“Dini ekstremizmin, radikallıq və dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir”
Ölkədəki dini tolerantlığın durumu ilə bağlı suallarımızı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, filologiya elmləri namizədi Səyyad Salahlı cavablandırır.
-Azərbaycanda milli və dini tolerantlığın kökündə hansı amillər durur?
-Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr vermişdir. Başqa millət və din mənsublarına münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq azərbaycanlıların milli əxlaqi dəyərlərinin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı Xristian, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşamışlar.
Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolu oynamış, üstəlik, bura təkcə fərqli dinlərin mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən İslam dini ilə bağlı məzhəblərin nümayəndələri pənah gətirmişlər. Bəlkə də, elə buna görədir ki, bu gün Azərbaycan Respublikası əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Lakin xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir.
Azərbaycan xalqı mövcud olandan onun yalnız bir xalqla məcburən, başqa sözlə desək həmin xalq tərəfindən məcburi şəkildə sürükləndiyi bir münaqişə var ki, bu da Erməni-Azərbaycan münaqişəsidir. Məlumdur ki, bu münaqişə sadəcə XX əsrdə yaranmamışdır, onun tarixi kökləri vardır.
-Bu gün Azərbaycanda müxtəlif dini təriqətlər mövcuddur və onlar son zamanlar bir-birilərinə qarşı ittihamlar səsləndirirlər. Sədr müavini olduğunuz komitə bu prosesləri nəzarətdə saxlaya bilirmi?
-Yenə o fikri vurğulayıram ki, Azərbaycan ərazisində tarixboyu etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri olmuş, milli, irqi, dini ayrı-seçkilik yaranmamışdır. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşamış, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərmişlər.
Lakin müasir dövrdə bəzən görürsən ki, müəyyən dini qruplar radikal mövqe nümayiş etdirərək qarşılıqlı ittihamlar səsləndirirlər. Bir çox halda belə ittihamların əsas mənbəyi fərdi, yaxud şəxsi məzmunda olan münaqişələrdən qaynaqlanır. Təbii ki, bu cür hallar cəmiyyətdə çaşqınlıq yaradılmasına da səbəb olur ki, bunun neqativ təsirləri ölkədəki mövcud dini durumla yanaşı, respublikamızın beynəlxalq imicinə də mənfi təsir göstərməkdədir. Dövlət Komitəsi yüksək həssaslıqla belə məsələləri daim diqqət mərkəzində, nəzarətdə saxlayır və bütün zəruri addımları atır. Məsələn, bu yaxınlarda analoji problemə Dövlət Komitəsi operativ münasibət bildirərək, KİV-də bəyanatla çıxış etmişdir.
-Sizcə, son zamanlar ölkədə xəvaric deyilən dini kəsimin sayının artması nə ilə bağlıdır?
-Əvvəla qeyd edim ki, müasir, hüquqi, demokratik dövlətlər kimi Azərbaycan Respublikasının və onun vətəndaşlarının başlıca vəzifələrindən biri insanlararas münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin edilməsidir. Lakin buna arzuolunan səviyyədə nail olmağa bəzi süni əngəllər maneçilik törədir ki, radikal dini cərəyanlar, məsələn xəvariclik onlardan biridir. Belə cərəyanlar insanların saf dini duyğularından istifadə edib, öz məkrli məqsədlərini həyata keçirmək üçün hər vasitəyə əl atırlar. Onlar din adından çıxış edib cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm və radikalizimin baş qaldırmasında, insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar ki, məkrli planlarını həyata keçirsinlər. Bu gün Azərbaycanda kiçik qruplar şəklində fəaliyyət göstərən belə cərəyanların son vaxtlar nisbətən aktivləşməsi Yaxın Şərqdə cərəyan edən siyasi hadisələrlə də bilavasitə əlaqəsi vardır. Təbii ki, belə cərəyanlar xarici mənbələrə arxalanır, oradan maliyyələşdirilir, istiqamətləndirilirlər.
Ümumiyyətlə, hazırda dünyada gedən proseslərə nəzər salsaq, dindən sui-istifadənin, radikallıq və ekstrimizmin baş qaldırmasının qloballaşan dünyada törətdiyi fəsadlarının qat-qat çox olduğunu müşahidə edərik. Bu neqativ hallar cəmiyyətdə insanlar arasında münasibətləri kəskinləşdirir və dünyada yeni münaqişə ocaqları yaradır.
Azərbaycan dövləti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşır, lakin dini ekstremizmin, radikallıq və dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə heç vaxt yol verilməyəcəkdir.
-Dini mühitdə xoşagəlməz halların qarşısının alınması üçün komitənin səlahiyyətlərinin genişləndirilməsinə və “Dini etiqad azadlığı haqqında” qanunun sərtləşməsinə ehtiyac varmı?
-İlk növbədə qeyd edək ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din sahəsində dövlət siyasətini bilavasitə həyata keçirən qurumdur. Qanunvericiliyimizdə göstərildiyi kimi Dövlət Komitəsi Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün münasib şəraitin yaradılmasını, dövlət-din münasibətlərinin tənzimlənməsini, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsini, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etməsi istiqamətində fəaliyyət göstərir.
Bundan əlavə, Dövlət Komitəsi fəaliyyəti çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada dini qurumların dövlət qeydiyyatının aparılmasını təmin edir. Dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmaların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi və dini qarşıdurma meyillərinin aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirir. Ölkədəki dini durum, bu sahədə mövcud problemlər, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir. Dövlət Komitəsi dini fəaliyyət sahəsində cərəyan edən prosesləri öyrənməklə yanaşı, dini icmaların rəhbərləri və üzvləri ilə görüşlər keçirir, qanun çərçivəsində onlarla əməkdaşlıq edir.Bir sözlə, ölkədəki bütün dini qurumların bərabər fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılır.
“Dini etiqad azadlığı haqqında” Qanuna gəldikdə isə qeyd edim ki, 1992-ci ildə qəbul edilən bu qanuna ötən dövr ərzində müvafiq əlavə və dəyişikliklər edilmişdir. Lakin bu əlavə və dəyişikliklərin edilməsini mən qanunun daha da sərtləşdirilməsi ilə əlaqələndirməzdim. Belə dəyişikliklər cəmiyyətin daimi inkişafından, Qanunun müasir tələblərə cavab verməsi üçün təkmilləşdirilməsinin vacibliyindən irəli gəlmişdir.
-Komitə satışı qadağan olunan dini kitabların siyahısını müəyyənləşdirib və zaman-zaman bunun bəhrəsini də gördük. Amma bu kitablar hazırda internet vasitəsilə rahat şəkildə yayılır. Bunun qarşısını necə almaq olar?
-Bəli, Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində dini ədəbiyyatın, dini əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, onların təkcə satışına deyil, istehsalı, idxalı və yayılmasına da nəzarəti həyata keçirir.
Zərərli dini ədəbiyyatın, yəni dinlərarası qarşıdurma yaradan, dini ekstremizmi və qeyri-humanist ideyaları təbliğ edən, başqa dinlərə qarşı dözümsüzlüyü və ayrı seçkiliyi, eləcə də dini durumu gərginləşdirməyə xidmət edən dini ədəbiyyatın ölkəyə idxal edilməsi və yayılmasının qarşısı alınır.
Qeyd edək ki, dinşünaslıq ekspertizası ilə dini sahədə dərin bilikləri olan ixtisaslı mütəxəssislər məşğuldurlar. Bu işlərin görülməsi təbii prosesdir. Vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, eləcə də ölkədə tarixən mövcud olmuş tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir. Lakin təəssüf ki, sözügedən nəzarətin virtual məkanda aparılması Dövlət Komitəsinin imkanları xaricindədir. Müasir kommunikativ vasitələr, elektron mühitin əhatə dairəsinin genişliyi və stabil nəzarətin mümkünsüzlüyü bir sıra zərərli məlumatlar kimi, zərərli dini ədəbiyyatların yayılmasına şərait yaradır. Burada vətəndaşlar yalnız fərdi nəzarəti həyata keçirə bilərlər. Məsələn deyək ki, valideynlər övladlarının internetdən hansı məzmunda dini ədəbiyyat əldə edib oxuduqlarına ekspertlərlə məsləhətləşməklə birbaşa nəzarət həyata keçirə bilərlər.
-Bu gün Azərbaycanda dini maarifləndirmənin keyfiyyəti Sizi qane edirmi?
-Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yalnız müqəddəs ocaqlar və ibadət evləri deyil, dini təhsil müəssisələri də açılaraq fəaliyyətə başlamışdır. Bu dini maarifləndirmə sahəsində dönüş nöqtəsi sayılır. Belə ki, əvvəllər kommunist rejiminin məlum məhrumiyyətləri şəraitində insanlar dini bilgiləri qorxaraq, çəkinərək, bəzən yarıgizli şəkildə müəyyən din xadiminin yanında təlim keçməklə öyrənirdilərsə, hazırda ölkədə ali dini təhsil verən tədris ocaqları mövcuddur. Bu gün Bakı İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, bundan başqa dini tədris verən mədrəsələr fəaliyyət göstərir.Buna baxmayaraq maariflənmə, ardıcıl, gündəlik və səmərəli fəaliyyət göstərmək hər gün lazımdır.
Dövlət Komitəsi də öz sahəsində müəyyən maarifləndirmə tədbirləri həyata keçirir. Xüsusilə son dövrlər bu istiqamətdə görülən işlər daha səmərəli olmuşdur. Məsələn, ötən il Bakı şəhəri daxil olmaqla bütün bölgələrdə dini icma sədrlərinin, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyətin fəalları üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfranslar keçirilmişdir.
Bundan başqa dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi, insan hüquqlarının təbliği və narkomaniya ilə mübarizə sahəsində, eyni zamanda dini icmalar üçün təlim kursları kimi maarifləndirici silsilə tədbirlər keçirilir və bundan sonra da keçiriləcəkdir. Hesab edirəm ki,bu sahədə görüləcək işlər çoxdur.