Ərdoğan-Fətullah Gülən müharibəsi daha da qızışdı

Ərdoğan-Fətullah Gülən müharibəsi daha da qızışdı

AKP-dən nurçuların liderinə ağır ittihamlar gəldi, qarşı tərəfin cavabı gecikmədi

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, professor Mazhar Bağlı qonağı olduğu "A Haber" kanalının "60 dakika" proqramında nurçuların dini lider Fəthulla Gülənin internetdə yayılan son səs qeydlərini qiymətləndirib.
Professor Gülənin özünü dövlətin sahibi olaraq gördüyünü deyib: "Son səs qeydlərində görünür ki, Fəthullah Gülən "Şəfqət Təpə" serialının ssenarisinə müdaxilə edib. Bu üslubu Hollivud filmlərində görürük. Daha çox xristianların istifadə etdiyi bir üslubdur. Xristian fəlsəfəsi yaxınlarına dindənkənar sahə vasitəsilə dinə çatmağın mümkün olduğunu sübut etməyə çalışır. Səs qeydlərindən aydın olur ki, Gülən özünü dövlətin sahibi olaraq görür, təlimatlar verir. Ancaq özünü həddindən artıq təvazökar göstərir. Bu təvazökarlığın arxasında əslində başqa bir eqoizm var".
Fətullah Gülənin Fələstin, "Mavi Mərmərə" və Misir hadisələrində məzlumların yanında olmadığını deyən M.Bağlı bunun səbəbini belə izah edib: "Çünki, onlar müvəffəqiyyətsizliyin yanında yer almazlar, müvəffəqiyyətin yanında olarlar".
Hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən isə son zamanlar adının bir çox gizli işlərdə hallanmasına, telefon danışıqlarının yayılmasına dərhal münasibət bildirib. fgulen.com saytında yayımlanana açıqlamasında F. Gülən bildirib ki, rəhbərlik etdiyi hərəkatın heç vaxt fərdi, şəxsi bir məqsədi və təmənnası ola bilməz: "Quran və Sünnəyə sadiq qalmaq və məşru olmaq bizim "olmazsa, olmaz"ımızdır. Nəinki Quran və Sünnə ilə, hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça biləsiniz, elə sözlər sərf edin ki, sabah onların üzünə baxa biləsiniz. Əgər bir gün - baxmayaraq ki, bu qədər nalayiq sözlər sərf etdilər - qapınızı döysələr, qapınız açıq olmalıdır. Bunu unutmayın!".
F. Gülən "Sizə "it" də desələr, siz onu pisə yozmayacaqsınız" deyə maraqlı ifadə işlədib. O, tövsiyə edib ki, "Allah razı olsun qardaşlarımızdan, bizi Allah-Taalanın yaratdığı bir canlı yerinə qoyublar",- deyin. "İtin belə bir qiyməti olduğunu düşünüb bu sözdən pis məna çıxramayacaqsınız. Unutamayın, gərginliklər müvəqqətidir. Elə sözlər sərf edin ki, keçmişə baxanda üzünüz qızarmasın, utanıb xəcalət çəkməyin. Biz səbrə və sükuta üstünlük veririk. Unutmayın ki, demaqoqluq etməklə, hər sözə cavab qaytarmaqla, təhqirə təhqirlə cavab verməklə Allah-Taalanın rizasını qazanmaq olmaz. Mən yalnız doğru danışmağınızı tövsiyə edirəm. Unutmayın, məşru (qanuni) dairə dardır. Bəzən bu dairədən kənara çıxa bilməməyiniz sizi sıxacaqdır. Daha çox şey demək istəyəcəksiniz. Ancaq, yaddan çıxarmayın, səbrin gücü və məşru dairədən kənara çıxmamağınız gələcəyin və "müsbət hərəkət"in əsasıdır. "Olmazsa, olmaz"ıdır" - deyə camaat lideri diqqətə çatdırıb.
Gülən heç kimə nifrət və kinlərinin olmadığını bildirib və "qardaşlarımızı əfv edəcəyik" deyib: ""Kimsəyə nifrət və kinimiz yoxdur, olmaz da. Biz əhli-dəyanət (mömin,dindar) olmayanları belə əfv etmiş insanlarıq. Əlbəttə, qardaşlarımızı da əfv edəcəyik. Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa, xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim səlahiyyətimiz yoxdur. Bu, Allaha aiddir. Mən sizdən işinizə qayıtmanızı, nə cür təhqir edirlər-etsinlər qulaqlarınızı tıxayaraq Allahın rizasından gözünüzü ayırmamağınızı gözləyirəm. Dərdiniz bu xalq olsun. Unutmayın insan oğlu qəmsiz mümkün deyil. Qəmsiz olana da insan demək mümkün deyil. Həqiqət dərdiniz olsun, dərdli olun. Həyatınızı işinizə həsr edin, bir möminin qəlbini qırmağı ağlınızdan belə keçirməyin. Ancaq, ittihamlara hüquq çərçivəsində, əlbəttə, cavab verəcəksiniz. Xalqa aydınlıq gətirmək, bu kimi böhtanların cəmiyyətə mənfi təsirlərini aradan qaldırmaqdan ötrü, əlbəttə fikrinizi söyləyəcəksiniz. Ancaq bu əsla təcavüz, yalan və böhtan şəklində olmamalıdır. Hüquqdan kənara çıxmamalıdır. Başlanğıcda xalq həqiqəti təsbit etməkdə çətinlik çəkir, gah ora, gah bura kütləvi şəkildə sovrulanlar olur. Ancaq unutmayın, xalqın vicdanı bir gün haqq və həqiqəti görəcək. Haqq və həqiqətin harada olduğu ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq".
Murad İbrahimli