinsipial mövqe qoya bilsin. Onun çatışmayan xüsusiyyəti bundan ibarətdir. Həm də uzun müddət müxalifətdə qalmaqdan yorulub və hakimiyyətə tez gəlmək istəyirdi. Fikirləşirdi ki, bəlkə, Rusiyanın dəstəyi ilə bu niyyət gerçəkləşə bilər. Amma Milli Şuradakı milli qüvvələr, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını istəyənlər buna qarşı ciddi təzyiq göstərdilər. Yəni biri nala vururdu, biri də mıxa. İsa Qəmbər də qalmışdı ortalıqda. Fikrimcə, bu qurumu yavaş-yavaş hamı tərk edəcək. Əvvəllər getmədilər ki, bu, tam siyasi iflas olardı. Sonradan da başa düşdülər ki, Rusiya orada kabab bişirmir, başqa işlərlə məşğuldur. Nəticədə böyük bir ümid qırıqlığı yarandı. İndi hamı birtəhər bu bataqlıqdan çıxıb qaçmaq istəyir. Rusiya onlardan məharətlə istifadə elədi.

(ardı var)
Söhbətləşdi:
Eldəniz Elgün