Millətlərarası münasibətlərdə psixoloji məqamlar
Millətlərarası münasibətlərdə psixoloji məqamlar

Ermənistan özünütədric siyasətini, işğalçılıq psixologiyasını niyə dəyişə bilmir?

Bu gün dünyada baş verən proseslər aydın şəkildə sübutlayır ki, toplum olaraq qloballaşmada, inteqrasiyada iştirak etmək və paralel olaraq xalq mənini qoruyub saxlamaq üçün mütləq ətraf cəmiyyətə açıq olmaq mühüm şərtdir. Millətlərarası münasibətlərin inkişafına açıq olmalı və bu istiqamətdə addımlar atılmalıdır.
Bu gün Azərbaycandakı hadisələr, həyata keçirilən siyasət də buna sübutdur. Belə ki istər ölkə daxilində milli azlıqlara bərabər şəraitin yaradılması, xalqçılığın inkişafı, istərsə də ətraf cəmiyyətlə isti münasibətlərin qurulması kifayət qədər mühüm məsələlərdir və bununla Azərbaycan sübutlayır ki, millətlərarası münasibətlərin inkişafında öz xətti var və bu prinsiplərə sadiqdir. Diqqət yetirsəniz, bu gün Azərbaycanın beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirtməsi, mədəniyyətlərarası ünsiyyətin yaranması, dini tolerantlığın qorunub saxlanılması istiqamətində gördüyü bütün işlərin kökündə məhz insani dəyərlər, millətlərarası münasibətlərin formalaşması dayanır. Maraqlıdır, bəs regionda belə xoş ovqatın olduğu bir zamanda nədən Ermənistan özünütədric siyasətini, işğalçılıq psixologiyasını dəyişə bilmir?
Diqqət yetirsəniz, görərsiniz ki, Ermənistan həmsərhəd olduğu Azərbaycandan, Türkiyədən, Gürcüstandan, hətta müttəfiq saydığı İrandan belə nəsə umur və torpaq iddialarından əl çəkmir. Bunun isə, sözsüz ki, ciddi səbəbləri var.
Bunlar nələrdir? İlk növbədə aydın olan budur ki, erməni toplumu sözün həqiqi mənasında kütlə psixologiyasından kənara çıxa bilmir.
Bəs kütlə nədir? “Yığın”, “yığışma”, “topluluq” mənalarına gələn bu söz ən sadə mənası ilə irqləri, vəzifələri, cinsləri və amilləri nə olursa-olsun, insan yığınını ifadə edir. Psixologiyada isə kütlə tamamilə başqa mənada işlənir. Bir çox insanın təsadüfən və yaxud mexaniki şəkildə bir yerə toplanması psixoloji kütlə demək deyil.
Kütlə halına gəlmək üçün bəzi qıcıqlandırıcı təsirlər lazımdır. Bu təsirlər hadisə, sosial problem, söz, lider və s. ola bilər. Bu vəziyyətdə isə artıq fərd anlayışı ortadan qalxır, hamının fikirləri və hissləri bir istiqamətə yönəlir, müvəqqəti, ancaq çox güclü kollektiv şüur formalaşır. Bundan sonra buradakı bütün insanların hərəkətləri kütlədəki zehniyyətin vahidləşməsi qanununa əsaslanır. Kütlə dedikdə çoxlu sayda insanı göz önündə canlandırmağa ehtiyac yoxdur. Bir neçə insan da kütlə formalaşdıra bilər. Buna ən sadə misal olaraq avtobusdakı sərnişinləri misal göstərə bilərik. Sürücünün hər hansı bir səhv hərəkətinə qarşı bir nəfərin başladığı etiraz daha sonra başqalarının da ona dəstək verməsilə nəticələnir və bununla da artıq kütlə psixologiyası formalaşır.
Kütləni formalaşdıran fərdlərin kimliyindən asılı olmayaraq yaşayış tərzləri, vəzifələri, xarakterləri fərqli ola bilir. Ancaq kütlə içərisində bunun elə də böyük əhəmiyyəti olmur. Belə demək mümkündür ki, onlar bərabərləşirlər, çünki zəkaları fərqli olan insanlar bir çox halda eyni istəklərə, duyğulara sahib olurlar. Din, əxlaq, sevgi, nifrət kimi anlayışlarda ən yüksək insanlar adi fərdlərin dərəcəsini keçə bilmirlər. Dahi bir riyaziyyatçı ilə adi bir çəkməçi arasında intellektual fərq çox böyük ola bilər, ancaq əxlaq və inancda ya fərq yoxdur ya da olduqca azdır. Fərdi xüsusiyyətlərin itib ortaq xüsusiyyətlərin əmələ gəlməsindəndir ki, kütlələr yüksək zəka tələb olunan işləri bacarmır. Bu faktoru kütlələrə xitab edən liderlər nəzərə almalıdırlar. Kütlələr çox saylı faktları sevməzlər. Onlara bir, amma güclü faktı xatırladın, sonra isə onları hərəkətə gətirə biləcək güclü ifadələr seçin. Bundan sonra onlara istədiyinizi etdirə bilərsiniz. Çünki çox olmaq onlara kollektiv ruh aşılayır. Aşılanan bu ruh onları tək olduqları vaxt hiss edəcəklərindən, fikirləşəcəklərindən tamamilə başqa şeylər hiss etdirir, düşündürür və tətbiq etdirir. Kütlə içərisindəki fərd özünü həddən artıq güclü hiss edir. Çoxluq ona hər şeyi edə bilmək hissini aşılayır. Buna görə də kütləvi aksiyalar yaxşı idarə olunmadıqda təhlükəli olur və ciddi maddi zərərlərlə nəticələnir.
Psixoloji kütlə yaranar-yaranmaz bütün kütlələrə məxsus ümumi xarakterlər qazanır. Kütlələrin xüsusiyyətlərinin formalaşmasındakı ən əsas amillərdən biri zehni sirayətdir; kütlədə fərd anlayışı öz əhəmiyyətini itirdiyi üçün və hiss ağlı üstələdiyinə görə normal hallarda insana az təsir edə biləcək məlumat, duyğu, hərəkətlər burada böyük əhəmiyyətə və qüvvəyə sahib olur. Bu sirayətedicilik o qədər qüvvətli olur ki, fərd öz mənfəətini kütlənin mənfəətinə qurban verir. Halbuki bu, normal şərtlərdə insan təbiətinə ziddir.
İndi isə erməni toplumunun bu yöndə sərgilədiyi detallara diqqət yetirək. Erməni uşağından tutmuş böyüyünə qədər hər birində istənilən an ətraf mühitə bir kin olur. Bu kin isə istər-istəməz şüurun arxa plana keçməsi ilə sonuclanır. Çünki kütlə anlayışı olan yerdə, şüurlu mənliyin itməsi, şüuraltı ilə hərəkət edən mənliyin hakimiyyəti, fikirlərin, hisslərin sirayət yolu ilə yönləndirilməsi, təlqin edilən fikirlərin tətbiqinə həmin anda hazır olmaq keyfiyyətləri ortaya çıxır. Bütün bunlar isə insanda bir insanafobiya yaratmaqla yanaşı həm də özünü idarəetmə imkanlarını məhdudlaşdırır. Məhz bu amillərə görə bu gün Ermənistan regionda, demək olar ki, hər gün gücünü itirir və Rusiyanın əyaləti halına düşür.
Müşahidəçilər hesab edirlər ki, proseslərin bu şəkildə inkişafı bir müddətdən sonra Ermənistanın ABŞ və Avropa ilə əlaqələrini də sıfır həddinə salacaq. İndilikdə isə erməni lobbisinin sayəsində bu proses ləngiyir.
Amma görünən budur ki, artıq erməni lobisi ilə Ermənistan arasındakı əlaqələr zəifləyir. Və bir neçə ildən sonra bu bağlar tamamilə qırılacaq. Çünki erməni lobbisində təmsil olunan yeni erməni nəsli artıq kütlə təfəkküründən qurtulmağa çalışır.
Xatırlayırsınızsa, bir müddət öncə Ukraynada 3 erməni iş adamı erməni lobbisinə pul verməkdən imtina etdi və Azərbaycan diaspor təşkilatları ilə əlaqə qurdu.
Bundan başqa aydın olur ki, Ermənistanı tərk edən ermənilər öncələr Rusiyaya daha çox üz tuturdularsa, indi artıq Türkiyəyə getməyə üstünlük verirlər. Bunu elə erməni mətbuatının özü etiraf edir. "Türkiyədə qeyri-qanuni işləyən ermənilərin dəqiq sayı məlum deyil. Çünki bu ölkə ilə heç bir diplomatik əlaqələrə malik deyilik. Məsələ ilə ciddi şəkildə məşğul olmaq lazımdır". Bu barədə Ermənistanın miqrasiya agentliyinin miqrasiya proqramının şöbə rəisi İrina Davtyan danışıb.
Türkiyəyə gəlincə isə, hakimiyyətdən İstanbulda nəşr edilən “Aqos” qəzetinə bildirilib ki, 2010-cu ildə Türkiyədə qeyri-qanuni olaraq yaşayan ermənilərin sayı 22 min olub. Bəzi mənbələrdə isə bu rəqəmin 25 minə yaxın olduğu ehtimal edilir.
Qeyd edək ki, 2000-ci ildə Eurasia Partnership Foundation "Türkiyədəki erməni mühacirlərin vəziyyəti haqda" 150 erməni arasında sorğu aparıb. Mühacirlərin böyük əksəriyyətinin İstanbula Ermənistanın şimal qərbində yerləşən, 1988-ci ildə güclü zəlzələyə məruz qalmış və yüksək işsizliyin mövcud olduğu Şirak vilayətindən gəldikləri məlum olub. Respondentlərin 94 faizini qadınlar təşkil edib ki, onlar da evlərdə işə düzəliblər.
Erməni miqrantların Ermənistana qayıtmaq barədə fikirlərinə gəlincə, bu onların maliyyə durumlarından asılıdır. 2006-cı ildən İstanbulda evlərdə xadimə işləyən bir erməni qadının sözlərinə görə, mağazada satıcı işləyən əri ilə Vanadzor şəhərinə qayıtmaq barədə ümumiyyətlə düşünmürlər. Onlar türk dilini öyrəniblər və türk yeməkləri bişirməyi bacarırlar, həmçinin Türkiyədə çoxsaylı tanışları var.
Erməni sosioloqu Aron Adibekyan qeyd edir ki, bu tendensiyanı tezliklə dəyişdirmək şansı yoxdur.
Burada maraqlı məqamlardan biri də budur ki, Türkiyəyə hər zaman düşmən ölkə kimi baxan ermənilər indi yenidən Türkiyəyə həm də xilas nöqtəsi kimi yanaşırlar. Deməli, artıq təfəkkürdə ciddi dəyişmələr baş verir. Ermənistan hakimiyyəti, kilsəsi isə bunu həzm etmir və deməli, yaxın illərdə toplum ilə kilsə, toplumu ilə hakimiyyət arasında ciddi çatlar yaranacaq. Bu isə istənilən halda
Ermənistan üçün heç də yaxşı nə isə vəd etmir.
Məhz bunları nəzərə alan prezident İlham Əliyev Ermənistanla bağlı konkret mövqe ortaya qoyub. Prezident İlham Əliyev açıqlamalarında aydın şəkildə bəyan edir ki, Azərbaycan imkanlarından istifadə edərək Ermənistanı strateji iqtisadi layihələrdə iştirak etməyə qoymur. Bu isə bir müddətdən sonra Ermənistanın tam olaraq diz üstə çökməsinə səbəb olacaq. Bəli, artıq bu prosesin işartıları görünür. Belə ki, Ermənistan iqtisadiyyatı tam çöküb, insanlar ölkəni kütləvi şəkildə tərk edir və sosial partlayışın yaranması labüdləşib.
Beləliklə, bir daha aydın olur ki, millətlərarası münasibətlərin inkişafına əngəl törətmək istəyən dövlətlər labüd şəkildə süquta məhkumdur. Azərbaycana gəldikdə isə, milli-dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı göz önündədir və Azərbaycan bu yöndə artıq lider dövlətlərdən biri hesab oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün