“Kiyevdə dörd-beş dələduz hakimiyyəti  mənimsəyib oturub prezidentin iqamətgahında”
“Kiyevdə dörd-beş dələduz hakimiyyəti
mənimsəyib oturub prezidentin iqamətgahında”


Rasim Ağayev: “Rusiyanın Ukrayna ilə siyasi münasibətləri kəsmək barədə qərarı olduqca düşünülmüş bir addımdır”

Son günlərdə Ukraynada və onun ətrafında baş verən hadisələrlə bağlı suallarımızı politoloq Rasim Ağayev cavablandırır.

-Rasim müəllim, bu gün (dünən-red.) Rusiyanın BMT-dəki səfiri Çurkin Rusiyanın Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini bəyan edib. Bu nə deməkdir? Müharibəyə hazırlıq?
-Yox, bu, qətiyyən müharibə demək deyil. Amma kifayət qədər ciddi bəyanatdır. Hər halda Rusiyanın belə bir addım atmasında şəxsən mənim üçün heç bir sirr və gözlənilməzlik yoxdur. Yəni demək istəyirəm ki, Rusiya-Ukrayna münasibətləri son aylarda bu istiqamətdə inkişaf edirdi. Əgər həqiqəti desək, etiraf etməliyik ki, bunun da “təşəbbüskar”ı Kiyev olub. Əvvəllər Yanukoviç də bu məsələdə pası-pusu qururdu. Ancaq rəsmi Kiyevin əleyhinə qalxmış ekstremist-radikal müxalif qüvvələr açıq-aşkar rusofobiya ilə məşğul idilər. Onlar antisemitizmin tərəfdarı olduqları kimi həm də rusofobiyanın tərəfdarı idilər. Təbii ki, onlar dövlət çevrilişi yoluyla hakimiyyətə gələndən sonra nəinki təkcə Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətdə olan ölkələr bu yöndə hansısa tədbirlər görməliydilər. Niyə? Çünki, faktiki olaraq, bir qrup şəxs silah yoluyla Avropa Birliyi, Birləşmiş Ştatlar, Rusiya və dünyanın bütün dövlətləri tərəfindən qəbul edilmiş legitim prezident Yanukoviçi yıxıblar. Və bundan da qabaq Avropa nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda razılaşma əldə olunur. Mən 25 fevral tarixli razılaşmanı nəzərdə tuturam. Razılaşdılar ki, iqtidar bu razılaşmanın bütün şərtlərini həyata keçirdəcək. Ancaq müxalif qüvvələr sonradan hücuma keçdilər və iş başında olan prezidentə, onun ətrafındakılara qarşı fiziki təhlükə yaratdılar. Yanukoviç də məcbur olub Kiyevdən qaçdı. Bundan da sonra küçə adamları, küçədən hay-huy qaldıran adamlar soxuldular prezident aparatına və birini qoydular baş nazir, o birini də Ali Radanın sədri. Sonra da başladılar Maydanda nazirləri təsdiq etməyə. Birincisi, Ukraynanın konstitusiyasında prezidentin vəzifəsini icra edən vəzifəsi yoxdur. Bunu Maydanda yaratdılar. Bu qərar qeyri-konstitusion akt idi. İndi mən özümü qoyuram Moskvanın və yaxud qeyri bir dövlətin yerinə və fikirləşirəm ki, bu adamlarla ümumiyyətlə hansısa münasibətlərə girmək olar, ya yox? Bu adamlar hakimiyyəti mənimsəyəndən sonra açıq-aşkar bəyan etdilər ki, “Bizim silahlı qüvvələrimiz hücuma keçib Rusiyanı darmadağın edəcək və biz rusları yerində otuzduracağıq!” Onlar faktiki olaraq, Ukrayna xalqını müharibəyə çağırırdılar. Təbii ki, bundan sonra Rusiya tərəfdən bu cür reaksiyalar gözlənilən idi. Və mənə elə gəlir ki, Rusiyanın Ukrayna ilə siyasi münasibətləri kəsmək barədə qərarı olduqca düşünülmüş bir addımdır.
-Birləşmiş Ştatlar və Avropa Birlyi cəhd edir ki, Rusiya-Ukrayna münasibətlərində yaranmış gərginliyi mümkün qədər yumşaltsın və Ukraynanın ərazi bütövlüyü qorunub saxlansın. Ancaq proseslərin gedişatı göstərir ki, Rusiya öz mövqeyindən geri çəkilmək niyyətində deyil...
-Konkret olaraq Amerika Birləşmiş Ştatları və Avropa Birliyi bu istiqamətdə fəal davranırlar. Onlar bu situasiyaya girişiblər və Ukraynanın indiki qeyri-qanuni, qeyri-konstitusion hakimiyyətini qeydsiz-şərtsiz dəstəkləyirlər. Viktor Yanukoviç Kiyevdən qaçıb Rusiyaya sığınandan sonra rəsmən bildirib ki, de-yure olaraq Ukraynanın prezidentidir. Bəli, praktik baxımdan prezident kimi onun əlində heç bir səlahiyyət yoxdur. Lakin o, de-yure prezident olaraq qalır. Niyə? Səhv etmirəmsə, prezident seçkilərində seçicilərin 54%-dən çoxu ona səs vermişdi. Yəni Yanukoviç Ukrayna cəmiyyətinin çoxluğu tərəfindən qəbul edilmiş bir prezident idi. O vaxt Amerika da, Avropa ölkələri də, Rusiya da seçkilərin nəticələrini qəbul etmiş və Yanukoviçi prezident kimi tanıyırdılar. Amma Amerika və Avropa Birliyi indi də deyir ki, Maydan hakimiyyətini tanıyır və bu qeyri-qanuni hökuməti birmənalı şəkildə dəstəkləyirlər. Ortalıqda fikir ayrılığı var. Amma Rusiyanın bu duruma münasibəti başqadır. Rusiya belə hesab edir ki, Ukraynada qeyri-qanuni hakimiyyət formalaşıb və onun əlində bu barədə faktlar da var. Yəni biz indiki Avropanın dediklərinə inansaq, dünyada qeyri-legitim hakimiyyətlərin formalaşmasına tərəfdar olmalıyıq. Öz praktikamdan Sizə bir əhvalat danışım. 1979-cu ildə mən İraqda diplomat kimi fəaliyyət göstərirdim. Gözlənilmədən məlumat yayıldı ki, Sovet İttifaqı Əfqanıstana qoşun yeridib. Bu hadisənin üstündən 4-5 gün keçməmişdi ki, gecənin yarısı bizi yuxudan oyatdılar ki, bəs Səddam Hüseyn başlayıb İraqdakı kommunistləri qırmağa. Onlar o zaman İraqdakı qaragün kommunistləri, ya da kürdləri vaxtaşırı qırırdılar. İndi də başlamışdılar kommunsitləri qırmağa. Ölkədə əməlli-başlı qırğın, tuthatut gedirdi. Adə, nə olub? Bunun sabahısı günü İraqın prezidenti Səddam Hüseynin bəyanatı yayıldı. Səddam Hüseyn dedi ki, “Ay camaat, hamı məni pisləyir. Bilirəm, siz məndən umursunuz. Ancaq mən istəmirəm ki, sabah beş-altı nəfə gedib girsin sovet səfirliyinin zirzəmisinə və oradan bəyan eləsin ki, İraqda inqilab baş verib və biz də Səddam Hüseyni deviririk. Sovet İttifaqı da bunu əlində bəhanə edib özünün spesnazını, ordusunu göndərsin Bağdada. Mən bunu istəmirəm”. Hər şey gərək qanuni yolla olsun. Qeyd edim ki, onun bu hərəkəti ərəb ölkələri və Avropa dövlətləri tərəfindən pis qarşılanmışdı. Mən bu hadisəni niyə danışıram? İraqın prezidenti Səddam Hüseyn nə qədər diktator olsaydı da, onun sözündə həqiqət var idi. Hazırda eyni vəziyyət Kiyevdə də yaranıb. Orada dörd-beş dələduz hakimiyyəti mənimsəyib və oturublar prezidentin iqamətgahında. Və deyirlər ki, biz nə deyiriksə, o da olacaq. Avropa ilə Amerikanın və yaxud hansısa bir xarici qüvvənin belə bir vəziyyətdə həmin dələduzlara dəstək verməsi nəinki onların haqlı olduğunu təsdiqləyir, əksinə, bu hakimiyyətin qeyri-konstitusion olduğunu bir daha nəzərə çarpdırır. Çünki əgər sən qanuni hökumətsənsə, hakimiyyətə qanuni yolla gəlibsənsə, səni gərəkdir ki, hamı dəstəkləsin. O cümlədən də Ukrayna xalqı. Hazırda isə bu hakimiyyətə münasibətdə Ukrayna parçalanıb, bütün xalq bu hökumətə dəstək vermir. Ukraynanın şərqində, cənubunda və Krımın özündə, hətta Ukraynanın mərkəzi bölgələrində də bu hökumətin əleyhinə çıxış eləyənlər var. Ukraynalıların bir qismi, bu ölkədəki rusların əksəriyyəti onlardan narazıdır. Ukraynada əhalinin haradasa 40%-ni başqa millətlər təşkil edir. Onlar da bu hökuməti qeyri-legitim hesab edirlər. Bu məqamda söhbət prezidentin şəxsiyyətindən getmir. Sözün təmizi budur ki, Yanukoviç də hazırda hakimiyyətdə olan avaraların tayıdır. Onlar kimi oğrudur, onlar kimi oliqarxdır, onlar kimi dövlətin malını yeyəndir. Ona bütövlükdə bütün cəmiyyətin olduqca
haqlı iradları var. Amma yenə deyirəm, söhbət onun şəxsiyyətindən deyil, bir prezident kimi legitimliyindən və hakimiyyəti ələ keçirtmiş güclərin qeyri-konstitusionluğundan, qeyri-legitimliyindən gedir.
-Bundan sonra Ukraynada hadisələr hansı istiqamətdə cərəyan edə bilər?
-Mənə elə gəlir ki, proqnozlar vermək üçün Ukraynada bundan sonra baş verəcək hadisələri və Rusiya, Avropa Birliyi və Birləşmiş Ştatlar arasında olacaq gəlişmələri, danışıqları diqqətlə izləməyimiz lazımdır. Bildiyimə görə, Rusiya və Birləşmiş Ştatların rəhbərləri bu barədə çoxlu təmaslara giriblər və müəyyən razılaşmalara gəliblər. Sizin suallarınız onu göstərir ki, artıq bu proseslər başlayandan bəri Ukrayna hadisələrində xarici amillər və təsirlər dominant rol oynamağa başlayıb. Proseslərin sonrakı xarakteri bu dövlətlərin ümumi dil tapıb-tapmamasından və Ukraynadakı siyasi qüvvələrin legitimləşməyə hazır olub-olmamasından asılı olacaq. Təcrübə göstərir ki, çevriliş yolunu seçən qüvvələr siyasi dialoqa çox çətinliklə keçə bilirlər. Onlarla danışıqlar aparamaq çox çətindir. Ancaq elə bir vəziyyət yaranır ki, situasiya ancaq siyasi yolla tənzimlənə bilir. Mənə elə gəlir ki, bu yolla hansısa razılaşmalar əldə olunacaq. Razılaşma əldə edilməsə, Ukraynadakı proseslər vətəndaş müharibəsinə keçə bilər.
-Krımın timsalında artıq Ukraynanın da “Dağlıq Qarabağı” var...
-Bəli, tamamilə oxşar bir vəziyyətdir. Bunu Rusiya da yaxşı başa düşür və ona görə də çalışır ki, bu məsələni həll eləsin. Krım 500 ilə qədər Türkiyənin, 170 il də Rusiyanın nəzarətində olub. Sonradan 60 il də Ukraynanın himayəsində qalıb. Krım Türkiyə ilə Rusiyanın nəzarətində olanda orada əmin-amanlıq olub. Ukrayna isə elə bir siyasət apardı ki, Krım parçalandı. Eyni vəziyyət Qarabağda da var idi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olanda orada sabitlik var idi. Ermənilər məlum hadisələri törədəndən sonra orada ara qarışdı. Bunun da nəticəsində Moskva Dağlıq Qarabağdakı vəziyyəti qanuni axara salmaq əvəzinə qeyri-qanuni yollara əl atdı. Yəni qeyri-konstitusion qüvvələrə dəstək verməyə başladı. Eyni hadisə Krımda da baş verdi.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli