Rusiya-Ukrayna-Krım piramidası çətin dilemma qarşısında
Rusiya-Ukrayna-Krım piramidası çətin dilemma qarşısında

Kiyevdə etirazçılar hökumət binalarının yerləşdiyi ərazini mühasirəyə aldı!

Krım Parlamentində fevralın 19-da Krım və Ukrayna Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi üçün işçi qrupunun yaradılması, həmçinin yarımadanın statusuna dair sorğunun keçirilməsi məsələsini müzakirə edəcək.

Yarımada Parlamentinin fevralın 4-də keçirilən iclasında çıxış edən deputat Vladimir Klıçnikov bildirib ki, əslində Rusiyaya məxsus olan Krım Muxtar Respublikasının Ukraynanın tərkibində qalması yolverilməzdir. V.Klıçnikov qeyd edib ki, ruslara məxsus olan Krım tezliklə Ukraynadan ayrılmalıdır: “Ukraynanın suverenliyi indiki məqamda əhəmiyyətli məsələdir. Lakin Krımın gələcək statusunun müəyyənləşməsi ən qabaq faktordur”. Millət vəkili Kiyevdə baş verən hadisələri Ukraynanın rusdilli əhalisi üçün təhdid adlandırıb. V.Klıçnikov Ukraynada baş verən hadisələri Krımın bu ölkədən ayrılıb Rusiyaya birləşdirilməsi üçün tarixi şans adlandırıb: “Parlamentin gündəmində olan əsas məsələ Krım və Ukrayna Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir. Məsələ ilə əlaqədar xüsusi işçi qrupu yaradılacaq. Krımın statusunun müəyyənləşdirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət ediləcək. Krım Kiyevin siyasi iradəsinin əsiri olmaq, Brüssel və Vaşinqtonda yazılan ssenarilərin oyunçusu olmaq istəmir”.
Krımın keçmiş prezidenti Yuri Meşkov da yarımadanın statusunun müəyyənləşdirilməsi üçün rusdilli əhaliyə səfərbərlik çağırışı edib. Məsələ ilə əlaqədar hazırlanmış məktubu Parlament üzvü Aleksey Melnikov Krım Parlamentinin sədri Vladimir Konstantinova təqdim edib. Məktubda yarımadanın müqəddaratının təyin edilməsi barədə məsələlər yer alıb.

Konstantinov Putinə müraciət sənədinin
hazırlanması əmrini verib

Fevralın 19-da həmçinin Krım parlamentində yarımadanın Rusiyanın siyasi, iqtisadi və himayəsinə keçməsi məsələsini müzakirə edəcək. Məsələ ilə əlaqədar Rusiya dövlətinə müraciət ünvanlanacaq. Millət vəkili Sergey Tsekov bildirib ki, ABŞ və Qərb Ukraynada baş verən gərgin proseslərdən məsuliyyət daşıyan tərəflərdir: “Qərbdən gələn təhlükəni sovuşdurmaq üçün Rusiyanın himayəsinə sığınmaq lazımdır. Krımın rus muxtariyyətinin olmasını nəzərə alaraq Rusiya Federasiyasına məsələ ilə əlaqədar müraciət etmək artıq vacibdir. Yarımadanın təhlükəsizliyinin qarantı yalnız Rusiya ola bilər. Buna görə siyasi, iqtisadi və himayə məsələlərində Rusiya bizə kömək edəcək”. Parlamentin sədri Vladimir Konstantinov isə müraciət sənədinin hazırlanması üçün tapşırıq verib. Parlament “Avromeydan”da hakimiyyətə qarşı mübarizə aparan müxalif qüvvələri “faşist” adlandırıb.

Liyev: “Krım
Rusiyanın deyil”

Krımın turizm naziri Aleksandr Liyevin yarımada Parlamentinin Rusiyanı muxtar respublikanı himayəsinə almaqla bağlı çağırışlarını məqbul saymayıb. A.Liyev Krımın Rusiya ərazisi olmadığını deyib. Nazir parlamentin bu addımına kəskin reaksiya verəcəyini bildirib: “Parlamentin qərarı Krım əhalisinin mövqeyi kimi qiymətləndirilə bilməz. Rusəsilli olsam da Krım Rusiyanın deyil”.

Refat Çubarov
sərt danışdı

Krım Tatarları Milli Məclisinin sədri Refat Çubarov isə rusəsilli siyasətçilərin təkliflərinə etiraz edib. R.Çubarov qeyd edib ki, Krımın müqəddaratını yalnız tatar türkləri həll edə bilərlər: “Ukraynada vəziyyətin pisləşməsindən istifadə edən qüvvələr dərhal Krımın Rusiyaya ilhaq edilməsi məsələsini gündəmə gətirdilər. Kiyevdə baş verən hadisələr həmin qüvvələri həyəcanlandırır. Rusiya Ukraynanı tamamilə ələ keçirə bilmədiyi üçün planlarını onun regionlarında həyata keçirmək niyyətindədir. Vəziyyət gərginləşən kimi bəzi siyasətçilərin iç üzü görünməyə başladı. Krım Parlamentinin Divan üzvlərinin, xüsusilə Klıçkov və Tsekovun təklifləri Ukraynanın inkişafı üçün təhdiddir”. R.Çubarov parlament rəsmilərini Ukraynanı təhlükə altına saldıqları üçün ironik təşəkkür edib. Çubarov qeyd edib ki, rurmeyilli krımlı siyasətçilər əslində tatar türklərinin öz müqəddaratını təyin etmək hüquqlarını görməməzlikdən gəlirlər: “Krımla bağlı qəbul edilən qanunlara yeindən baxılmalıdır. Çünki həmin sənədlərdə tatar türkləri nəzərə alınmır. Bu ərazilərin ən qədim sakinləri tatarlardır”. R.Çubarov bildirib ki, məsələnin həll edilməsi üçün Rusiyaya müraciət edilməməlidir: “Krım parlamenti ləğv edilməli, yarımadanın köklü millətinin haqları nəzərə alınmalıdır. Hesab edirəm ki, Krım Tatarları Milli Məclisinin irəli sürdüyü təkliflər məqbul sayılmalıdır”.

“Göstəriş Moskvadan
verilib”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, Krımın Ukraynadan ayrılmasına çağırışların edilməsi Rusiyanın atdığı siyasi addımdır. Ə.Oruclu qeyd etdi ki, Qərb ölkələri maliyyə yardımı və kredit vasitsəilə Yanukoviçi öz tərəfinə çəkmək niyyəti güdürlər. Rusiya isə tamam başqa vasitələrdən istifadə edir. Rusiyanın Ukraynada separatçılğı stimullaşdırmağa çalışdığını deyən politoloqun sözlərinə görə, ölkənin Şərq hissəsi Rusiya təmayüllü sayılır: “Rusdilli əhali Şərqi Ukraynada Rusiyameyilli hakimiyyət qururlar. Rusiya da həmin regionda separatçılıq meyillərini qızışdıraraq Ukraynanı təhdid edir. Əslində əsas təhdid olunan Viktor Yanukoviçdir. Çünki Ukraynada qərar verən birinci şəxs ölkənin prezidentidir. Yanukoviç Vilnüsdə Avropa assosiasiya sazişinə imza atmamaqla özünü hər iki tərəfdən təhdid altına saldı. Hökumət Qərb və Rusiya arasında sıxışmış vəziyyətdədir”. Rusiyanın seperatçılıq planının baş tutub tutmaması məsələsinə aydınlıq gətirən Ərəstun Oruclu bildirdi ki, Moskvanın Ukrayna ilə bağlı həyata keçirmək istədiyi plan proqnoz vermək çətindir. Politoloq hesab edir ki, Rusiyanın Ukraynaya təsir imkanları kifayət qədər böyükdür: “Qərb hal-hazırda daxildəki müəyyən qüvvələri dəstəməklə Ukrayna iqtisadiyyatını zəiflətmək və cəmiyyəti parçalamaqla məşğuldur. Baş verən proseslərdə əzilən Ukraynadır. Ölkənin hansı nəticə gözləyəcəyini özü də bilmir”.

“Ukrayna siyasəti
Rusiyaya
fəlakət gətirəcək”

Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, rus mətbuatı iddia edir ki, Moskva Ukraynaya ordu göndərmək üçün zəmin yaradıb. V.Quluzadə qeyd etdi ki, bəzi rus dairələri guya Ukrayna xalqının Rusiyadan kömək gözlədiyini və Avropa İttifaqına getmək istəmədiyini bildirirlər. Politoloq hesab edir ki, Rusiyanın niyyətlərini başa düşən ABŞ Qara dənizdəki hərbi mövqeyini gücləndirib. Amerika bu məqsədlə Qara dənizə 4 hərbi gəmi göndərib. Rusiyanın Ukraynaya edəcəyi müdaxilə ilə ABŞ-ın ruslara tutarlı cavab verəcəyini deyən Vəfa Quluzadənin sözlərinə görə,
Rusiyanın Ukraynada möhkəmlənməsi mümkün deyil: “Qərb və ABŞ faktorunu nəzərə almayan Moskvanın Ukrayna siyasəti Rusiya üçün yaxşı nəticələr ortaya qoymayacaq. Kremlin siyasi texnologiyası keçmiş Sovet metodologiyasına əsaslanır. Qərb və Amerika isə güc yarışı Rusiyanı çökdürür. Çökmüş Rusiyanın ABŞ-la Ukrayna mübarizəsinə girməsi məğlubiyyətin əvvəldən təmin edilməsidir. Zəifləmiş Rusiya ilə müqayisədə Qərb və Amerika Ukraynada üstünlük qazanmaq gücündədir. Çünki Rusiya siyasət meydanında olmayan çökmüş ölkədir”.

Kiyevdə vəziyyət
gərginləşdi

Bu arada məlum olub ki, Kiyevdə 4 minədək etirazçı hökumət binalarının yerləşdiyi ərazini mühasirəyə alıb. UNİAN-ın yaydığı xəbərdə belə deyilir.
Etirazçılar Qruşevski və İnstitutskaya küçələrini, habelə Mariinski parkını mühasirəyə alıb.

Kənan Rzaquliyev