“Xəvariclər din pərdəsi altında gizlənmiş quldur dəstəsidir”
“Xəvariclər din pərdəsi altında gizlənmiş quldur dəstəsidir”

Qamət Süleymanov: “Xəvariclərə təlqin edirlər ki, azərbaycanlıların malları və qanları halaldır”

Ölkədə və o cümlədən qonşu ölkələrdə baş vermiş terror aktlarında adları tez-tez hallanan sələfilərin (bu dini təriqət bir sıra qollara bölünsə də, onlar el arasında konkret şəkildə “vəhhabi” adlandırılır) həm də Suriyada gedən döyüşlərdə müxalifət tərəfindən iştrakı barədə məlumatlar sözgedən təriqətin mənsubları arasında ciddi söz qarşıdurmasına gətirib çıxardıb. Bu durumla bağlı suallarımzı fəaliyyəti dayandırlmış Əbu Bəkr məscidinin şeyxi Hacı Qamət Süleymanov cavablandırır.

-Şeyx, son zamanlar Azərbaycanda xəvariclərin sayı niyə xeyli çoxalıb?
-Bu proses son zamanlara aid deyil. Bu artımın daxili səbəbləri azdır, əsas amillər xarici ölkələrdən qaynaqlanır. Bu baxmdan yanaşarkən ən ciddi proseslərdən biri Suriyada baş verməkdə olan hadisələrdir. Radikal gəncliyin xəvariclərə meyl etməsinin bir səbəbi budur.
-Azərbaycanda çox zaman sələfilərlə xəvaricləri eyniləşdirirlər. Onları bir-birindən ayırmaq üçün nələrə diqqət yetirilməlidir?
-Fikirlərə və danışıqlara fikir verilməlidir. İnsanı fikrindən tanımaq mümkündür. Xüsusən də dövlətə, millətə və vətənə münasibətdə. Yəni onlar bu məqamda tanınırlar. Çünki xəvaricləri bir düşmən kimi tərbiyələndiriblər. Məsələn, onlara təlqin edirlər ki, Azərbaycan müsəlman ölkəsi deyil, ordakıların hamısı kafirdir, onların malları və qanları halaldır. Yəni mallarını oğurlasan, özlərini öldürsən, şəriət buna icazə verir. Xəvariclər din pərdəsi altında gizlənmiş quldur dəstəsidir.
-Bir gerçəklikdə var ki, sələfilər xəvariciliyə meylli olur və bir müddətdən sonra tam şəkildə onlara qoşulurlar...
-Səbəblərdən biri budur ki, xəvariclər sünnilik təriqətindən qopanlardır. Həm də onlar niyə bizim camaatı dəvət edirlər? Bizim camaat dində daha güclü sayılır, dini ayinlərə riayət etməkdə xeyli seçilir. Hətta məscidlərdə də görsənir ki, namaza gəlməkdə, məscidə gəlməkdə bizim camaat başqalarından üstündür. Təbii ki, xəvariclər bizimkilərin bu aktivliyindən istifadə edirlər. Yəni din şüarları ilə: “Deyirlər ki, dində məsələ belə-belədir, amma sizi aldadıblar və s.”. Ən böyük səbəblərdən biri budur.
-Bəs niyə məhz Sizi hədəfə götürüblər?
-Çünki mən onların fikirləri ilə razılaşmıram, fikirlərinə qarşı çıxıram. Quldur dəstəsi olduqlarını bildirirəm. Onlara mane olanlardan biriyəm, ona görə.
-Əlixan Musayev bu gün (dünən-red.) açıqlamasında Sizi ittiham edib. Bu ittihamları necə cavablandıra bilərdiniz?
-Sözün düzü, mən o ittihamla tanış deyiləm. Amma demək istəyirəm ki...
-Musayev deyib ki, “Mən Suriyada vuruşmağa heç kimi dəvət etməmişəm və orada vuruşmaq düzgün deyil”... Guya Siz deyibsiniz ki, Əlixan susmağı ilə qeyri-müəyyənlik yaradır...
-Mən elə şey deməmişəm. Sadəcə, demişəm ki, onun mövqe bildirməməyi ... Çünki təkfir camaatı, o fikri dəstəkləyən dəstələr deyir ki, bu adam tövbə eləyib, qayıdıb, bizimlədir. Bizim ondan tələbimiz olub ki, əgər tövbə edibsənsə, de, etmişəm. Çünki onun belə qapalı qalması problem yaradır. Ən birincisi bizə görə ki, qapalı qalsa, biz onu qəbul etməyəcəyik. Biz ona qarşı mövqeyimizi açıq-aydın bildirməliyik. Həmçinin radikal dəstələr üçün də bu maraqlıdır ki, savadlı bir liderləri olsun və yaxud belə bir adamı öz liderləri kimi qələmə versinlər. Ona görə də kimsə fikrində bunlara oxşayanda dərhal bundan istifadə edirlər. Deyirlər ki, filankəs bizimlədir. Ona görə o öz mövqeyini bildirməlidir. Mövqeyini bildirməyib. Biz deməmişik ki, Suriyaya vuruşmağa gedənləri Əlixan Musayev ruhlandırıb. Bizim mülahizəmiz bu deyil. O hələ Mədinədə təhsil alarkən bu problem var idi. Yəni özünü camaat arasında həmişə təcrid olunmuş kimi aparırdı. Hələ Mədinədə dini təhsil alarkən deyirdi ki, “Mən qayıdanda Qamətə qarşı ayrıca camaat təşkil edəcəyəm”. Amma belə baxanda mənim ona heç bir pisliyim keçməyib. Hətta deyirmiş ki, “Məni öldürsələr, bilin ki, bunu Qamət təşkil edib”. Yəni mən ortalıqda psixoloji problemlər görürəm. Çünki normal adam belə fikir irəli sürməz. Ola bilsin ki, bu adamın hansısa problemi var. Elə bilir ki, biz ona qarşıyıq, biz heç vaxt ona qarşı olmamışıq. Deyir ki, mənim hansısa kitablarımda radikallıq var. Əgər elədirsə, bizim istəyimiz nədir? Bu məsələlər barədə mövqeyini bildir. Və bununla da məsələ tam aydınlaşsın. Amma mövqe bildirməməyi, bu cür qapalı davranmağı, çəkingən olmağı bizdə ona qarşı şübhələr yaradır.
-Bu gün Suriydakı döyüşlərdə yüzlərlə azərbaycanlı vuruşur. Onlar Azərbaycana qayıdarkən hansı problemləri yarada bilərlər?
-Ola bilsin ki, həmin müharibə onları bir qədər sakitləşdirsin. Yəni müharibədə olan adamla olmayan arasında bir az fərq var. Amma hər bir halda bu, xeyirliyə deyil. Yəni demirəm ki, kimsə Azərbaycana qayıtsa, nəsə eləyəcək. Yox! Lakin onlarda getməmişdən əvvəl də o fikir var idi. Problem adamda deyil, fikirdədir. Onlar lap bura qayıtmasalar da, o fikrə meyllilik var Azərbaycanda. Bunu müalicə eləmək lazımdır.
-Bəs bu meyl nədən yaranıb?
-Həmin meyl birinci növbədə maarifçiliyin, təbliğatın zəif olmasından və bu sahə üzrə mütəxəssislərin olmamasından yaranır. Bu sahədə yeganə olaraq Əbu Bəkr məscidi idi ki, bu yöndə maariflənmə işi aparırdı. Məscidimiz bağlanandan sonra başqa məscidlər maariflənmə işi apara bilmir. Məscid bağlanandan sonra radikallıq meylləri artmağa başlayıb. Bunula belə, məscidimizin yenidən açılması ehtimalı çox zəifdir. Çünki bu barədə heç kim heç nə demir və heç kim heç nə bilmir. Belə görünür ki, məscidimizin yenidən fəaliyyətə başlaması müəyyən tərəflərə sərf eləmir.
-Sünni, şiə və sələfilərin bir araya toplaşıb xəvariclər problemini həll etmək üçün təkliflər irəli sürməsi mümkündürmü?
-Bu cür mümkün olmayacaq. Bu problemi ancaq hələlik onların tərəfinə keçməyənləri bu yoldan çəkindirməklə həll etmək mümkündür. Çünki onların bizimlə problemləri var. Başqa təriqətlərin təmsilçilərini heç saymırlar da. Deyim ki, hansısa bir şiə camaatından və yaxud hansısa bir sünni məzhəbindən bir lider çıxıb onlarla dil tapa bilər, bu, mümkün deyil. Onlar üçün belə fiqurlar heç nədir. Onlar hətta bizi də qəbul etmirlər. Hələ qaldı ki, başqaları ola. Ona görə də problemdən çıxış yolunu bizdən başqa heç kim tapa bilməyəcək. Vəssalam.
-Doğrudanmı, xəvariclər bir mərkəzdən, yəni Səudiyyə Ərəbistanından idarə olunur?
-Yox, onları Səudiyyə Ərəbistanına bağlamaq böyük bir səhvdir. Çünki bunlar artıq Səudiyyə Ərəbistanının özü üçün problemə çevrilib. Çünki ərəb ölkələri içərisində ən çox terror elə Səudiyyə Ərəbistanında baş verib. Xəvariclər Səidiyyəni də xoşlamırlar. Bunlar ayrıca bir təşkilatdır. Mənə elə gəlir ki, onlar Qərbdən idarə edilir.
-Onlar Sizi təhdid eləmirlər?
-Yox, bilirsiniz, təhlükə həmişə var. Allaha təvəkkül eləyib yaşayırıq. Allah kimi nə vaxta yazıbsa, o vaxt da dünyadan gedəcək. Məni dəfələrlə təhdid ediblər. Bunu siz də bilirsiniz.
-Bu barədə dövlət strukturlarına müraicət edibsiniz?
-Yox. Ehtiyac yoxdur. Heç kimə müraciət etmirəm.

Söhbətləşdi: Xəyal