“Nurçuluq Türkiyədə ən böyük islam hərəkatıdır”
“Nurçuluq Türkiyədə ən böyük islam hərəkatıdır”

Bədrəddin Quliyev: “Ərgənəkon proseslərinin əsas müəllifləri nurçular idilər”

Qardaş Türkiyədə baş vermiş qəfil həbslər Azərbaycanda da ciddi narahatlıq doğurub. Bu həbslərin motivi nədir və nəyə doğru aparır? Bu yöndə suallarımızı Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev cavablandırır.

-Bədrəddin bəy, Türkiyədəki siyasi proseslərə yaxından bələd olan bir siyasətç kimi bu ölkədə baş vermiş həbslərin alt qatını necə şərh edə bilərsiniz?
-Əslinə qalsa, bu proses hakim ƏİP-nın daxilində gedən ziddiyyətlərin nəticəsi kimi üzə çıxıb. Hazırda Ədalət və İnkişaf Partiyasında dərin bir böhran yaşanmaqdadır. Bu böhran da ondan ibarətdir ki, Ərdoğanın komandası hakimiyyətə gələrkən Fətullah Gülənin tərəfdarları ilə koalisiya qurmuşdu. Fətullah Gülənin tərəfdarları, əsasən, ölkənin güc strukturlarına nəzarət edirlər. Ədliyyə sistemindəki əsas rıçaqlar nurçuların əlindədir. Onların əlilə vaxtilə türk ordusu ilə bağlı çox ciddi əməliyyatlar həyata keçirildi. Ərgənəkon proseslərinin əsas müəllifləri nurçular idilər. Ərdoğanın komandası həmin prosesləri uğurla başa çatdırdıqdan sonra Fətullah Gülənin ardıcılları ilə daha da yaxınlaşdı və onlara bir neçə nazir postunu verdi. Bu da məlumdur ki, Fətullah Xoca Gülən hazırda Birləşmiş Ştatlarda yaşayır və onun qəbul etdiyi qərarlarda Amerikanın maraqlarının ifadə olunması da müşahidə olunur. Son həbslər Ərdoğanla Fətullah Gülən arasındakı növbəti seçkilərlə bağlı ziddiyyətlərin təzahürü kimi də dəyərləndirilə bilər. Baş nazir Ərdoğanın gözləmədiyi bir halda həbslər həyata keçirildi. İndi Ərdoğan həbsi həyata keçirənlərə qarşı əks addımlar atmağa başlayıb. Belə ki həbsi gerçəkləşdirən əmniyyət müdirləri vəzifələrindən azad ediliblər. Fikrimcə, bundan sonra Türkiyədə hakimiyyət daxilində baş verəcək daha ciddi qarşıdurmaların şahidi olacağıq. Türkiyədə son vaxtlar Ədalət və İnkişaf Partiyası ilə “Fətullah Gülən camaatı” adlandırılan nurçular arasında münasibətlər gərginləşib. Hökumət əksəriyyəti nurçu iş adamlarına məxsus olan və “dersane” (dərsxana) adlandırılan ali məktəblərə hazırlıq kurslarını bağlamaq qərarını verdikdən sonra iki tərəf arasında münasibətlər daha da sərt müstəviyə keçib. Aralarında 3 nazir övladının da olduğu bir sıra şəxslərin rüşvət və korrupsiya ittihamı ilə həbsi nurçuların hökumətə cavab zərbəsi kimi qiymətləndirilir. Belə ki, son illər Türkiyənin hüquq-mühafizə sistemində nurçuların mövqeyi xeyli möhkəmlənib. Polis, prokurorluq və məhkəmə orqanlarında qərarların qəbulunda onların ciddi rolu var. Nazir övladlarının həbsinə cəsarət etməsi bu qüvvənin artıq müstəqil hərəkətə keçə bilmək cəsarətindən xəbər verir. Mənə elə gəlir ki, ziddiyyətlər hələ çox davam edəcək. Unutmayaq ki, gələn ilin mart ayında Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərdən əvvəl nurçuların bu cür qətiyyət nümayiş etdirməsi çox ciddi mətləblərə işarə edir. Onlar bilməmiş deyillər ki, artıq bu həbsləri həyata keçirəndən sonra hakim partiya ilə münasibətləri bu formada qırdıqlarına görə bələdiyyə seçkilərinə vahid komanda ilə gedə bilməyəcəklər. Deməli, yaxın zamanlarda nurçular ölkədə müstəqil siyasi qüvvə kimi meydana çıxmağı planlaşdırırlar. Bununla belə, Ərdoğanın komandası da ciddi hücumlar sərgiləyə bilər. Yəni qardaş Türkiyə olduqca xoşagəlməz siyasi bataliyaların baş verəcəyi bir meydana çevrilə bilər. Fikrimcə, Türkiyənin indiki durumunda hadisələrin bu məcraya yönəlməsi qardaş ölkə üçün yaxşı nəticələr verməyəcək. Hakan Şükür kimi tanınmış bir simanın AKP-dən istefa verməsi və nurçuların nəzarətində olan dərshanelərin bağlanması ilə bağlı birbaşa baş nazir Ərdoğana etiraz etməsi əməliyyatöncəsi başqa bir əməliyyatın işartısı idi. Xəbərdarlıq idi. Azərbaycan mətbuatında çoxları Türkiyədə gedən prosesləri tərsinə şərh edir. Qəfil həbslər baş nazir Ərdoğanın nüfuzdan salınması üçün atılmış addım idi. Cümhuriyyət Xalq Pariyasının başqanı, yaxın dostum Kamal Kılıcdaroğlu bu yaxınlarda Birləşmiş Ştatlara səfər edərkən Gülənin tərəfdarları və özü ilə görüşmüşdü. Bu görüşlərdə regionda və Türkiyədə gedən proseslər, gələcək seçkilər
və Türkiyədə iqtidarın dəyişilməsi ilə bağlı müzakirələr aparılıb. Kılıcdaroğlu da Türkiyədəki dərshanələrin bağlanmasının əleyhinə mövqe sərgiləyib. Çünki bu dərshanələr ölkədə maarif və təhsil sisteminin inkişafında önəmli rol oynamağa başlamışdı. Hazırda Gülən tərəfdarlarının Türkiyədəki mövqeləri getdikcə güclənir və onların əməliyyatlara başlaması çox ciddi bir siqnaldır.
-Fətullah Gülənlə baş nazir Ərdoğan arasındakı əsas konflikt nə ilə bağlıdır?
-Əsas konflikt nurçuların hakimiyyətdə nüfuzunun artmasından sonra meydana çıxıb. Nurçuların Ərgənəkon prosesi ilə bağlı apardığı əməliyyatlar, müəyyən məhkəmə prosesləri onları ön plana çıxartdı. Nəticədə hakimiyyətdaxili qüvvələr nisbətində və münasibətlərdə prinsipial dəyişikliklər yaranmağa başladı. Kamal Kılıcdaroğlunun Amerikada Fətullah Gülənlə görüşü və görüş zamanı müzakirə edilən məsələlər nurçularla AKP-çilərin münasibətlərindəki soyuqluğu daha da artırdı. Bu görüşdən sonra regionda Ərdoğan faktoru arxa plana keçməyə başlayıb. Yəni Yaxın və Orta Şərq regionunda oyunçuların əvəzlənməsi prosesinə start verilib. Bu start prosesində Fətullah Gülənin tərəfdarlarından daha çox istifadə edilir. Təbii ki, Ərdoğanın komandası da qazandığı mövqeni əldən verməmək üçün var gücü ilə mücadiləyə başlayıb.
-Nurçular kimdir və onlar Türkiyədə müstəqil siyasi qüvvə kimi ortalığa çıxa bilərlərmi?
-Nurçular, daha doğrusu, Fətullah Gülən hərəkatı Səid Nursinin təliminə əsaslanan 9 qrupdan biridir, Türkiyədə nüfuzlu cərəyan hesab olunur. Gülən əleyhdarları onu Türkiyə Respublikasını dünyəvi yoldan çəkindirməkdə ittiham edir, tərəfdarları isə təqib olunan islam təmsilçisi kimi qələmə verirlər. Hərəkatın lideri Fətullah Gülən 70-ci illərin sonlarında Ağsaqqallar Şurasının idarə etdiyi Nur hərəkatından ayrılıb və öz cərəyanını yaradıb və bu cərəyanın yeganə lideri olub. Fətullah Gülən Roma Papası II İohan Pavel, yunan pravoslav kilsəsinin patriarxı Bartolomeos, İsrail sefardlarının baş rabbisi Bakşi-Doronla görüş keçirib. 500-ə yaxın məktəbin, liseyin, təhsil müəssisəsinin, o cümlədən müxtəlif fondların əsasını qoyub. Hərəkat təkcə Türkiyədə deyil, Mərkəzi Asiya, Rusiya, Balkanlar, Monqolustan, Banqladeş və bəzi qərb ölkələrində də məktəblər açır. Belə məktəblərdə tədris təkcə islamla məhdudlaşmır, çünki Gülənin ideyası elita yetişdirməkdir. Gülən hərəkatı onun ideyaca rəhbərlik etdiyi könüllülər təşkilatından ibarətdir. Onların üzvləri əsasən bu hərəkatın məktəblərində təhsil alan insanlardır. Hərəkat bir neçə yüz min adamı əhatə edir və Türkiyədə ən böyük islam hərəkatıdır. Məktəb və universitetlərdən başqa, hərəkat lobbiçi qruplaşmalar, işçi assosiasiyası və s. təsis edib. Gülən ideyaları türk millətçiliyindən qidalanır, dövlətə istiqamətlənir, bazar istiqamətinə və neoliberal iqtisadi siyasətə yönəlib. Gülən islamla müasirliyi birləşdirməyə çalışır, göstərmək istəyir ki, islam modernləşməyə cəhd edir. Fəaliyyətə istiqamətlənmiş Gülən hərəkatı hesab edir ki, islam təkcə beş dəfə ibadət etmək deyil, həm də fəal iş görmək, müxtəlif institutlar – xəstəxanalar açmaq, məktəblər yaratmaqdır. Gülənin fikrincə, müasir dünyanın əsas dəyəri – bilikdir və uyğun olaraq, bu biliklərə nəzarət etməkdir. Bütün dünyada təhsil müəssisələri şəbəkəsi yaratmağa meyl də buradan qaynaqlanır. Gülən hərəkatı ərəb ölkələrində fəallıq göstərmir, çünki onları ABŞ və MKİ-nin casusları hesab etdiklərindən ora buraxmırlar. Eyni zamanda ona qlobalist hərəkat kimi baxırlar. Bundan əlavə, gülənçilər hesab edirlər ki, ən yaxşı islam Türkiyədəki islamdır və onun ərəb ölkələrində qəbul olunmaması da bununla bağlıdır. Gülən ardıcılları çox zaman özünü camaat hesab edir. Onları camaat, ya çoxpilləli şəbəkə kimi qiymətləndirmək məsələsi sual kimi aktualdır. Yasuzun fikrincə, Gülən ardıcılları hərəkatdır, onların ümumi məqsədləri var, horizontal şəbəkələrdən ibarətdirlər. Bu azad şəbəkələrə Gülən rəhbərlik edir. Belə şəbəkələrin ierarxik qaydada təşkil olunması şərt deyil, amma onların arasında üç həlqə fərqlənir. Birinci – Gülənin əhatəsindəkilərdir, ikinci həlqə – hərəkatın ümumi məqsədləri üçün çalışanlar, üçüncü həlqə isə hərəkata rəğbəti olanlardır – sonuncular KİV-də təbliğatı və maddi dəstək məsələləri ilə məşğul ola bilərlər. Hər həlqə özlüyündə şəbəkələrdən ibarətdir. Onları ümumi həmrəylik və müsəlman qardaşlığı etikası birləşdirir. Bununla belə, qeyd etməliyəm ki, nurçular müstəqil siyasi qüvvə kimi çıxış etmək niyyətində deyillər. Onlar çox güman ki, Kamal Kılıcdaroğlu ilə koalisiyaya gedəcəklər.
-Nurçuların Azərbaycanda da kök saldığı iddia olunur...
- Fətulla Gülən hərəkatı Bakıda mülayim, siyasi cəhətdən qəbul olunan islamı təcəssüm etdirmək cəhdləri ilə çıxış edir. Amma Gülən hərəkatına mane olmağa qadir olan bir sıra amillər var. Azərbaycanda “nurçular” kimi bilinən Gülən hərəkatı ölkədə daha çox təhsil proqramları ilə tanınır. 1990-cı illərin əvvəllərində hərəkat Azərbaycana yenicə yol tapanda məmurlar onu yaxşı qarşıladılar. O zaman Türkiyədəki cəmiyyətin dünyəvi və islam seqmentinin təmsilçiləri öz aralarındakı ziddiyyətlərə baxmayaraq, Ankara ilə gənc, müstəqil Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə çalışırdılar. Fikrimcə, nurçular Azərbaycanda hələlik siyasi niyyətlərdə olmazlar. Amma müvafiq dövlət strukturlarının, necə deyərlər, “əməliyyat şəraitini nəzarətdə saxlaması” lazımdır.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli