Ərdoğanın oğlunun istintaqa çağırılma sənədi yayıldı
Ərdoğanın oğlunun istintaqa çağırılma sənədi yayıldı

Türkiyədə başladılmış korrupsiya və rüşvət əməliyyatı çərçivəsində baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın da istintaqa çağırılması barədə sənəd olduğu iddia edildi. Qardaş ölkənin "Sözçü" qəzeti korrupsiya və rüşvət əməliyyatının ikinci mərhələsində B. Ərdoğan için istintağa çağırılması barədə qərar çıxarıldığı barədə məlumat yayıb.

Türkiyədəki "Ulusalkanal" isə Ərdoğanın istintaqa şahid deyil, şübhəli şəxs kimi çağırıldığını iddia edib.
Qeyd edək ki, dünən baş prokurorun əmri ilə cinayət işinin prokuroru Muammer Aktaş istintaqdan uzaqlaşdırılıb.
Dünən həmçinin Türkiyədə rüşvət əməliyyatının ikinci mərhələsində həbs ediləcək şəxslərlə bağlı bəzi məlumatlar yayılıb. Prokurorluğun təqdim etdiyi siyahıda 41 nəfərin adı var.
Siyahıda səudiyyəli iş adamı Yasin El- Kadı və iş adamları Fatih Saraç, Latip Topbaş, Nihat Özdemir, Orhan Cemal Kalyoncu ve Faruk Kalyoncu kimi məşhur adlar da var:

Ərdoğanın qızı:
"İnkar edənlərin
imtahanı ağır olacaq"

Bu arada baş nazir Rəcəb Tayyib Ərdoğanın qızı Esra Albayrak Bağlarbaşı mədəniyyət mərkəzində təşkil olunmuş "İmam xətib nəsli yetişir, qardaşlıqlar görüşür" adlı proqramda çıxış edib.
Türkiyə mətbuatının məlumatına görə, Albayrak çıxışında deyib: "Keçən əsrin asan bir yüz il olmadığını bilirik. Bu gün də yaxın keçmişimizi unudanlar var. Hədəfimiz Allahı xatirinə xidmət etmək olmalıdır. Həqiqəti inkar edən insanların imtahanı ağır olacaq".

Daha bir sensasion
iddia: "Təqsiri Ərdoğanın üstünə atın..."

"17 dekabr" əməliyyatı ilə bağlı iddialar bitmək bilmir. Bu dəfə Türkiyənin məşhur jurnalisti Abdulkadir Selvi müzakirə doğuracaq iddialar irəli sürüb.
Selvi həbs olunan iş adamlarına, "Təqsiri Ərdoğanın üstünə atın, sizi azad edək" deyildiyini iddia edib. Nazirlərin istefası ilə bağlı fikirlərini açıqlayan Selvi, "Eşitmişəm ki, "rüşvət" əməliyyatında həbs olunan nazir oğullarına və iş adamlarına, "Biz baş nazirin göstərişi ilə etdik. Təlimatı bizə Ərdoğan vermişdi şəklində izahat verin sizi azad edək" deyildiyini iddia edib.
"Əgər Ərdoğan nazirləri istefaya göndərmək istəsəydi canlı yayıma çıxıb "Bu nazirləri işdən azad etdim" deyərdi. Siyasi "bonus" toplayardı. Amma baş nazir başqa yolu seçdi. Səbrlə istintaqın, məhkəmənin qərarını gözləməyi doğru bildi. Üstəlik 10 gündür o nazirləri müdafiə etdiyi üçün özü tənqid olunur."-deyib.

Türkiyənin hakim
partiyası sökülür

Srağagün axşam saatlarında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcra Komitəsinin iclası keçirilib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, İzmiri təmsil edən 2 millət vəkili - Ərtoğrul Günay, Ərdal Kalkan və Ankaradan seçilmiş Haluk Özdağ partiya sıralarından çıxarılması məsələsi qaldırılıb.
Partiyanın yazılı açıqlamasında bildirilib ki, adları çəkilən deputatlar son vaxtlar partiyanın nizamnaməsi və siyasətinə, başlıca prinsiplərinə zidd olan hərəkətlərə yol veriblər: "Hökumət və partiyanı təhqir edən yazılı və şifahi şəkildə təhqiredici bəyanatlar verdikləri üçün partiyadan çıxarılmaları ilə bağlı Mərkəzi İcra Komitəsi Mərkəzi Nəzarət-Təftiş Komitəsinə müraciət edib".
Ə. Kalkan isə artıq "Twitter" səhifəsindən AKP sıralarından istefa verdiyini açıqlayıb. Digər iki şəxslə bağlı hələlik qərar verilməyib.
Camaatla CHP anlaşdı?

Türkiyənin "Cumhuriyyet" qəzetinin yazarı, siyasi şərhçi Orxan Bursalı Fətullah Gülən İcmasının CHP ilə anlaşdığını iddia edib. CNN Türk kanalında Türkiyədəki gündəmi dəyərləndirən O. Bursalı hökumətlə camaatın koalisiyasının pozulduğunu deyib və gülənçilərin CHP ilə anlaşdığı ehtimalının yüksək olduğunu bildirib. "Hazırda vəziyyət geri dönməz hala gəlib. Türkiyəni yaxın gələcəkdə naməlum olaylar gözləyir. Camaat artıq seçkilərdə AKP-yə səs verməyəcək. Yəni hökumətlə koalisiya pozuldu. Bu baxımdan onların CHP ilə anlaşa biləcəyi ən yüksək ehtimaldır"-deyə O. Bursalı qeyd edib.
Qeyd edək ki, CHP lideri Kemal Kılıçdaroğlunun ABŞ səfəri zamanı F. Gülənlə görüşdüyü və müəyyən anlaşmalar əldə edildiyi xəbəri yayılmışdı.
ABŞ-ın Karnegi Beynəlxalq Sülh Fondunun Türkiyə üzrə eksperti Bayram Balçı da CHP lideri Kılıçdaroğlunun ABŞ-a səfəri zamanı Fətullah gülənlə görüşdüyünü bildirmişdi. Lakin ekspert bir qədər fərqli düşünür. O, camaatla CHP-nin anlaşmasının çətin olduğunu, əgər belə olacaqsa, CHP daxilindəki dünyəviləri itirəcəyini bildirib."ABŞ-da belə bir görüş oldu. Amma bu, camaat və CHP-nin bir olub yeni koalisiya quracağı demək deyil. Bunun olması çətindir. Çünki CHP-dəki dünyəvilər camaatın dini tərəfinə nifrət edirlər. CHP camaatla koalisiya gedərsə çox adam itirər"-deyə Bayram Balçı qeyd edib.

Rza Zərrab hərraclara borcunu ödəməyib

Türkiyədə rüşvət qalmaqalına görə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab hərracları olduqca pis vəziyyətə qoyub.
Belə ki, R.Zərrab həbsindən əvvəl hərrac yolu ilə 20 milyona yaxın türk lirəsi dəyərində tablo və antik əşyalar alıb.
Həbsindən 2 gün əvvəl isə "Antik A.Ş"nın keçirdiyi hərracda 1 milyon 50 min lirəyə Nazmi Ziyanın tablosunu satın alıb.
Eyni hərracda 250 min lirəyə və 380 min lirəyə daha iki antik boşqab alan R.Zərraba aldıqları çatdırılsa da, ödəmə aparılmayıb.
Daha sonra R.Zərrab saxlanılıb və aldığı bütün əşyalar müsadirə olunub. Buna görə də hərracı keçirən "Antik A.Ş" nə satdığı malları, nə də pulunu geri ala bilir.

Kənan Rzaquliyev