“Müsavat Partiyası Milli Şuradan uzaqlaşmağa bəhanə axtarırdı”
“Müsavat Partiyası Milli Şuradan uzaqlaşmağa bəhanə axtarırdı”

Fuad Qəhrəmanlı: “Müsavat bu qərarı təkbaşına verməyib, kənar iradə rol oynayıb”

Son zamanlar Milli Şurada gedən proseslərlə bağlı suallarımızı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavablandırır.

-Fuad bəy, Milli Şurada nələr baş verir?
-Prezident seçkiləri başa çatandan sonra Milli Şurada müəyyən fikir ayrılıqları yarandı. Bu fikir ayrılıqlarının yaranmasının səbəbi də Müsavat Partiyasının təşəbbüsü ilə Rüstəm İbrahimbəyovun Milli Şuraya sədrlik etməsinin müzakirə predmetinə çevrilməsi oldu. Müsavat Partiyası çox qəribə və təzadlı şəkildə bildirdi ki, Rüstəm İbrahimbəyov başqa bir ölkənin vətəndaşı olduğu üçün Müsavat Partiyası bu qurumda qala bilməz. Rüstəm İbrahimbəyov Milli Şuranın növbəti sessiyasında sədrlikdən istefa verdikdən sonra quruma fəxri sədr seçildi. Müsavat Partiyası bu məsələyə də eyni cür yanaşma sərgilədi. Bundan sonra Milli Şura daxilində ziddiyyətlər olmasın deyə və onun sədrliyindən bəhanə kimi istifadə olunmaması üçün fəxri sədrlikdən də imtina etdi. Bundan sonra Müsavat Partiyası gözlənilmədən Milli Şuradan çıxmaqla bağlı qərar verdi. Belə olan halda aydın oldu ki, əslində, Rüstəm İbrahimbəyovun fəxri sədrlik məsələsinin gündəmə gətirilməsi Müsavat Partiyasının Milli Şuradan qopmaq üçün ortaya atdığı bir bəhanə imiş. Yəni bu partiya Milli Şuradan uzaqlaşmağa bəhanə axtarırdı. Rüstəm İbrahimbəyovun imtinası da Müsavatın qərarını dəyişdirmədi. Və bu qərar da onunla əsaslandırıldı ki, Milli Şura prezident seçkiləri üçün yaradılmış müvəqqəti seçki bloku olub və buna görə də Müsavat Partiyası seçkilərdən sonra bu qurumu tərk edir. Amma Milli Şura təsis edilərkən onun əsasnaməsində yazılmışdı ki, bu qurum seçki bloku deyil və avtoritarizmdən demokratiyaya keçidi təmin edən bir qurum kimi təsis edilir. Müsavat Partiyası da bu əsasnaməyə səs verməklə öz üzərinə öhdəlik götürmüşdü. İndi isə Müsavat Partiyası açıq şəkildə, yəni faktı təhrif edərək növbəti yalan bəhanəni əsas gətirdi. Bu addım isə cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılandı. Hesab edirəm ki, Müsavat Partiyası bu qərarı təkbaşına qəbul etməyib. Çünki bu qərardan öncə Müsavat başqanının mətbuata verdiyi müsahibələrdə, Müsavatın Məclisindəki çıxışında da Milli Şuranın fəaliyyətini gücləndirmək üçün təkliflər verdikləri bildirilirdi. Buna görə də hesab edirik ki, Müsavat bu qərarı təkbaşına verməyib, kənar iradə rol oynayıb. Bu baxımdan da Müsavat Partiyası öz iradəsini ifadə etmək imkanını itirib. Məqsəd də Müsavatın siyasi kursunun dəyişilməsi idi. Çünki hökumətə qarşı əsas alternativ güc kimi Milli Şura hesab olunurdu. Milli Şuranın apardığı seçki kampaniyası güclü şəkildə effekt yaratmışdı. Beynəlxalq səviyyədə seçkinin nəticələri ilə bağlı öz sözünü deyib qəbul etdirə bilmişdi. Bu baxımdan yanaşanda prosesin ortasında Müsavatın Milli Şuranı tərk etməsi, siyasi kursunu dəyişdirməsi, mübarizə yoldaşlarını meydanda buraxıb geri çəkilməsi mübarizədə iştirak etməmək istəyidir. Hətta partiyaya yaxın olan qəzetdəki son yazılardan birində qeyd olunur ki, “Əli Kərimli kimi radikal, aqressiv fiqurla bir sırada olmaqla hakimiyyətə gəlmək mümkün deyil”. Yəqin ki, bunu yazarkən deputat mandatı almağı nəzərdə tuturlar. Bu məqamda söhbət təkcə Əli Kərimlidən getmir. Çünki Milli Şuranın sədri Cəmil Həsənli də Əli Kərimli ilə birlikdə eyni mövqedən çıxış edirdi. Milli Şuradakı ziyalılar da eyni mövqedən çıxış edirdilər. Bu isə o deməkdir ki, Müsavat Partiyası Milli Şuranın siyasi kursundan imtina etdi və fərqli siyasi kursa keçdi. Bu yerdəyişmənin siyasi motivi isə 2015-ci ildə keçiriləcək parlament seçkilərində deputat mandatları əldə etmək niyyəti olduğu daha çox ehtimal olunur. Bütün bunlar, əslində, Milli Şurada müəyyən durulma prosesinin getdiyini göstərir. Hakimiyyət müxalifət düşərgəsində kimlərə hansı vasitələrlə mümkündürsə, təsir göstərib əsas alternativ qüvvə kimi çıxış edən Milli Şuranı parçalamağa
çalışır. Ancaq hesab etmirəm ki, bu proses Milli Şurada ciddi tənəzzülə gətirib çıxardacaq. Çünki Müsavat Partiyası prezident seçkisi kampaniyasının gedişində, bir dəfə də olsun, prezidentliyə namizəd Cəmil Həsənli üçün görüş təyin etməmişdi. Hətta seçki məntəqələrinə gedəcək müsavatçı müşahidəçilərin siyahısını da gətirib Cəmil Həsənlinin seçki qərargahına təqdim etməmişdilər. Beləliklə, seçki kampaniyasının gedişatında Milli Şuranın fəaliyyətinin bütün ağırlığı AXCP-nin üzərində qalmışdı. Seçkilərdən sonra Milli Şuranın ağırlığını çəkən, onun siyasi kursunu ifadə edən qüvvələr və şəxslər yerindədirsə, hesab edirəm ki, Milli Şurada durulma prosesi gedir.
-Tanınmış politoloq Zəfər Quliyev, keçmiş daxili işlər naziri İskəndər Həmidov da artıq Milli Şuradan çıxdıqlarını bildiriblər. KAXCP və El hərəkatı gələn həftə bu qurumda qalıb-qalmamaqla bağlı müzakirələr aparacaqlarını bildirib. Sizcə, bu tip silsilə hadisələr nə ilə bağlıdır?
-Bilirsiniz, bu, ağır bir prosesdir. Hakimiyyətə qarşı mübarizə aparmaq illərlə çəkən məhrumiyyətlərlə müşayiət edilən bir prosesdir və məhrumiyyətlərə dözmək hər kəsin işi deyil. Elələri var, beş il davam gətirir, eləsi var on il, eləsi var on beş il. Hər kəsin bir dözüm limiti var. Görünür, dözüm limiti tükənənlər artıq apardıqları mübarizənin nəticəsini cəmiyyətdən deyil, hakimiyyətdən ummağa başlayıblar və bundan sonrakı siyasi fəaliyyətlərini vədlər üzərində qurmaq niyyətindədirlər.
-El hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev belə bir fikir səsləndirib ki, niyəsə Milli Şurada həmişə problem meydana çıxır, heç nədən qarşıdurma yaranır. Sizcə, o bu fikrində haqlıdırmı? Haqlıdırsa, bu problem nədən qaynaqlanır?
-Eldəniz bəy sağlam mövqeyi ilə seçilən şəxslərdən biridir və EL hərəkatının Milli Şurada fəaliyyətini davam etdirməsinin tərəfdarıdır. O, Müsavatın mövqeyini tənqid edən şəxslərdən biridir. Onun narahatlığı da yerində idi. Çünki bu günə qədər Müsavat Partiyasının Milli Şuradakı fəaliyyəti müəyyən narazılıqlar üçün əsas yaradırdı. Müsavat Partiyası son aylardakı əsas fəaliyyətini Milli Şuraya qarşı əks təbliğat kampaniyası qurmağa həsr etmişdi. Eldəniz Quliyev bu baxımdan tam haqlıdır. Ancaq qeyd etdiyim kimi, Milli Şurada gedən proses ona gətirib çıxrdacaq ki, qurum daxilində daha bu cür problemlər yaşanmayacaq.
-Milli Şuraya yeni siyasi qurumların cəlb edilməsi ehtimalı varmı?
-Bu, artıq fəaliyyət prosesində ortalığa çıxacaq. Bu gün mətbuatdan aydın görünür ki, hətta siyasətə dəxli olmayan şəxslər də Milli Şurada gedən proseslərə münasibət bildirir və onların əksəriyyəti Müsavat Partiyasının atdığı addımı qınayır.
-Milli Şurada baş verən proseslərin Azərbaycanın Avrasiya İttifaqı ilə Avropa Birliyi arasında etməli olduğu seçimə dəxli varmı?
-Yox. Hesab edirəm ki, bu məsələyə bu qədər qlobal mahiyyət yükləməyə ehtiyac yoxdur. Burada, sadəcə olaraq, Azərbaycan hakimiyyəti 2015-ci ilin parlament seçkiləri ilə bağlı seçki strategiyasını indidən həyata keçirtməyə çalışır və ona qarşı alternativ ola biləcək güc mərkəzini zəiflətməyə və parçalamağa çalışır. İndiki mərhələdə Müsavat Partiyasının Milli Şuradan qoparılması da həmin siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, bunu, yəni Müsavatın siyasi kursunu dəyişdirməsini hakimiyyətin uğuru saymaq olar. Bu fakt siyasətin yenidən dizayn edilməsinin tərkib hissəsidir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli