"Xəzər Lənkəran"la "Neftçi" ilin ən yaxşılarına qarşı
"Xəzər Lənkəran"la "Neftçi" ilin ən yaxşılarına qarşı

Bu gün Topaz Premyer Liqasında XXII turun oyunları keçiriləcək. Eyni gündə baş tutacaq turun 3 görüşü Bakıda, 2-si isə əyalətdə gerçəkləşəcək. Bu tur prinsipial rəqiblər - "Neftçi" ilə "Xəzər Lənkəran" 2014-cü ildə qələbələri sıralayan rəqiblərlə üz-üzə gələcək.

Günün ilk matçı paytaxtda baş tutacaq. Son iki turda məğlub olmaqla liderlər sırasındakı mövqeyini laxladan "Qəbələ" AZAL-ın qonağı olacaq. Cari mövsümdə rəqibinə xal verməyən Yuri Syominin yetirmələri 9 matçdır qapısından qol buraxan bakılıları yenməyə borcludur. Paytaxt təmsilçisi isə 3 oyunluq qələbəsizliyə son qoymaq əzmindədir.
Turun mərkəzi oyununda isə "Neftçi" ilə "İnter" üz-üzə gələcək. Mövsümün ilk 2 dövrəsində məhsuldar oyunlar keçirən rəqiblərin bu dəfəki matçının favoriti qonaqlardır. Buna səbəb son 2 oyunda qələbə qazana bilməyən "Neftçi"nin heyətindəki ciddi itkilərdir. 2014-cü ildə xal itirməyən "İnter" qalib gəlməyi bacarsa, ilk "üçlüy"ə daxil olacaq.
Zaqataladakı qarşılaşma isə uğursuzların qarşılaşması kimi dəyərləndirilir. Bu il keçirdiyi matçlarda xal üzünə həsrət qalan "Simurq" autsayderi qəbul edəcək. 18 turdur qələbə görməyən "Sumqayıt" həm də 9 turdur qapısını quru saxlaya bilmir. Bundan başqa, "Gənclik şəhəri" təmsilçisi indiyədək rəqibindən xal ala bilməyib.
Autsayderlər qrupunun digər üzvü "Rəvan" isə liderlə görüşəcək. İzləyicilərindən daha da uzaqlaşmaq imkanı olan "Qarabağ" bakılılarla görüşlərdəki uğursuzluğa son qoymalıdır. Çünki Quran Qurbanovun yetirmələri "Rəvan"la cari mövsümkü oyunlarda qələbəyə həsrətdir.
2014-cü ilə uğurla başlayan iki komanda Lənkəranda üz-üzə gələcək. 3 qələbəni sıralamaqla liderlərə yaxınlaşan "Bakı" "Xəzər Lənkəran" qarşısında çətin sınağa çıxacaq. Liderləri büdrətməklə əvvəlki oyununu tapan Mustafa Dənizlinin yetirmələri daha bir güclü komandanı məğlub etməyə çalışacaq. Paytaxtın eyniadlı təmsilçisi isə qalib gələrsə, 2-ci pilləyədək irəliləyə bilər. Lakin bunun üçün digər qarşılaşmalarda da nəticələrin münasib olması vacibdir.
XXII tur, 19 fevral (çərşənbə):
15:00. AZAL - "Qəbələ"
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:1
AZAL Arena stadionu
16:00. "Neftçi" - "İnter"
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:3
Bakcell Arena stadionu
16:00. "Simurq" - "Sumqayıt"
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:0
Zaqatala şəhər stadionu
17:00. "Rəvan" - "Qarabağ"
İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0
Bayıl Arena stadionu
17:00. "Xəzər Lənkəran" - "Bakı"
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:3
Lənkəran şəhər mərkəzi stadionu
İlkin Həsənoğlu