“Cəmiyyətdə aqressiya çoxalıb”
“Cəmiyyətdə aqressiya çoxalıb”

Azad İsazadə: “Ukraynada Qərbə inteqrasiya edilməkdən çox, Moskvadan can qurtarmaq mübarizəsi gedir”

Son zamanlar Ukraynda və o cümlədən MDB məkanında baş verən proseslərlə bağlı suallarımızı Bakı Krizis Mərkəzinin eksperti Azad İsazadə cavablandırır.

-Azad müəllim, GUAM məkanında başlamış “tektonik sürüşmələr” MDB-yə və Putinin Avrasiya İttifaqı ideyasına son qoya bilərmi?
-Onsuz da keçmiş sovet respublikaları Avrasiya Birliyi ideyasına o qədər də meylli deyildi. Ümumiyyətlə, Avrasiya və MDB məkanı siyasi birlik kimi baş tuta bilmir, süni bir birlikdir və Ukrayna ilə Azərbaycanın bu qurumda olub-olmaması onu dirildə bilməyəcək. Aydındır ki, Rusiya öz ətrafında nəsə təzə bir qurum yaradır, amma bu qurum işlək mexanizm olmayacaq. Çünki bu çərçivədə real qurum Rusiyadır və o, diqtə ilə məşğuldur. Rusiyanın MDB-də tək qalması da heç nəyi dəyişməyəcək. Yəni onun siyasəti eynilə qalacaq. Ona görə də bu proseslər, sadəcə, Avrasiya məkanı, ya da MDB-yə yox, Rusiyanın diqtəsindən qopub Qərbə meyllənmək istəyidir.
-Məşhur Amerika politoloqu Henri Kissincer bildirib ki, Moskva ona görə təşviş içindədir ki, bu gün Ukraynada etdiklərimizi sabah Moskvada da edəcəyik...
-Bu fikirlə razılaşmaq olar, amma bir məqamı da yaddan çıxartmamalıyıq ki, vəziyyət bir az fərqli olacaq. Ukraynada 200 il ərzində mövcud olan ideya var: Rusiyadan qopmaq. Buna demokratlar da, millətçilər də, kapitalistlər də, hətta kommunistlər də tərəfdardır. Yəni bu gün Ukraynada Qərbə inteqrasiya edilməkdən çox, Moskvadan can qurtarmaq, Rusiyanın təsirindən çıxmaq uğrunda mübarizə gedir. Ukraynalılar 200 il müddətində bu ideya ilə yaşayıb vuruşublar. Ona görə də Avromaydan hərəkatını demokratiya uğrunda mübarizə kimi dəyərləndirmək düzgün deyil. Orada daha çox milli-azadlıq hərəkatı gedir.
-Bəs Kissincerin Moskvaya yönəlik təhdidləri?
-Moskvaya gəlincə, burada durum bir xeyli fərqlidir. Rusiyada milli ideya, demokratik dəyərlər uğrunda mübarizə aparmaq istəyən qüvvələr var, amma onlar azlıq təşkil edirlər. Görünür, Rusiyanın da Ukrayna kimi hərəkətə gəlməsi üçün hansısa başqa bir ümummili ideya lazımdır.
-Yəni demək istəyirsiniz ki, Rusiyada demokratiya uğrunda mübarizə aparacaq güclü lider və sosial təbəqə yoxdur?
-Xeyr, kəmiyyət baxımından hələlik Rusiyada elə bir qüvvə müşahidə edilmir. Rusiya cəmiyyətində demokratiyaya meyl azdır. Rusiyada din güclü müqavimət hərəkatı yarada bilər. İqtisadi-sosial problemlər kifayət qədər kəskinləşsə və biznesmenlər, oliqarxlar Ukraynadakı kimi xalqa dəstək versələr, müəyyən hərəkətlənmə baş verə bilər.
-Son zamanlar ekspertlər dünya bazarında neftin qiymətinin enəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Bu, Rusiyanı küncə sıxışdırmaq üçün planlı bir proqnoz ola bilərmi?
-Ola bilər, bu variantı da istisna etmək olmaz. Ola bilsin ki, neftin qiymətinin aşağı düşməsi təbii şəkildə baş versin və bu zaman Rusiya iqtisadiyyatı ciddi sınaqla üz-üzə qalmalı olacaq. Hazırda Qərbdə Rusiyaya qarşı çıxan siyasi mərkəzlər bu ölkənin siyasi arenada meydan sulamasının neft pulları ilə bağlı olduğunu bildiklərindən qeyd etdiyiniz ssenarini də işə sala bilər. Rusiya on-on beş il əvvəl bu qədər iddialı davranmırdı. Rusiyaya qarşı maliyyə təzyiqi olmasa, o, dünya siyasətində iddialı davranmağı davam etdirəcək.
-Belə bir situasiyada Birləşmiş Ştatların hərbi gəmiləri Qara dənizə daxil olub. Adını qoyurlar ki, Soçi olimpiadası zamanı terror təhlükəsi yaransa və Rusiya xahiş eləsə, duruma müdaxilə ediləcək. Amma mənə elə gəlir ki, məsələ təkcə bununla məhdudlaşmır...
-Amerikanın hərbi gəmilərinin Qara dənizə daxil olması birmənalı şəkildə Ukraynaya dəstək nümayiş etdirməkdir. Bu gəliş Avromaydana dəstəkdir. Bu, hərbi-siyasi nümayişdir. Amma bu da var ki, Soçi olimpiadasının təhlükəsizliyini təmin etmək Rusiya üçün çox çətin olacaq, amma inanmıram ki, ABŞ-ın hərbi gəmiləri antiterrorla bağlı nəsə edə bilə. Bu məqamda olimpiada ikinci sırada durur. Hər hansı bir terror təhlükəsi baş verərsə, bu gəmilər uzaqbaşı olimpiadada iştirak edən Amerika vətəndaşlarını evakuasiya edə bilər. Amma hazırda Soçi olimpiadasından daha çox Ukrayna xalqına dəstək nümayiş etdirilir. Ruslar da bu gəlişə cavab kimi özlərinin bir kəşfiyyat gəmilərini qabağa çıxardıblar ki, Amerika gəmilərinə nəzarət edə bilsinlər. Amerika gəmiləri antiterror niyyəti ilə buraya gəlibsə, ruslar bu gəlişə sevinməliydilər.
-Ekspertlər hesab edirlər ki, Rusiya Ukraynada tam şəkildə uduzduğunu hiss etsə, o zaman bu məğlubiyyətin heyfini Azərbaycan və Gürcüstandan çıxacaq. Bu ehtimallar həqiqətə nə dərəcədə yaxındır?
-Ayrı bir variant da var ki, Rusiya Ukrayna ilə bacarsa, növbəti hədəf yenə də Azərbaycanla Gürcüstandır. Ukraynadakı proseslərin hansı sonluqla nəticələnməyindən asılı olmayaraq, onsuz da növbəti zərbə Azərbaycanla Gürcüstana dəyəcək.
-O zaman bizi nələr gözləyə bilər?
-Bizim ən ağrılı yerimiz Dağlıq Qarabağ problemidir. Rusiya bu istiqamətdə bizə kifayət qədər güclü zərbələr vura bilər. Hesab edirəm ki, son zamanlar qoşunların təmas xəttində qeydə alınmış gərginlik həm Azərbaycana, həm də Qərb ölkələrinə ciddi mesajdır. Gürcüstana gəlincə isə, Rusiya bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. Ukraynadakı gedişat müsbət sonluqla başa çatsa və Yanukoviçin rejiminə son qoyulsa, Güney Qafqazdakı müttəfiqlərini qorumaq baxımından Qərbin imkanları genişlənəcək. Amma Rusiya Ukrayna cəbhəsində qələbə çala bilsə, o zaman Cənubi Qafqazı ciddi sürprizlər gözləyir. Belə durumda Qərbin bizə dəstək vermək imkanları xeyli çətin olacaq.
-Niyə Rusiya cəmiyyəti imperiya ambisiyaları ilə vidalaşa bilmir? Axı bu xalqın psixologiyasında hansı əyintilər var?
-Belə deyək də, gəlin, məsələləri qatmayaq. Rus xalqı ilə Rusiyanın siyasəti tamamilə başqa-başqa fenomenlərdir. Rusiyanın siyasətini çox vaxt heç rusların özləri də müəyyən etmirlər. Qarışıq xalqların təmsilçiləri Rusiya dövlətinin başında həmişə olub. Kremlin ən böyük ziyanı elə birinci növbədə rus xalqına dəyib. Fərq eləməz, istər çarın dövründə, istər Leninin dövründə, istər Stalinin dövründə, istərsə də Brejnyevin dövründə. Öz dövlətindən ən böyük əziyyəti çəkən xalqların birincisi ruslardır. Ona görə də rus xalqı ilə rus dövlətini eyniləşdirməyin tərəfdarı deyiləm. Amma rus xalqında, ümumiyyətlə, slavyanlarda etnopsixoloji baxımdan vətən qeyrəti çox yüksəkdir. Bu keyfiyyəti ukraynalılarda da görürük. Və dövlət başçısının yaxşı və yaxud pis olmasının onlar üçün fərqi yoxdur. Və Kuril adalarından Kalininqrada qədər vətən üçün təhlükə olarsa, onlar pis rəhbərin başçılığı ilə də vətəni müdafiə etməyə hazırdırlar. Stalinin dövründə də bunu görmüşük, digər dövrlərdə də. Onlar üçün siyasətdən öncə vətən anlayışı daha dəyərlidir. Rus xalqı özünü uzun müddət, sözsüz ki, superdövlətin vətəndaşı hesab edib. Onlar bəzən susurlar ki, eybi yox, biz pis yaşayırıq, amma bizim dövlətimiz dünyanı idarə edir. Bəzən bu mövqeyin itirilməsi rus xalqının şüuraltına pis təsir edir. Biz bunu ingilislərdə də görürük, fransızlarda da, qardaş türklərdə də. Amma yumşaq formada. Ruslarda isə bu imperiya təfəkkürü çox qabarıq şəkildə təzahür edir.
-Və bu düşüncə tərzinin aradan getməsi də xeyli zaman aparacaq...
-Həmin şüuraltı düşüncə vaxtilə Avstriya almanlarında da var idi. Avstriya imperiyası dağıldı, indi balaca Avstriya, bəlkə də, Avropanın ən yaxşı, ən sakit, ən qanunpərəst dövlətlərindən biridir. Millətçilər, faşistlər orada da var, amma imperiya təfəkkürü ölüb. Heç bir avstriyalının ağlına da gəlməz ki, Çexiyaya və yaxud Macarıstana qarşı hansısa iddialar irəli sürsün. Rusiya böyük bir dövlət kimi parçalansa, bir qədər fantastik görünsə də, ruslardakı imperial təfəkkür ölə bilər.
-Ölkədə intihar faktları xeyli artıb...
-Bəli, bu ilin yanvarından sanki ölkədə intihar dalğası başlayıb. Elə gün olmur ki, intihar edən olmasın. Səbəbi cəmiyyətə də inamsızlıqdır.Ölkədə sanki imtahandan keçməmək ailə üçün fəlakət dərəcəsində qəbul edilir. Eyni zamanda, insanlar hərbi xidmətə hazırlanmır. Birdən yaşayış mühiti kəskin dəyişir və insan çıxış yolu tapa bilmir. Son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqressiya hallarının çoxalması ilə əlaqəlidir. Cəmiyyətdə aqressiya çoxalıb.
Bir-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, incə, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara biməyən insan onu özünə yönəldir və bu intiharla nəticələnir.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli