Terror və missionerlik tolerantlığa qarşı
Terror və missionerlik tolerantlığa qarşı

Yeni mərhələyə keçidin qarşısı necə alınacaq?

Son zamanlar dünyada dini tolerantlığa qarşı sanki bir savaş açılıb. Və bunun bəzi işartıları artıq Azərbaycanda da hiss olunmaqdadır. Belə ki, hansısa qüvvələr tərəfindən aparılan məqsədli siyasət nəticəsində, az qala, İslam dini ilə terror eyniləşdirildi. Bu psixoloji olay isə, sözsüz ki, xüsusi sistemlə formalaşdırılır. Belə ki, dində bir kütlə psixologiyası olur, kütləvi hərəkət müşahidə olunur. Bu da terrorla dinin eyniləşdirilməsi üçün açar rolunu oynayır. Necə?
Gəlin, məsələyə bir neçə aspektdən yanaşaq. Öncəliklə vurğulayaq ki, terrorçuların mühüm xüsusiyyətlərindən biri kütlə ruhu ilə hərəkət etmələridir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəkləri şeyləri etməkdə, şüursuzluq və iradəsizlik içində hərəkət etməkdədirlər. Dünyanın bir çox ölkələrindəki terror təşkilatlarında olan ağılsız və cahil insanlar nəyi nə üçün etdiklərini bilmədən, kütlənin və şüarların təsiri altına düşərək, sürü psixologiyası zəminində öz iradəsilə etməyəcəyi kütləvi cinayətlərə qurşanır.
Terrorçular dünyəvi təşkilatlarla əlaqələri kəsən, buna görə də bütün əxlaqi dəyərləri rədd edən və bu təşkilatları özlərinə bir maneə və düşmən hesab edən insanlardır. Anarxist düşüncə sahibi və yaradıcısı Bakunin “Bir terroristin tək bir məqsədi olmalıdır, mərhəmətsiz məhv! Bu məqsədlə yorulmadan və soyuqqanlılıqla hər zaman ölməyə və buna mane olan hər kəsi öz əlləri ilə öldürməyə hazır olmalıdır” fikri yuxarıdakı məntiqi bir daha təsdiqləyir.
Azərbaycana gəldikdə isə müstəqillik əldə etdikdən sonra qapalı ölkədən açıq ölkəyə çevrilən Azərbaycana müxtəlif ölkələrdən missionerlər gələrək dini təbliğatı genişləndirdilər. Ölkədə yaranan xristian, induizm, radikal müsəlman təşkilatları vətəndaşların dini mənsubiyyətini dəyişməklə kifayətlənmir, həm də kölgəli işlərlə də məşğul olmağa başladılar. Həmçinin gizli şəkildə bəzi Avropa dövlətləri tərəfindən dəstəklənən radikal islami qruplaşmaların əsas məqsədləri İslamı parçalamaq və İslam dövlətləri arasında fikir ayrılığı ortaya çıxarmaqdan ibarətdir. Həmçinin Azərbaycanda dini tolerantlığa zərbə vurmaqdır. Hətta özlərini İslamda bir məzhəb kimi qələmə verən, Avropa dövlətləri tərəfindən dəstəklənən və İslamı parçalamaq niyyəti güdən bu cür dini təriqətlərdən biri vəhhabilikdir. Dini silahla uyqulamağa çalışan, namaz qılmayana ölüm cəzasını öngörən, özlərindən olmayanları kafir bilərək məzarlıqlarını ayıran, peyğəmbər dövründə olmayan hər şeyi azğınlıq elan edən, əməlsiz imamı küfr sayan, Quran ayələrini ağılla yorumlamağı qadağan edən vəhhabilik bir məzhəb kimi gündəmi zəbt etməyə başladı.
Bundan başqa, dünya dövlətlərinin üzləşdiyi ən başlıca problem kimi terrorun da separatçı qüvvələr tərəfindən həyata keçirilən bir proses olduğunu unutmamaq lazımdır. Bu baxımdan dünyada olan bir çox terror qruplaşmaları və təşkilatları daha böyük rol oynayır. Erməni terror təşkilatları, PKK kimi separatçı qurum və s. buna misal ola bilər. 1975-ci ildə ASALA hərbiləşdirilmiş terrorçu təşkilatı, 1982-ci ildə "Erməni inqilab ordusu" yaradıldı. Azərbaycana qarşı müharibədə Daşnak və ASALA teror təşkilatı birgə fəaliyyət göstərirlər.Yaxın Şərq ölkələrində erməni, kürd terrorçularının strukturları yaradılır. "Van", "Erməni xalq hərəkatı", "Erməni məsələsi", "Mezdan Murad" və başqa adlar altında yaranan terrorçu hərbi dəstələr azərbaycanlılara qarşı soyqırımı törədirlər.
"Talış - Muğan respublikası", "Ləzgistan", "Kürdüstan" respublikaları ölkəmizə qarşı xaricdə hazırlanan təxribatçılıq və separatçılıq siyasətidir. Azərbaycan dövlətçiliyinə qarşı yönəldilən terror, təxribat və digər separatçı aksiyaların qarşısını almaq ölkənin siyasi strategiya vəzifələrindən biridir.
Beləliklə, gördüyünüz kimi, əslində, bu cərəyanların hər biri hansısa mərkəzlər tərəfindən idarə olunur və günbəgün real təhlükəyə çevrilirlər. Ekspertlər hesab edirlər ki, baş verənləri təhlil etsək, belə nəticə ortaya çıxır ki, artıq bu qüvvələr yeni metodla çalışmağa hazırlıq görürlər. Söhbət dini radikalizmlə separatçı birliklərin birgə fəaliyyətindən gedir. Belə bir nümunəni biz ikinci çeçen savaşında gördük. Belə ki, öncələr milli-azadlıq hərəkatı olaraq ayağa qalxan çeçen xalqı sonra əsas məqsədindən yayındırıldı. Öncə bu bölgədə yaşayan etnik azlıqlar arasında parçalanmalar yaradıldı, inquşlar, çeçenler, digər dağlı millətlər üz-üzə gətirildi və bunun davamı olaraq vəhhabi təriqəti hakim təriqət kimi proseslərə təsirini göstərməyə başladı. Nəticədə xalq parçalanmış duruma düşdü və müstəqil ölkə məramı islam xilafəti xülyası ilə əvəzləndi. Bununla da meydanda bir terror savaşını gördük.
Bu gün Azərbaycanda da eyni ssenarini həyata keçirtməyə cəhdlərin olduğunu görürük. Məsələn, şimal bölgəsində Ləzgistan xülyası ilə xəvaric radikalizminin birləşməsinə cəhd edilir. Bu gün bu bölgədə terror aktları həyata keçirənlər hələ ki dini bəhanələrlə çıxış edirlər. Amma sabah onların həm də Ləzgistan bəyanatı ilə çıxış etmələri istisna edilmir.
Və yaxud cənub bölgəsinə diqqət yetirək. Bir tərəfdən Talış-Muğan Respublikası bağırtısı eşidilirdisə, digər tərəfdən də İran təsirli radikal şiə xətti gündəmə gətirilir və bunların da vəhdəti ciddi fəsadlar yarada bilər.
Bunu da qeyd edək ki, hazırda bu planların reallaşması üçün Ermənistan da bütün gücünü səfərbər edib. Bu ölkənin ərazisində separatçı qüvvələrin hərbi bazaları yaradılıb və ciddi hazırlıqlar görülür. Maraqlıdır, bəs Azərbaycan tərəfi bu təhlükələri görürmü və hansı yolla bunun qarşısını almağa çalışır?
Baş verənləri təhlil edəndə görünür ki, bir tərəfdən güc strukturları bu məsələyə həssas yanaşır, digər tərəfdən isə cəmiyyətdə bir maarifləndirmə dalğasının başlandığının şahidi oluruq. Və bu da aydın olur ki, bu işlərin icrasına prezident İlham Əliyevin şəxsən özü nəzarət edir. Hətta prezident İlham Əliyev bununla bağlı dəfələrlə bəyanatla çıxış edib. Elə sonuncu bəyanatı da Azərbaycan hakimiyyətinin milli və dini tolerantlığa nə qədər sədaqətli olacağını sübutlayır: “Ayrı-ayrı dövlətlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların və aparıcı elmi-tədqiqat mərkəzləri təmsilçilərinin, görkəmli din xadimlərinin Azərbaycanda bir araya gəlməsini təqdirəlayiq hal hesab edirəm. Qloballaşma prosesinin sürətləndiyi müasir dünyada gedən mürəkkəb etno-siyasi proseslərdə dinin yeri və rolu, beynəlxalq münasibətlərdə və cəmiyyət həyatında din amili, bəşəriyyətin gələcək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyildir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında bizim xalqımıza xas olan humanizmin və multikulturalist dəyərlərin müstəsna rolu vardır.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Əminəm ki, Bakı Forumunda sürətlə dəyişən dünyada tolerantlığın gücləndirilməsi, universal mənəvi dəyərlərin beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi aktual problemlər ətrafında konstruktiv fikir mübadilələri aparılacaq və səmərəli tövsiyələr səsləndiriləcəkdir”.