Ərdoğanla oğlunun sensasion səs yazısı yayıldı

Türkiyənin siyasi gündəmində misli görünməmiş yeni "bomba"!

Fevralın 25-nə keçən gecə internetdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu bildirilən telefon danışıqlarının audioyazısı yayılıb. Gizli audioyazı Türkiyədə şok effekti yaradıb. Telefon danışığının 2013-cü il dekabrın 17-də, Türkiyədə antikorrupsiya əməliyyatının başladığı gün gerçəkləşdiyi iddia olunur.
Audioyazıda R.T.Ərdoğan oğlu Bilaldan əlindəki külli miqdarda nağd pulu dərhal evdən çıxarmasını və bəzi iş adamlarına göndərməsini tələb edir. Söhbət 1 milyard ABŞ dollarından gedir. Telefon danışıqları dekabrın 17-də saat 08.02, saat 11.17, saat 15.39, saat 23.15 və son olaraq 18 dekabr səhər saat 10.58-də gerçəkləşib. Son telefon danışığında Bilal Ərdoğan atasına evdə 30 milyon avro qaldığını və bu pulun da başqa yerə daşınacağını söyləyib.
Bəzi mənbələr pullar Bilal Ərdoğanın evindən daşınarkən çəkilən görüntülərin mövcud olduğunu və bu görüntülərin də yaxın günlərdə internet vasitəsilə yayılacağını qeyd edir.
Səs yazılarının internetdə sürətlə yayılması Ankarada hər kəsi ayağa qaldırıb.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən səs yazıları həqiqətə uyğun deyil. Bu bəyanatla Türkiyə baş nazirinin administrasiyası öz rəsmi internet səhifəsində çıxış edib.
"Baş nazir Rəcəb Tayyip Ərdoğanla oğlu arasında telefon danışıqları olduğu iddiası ilə, internet vasitəsilə yayılmış səs yazıları əxlaqsızca bir montajın məhsulu olub, tamamilə həqiqətə uyğun deyil. Türkiyə Cümhuriyyətinin Baş nazirini hədəf alan bu iyrənc oyunu quranlardan hüquq çərçivəsində hesab sorulacaq. İctimaiyyətə hörmətlə bunu bəyan edirik," - yazılı bəyanatda belə deyilir.
Sözügedən səs yazıları internetdə yayıldıqdan sonra müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İdarə Komitəsi fövqəladə iclas keçirib. İclasdan sonra CHPnin sədr müavini və mətbuat katibi Halük Koç "Bu hökumət öz legitimliyini itirib" deyərək, baş nazir Rəcəb Tayyib Ərdoğanı istefa verməyə çağırıb.
Digər müxalifət partiyası - Milliyyətçi Hərəkat Partiyası (MHP) da fövqəladə toplantı keçirib.
Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan baş nazirin keçmiş müavini Əbdüllətif Şənər də məsələyə münasibətini açıqlayıb. O, baş nazir Ərdoğanın səsini çox yaxşı tanıdığını, səs yazılarını dinlədiyini və danışan şəxsin Ərdoğan olduğunu deyib.
Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qrup millət vəkili ilə görüşündə ABŞ prezidenti Barak Obama ilə telefon danışığının detalları barədə danışıb. Qardaş ölkənin "Sabah" qəzetinin verdiyi məlumata görə, telefon söhbətində Türkiyədə böyük qalmaqala səbəb olan yeni internet qanunu da müzakirə edilib.
Ərdoğan qanunun necə meydana gəldiyini ABŞ prezidentinə izah etdiyini söyləyib. Baş nazir qeyd edib ki, B.Obama onu ABŞ-ın daxili işlərinə qarışmaqda ittiham edib: "Barak Obama "daxili işlərimizə qarışırsınız" deyəndə "Biz sizin daxili işlərinizə qarışmırıq. Bizim daxili işlərimizə qarışan bir şəxsi (Fətullah Gülən nəzərdə tutulur - red.) orada qonaq saxlayırsınız" cavabını verdim. Obama da "Mesajı aldım" dedi".
Türkiyə baş naziri "paralel quruluş"un İsrail və Suriya ilə birlikdə hərəkət etdiyini qeyd edib. "Paralel quruluş" yalan və böhtanlar üzərindən çox təhlükəli bir siyasət aparır. Təhdid və şantaj kasetləri ilə yalnız siyasəti deyil, həm də Türkiyə demokratiyasını, cəmiyyəti əsir almaq istəyirlər. Bu təhlükəli təşkilatı mütləq təmizləmək lazımdır", - Ərdoğan söyləyib.
Türkiyədə korrupsiya əməliyyyatında adı hallanan Fətullah Gülən daha bir açıqlama verib. Gülən onun tərəfindən siyasətçilər, məmurlar və jurnalistlər də daxil olmaqla 7 min insanın telefon danışıqlarının gizli dinlənilməsi ilə bağlı iddialara cavab verib.
Gülənin vəkilinin mediaya təqdim etdyi açıqlamada deyilir ki, bu cür yalan iddialar xalqda kin və qəzəbi artırmaq, onları etiraza sövq etmək məqsədi daşıyır. Türkiyə baş prokurorluğu bu iftiraları atan şəxsləri dərhal aşkar etməli və ictimaiyyətə doğru məlumatları verməlidir. Dinləmə ilə bağlı xəbəri Ərdoğan hökumətinə bağlı mətbuat orqanları yaymışdı. Həmin qəzetlər Fətullah Gülən tərəfindən dinlənən 3 min insanın adını da dərc eləmişdi.
Murad İbrahimli