"Bizim insanı pul və zaman qabağına qatıb qovur"
"Bizim insanı pul və zaman qabağına qatıb qovur"

Azad Qaradərəli: "Roman yazmağa cəsarət eləmək lazımdır"

Müasir Azərbaycan romanının problemləri və ədəbi gəncliklə bağlı suallarımızı tanınmış yazıçı Azad Qaradərəli cavablandırır.

-Azad müəllim, bu günlərdə ədəbi saytlarda Azərbaycan romanının səviyyəsi və keyfiyyəti barədə gedən müzakirələr, çək-çevir gedir. Bu hadisəyə bir romançı kimi necə yanaşırsınız?
-Dünya praktikasında belə şeylər var. Tutalım, dünyanın beş ən yaxşı romanı", dünyanın ən çox satılan romanları, ən çox oxunan kitablar barədə sorğular zaman-zaman keçirilir. Bu sorğular sonda həmişə ədəbiyyatın boyartımına xidmət edir. Ancaq bu, inkişaf etmiş ölkələrdə belədir. Azərbaycanda bütün seçimlər nöqsanlı olduğu kimi, istər "Milli Kitab mükafatı"nda, istər AYB-nin təşkil etdiyi kitab mükafatında, istər Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatı və istərsə də sonuncu "Ən yaxşı üç Azərbaycan romanı" sorğusunda da ciddi qüsurlar var idi ədalətli seçimdən söhbət gedə bilməz. Ona görə ki, seçən yenə də bizik. Müsəlman əhvali-ruhiyyəsiylə demokratik təfəkkürlə deyil, müsəlman eyforiyası ilə aparılan seçimlərdir. Tutalm ki, həmin siyahıda mənim əmoğlum, xaloğlum varsa, ona səs verəcəyəm. Mənə belə gəlir ki, belə seçimlərdən daha çox həqiqəti yazmaq Azərbaycana xidmət edəcək. Bizdəki hələ yetərincə roman da yoxdur. Romanımızın yaşı nədir ki? Sovet illərində yazılan romanlar müəyyən bir çərçivə daxilində yazılırdı. Bir-iki roman adı çəkə bilərəm ki, antisovet ruhunda idi. Qalan hamısı bir boyda idi. Elə bil başlarını ekzotik kolların başı kimi qayçılamışdılar. Azərbaycan sovet romanlarının hamısı qayçılanmışdı. Romanımızın tarixi çox da zəngin deyil. XX əsrin əvvələrində çox qısa çəkən müstəqilliyimiz illərində o illərin romantikasından, demokratik ab-havasından, inqilabi atmosferindən doğan ədiblərin yazdığı əsərlər var idi ki, söhbət ilk növbədə bunlardan getməlidir. Bu əsərlərin önündə, təbii ki, "Əli və Nino" romanı durur. Həmin sorğuda iştirak edənlərdən biri kimi birinci yerə bu romanı qoymuşdum. İkinci yerdə Əkrəm Əylislinin "Ətirşah Masan", üçüncü yerdə isə ustadım Sabir Əhmədlinin "Dünyanın arşını" romanlarını qeyd etmişdim. Fikir verirsinizmi, bu əsərlərdən ancaq biri sovet dövrünə düşür və antisovet ruhlu əsərdir. Digər ikisi müstəqillik illərimizdə yazılıb. Biz sovet dövründə Brodski, Soljenitsin, Şoloxov kimi nəhənglər yetişdirə bilməmişik. Bizim dissident yazıçılarımız da olmayıb. Dissident yazıçı olmayanda dissident roman da olmayacaq. Dissident roman olmayanda "Dostluq qalası", "Böyük dayaq" kimi duzsuz, şit cızma-qaralar meydana çıxırdı. Təbii ki, bu "roman"lar qəlib içində doğulmuşdu.
-İçi Siz qarışıq, deyək ki, Qan Turalı olsun, yaxud Rasim Qaraca olsun, bu gün Azərbaycan romançısında nə çatmır ki, romançımız öz əsərləri ilə daha geniş miqyaslarda təmsil oluna bilmir?
-Azərbaycan romanından danışanda romançıdan da danışmaq lazımdır. Gərək romançı təfəkkürü yetişsin ki, roman meydana çıxsın. Yazıçılar var ki, bir neçə hekayə yazıblar və böyük romanları var. Orxan Pamukun bir neçə hekayəsi var. Və yaxud Sabir Əhmədlinin də bir neçə hekayəsi məlumdur. Yəni söhbət əsil romançıdan gedirsə, Azərbaycan ədəbiyyatında iki böyük romançı var - Məmməd Səid Ordubadi və Sabir Əhmədli. Ordubadiyə yaşadığı dövrün çərçivəsində baxmağa məcbur olsaq da, romançılığımıza öz dəst-xəttini qoyub. Sabir Əhmədli isə iyirmiyə yaxın romanın müəllifi olmaqla romançılığımıza yeni struktur, yeni təhkiyə üsulu gətirib. "Əli və Nino" romanını dəqiq kimin yazdığını hələ də bilmirik, amma bilirik ki, ortada bir mətn var. Bundan başqa isə ölkədə romançılar və romanlar var. Digər roman yazanlar da var və mən belə başa düşürəm ki, Azərbaycan romanının bütün dönəmlərdə müəyyən bir nöqtəyə çata bilməməsinin səbəbi ilk növbədə həmin dövrün xarakteri olub. Azərbaycan coğrafiyasının darlığı, xüsusən də müsəlman eyforiyası, İslam dininin düzgün anlaşılmaması və bundan doğan zərərli keyfiyyətlər, yazıçının küncə qısnanması və s. səbəblər üzündən romanımız Sizin qeyd etdiyiniz miqyaslara çıxa bilməyib və yaxud çıxardılmayıb. Həmin keşməkeşli dövrlər keçəndən sonra Azərbaycan romanı indiki müstəqillik dövrümüzün son on ilində nisbətən ağır, ləngərli yerişi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərimizin bu yöndəki cəhdlərini xüsusilə qeyd etmək istərdim. Mən özümdən iyirimi-iyirimi beş il cavan olan gəncləri qeyd eləmək istərdim. Onların atdığı cəsur addımlar sayəsində Azərbaycan romanı iyirmi ildən sonra dünya miqyasında öz sözünü deyəcək. Əgər 20-25 yaşındakı gənc roman yazırsa və bu, haradasa 40-50% baş tutursa, deməli, on ildən sonra lazımi şəkildə sözünü deyə biləcək. Ruslar demişkən, "Popıtka ne pıtka". Yazmaq lazımdır və yazmağa cəsarət eləmək lazımdır. Və mənə elə gəlir ki, Azərbaycan romanı özünün inkişaf mərhələsindədir.
-Romanımız bu günki taleyimizə adekvat şəkildə reaksiya verə bilirmi?
-Bilirsiniz, keçmiş dahilərdən birinin belə bir sözü var: tələbat özünə orqan yaradır. Romanımız o zaman qüvvətli olacaq ki... Belə deyək də, ədəbiyyat, incəsənət, elm bir yüksəliş, bir intibah tələb edən yaradıcılıq sahələridir. Yəni bunlar iqtisadiyyatla qol-boyuna inkişaf edir, iqtisadiyyatdan asılı olan sənət sahələridir. İqtisadiyyatın zəif olduğu cəmiyyətlərdə, xalqın teatra, kitaba, ciddi musiqiyə, konsertə marağı qalmadığı və bunlara pul ödəyə bilmədiyi durumlarda, təbii ki, axsamalar müşahidə olunacaq. Yəni kitabın, romanın oxucusu olmalıdır. Oxucunun isə cibində artıq pul olmalıdır ki, bədii əsərlə maraqlansın. Gəlin, adi bir detalı yada salaq. Bizim orta statistik azərbaycanlı səhər saat səkkizdə evdən çıxıb işə yollanır. Axşam saat səkkizdə, doqquzda işdən yorğun-arğın evə gəlir. Bu adamın istirahət günləri, məzuniyyəti, bayram günləri yoxdur, ilboyu işləyir. Ən dəhşətlisi budur ki, bu orta adam ancaq və ancaq ailə üzvlərini doyuzdurmaq və geyindirmək barədə düşünür. Pul və zaman onu qabağına qatıb qovur. Belə bir şəraitdə qovdu-qaçdıda yaşayan insanın roman oxumağa vaxtı və hövsələsi olarmı? Təbii ki, olmayacaq. Sanki bilə-bilə bizim insanları ehtiyac karuselinə qatıblar və onlar qeyri-ixtiyari olaraq bu karuseldə təng-nəfəs fırlanmaq məcburiyyətindədirlər. Romanın inkişafı üçün onun satılması lazımdır, ortalığa çıxması gərəkdir. Bunun üçün də oxucunun cibində pul olmalıdır ki, gedib onu alsın. Bir dəfə bir söz işlətmişdim, onun ucundan tutub ucuzluğa getdilər. Hətta məni telekanallara çağırdılar. Demişdim ki, "Mənim "Kuma-Manıç çökəkliyi" romanım əfqan əsilli Amerika yazıçısı Xalid Hüseynin əsərlərindən güclüdür". Soruşdular ki, "Niyə Xalid Hüseynin romanı böyük tirajla çap olunub satılır, amma sənin romanın Azərbaycan miqyasında da öz oxucusunu tam şəkildə tapa bilməyib?" Cavab verdim ki, birincisi, Xalid Hüseyn Amerikada yaşayır və Amerika təəssübkeşidir. İkincisi, ingilis dilində yazır. Üçüncüsü də, o, təmin olunmuş adamdır, mənim kimi qələmindən asılı deyil. O, qonorar almasa da, yaşaya bilər. Mən bu saat heç harda işləmirəm və yazdığım əsərlərin qonorarı ilə dolanıram. Deməli, mənim əsərlərimin, elə bizim yazıçıların əsərlərinin realizəsi oxucudan asılıdır. Münbit şəraitin yetişməsi, iqtisadiyyatın inkişafı xalqın rihafında və mədəni səviyyəsində görünmürsə, demək, Azərbaycan romanının, Azərbaycan incəsənətinin inkişafı hələ axsayacaq.
-Bayaq ümidverici gənclərdən danışdınız...
- Bizdə pis bir ənənə var: biri haqqında yazanda, xoş sözlər söyləyəndə, başqa birisi ya ürəyində, ya da açıq-aşkarda qısqanclıq edir - bəc məndən niyə yazmamısınız? Əslində, on ümidverici gəncin içərisindən üçünü seçib yazmaq elə o birilərdən də yazmaq kimi qəbul edilməlidir. Yaxud özün özünə hesabat verməlisən ki, niyə məndən yox, ondan yazılıb? Və səndə olmayanı bu yolla bərpa edə bilərsən. Qısqanclıq isə xəstəlik yaradır ki, bu da inkişafa birbaşa mane olan amillərdəndir.
Mən gənclərə sonda nə deyərdim? Yazdığınız cümlənin, hətta sözün energetikasını duymasanız, yazmayın. Ədəbiyyat söz və cümlələrdən ibarətdir. "Mənə elə gəlirdi ki, öz yükümlə xata-balasız düşmən yığnağı arasından keçib gedirəm" - bu cümlədə Ceyms Coys kimi bir nəhəngin hekayəsində demək istədiyi nələr gizlənib? Bax, əsl yazıçı bir az da sirli-sehrli olmalı, oxucunu heyrətləndirməlidir. Hə, əslində ədəbiyyat elə heyrətdən başlayır, etirazda bitir. Heyrətinizdə sevgi və şəfqət, etirazınızda üsyankarlıq, təslim olmamaq, azadlıq eşqi olmasa, heç nəyə nail olmazsınız. Yeni imza sahibinin uğuru bu sadaladığım və sadalamadığım açar sözlərdədir. Bəlli yaşı və kifayət qədər təcrübəsi olsa da, bu gün Azərbaycan nəsrində mənimçün kifayət qədər yeni olan imzaların içində Alpay Azərin xüsusi yeri var. Alpayın yaradıcılığı hələ ki, hekayə ilə səciyyələnir.Yəni, bu ciddi nasir özünü hələ ki, iri həcmli nəsrlə sınamaqdan çəkinir. (Bəlkə özünü buna hazır bilmir desək daha düz olar.) Mən onun ayrı-ayrı hekayələrini burada təhlil-filan etmədən deyirəm: Alpay insanları duya bilir, onları nəsrə gətirəndə çətinlik çəkmədən obrazın həyatdakı variantının az deformasiya olunmasına çalışır. Yeni imzalardan danışanda Mübariz Örəni ayrıca qeyd etmək lazımdır. Bu istedadlı qələm sahibi müəyyən zaman içində özünü poeziyada sınamış və hansısa yetişmə anında nəsrə keçmişdir. Zənnimcə, Mübarizin yaradıcılığı nəsrimizdə yeni bir hadisədir. Dili, ədəbi düşüncə tərzi, obrazlara usta baxışı, psixoloji yanaşma tərzi onun gələcək böyük uğurlarından xəbər verir. Mübariz də hələ ki, kiçik hekayələr yazmaqla kifayətlənir. Nəzərə alsaq ki, hekayə nəsrin ən çətin növüdür, onun bu sarıdan da özünə ciddi yanaşdığının şahidi olarıq.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli