ABŞ-dan İrana görə yeni cəzalandırma dalğası
ABŞ-dan İrana görə yeni cəzalandırma dalğası
Maliyyə Nazirliyi bu ölkəyə qarşı sanksiyaları pozan daha bir neçə fiziki və hüquqi şəxsi "qara siyahı"ya saldı

ABŞ Maliyyə Nazirliyi Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən bir neçə fiziki və hüquqi şəxsi "qara siyahı"ya salıb. "Radiofərda"nın verdiyi məlumata görə, buna səbəb həmin fiziki və hüquqi şəxslərin İrana bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda yardım göstərməsidir. Bununla da onların ABŞ maliyyə sisteminə daxil olmasının qarşısı alınıb.
ABŞ Maliyyə Nazirliyi fevralın 6-da yaydığı bəyanatda İrana qarşı sanksiyaları pozan şirkətlərin cəzalandırılması istiqamətində yeni addımlar atılacağını və bu ölkəyə qarşı mövcud sanksiyaların davam etməsi üçün öhdəlik daşıdığını bildirib.
Sənəddə həmçinin Türkiyə, İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan fiziki və hüquqi şəxsi "qara siyahı"ya salındığı açıqlanıb.
Bəyanatda həmçinin həmin fiziki və hüquqi şəxslərin İrana neftin satışı, bu ölkəyə hərbi texnologiya göndərməkdə, İspaniya şirkətlərinin isə Tehrana nüvə texnologiyasına sahib olmağa yardım göstərərək maliyyə sanksiyalarını pozduqları vurğulanır. Eyni zamanda sənəddə həmin şirkətlərdən bəzilərinin Əfqanıstan və Suriyada İranın dəstəyi ilə fəaliyyət göstərdikləri qeyd olunur.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2013-cü il noyabrın 24-dən (Cenevrə razılaşması) sonra ikinci dəfədir belə bir addım atır. Bu il yanvarın 20-dən ABŞ, Avropa Birliyi və bəzi ölkələr İrana qarşı birtərəfli sanksiyaları aradan qaldırıblar.
Bu arada ABŞ İran Dövlət Teleradio və Yayımları Şirkətinə (İRİB) bağlı telekanallara və radiolara qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Bu qərar ABŞ-da fəaliyyət göstərən xarici şirkətlərə də 180 gün müddətində İran teleradiolarının yayımı üçün peyk xidmətləri göstərməyə icazə verir.
Xəbərdə həmçinin ABŞ hökumətinin qərarının müvəqqəti xarakter daşıdığı və sanksiyaların təkrar tətbiqinin mümkün olduğu bildirilib. Belə ki, İran öz öhdəliklərinə sadiq qalmayaraq digər ölkələrin teleradiolarına parazitlər göndərərsə, qərar yenidən qüvvəyə minəcək.
Bu gün isə Tehranda İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları keçiriləcək. "Fars" xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.
Onun sözlərinə görə, AEBA icraçı direktorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti dünən İrana səfər edib: "Müzakirələr İranla agentlik arasında ötən il noyabrın 11-də əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində həyata keçiriləcək və bir-iki gün müddətində davam edəcək. Danışıqlar AEBA icraçı direktorunun müavini ilə İranın agentlikdəki nümayəndəsi arasında reallaşacaq".
B.Kəmalvəndi deyib ki, İranla AEBA arasında əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, İranla AEBA arasında növbəti nüvə danışıqları yanvarın 21-də Tehranda keçirilməli idi. Ancaq İranla "altılıq" ölkələri arasında nüvə sahəsində əldə olunmuş Cenevrə anlaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının yanvarın 20-dən icraya yönəlməsi ilə barədə razılığın əldə olunması İran-AEBA danışıqlarının təxirə salınmasına səbəb olub.
Murad İbrahimli