“Təhsilimiz repetitorların çiynində dayanır”
“Təhsilimiz repetitorların çiynində dayanır”

Vurğun Əyyub: “Ərdoğan hakimiyyəti baş verən hadisələr nəticəsində çox güclü zərbələr aldı”

Milli Şuranın yaradıcısı, məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun bu qurumun fəxri sədrliyindən istefa verməsi cəmiyyətdə və müxalifət düşərgəsində birmənalı şəkildə qarşılanmadı. Müşahidəçilərin fikrincə, onun bu postdan istefa verməsi daha çox Müsavat Partiyasının tutduğu mövqe ilə bağlı olaraq baş tutub. Müsavat Partiyası Divanının üzvü, bu partiyanın veteran liderlərindən biri hesab edilən Vurğun Əyyubla bu günki söhbətimiz bu yöndə olacaq.

-Vurğun bəy, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa müraciətində bildirib ki, qurumdakı partiyaların daxili münasibətlərinin pisləşməməsi və Müsavat Partiyasının mövqeyini nəzərə aldığı üçün bu addımı atır. Yəni konkret olaraq istefanın səbəbini Müsavat Partiyasının ona qarşı tutduğu mövqe ilə əlaqələndirir. Bir Müsavat mənsubu kimi bu fikirlə razısınızmı?
-Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyi deyilən postdan istefa verdiyini bildirməsi düzgün qərardır. Çünki Milli Şuranın əsasnaməsində belə bir vəzifə nəzərdə tutulmayıb. İkinci bir tərəfdən isə Rüstəm İbrahimbəyov ikili vətəndaşlıq propblemini həll edə bilmədi və onun Azərbaycana gəlişi də hələlik mümkün kimi görünmür. Bu baxımdan da mən hesab edirəm ki, Rüstəm İbrahimbəyovun istefasının Müsavat Partiyasının yürütməkdə olduğu siyasi xəttə az dəxli var. Bununla bərabər, Rüstəm müəllimin öz istefasını Milli Şura daxilindəki münasibətləri normallaşdırmaq xatirinə etməsi ilə əlaqələndirməsi də həqiqətə uyğun deyil. Qurum daxilində zaman-zaman gərginliklər müşahidə olunurdu və mən bu barədə daha çox mətbuatdan xəbər tuturdum Milli Şuranın gələcək perspektivi barədə bir söz deyə bilmərəm. Amma nədənsə son sessiyalarda mənə çox qəribə gələn məqamlar oldu. Məsələn, Milli Şuranın sonuncu sessiyalarının birində sədrlik, həmsədrlik və fəxri sədrlik istiqamətində aparılan müzakirələr mənə qəribə gəlirdi. Halbuki indi Milli Şuranın qarşısında daha ciddi məsələlər durur. Qeyd edim ki, qarşıda duran vəzifələr, məqsəd və məram, habelə təşkilatlanma məsələləri müzakirə edilməli idi. Mən hələ o zaman da deyirdim ki, bilmək istəyirəm ki, Milli Şuranın fəxri sədri nə deməkdir, onun səlahiyyəti və vəzifəsi, habelə burada məqsəd nədən ibarətdir. Bir sözlə, bu məsələləri araşdırmadan fikir bildirmək istəmirdim. Rüstəm İbrahimbəyova bir Azərbaycan ziyalısı və yazıçısı kimi hörmətim var. Amma o, Milli Şuranın sədri seçildi və buna Müsavatın şurada olan üzvləri mümkün olan qədər dəstəyini ifadə etdi. Amma hesab etmirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranın sədri olduğu vaxtlarda bu işin öhdəsindən gələ bildi. Rüstəm müəllimin özü dəfələrlə elan etmişdi ki, siyasət adamı deyil. Amma bununla bərabər, Azərbaycana gələ bilmədiyi, siyasi proseslərdə fəal iştirak edə bilmədiyi, Milli Şuranın təşkilatlanmasına hər hansı bir yardımı olmadığı təqdirdə onun həmsədr və ya fəxri sədr seçilməsində mənim üçün qaranlıq olan tərəflər var idi.
-Bu gün faktiki olaraq, Milli Şurada əsas güc mərkəzi kimi yenə də iki böyük partiya – Müsavat və AXCP çıxış edir. Qurumda digər qüvvələr də var, amma Rəsul Quliyevin, Eldar Namazovun istefalarından sonra ilk baxışdan belə bir təəssürat yaranır ki, artıq Milli Şura İctimai Palatanın başqa bir formasına çevrilib. Bu fikirlə razısınız?
-Hər halda Milli Şura İctimai Palatadan sonra yaranmış bir qurumdur. İctimai Palata öz zamanında müəyyən bir işlər gördü. Amma prosesin gedişində göründü ki, Milli Şuraya yalnız ad olaraq daxil olan siyasi qurumlar da var idi. Bu qüvvələr əslində işin getməsinə prinsipial şəkildə təsir edə bilmirdilər. Onlar fəaliyyəti gücləndirmək əvəzinə səmərəsiz yol tutdular. Ona görə də Milli Şuranın indiki formatda hansısa uğurların əldə ediləcəyinə şübhə yaranır. Müsavat Partiyasi Milli Şura daxilindəki bu vəziyyəti açıq şəkildə görür və durumun daha da sağlamlaşması istiqamətində və onun mobil bir quruma çevrilməsi naminə əlindən gələni edir. Qaldı ki, İctimai Palataya, Milli Şura formalaşandan sonra bu qurumun hər hansı bir fəaliyyəti olmayıb. Milli Şuranın taleyinə tam şəkildə aydınlıq gəlməyincə, onun qarşısında duran vəzifələr dəqiq formada aydınlaşdırlmayınca İctimai Palatanın siyasi səhnədən silinməsinin əleyhinəyəm. Mən İctimai Palatanın toplantılarında daha çox ölkədəki təhsilin bərbad durumu ilə bağlı çıxışlar etmişəm. Çıxışlarımda qeyd etmişəm ki, indi təhsilimiz repetitorların çiynində dayanır. Tələbələrin qəbul nəticələrinə gəlincə, bu il 700 bal toplayanlar Bakı Türk Liseyinin tələbələri olublar və bu onu göstərir ki, hazırlığa getmədən də yüksək nəticə əldə etmək mümkündür. Məktəblərdə əsas problemlərdən biri də hakimiyyətin seçkilərdə müəllimlərdən alət kimi istifadə etməsidir. Seçki komissiyalarında səslərin saxtalaşdırılmasında müəllimlərdən istifadə olunur. 103 min abituriyentin 38,66 faizi 0-100, 23.78 faizi 100-200,15.75 faizi 200-300, 16.53 faizi 300-500, qalanı isə 500-700 bal yığıb. Abituriyentlərin 75 faizi “3" qiymətinə bərabər cavab verməyib. Amma bu, TQDK-nın apardığı elmi-statistik təhlilin hamısı deyil. I ixtisas qrupu üzrə 197 nəfər 0, 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər 140-160 arası bal yığıb. Amma digər rəqəmlər açıqlanmır. Bu isə təhsilin fəlakətli vəziyyətini gizlətməyə xidmət edir. II ixtisas qrupu üzrə 22867 abituriyentin 11929-u müsabiqədə iştirak edib. III ixtisas qrupu üzrə 30 min 831 abituriyentin 9 min 38-i, IV ixtisas qrupu üzrə 15 min abituriyentin 3 mini müsabiqəyə buraxılıb. Hələ 2007-2008-ci illərdə TQDK müsabiqə balını 250 müəyyənləşdirib. Bizim dövrümüzdə isə 10 faiz bilik 70 balla qiymətləndirilirdi. Biliyin 40 faizini toplayan tələbə “3" qiyməti almış olurdu, 40 % bilik isə 280 bal edirdi. 280-dən bir bal aşağı toplayan abituriyent müsabiqəyə buraxılmırdı və “2" kimi qiymətləndirilirdi. TQDK-nın müəyyənləşdirdiyi rəqəmlə müqayisə etsək, 103 min tələbənin 1/3-i yox, 1/5-i də müsabiqə balını toplaya bilməz. Bu kimi faktları ortalığa qoymaqla demək istəyirəm ki, ölkədəki təhsil sistemi gündən-günə aşılanır və bu prosesin qabağı alınmasa, gələcəkdə kütləvi savadsızlığın höküm sürdüyü bir cəmiyyətdə yaşayacağıq.
-Siz bir müddət Türkiyədə ali məktəb müəllimi kimi çalışıbsınız və Türkiyədəki siyasi mühitə yaxşı bələdsiniz. Sizcə, bu gün Türkiyədə baş verən proseslər nəyə doğru apara bilər?
-Mən hər halda bu proseslərin baş verdiyi dövrdə Türkiyədə olmamışam. Baş verənlərin detallarına o qədər də bələd deyiləm. Amma son zamanlar Türkiyədə baş verən gərgin və xoşagəlməz hadisələr bir daha sübut edir ki, hakimiyyətdə uzun müddət qalan bir siyasi qüvvə bu cür fəsadlar törətməyə başlayır. Bununla belə, hesab edirəm ki, Türkiyədə olan seçki mühiti, seçki qanunları, seçki təcrübəsi qardaş Türkiyənin bu vəziyyətdən çıxması üçün şanslar yaradır. Hər halda Ərdoğan hakimiyyəti baş verən hadisələr nəticəsində çox güclü zərbələr aldı. Həm də Ərdoğan iqtidarının bu zərbəni necə kompensasiya edəcəyi hələ ki bəlli deyil. Amma mənim üçün aydın həqiqətdir ki, AKP əvvəlki gücünü və nüfuzunu qoruyub saxlaya bilməyəcək.
-Qarşıdan gələn 2014-cü ildə Azərbaycanın siyasi həyatı üçün nələri proqnozlaşdırmaq mümkündür? Bu ildə bizi nələr gözləyir?
-Bu cür proqnozlar vermək falçıların, astroloqların, politoloqların işidir. Biz praqmatik siyasətçi kimi qarşımıza konkret siyasi hədəflər qoyuruq və bu istiqamətdə fəaliyyət göstəririk. Qarşıdakı ildə bizim məqsədimiz Azərbaycanda həqiqi, demokratik, ədalətli seçkilərin keçirilməsi üçün münbit mühit yaradılması uğrunda mübarizə aparmaqdır. Biz növbəti ildə də çalışacağıq ki, ölkədəki məmur azğınlığına son qoyulsun və Azərbaycan insanı layiq olduğu tamamilə azad bir cəmiyyətdə yaşamaq hüququ əldə etsin.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli