“Allahın nəzərində bütün xalqlar bərabərdir”
“Allahın nəzərində bütün xalqlar bərabərdir”

Əhməd Qəşəmoğlu: “Müxtəlif mədəniyyətlərin və dinlərin Azərbaycanda çarpazlaşması elmi, fəlsəfi fikrimizdə çox ciddi dərinliklər yaradıb”

“İnsanlar, xalqlar, müxtəlif inancların ardıcılları bir-birinə, sadəcə, dözməməli, bir-birlərilə ahəng yaratmalıdırlar”

Ölkədəki dini-milli tolerantlığın tarixi kökləri və bu günki durumu barədə suallarımızı respublikanın tanınmış ziyalısı, məşhur sosioloq Əhməd Qəşəmoğlu cavablandırır.
-Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bütün xarici qonaqlar və beynəlxalq ekspertlər etiraf edirlər. Siz bir alim və dünyanın elm ictimaiyyətinin ciddi marağına səbəb olmuş “Ahəngyol” nəzəriyyəsinin müəllifi kimi bu tolerantlığı şərtləndirən mədəni-tarixi-dini amillər haqqında geniş açıqlama verəsiniz... Bizim dini tolerantlığımız haralardan qaynaqlanır?
-Azərbaycan mədəniyyəti olduqca unikal bir hadisədir. Bu, gəlişi gözəl sözlər deyil. Azərbaycan mədəniyyəti dünyanın heç harasında rast gəlinməyən nadir bir fenomendir. Çünki bu ərazidə lap qədimdən tutmuş bu günə qədər bir çox mədəniyyətlərin, yəni dünyanın aparıcı mədəniyyətlərinin çülğaşması, inteqrasiyası prosesi baş verib. Ölkəmizdə istər türk mədəniyyəti, istər yəhudi mədəniyyəti, istər İran mədəniyyəti, istər ümumqafqaz mədəniyyəti, hətta slavyan mədəniyyəti yan-yana mövcud olub. Bu mədəniyyətlərin çulğaşması, bir-biri ilə qaynayıb-qarışması prosesi gedib. Yer üzündə elə bir ölkə yoxdur ki, bu cür nadir və eyni zamanda rəngarəng mədəniyyət, din mühitinə malik olsun. Nə Türkiyədə, nə İranda, nə Ermənistanda, nə də Gürcüstanda belə nadir mədəni-dini situasiya müşahidə etmək mümkündür. Dünyanın aparıcı mədəniyyətlərinin tarixboyu bir yerdə bu cür dialoqda olması, həqiqətən də, misilsiz bir mənzərə biçimləyir. Azərbaycan elə bir məkan olub ki, yaşamaq üçün gözəl bir mühit olduğundan, həm də müharibələrin baş verdiyi qovşaq bir ərazi kimi müxtəlif xalqların, qoşunların buraya gəlməsi və getməsi insanların vahid etnik mənsubiyyət kimi daha çox fərqləndirməsinə imkan verməyib. Yəni bu ölkədə bir etnik qrup özünü başqa bir etnik qrupa qarşı qoymayıb, özünü üstün hesab etməyib. Tarixin gedişatında elə bir dövr olmayıb ki, Azərbaycan xalqı etnik mənsubiyyətinə görə fərqlənmə yolu tutsun. Çünki istənilən sosial varlığın belə bir xüsusiyyəti var ki, həmişə yanındakılardan fərqlənmək üçün müqayisəyə əl atır. Azərbaycan da müxtəlif dəyərləri ilə fərqlənməyə çalışıb, amma etnik vahid kimi fərqlənmək üçün şərait yaradılmayıb və belə bir tendensiya qeydə alınmayıb. Çünki İslam dininin bu ərazidə güclü olmağı (İslam dini, adətən, imkan vermir ki, müyyən etnik faktorlara üstünlük verilsin) xalqlar və etnik qruplar arasında qarşılıqlı anlaşma meylini gücləndirib. Çünki İslam dini əsas diqqəti, etnik mənsubiyyətə deyil, ümmətçiliyə yönəldir. Yəni Allahın nəzərində bütün xalqlar bərabərdir. Yekunda onu bildirim ki, dini tolerantlıq bir tərəfdən müsbət hadisədir. Amma bu anlayışın, bu terminin sual doğuran tərəfləri də var. Yəni tolerant olmamaq nə dərəcədə yaxşıdır? Bəlkə də, tarixboyu elə bir şərait yaranardı ki, biz etnik bir sistem kmi daha çox sistemləşə bilərdik, daha çox vəhdətdə olardıq. Hər halda, hazırda ortalıqda olan fakt budur ki, bizdə bu variant baş tutmayıb. Bizdə xalqların bir-biri ilə daha da xoş münasibətdə yaşaması, indiki dildə desək, tolerantlıq mühitinin yaranması göz qabağındadır. Amma qeyd etməliyəm ki, mənim “tolerantlıq” sözünə münasibətim tənqididir. Bu kəlmə bir qədər Avropa mədəniyyətinə uyğun sözdür. Bu söz haradasa “dözümlülük” mənasına gəlir. Yəni insanlar bir yerdə yaşayanda, bir var ki, bir-birlərinə dözə-dözə yaşayalar, bu, cansıxıcı bir həyatdır, bu həyat tərzi Azərbaycan mentalitetinə, Azərbaycan ruhuna, hətta Şərq ruhuna uyğun bir söz deyil. Bizim ruhumuza daha çox uyğun gələn sözlər məhəbbət, bir-birinə qayğı ifadələridir. İstər Islam dinində, istərsə də, milli adət və ənənələrimizdə, ədəbiyyatımızda insanın insana sevgisi daha çox qabardılır. Bizim üçün insanın insana sevgisi daha çox qiymətlidir, nəinki insanın insana dözməsi. İnsanın insana dözməsi bizim mədəniyyət üçün yad bir xüsusiyyətdir. Ona görə də fransız və yaxud italyan tolerantlığı ilə Azərbaycan tolerantlığını bir yerdə götürmək düzgün deyil. Bizim dini-milli tolerantlığımız daha yüksək, daha bəşəri bir hadisədir. Buna görə də mən başqa bir termin düşünmək istəyərdim. Bu termin dözümlülüyü deyil, məhəbbəti, qayğını ifadə edərdi. Bax, belə bir terminimiz olsa, Avropanın, dünyanın qarşısında tolerantlığın daha
yüksək mənasını nümayiş etdirmiş olardıq.
-Bəs müəllifi olduğunuz Ahəngyol nəzəriyyəsi baxımından dini-milli tolerantlıq necə izah edilir?
-Bu nəzəriyyənin dini-milli tolerantlığa konkret münasibəti var. Bu nəzəriyyədən o məna ortalığa çıxır ki, insanlar, xalqlar, müxtəlif inancların ardıcılları bir-birinə, sadəcə, dözməməli, bir-birlərilə ahəng yaratmalıdırlar. Ahəngyol nəzəriyyəsi hətta adi qayğıdan, servgidən də dərinə gedir. Yəni ahəng olmayan yerdə nə sevgi var, nə qayğı var, nə dözüm var, nə də qarşılıqlı anlaşma. Daha dəqiqi o olar ki, insanlar və millətlər arasında müəyyən bir ahəng olsun. Ahəng nə deməkdir? Bu o deməkdir ki, insanların və xalqların ümumi bir məqsədi, ümumi ideyası olur və bunlara yetişmək üçün real imkanlar yaradılır. İnsanlar, millətlər bu hədəflərə çatmaq üçün bir-birilərinə yardım edir və bu yardım zamanı birinin fəaliyyəti o birinin fəaliyyətini gücləndirir. Azərbaycanda müəyyən mənada belə bir mühit yaradılıb. İndiki vaxtda ümumi məqsədimiz, təbii ki, milli dövlətçiliyimiz, bərabərhüquqlu vətəndaşlığımızdır. Çünki hazırkı dünya etnik qruplar, milli dillər əsasında deyil, ölkə-ölkə, inzibati ərazilərə görə ayrılıb. Ona görə də Azərbaycanda vətəndaşlar dövlətimizin qüdrətlənməsi, tərəqqisi, hər bir vətəndaşımızın yaşamının gözəl olması üçün çalışmalıdırlar. Bu məqsədə çatmaq üçün insanlarımız bir-birini ahəngdə tamamlamalıdır.
-Dünyanın bütün böyük dinlərinin – atəşpərəstlik, iudaizm, xristianlıq və İslamın tarixboyu Azərbaycana bu və ya digər dərəcədə dəxli olub və indi də var. Bu cür dini rəngarənglik, yəni insanı və kainatı müxtəlif baxımlardan duyma Azərbaycan mədəniyyətinə və bu günki həyatımıza hansı bir dinamikanı gətirə bilib?
-Sadaladığınız dinlər bizə ciddi ideyalar gətirib. Azərbaycanda bütün dünya üçün əhəmiyyətli olan böyük ideyalar, nəzəriyyələr formalaşıb. Amma bu ideyaların əhaliyə çatdırılma mexanizmi zəif olub. Bununla belə, həmin o dini rəngarənglik Azərbaycan mədəniyyətinin, fəlsəfi fikrinin inkişafına ciddi şəkildə təkan verib. Təsadüfi deyil ki, Azərbaycanda Nizami, Nəsimi, Füzuli kimi nəhənglər yetişib. Əhalinin tanımadığı onlarla böyük filosoflarımız var ki, dünya sivilizasiyasına böyük təsir göstəriblər. Nəsrəddin Tusi, Seyid Yəhya Bakuvi, Sührəverdi kimi dahilər həm də bu ərazidəki dini-mədəni rəngarənglikdən qidalanıblar. Bütün bunlara dərindən fikir verərkən hiss olunur ki, müxtəlif mədəniyyətlərin və dinlərin Azərbaycanda çarpazlaşması elmi, fəlsəfi fikrimizdə çox ciddi dərinliklər yaradıb. Böyük Sührəverdinin nur fəlsəfəsi müasir dünya üçün əlahiddə dərəcədə əhəmiyyətli bir hadisədir. Və ortada nə yaranıb? Bir tərəfdən, həmin mədəniyyətlərin və dinlərin kəsişməsi, coğrafi şərait və s. amillər bu cür nəhəng ideyaların biçimlənməsinə gətirib çıxardıb, digər tərəfdən isə müharibələrin getməsi, müəyyən hökmdarların tamahkarlığı həmin ideyaların dünyaya çatdırılmasına mane olub. Nəticədə Azərbaycanın əzəmətli fikirləri ayrı-ayrı boğçalarda qalmış ləl-cəvahirata dönüb. Sadəcə, olaraq, ölkəmizdəki mədəniyyətlərin və dinlərin kəsişməsinin müsbət tərəfinin hesabına qazanılan böyük nailiyyətlər mənfi tərəfin hesabına əhaliyə və dünyaya çatdırıla bilməyib. Belə olan halda da ölkə tərəqqidən qalıb. Rəhmətlik Heydər Hüseynov bu boşluğu doldurmaq istəyirdi, amma məcbur etdilər ki, o da intihar etsin.
-Sizcə, İslam dini Azərbaycanda sosial psixologiyanın formalaşmasında, xalqlar arasındakı münasibətlərin tarazlanmasında nə dərəcədə yönləndirici rol oynaya bilir?
-İslam dini yayıldığı ilk beş əsrdə olduqca inqilabi bir rol oynaya bilib. Bu din buyurur ki, dində və imanda məcburiyyət yoxdur. Ona görə ölkəmizdəki xalqlar arasında tarixboyu və elə indi də milli və dini zəmində zorakılıq halları qeydə alınmayıb. Buna görə də İslam dininin sosial həyatımızdakı mütərəqqi rolu danılmazdır. İslam dininə görə, imanın yanında idrak olarkən çox mütərəqqi bir tendensiya başlanır. Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan insanında sosial iman, yəni başqa bir xalqın ləyaqətinə və mədəniyyətinə, dünyagörüşünə, həyat tərzinə sayğı ilə yanaşmaq anlayışı var. Bu cəhət Azərbaycan insanını Güney Qafqazdakı digər xalqların insanından xeyli fərqləndirir.