"Talış xalqının düşüncəsində türklərə qarşı heç zaman ayrı-seçkilik olmayıb"
"Talış xalqının düşüncəsində türklərə qarşı heç zaman ayrı-seçkilik olmayıb"

Həsrət Rüstəmov: "Azərbaycandakı müxtəlif etnik qruplar faktiki olaraq bir xalq, bir millət şəklindəki toplum səviyyəsinə qalxıb"

Azərbaycandakı millətlərarası tolerantlığın durumu ilə bağlı suallarımızı Azərbaycan Demokrat Partiyası sədrinin müavini Həsrət Rüstəmov cavablandırır.
-Həsrət bəy, bu gün Azərbaycanda çeşid-çeşid mədəniyyət tiplərini daşıyan xalqlar yaşayır. Türkdillilər, Hind-Avropa dil ailəsinə mənsub olanlar... Hətta hansı dil ailəsinə mənsub olduğu dəqiqləşdirlməyən xalqlar da var. Məsələn, Qubada xınalıqlılar, Ordubadda kilidlilər. Yəni Azərbaycan etnik baxımdan zəngin bir ölkədir. Amma tarixən ölkəmizdə etnik zəmində münaqişələr olmayıb. Sizcə, bu fenomenal birgəyaşayışın köklü səbəbi nə ilə bağlıdır?
-Əvvəla, onu deyim ki, sosiologiyada etnosun müxətlif tərifləri var. Amma mütəxəssislər etiraf edirlər ki, bu təriflərin heç biri millət, etnos anlayışını tam şəkildə ifadə etmir. Siyasi mənada qəbul edilib ki, millət eyni siyasi iradə nümayiş etdirən və eyni coğrafi arealda yerləşən topluma deyilir. Bu baxımdan yanaşanda Azərbaycandakı müxtəlif etnik qruplar faktiki olaraq bir xalq, bir millət şəklindəki toplum səviyyəsinə qalxıb. Bir səbəb, məncə, budur. İkinci səbəb isə budur ki, Azərbaycan etnik baxımdan olduqca rəngarəngdir, ölkə isə balacadır. Yəni bu xalqlar tarixi-coğrafi şəraitə görə eyni taleyi yaşamalı olublar. Buna görə də ölkədə etnik zəmində münaqişələr baş verməyib. Üçüncü səbəbi isə İslam dininin cəmiyyətimizdə oynadığı rolda görürəm. Bilirsiniz ki, ölkədə yaşayan müxtəlif etnosların, demək olar ki, böyük əksəriyyəti İslam dininə etiqad bəsləyirlər. İslam dini çox böyük birləşdirici amildir və bu da müxtəlif dillərdə danışan xalqların eyni əqidə ətrafında birləşməsinə gətirib çıxardıb. Azərbaycan həm də müxtəlif zamanlarda işğallara məruz qalmış bir ölkədir. İşğalçılıq və xarici aqressiya ölkədəki xalqları həmişə bir-birinə dayaq olmağa məcbur edib. Ona görə ki, hansı millətə mənsub olmasından asılı olmayaraq insanlar eyni təhlükəyə məruz qaldıqlarından bir-birlərindən möhkəm yapışmağa məcbur olurlar. Mənə elə gəlir ki, bu da mühüm faktorlardan biridir. Son yüz əlli il ərzində Azərbaycan xalqları arasında möhkəm birliyin yaranması, eyni zamanda etnik fərqliliyin tam aradan qalxmasının başqa bir səbəbi də ölkəmizdəki bütün xalqların nümayəndələrinin yaxşı təhsil almasından irəli gəlir. İnsanlar və etnoslar nə qədər təhsilli və mədəni səviyyələri nə qədər yüksəkdirsə, o qədər də etnik münaqişələrdən və qarşıdurmalardan uzaqdırlar. Müəyyən siyasi məqsədləri olan qruplar çox zaman insanların avamlığından və mədəni səviyyəsinin aşağı olmasından istifadə edib. Onlar etnik hissləri, millətçilik duyğularını qızışdırmaqla məqsədlərinə nail olmağa çalışırlar ki, bu da Azərbaycanda mümkün deyil. Çünki Azərbaycanda yaşayan xalqlar və insanlar dünyanın Avropa hissəsində yaşayan insanlar qədər təhsilə və mədəniyyətə malikdirlər.
Ölkədəki milli tolerantlığın, bəlkə də, səbəbləri çoxdur. Çünki bu mövzu o qədər genişdir ki, xüsusi araşdırmaya ehtiyac var.
-Sizin doğulub boya-başa çatdığınız bölgədə təkcə Azərbaycanın deyil, hətta planetin ən qədim xalqlarından biri olan talışlarla Azərbaycan türkləri iç-içə yaşayırlar. Talışların qədimliyi onların dilindən görünür. Məsələn, bəzi anlayışlar bu dildə bircə səslə ifadə edilir. Bu o deməkdir ki, talış mədəniyyətində insanlığın yaranış dövrünün lap qədim və ilkin izləri qorunub saxlanır. Cənub bölgəsində türklərlə talışlar qız-alıb, qız verməklə, mehriban qonşuluq və s. münasibətlərilə tam şəkildə qaynayıb-qarışıblar. Bu baxımdan Sizin müşahidələriniz necədir?
-Mən sizə deyim ki, həqiqətən də, belədir. Əvvəla, talışların qədimliyi ilə bağlı fikirlərimi deyim. Məşhur alim Lev Qumilyov əsərlərində qeyd edir ki, relikt şəklinə düşərək sayı azalmış qədim xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub saxlamaqla bərabər həm də kiçilir. Yəni müasir tarixə malik böyük xalqlar geniş arealda yayılıblar. Lakin qədim xalqlar kiçik ərazidə yaşasalar da, bu o demək deyil ki, onların tarixi cavandır. Qumilyovun bu fikrində böyük həqiqət var. Düzgün qeyd etdiniz ki, Talış bölgəsində türklərlə talışlar həmişə çox mehriban və qarşılıqlı barış, anlaşma şəraitində yaşayıblar. Fransız yazıçısı Jak Qivyenin Səfəvilər dövrü ilə bağlı "Xacə şah" kitabını oxumuşam. Kitabda qeyd olunub ki, Nadir şah ən çətin vəziyyətlərdə talışlardan ibarət rotasını köməyə çağırırdı və talışlar əzgil ağacından hazırlanmış dəyənəklərlə döyüşürmüşlər. Biz tərəflərdə yaşlı adamlar bu gün də əzgil ağacından düzəldilmiş əsalardan istifadə edirlər. Əsanı hazırlamaq üçün əzgili təndirin alovunda qarsırlar və ondan çox möhkəm əsa alınır. Jak Qivyen fransız olub və bölgədə yaşayan xalqlar barədə onun qeydləri obyektiv təəssüratlarla bağlıdır. Yəni Azərbaycanın tarixi ərazisində mövcud olmuş dövlətlərin qurulmasında, inkişafında və idarə olunmasında türklərlə yanaşı talışlar da mühüm rol oynayıblar. Həm hərb sahəsində, həm də dövlətin idarə edilməsində. Eyni zamanda talışlar Azərbaycan türkləri ilə çox yaxın münasibətdə olublar. Bu xalqların nə qədər yaxın olması barədə bir fakt demək istəyirəm. Mənim anadan olduğum Lerik rayonunda türklər də yaşayır və onların içində dostlarım da var. Onlar başqa yerlərdə olanda özlərini talış kimi təqdim edirlər. Görün, bu insanlarda talışlara qarşı necə bir sevgi var! Hansı ki onların dili türk dilidir və milliyyətcə də türkdürlər. Lerikin Zuvanda adlı ərazisindəki bir neçə kənddə türklər yaşayırlar. Onlar haradasa iki yüz il bundan əvvəl Güney Azərbaycanın Xalxal mahalından Lerikə köçmüş insanlardır və bizlərə olan mehribanlıqdan bəzən özlərini talış adlandırırlar. Bu fakt həmin Azərbaycan türklərinin qonşu olduqları talışlara qarşı olan böyük münasibətlərinin göstəricisidir. Eyni zamanda talış xalqının düşüncəsində də türklərə qarşı heç zaman ayrı-seçkilik olmayıb. Heç zaman da hansısa ailənin qurulmasında və yaxud iqtisadi, sosial münasibətlərdə talışlar etnik amili gündəmə gətirməyiblər. Təbii ki, bu amilləri qabartmaq üçün sui-istifadəyə əl atanlar olub. Təkcə talışlarla türklər arasında deyil, ləzgilərlə, kürdlərlə türklər və ölkədə mehribancasına yaşayan digər xalqlar arasında problemlər yaratmağa can atanlar olub. Amma bu tendensiya Azərbaycanın daxilindən qaynaqlanmayıb. Ölkədəki stabilliyi pozmağa marağı olan, bu ölkəni hələ də öz əsarətində saxlamaq niyyətində olan xarici qüvvələr buna daha çox cəhd ediblər. Amma bu təxribatlar Azərbaycanda heç vaxt yeriyə bilməyən, dirçələ bilməyən bir siyasət olub. Yəni perspektivsiz iş olub. Çünki bu xalqları çox mühüm tellər bağlayır və Azərbaycanda yaşayan xalqlar politoloji, sosioloji baxımdan, demək olar ki, bir millət halına gəlmiş topluma çevrilib.
-Sizin bölgədə yaşayan bir şair dostumdan bir dəfə soruşdum ki, talış dilində elmi məqalə yazırsanmı? O, təəccüblə üzümə baxıb dedi ki, "Bu nəyə lazımdır ki?" Ona cavab verdim ki, "Azərbaycan təfəkkürünün daha da genişlənməsi və çoxçeşidli olması üçün". Sizcə, bu gün talış mədəniyyətini daha dərindən öyrənmək və təbliğ etmək üçün daha hansı işlər görülməlidir?
-Ümumiyyətlə, Azərbaycandakı xalqların tarixi sovetlərin dönəmində kifayət qədər saxtalaşdırılıb. Həm də təkcə talışların yox. Digər xalqlarla bərabər elə Azərbaycan türklərinin də tarixi kifayət qədər saxtalaşdırılıb. Talışların tarixi isə ümumiyyətlə öyrənilməyib. Azərbaycanda mövcud olmuş dövlətlərin, xalqların tarixi sovet dövründə qondarma bir hala gətirilib.
-Siyasiləşdirilib...
-Bəli. Yəni elm ideologiyaya tabe etdirilib. Talışlar bu gün ölkədə sayca ikinci ən böyük etnosdur. Xınalıqda yaşayan ən azsaylı etnosun da tarixinin öyrənilməsi ümumazərbaycan və ümumbəşəri maraqlar baxımından olduqca vacibdir. Çünki hər bir xalqın tarixi, onun qədim dövrlərinə aid tapıntı
Azərbaycan və dünya mədəniyyətinə bir töfhədir. Hesab edirəm ki, bu yöndə dövlət səviyyəsində işlər görülməlidir. Rəhmətlik Elçibəy qısa müddətdə hakimiyyətdə olsa da, Azərbaycandakı müxtəlif etnosların tarixi və mədəniyyətlərinin inkişafı ilə bağlı müəyyən işlərin təməli qoyulmuşdu. Azərbaycan Dövlət Radiosunda talış dilindəki verilişlərin əsası elə həmin vaxtdan qoyulub. Sonralar Lənkəranda Cənub TV fəaliyyətə başladı. Bu telekanalda talış dilində xəbərlər proqramı və s. var. Hesab edirəm ki, ölkədəki bütün etnik qrupların mədəniyyətinin, adət və ənənəsinin araşdırılması ilə bağlı dövlət proqramına ehtiyac var. Zənnimcə, belə bir proqramın həyata keçirilməsi ölkədəki səmimi milli tolerantlığın daha da dərinləşməsinə xeyli kömək edər.