“Onları Elçibəyin qarğışı tutub”
“Onları Elçibəyin qarğışı tutub”

Bədrəddin Quliyev: “Elçibəyə qarşı ən böyük qiyamı Gəncədə Surət Hüseynov deyil, Prezident Aparatında və Milli Məclisdə yurdçularla müsavatçılar başlamışdılar”

Son günərdə ölkədə və ümumən bölgədə baş verən proseslərlə bağlı suallarımızı Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev cavablandırır.

-Bədrəddin bəy, bu gün radikal müxalifətin iki ən böyük partiyası – AXCP və Müsavatın münasibətləri düşmənçilik həddinə çatıb. Bu intriqanın tarixi kökləri var və Siz milli-azadlıq hərəkatının veteranlarından biri kimi yurdçularla müsavatçıların 1992-1993-cü illərdə Elçibəy hökumətində vəzifə uğrunda apardıqları savaşın şahidi olubsunuz. Bu savaş normal siyasi mübarizə idi, yoxsa...?
-Əslində qalanda, həmin dövrdə yurdçularla müsavatçılar arasında çox böyük ziddiyyətlər var idi. Tələbəlikdən təzəcə çıxmış yurdçular hakimiyyətdə daha çox təmsil olunmaq istəyirdilər. Qəribə hal ondan ibarət idi ki, AXC hakimiyyətə gəldikdən sonra bu qüvvələr parçalanmağa başladı. Yaddan çıxartmayaq kji, AXC iqtidarı kütlə hakimiyəti idi. Məşhur sosioloq Veber kütlə hakimiyyəti ilə bağlı bildirir ki, kütlə hakimiyyətinin ən zəif nöqtəsi hakimiyyətə gəldikdən sonra mənəmliyin başlanması, qrupların öz maraqlarını güdməklə ümumi xarizmatik liderə zərbə endirməsidir. Və onların bu yolda risqli addımları hakimiyyəti məhv edir, ümumi maraqlar bir kənarda qalır, qrup maraqları baş alıb gedir. Ona görə də yurdçularla müsavatçılar hakimiyyətdə olarkən AXC iqtidarının parçalanmasında həlledici rol oynadılar. Əslində, Elçibəyə qarşı ən böyük qiyamı Gəncədə Surət Hüseynov deyil, Prezident Aparatında və Milli Məclisdə yurdçularla müsavatçılar başlamışdılar. Hakimiyyətdəki qüvvələrin daha da sıx birləşdirilməsi əvəzinə güclü şəkildə mərkəzdənqaçma meyllərinə rəvac verdilər. Mərhum Elçibəy ölkədə siyasi islahatların və parlament seçkilərinin keçirilməsini planlaşdırırdı. Azərbaycanın 1991-ci ildə qəbul edilmiş müstəqillik aktında qeyd olunur ki, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu varisliyi təmin etməyin bir yolu da parlamentli respublikaya keçid idi. Təəssüf ki, bu da baş tutmadı. Sözügedən ziddəiyyətlər buna imkan vermədi. Hakimiyyət dəhlizlərində kimə yanaşırdınsa, kabinetə çağırıb ancaq ya “Yurd”un, ya da Müsavatın təbliğatını aparırdı. Bu da ümummilli maraqlara böyük bir zərbə vurdu. Bu ziddiyyətlər də mövcud hakimiyyətin əhali arasında nüfguzdan düşməsinə və sonda çökməsinə gətirib çıxartdı. Çünki artıq vahid komanda yox idi. Təsəvvür edin, həmin dövrdə bütün qüvvələr Elçibəy hakimiyyətinə qarşı birləşmişdi, bunlar isə daxildə vəzifə uğrunda didişirdilər. Və həmin qüvvələrin bu gün bir-birinə düşmən kimi yanaşması da nədənsə xəbər verir... Onlar özlərini müxalifət daxilində sanki bir sekta kimi aparırlar. Cəmiyyətdə kim onlarla deyilsə, düşmən elan edirlər. “Yurd”dan çıxanların bir qismi məcbur olub hakimiyyətlə əməkdaşlıq elədi, bir qismi Elçibəyə qarşı mübarizə aparırdı, bir qismi Elçibəyin hakimiyyətdən uzaqlaşdırılması uğrunda çalışırdı, bir qismi isə xarici mətbuatda Elçibəyin əleyhinə kəskin yazılar yazdırırdı. Elçibəy dünyasını dəyişəndən sonra müsavatçılarla yurdçular bir-birlərinə qənim kəsildilər. Onlar hakimiyyətə gəlməyin xatirinə “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edərək istənilən qüvvə ilə ittifaqa girirdilər. Onlar bu yolda bütün ideoloji prinsipləri qurban veriblər. Buna misal olaraq, Milli Şuranın yaranmasını göstərə bilərik. Bu qurum Azərbaycanın dövlət maraqlarına zidd və Rusiyanın regionda güclənməsini təmin edəcək bir kurs götürmüşdü. Milli Şura Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyinə sürükləməkdən ötrü yaradılmış rus süngüsü idi. Bəli, yurdçularla müsavatçılar hakimiyyətə gəlmək naminə Rusiyanın layihəsinə qoşulmaqdan da çəkinmədilər. Amma “Hər ziyanda bir xeyir var” deyiblər. Bu adamların bir-birini didməsi və hər ikisinin cəmiyyətdə gözdən düşməsi yeni siyasi qüvvələrin ortalığa çıxması üçün şərait yaradıb. Cəmiyyət bu boyda düşmənçiliyə qalxışan qüvvələri qəbil edib onların ardınca getməz. Bizim bir qazancımız var, bu da Azərbaycan dövlətidir. Onun maraqları bizim maraqlarımızdır. Bizim hakimiyyət uğrunda apardığımız mübarizə də bu ruhda olmalı və bu hədəf başlıca qayə olmalıdır. Həm hakimiyyətdəki bəzi ünsürlər, həm də müxalifətdəkilər cəmiyyətin inkişaf prosesinə maneçilik törətməməlidirlər. Bunlar xortdan obrazı yaradıb nə hakimiyyəıtin islahatlara getməyinə imkan verirlər, nə də cəmiyyətin təmərküzləşməsinə. Bu iki qüvvə sanki Azərbaycan cəmiyyətində pozuculuq istiqamətində iş aparırlar. Fikrmcə, gec-tez bu hadisə baş verməliydi. Cəmiyətdə düşmənçilik əhvali-ruhiyyəsinin yaranmasına imkan vermək olmaz. Bizim nə Dağlıq Qarabağ problemimiz həll edilib, nə də cəmiyyətdə normal milli birliyə nail ola bilmişik, nə də faktiki düşmənlərimizin bizə təzyiqləri azalıb. Belə bir durumda Azərbaycan Avropaya inteqrasiya yolunu tutub və nəhəng qaz layihəsini gerçəkləşdirməyə can atır. Buna görə də Azərbaycan cəmiyyətində vahidlik ruhu hökm sürməlidir. Hakimiyyətin də, cəmiyyətin də konkret hədəfləri bəlli olmalıdır ki, Avroatlantik məkanına inteqrasiya olunmağımız ağrısız keçsin. İqtidar-müxalifət münasibətləri sivil məcraya yönəlməli, ölkədə real siyasi islahatlar keçirilməlidir. Bu cür düşmənçiliyin olduğu vaxtda hakimiyyət də normal islahatlara gedə bilməyəcək. Qərb strukturlarına münasibət baxımından iqtidar müxalifətdən daha güclü mövqe nümayiş etdirir. Yeri gəlmişkən, cəmiyyətin özü də bu cür dezinteqrasiya proseslərinə öz münasibətini bildirməlidir. Cəmiyyət artıq müxalifətdən bezməyə başlayıb və bunda tamamilə haqlıdır. Hazırda ölkənin milli maraqlarını güdən, bölgədə və dünyada gedən siyasi-iqtisadi prosesləri anlaya bilən qüvvələrə ehtiyac duyulur. AXCP-çilərin və müsavatçıların bu cür tərbiyəsiz davranışları cəmiyyətdəki siyasi səviyyənin aşağı düşməsinə və ziyalıların, özünə hörmətlə yanaşan kəsimin bu qüvvələrdən uzaqlaşmasına gətirib çıxardacaq. 92-ci ildən başlayan və zaman-zaman kəskinləşən bu ziddiyyətlər cəmiyyətin siyasi inkişafı yolunda ciddi əngəllər yaradır. Adam sadəcə, xəcalət çəkir ki, hər cür siyasi əxlaqdan, siyasi prinsiplərdən, hər cür ideologiyadan uzaq belə adamlar neçə illərdir ki, boğazdan yuxarı deyilən şüarlarla cəmiyyətimizin başını qatırlar. Ən qəribəsi budur ki, onların bu addımları hakimiyyət üçün də göydəndüşmə bir addım oldu. Onlar bir-birlərini qırdıqca cəmiyyət görür ki, Azərbaycanın siyasi mədəniyyətində irəliyə doğru heç nə yoxdur. Dəyişim varsa da, geriyə doğrudur. Onları elə rəhmətlik Elçibəyin qarğışı tutdu. O qarğışın nəticəsidir ki, hər iki partiyada liderlərə qarşı apatiya yaranıb. Onlar vaxtında böyük bir səhvə yol verdilər və indi bu nəticə onların qarşısına çıxıb. Onlara heç kim heç nə eləmir, özləri özlərini məhv edirlər. Səmimiyətləri və kişilikləri də bəs etmir ki, qapalı bir otağa çəkilib haqq-hesablarını çürüdüb cəmiyyətin üzünə çıxsınlar. Ölkənin ağır problemləri bir kənarda qalıb, onlar bir-birlərini qırırlar. Bu cür davam etsələr, özlərini siyasi proseslərdən tamamilə təcrid edəcəklər və heç bir siyasi qüvvə onlarla əməkdaşlığa getməyəcək.
-Fətullah Gülən bildirib ki, seçkilərdə müxalifəti dəstəkləyə bilər. Güman kli, o bunu deyərkən dostunuz Kamal Kılıcdaroğlunun başçılıq etdiyi Cümhuriyyət Xalq Partiyasını nəzərdə tutub. Sizcə, bu bəyanatın arxasında hansı niyyətlər durur?
-Bir müddət əvvəl Amerikada Fətullah Gülənlə Kılıcdaroğlıunun görüşü olmuşdu. Ötən il dekabrın 17-də Kılıcdaroğlunun ad günü imiş. Elə həmin günə hədiyyə olaraq məlum böyük həbslər əməliyyatı başlanmışdı. Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə, Türkiyədə seçkilərin taleyini ictimai rəy həll eləyir. Bu ölkədə seçkilərdə saxtakarlığa yol verilmir. Çünki Türkiyə cəmiyyəti güclü bir toplumdur. Həbslər AKP-nin vahid komanda olmadığını da üzə çıxartdı. Bu ziddiyyətlər hələ də davam edir və seçkiqabağı daha da gərginləşəcək. Proseslərin gedişatı gülənçilərlə ərdoğançıların bir araya gəlməsinin mümkünsüzlüyünü göstərir. Ona görə də ana müxalifət olan CXP ilə Gülənin “Xidmət” təşkilatının ittyifaqa girməsi olduqca real görünür.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli