“Avropada dini-milli tolerantlıq yoxsulluğu hətta qanunvericilik səviyyəsinə qalxıb”
“Avropada dini-milli tolerantlıq yoxsulluğu hətta qanunvericilik səviyyəsinə qalxıb”

Şeyx Əbdül: “Qeyri millətlər Azərbaycanı özlərinə həmişə etibarlı bir sığınacaq kimi seçiblər”

Azərbaycan insanının milli tolerantlığının incəsənət və kinodan qaynaqlanan özəllikəri barədə suallarımızı respublikanın tanınmış kino xadimi Əbdül Mahmudbəyov cavablandırır.
-Əbdül bəy, Azərbaycan xalqının bütün dünyada etiraf olunmuş milli tolerantlığı bir sənətçi kimi Sizdə hansı təəssüratları oyadır?
-Atalarımızdan bizə yadigar qalmış bir zərbi-məsəl var, deyir ki, “Qonaqlıq çox yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə”. Lakin bizim xalqımızın milli psixologiyası o qədər dərindir ki, hətta deyə bilərik: “Qonaqlıq çox yaxşı şeydir, bir gün sizdə, beş gün bizdə”. Kinomuzda da altmışıncı illərdə, təxminən, belə bir vəziyyət var idi. Azərbaycan kinosunun tarixi ilə məşğul olanlar çox gözəl bilirlər ki, ruhu şad olmuş Adil İskəndərov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor təyin olunana qədər studiyanın bütün məsul işçiləri və işçilərinin böyük əksəriyyəti, filmlərdəki baş rollarda çəkilənlərin çoxusu qeyri millətlərin təmsilçiləri olublar. Adil müəllim kinomuzda əsil milli kadr inqilabı həyata keçirtdi. Lakin bu inqilab həmin işçilərə qarşı ögeylik nümayiş etdirilməsi ilə gerçəkləşmədi. Tolerantlıq, yəni bütün xalqlara dözümlü, səbirli yanaşma demokratik psixologiyanın mühüm ünsürlərindən biridir. Bu tezisdən çxış edərək deyə bilərəm ki, Azərbaycan xalqı cəmiyyətdaxili məsələlərdə və münasibətlərdə həmişə demokratik ruhlu xalq olub. Yəni bizim xalqımız qonağın, qərib insanın, yadellinin bizim ölkəmizdə özünü rahat hiss etməsi üçün çox vaxt özünün şəxsi rahatlığını da qurban verməyi bacarıb. Bunu hər xalq bacarmaz. Biz son tikəmizi, evimizin ən yaxşı küncünü həmişə qonaq üçün saxlamışıq. Dini və milli tolerantlıq bizim üçün sadəcə söz deyil, həm də gündəlik həyat üslubu, dünyanı və çevrəmizdəki insanları duymaq tərzidir. Bu gün həddindən artıq qloballaşan və siyasiləşən dünyada belə bir psixologiya ilə yaşamaq hər xalqın nəsibi və daxili mədəniyyəti deyil. Çağdaş dünyamızda gözümüzün qabağındaca hər bir millət öz oyununu oynayır, közü öz qabağına çəkir. Düşünürəm ki, bu qovhaqovun lap sonunda səbirli millət uduşda qalacaq. Mən cəsarətlə deyə bilərəm ki, bu gün Azərbaycandakı tolerantlıq Avropanın nümunəvi hesab edilən Fransa, İngiltərə və Almaniya kimi demokratik ölkələrindən çox yüksəkdə durur. Almaniyada türklərə, Fransada ərəblərə və ümumiyyətlə müsəlmanlara, İngiltərədə müsəlmanlara bəslənilən xofu və bundan doğan repressiyaları yada salın. Avropa xalqlarında dini-milli tolerantlıq o qədər kasadlaşıb ki, bu düşüncə yoxsulluğu hətta qanunvericilik səviyyəsinə qalxıb. Belə ki Avropanın bir sıra ölkələrində hicab əleyhinə qanunlar qəbul edilib. Dünya xalqlarına demokratik dəyərlərdən dərs demək statusunda çıxış eləyən Avropanın dini-milli tolerantlığı bundan artıq deyil. Buna görə də hərdən mənə elə gəlir ki, avropalıların dilində tolerantlıq ifadəsi az qala ironiya kimi səslənir. Azərbaycanda zaman-zaman böyük filmlərimizdə, görkəmli ədəbi əsərlərimizdə tolerantlıq olduqca yüksək səviyyədə əksini tapıb. Biz kənar, yad millətə heç vaxt pis gözlə, yuxarıdan aşağı baxmamışıq və baxa bilməmişik. Bu əxlaq bizim minillərlik mədəniyyətimizdən, Dədə Qorqud bəsirətindən, böyük dinimizdən qaynaqlanır. Bizdə qəribə və yadelliyə qarşı həmişə bir mərhəmət, qayğıkeşlik hissi hökm sürüb. Bu hiss bizim qanımızda və genimizdədir. Belə bir fenomenin başqa izahı yoxdur. Bu xalq tarixboyu böyük mədəniyyətlər yaradıb. Bu xalqın daimi dövləti və dövlətçilik ənənəsi olub. Azərbaycan ərazisindəki dövlətlərin heç birində qeyri-xalqlara qarşı ögeylik, qısnama siyasəti müşahidə edilməyib. Ona görə də qeyri millətlər Azərbaycanı özlərinə həmişə etibarlı bir sığınacaq kimi seçiblər. Çünki imperiya yaratmış Azərbaycan xalqı ona sığınmış xalqların mədəniyyətinə heç zaman xor baxmayıb. Bizim tarixən yalnız və yalnız bir xalqla problemimiz olub ki, o da ermənilərdir. Bu problem də bizim günahımız ucbatından meydana çıxmayıb. Rus imperiyasının çaldığı oyunlara oynayan ermənilər bu ölkədə həmişə qanımızı töküblər. Görünür, tolerantlıq bəzən də qan bahasına başa gəlir. Bu baxımdan yanaşanda Avropa xalqları Azərbaycandan çox şey öyrənə bilərlər. Milli tolerantlıq bizim şüurumuza, psixologiyamıza o qədər hopub ki, istəsək də, biz bu dərin hissdən təmizlənə bilmirik. Bütün bunlar çox gözəldir. Amma milli tolerantlıq kor-koranə bir hissə, düşüncəyə çevrilməməlidir. Ən azından, fikir verməliyik ki, dözümlü şəkildə yanaşdığımız hansısa bir xalqın bizə münasibəti necədir. Yəni milli tolerantlığın iki başı var və biz bunu ermənilərin xəyanəti nəticəsində əməlli-başlı gördük. Tolerant olmazdan əvvəl yaxşı-yaxşı baxmaq lazımdır ki, digər ölkələrdə bu cəhətdən vəziyyət necədir. Milli tolerantlıq qarşılıqlı deyilsə, buna çox da müsbət yanaşmıram. Çünki biz hazırda ermənilərə qarşı əsrlərboyu nümayiş etdirdiyimiz tolerant yanaşmanın əzablarını çəkirik və ən dəhşətlisi budur ki, milli tolerantlıqdan dəm vuran Avropa dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə işğalçı və terrorçu Ermənistanı dəstəkləyirlər. Adamı sarsıdan da budur.
-Azərbaycanın kino həyatında və ümumən filmlərimizdə milli tolerantlıq hansı şəkildə öz əksini tapıb?
-Rəhmətlik Adil İskəndərov bizi kinostudiyaya işə gətirəndə, bayaq dediyim kimi, orada çalışanların əksəriyyəti qeyri millətlərin nümayəndələri idi. Olub keçmiş hadisələr olsa da, qeyd etməliyəm ki, onlar bizə yuxarıdan aşağı baxırdılar. Bununla belə, bizim onlara münasibətimiz dəyişilmədi. Yəni biz onlar olmadıq, özümüz olaraq qaldıq. Siz bilirsiniz ki, sovetlərin zamanında kino sənəti və ümumən incəsənət vahid bir mərkəzdən – Moskvadan idarə edilirdi. Sovet İttifaqı ateist bir ölkə olmasına baxmayaraq, xristian təkəbbürü və təəssübkeşliyi o zaman daha güclü şəkildə hiss edilirdi. Çünki təməli səlib yürüşlərindən qoyulan o faciələr I Pyotrdan üzübəri xeyli güclənmişdi və bu, indi də davam eləməkdədir. Kim nə deyirsə, hamısını da yalan deyir. Bizə qarşı xristian dünyasında münasibət birmənalı şəkildə belədir. Heç kim bunu inkar edə bilməz. Amma Azərbaycan insanının ruhundakı böyüklüyə bax ki, bütün bu təzyiqlərin, həqarətin qarşısında əzilməyib və özünün böyük təbiətini qoruyub saxlaya bilib. Azərbaycan kinosunun korifeylərinin – Həsən Seyidbəylinin, Şamil Mahmudbəyovun, Rasim Ocaqovun, Tofiq Tağızadənin məşhur ekran əsərlərində bu böyüklük tam şəkildə öz əksini tapa bilib. Qeyd edim ki, dini-milli tolerantlıq nümayiş etdirmək istəyən xalq birinci növbədə özünə böyük hörmətlə yanaşmalıdır. Özünü sevməyən xalq başqa xalqı da sevə bilməz. Bəli, biz bütün xalqlara sayğı ilə yanaşırıq, amma bu gün düşdüyümüz ağır vəziyyətdə həmin xalqlardan bunun qarşılığını görmürük. Amma hər necə olsa da, biz Qərb dünyasından qaynaqlanan xristian fundamentalizminin oyunlarına getməyəcəyik, yaradılmasına can atdıqları qarşıdurmada tərəf olmayacağıq. Bu məqamda bir məsələni də vurğulamalıyam. Yalnız və yalnız milli özəlliyini qoruyub saxlayan xalq tolerantlıq ruhu sərgiləyə bilər. Buna görə də son zamanlar gənclərimizin Avropa həyat tərzinə güclü meyl göstərməsi məni bir vətəndaş və ziyalı kimi çox narahat edir. Cəmiyyətimizin bütün təbəqələri, xüsusən də ziyalılar bu tendensiyanın qarşısını almaq üçün bütün səylərini sərf etməlidirlər. Bu istiqamətdə dövlətin də üzərinə düşən müəyyən vəzifələr var.
-Xalqımızın Allahın bütün yaratdıqlarına səbirli və qayğıkeş münasibətinin biçimlənməsində mədəni-dini ənənələrimizin rolu nə dərəcədədir?
-Milli tolerantlığımızın formalaşmasında mədəni, xüsusən də dini ənənələrimizin çox böyük təsiri var. Lakin təəssüflər olsun ki, bu gün İslam dünyasında çox böyük təfriqələrin baş verdiyinin şahidi olmaqdayıq. Bu təfriqələr Azərbaycandan da yan keçmir. Din sadəcə olaraq konkret bir mərhələdir, konkret bir ideologiyadır. Azərbaycanda İslam dinindən əvvəl böyük mədəniyyətlər yaranıb. Bizim dini-milli tolerantlığımız təkcə İslam dinindən qaynaqlanmır. Belə düşünmək böyük xətadır. İslamdan öncə bu ölkədə böyük dinlər və mədəniyyətlər hakim olub. Bunu unutmaq olmaz. Bu gün inkişaf əsridir, kompüter əsridir. İslamdakı cürbəcür təriqətlər, nə bilim, bərmakilik, şiəlik, sünnilik, vəhhabilik və s. bu dinə böyük zərbələr vurub və bu təhlükəli proses indi də davam etməkdədir. Bunların hamısı haradan gəlir? Dinə şüursuz və kor-koranə itaətdən irəli gəlir. Dinin elmi, savadı, böyük əxlaqı qalıb bir tərəfdə, yapışıblar onun formal yönlərindən. Bunu da özlərinin primitiv düşüncə tərzləri ilə camaata təbliğ edirlər. Bu gün məsciddəki, yas yerlərindəki savadsız mollaların camaatın şüuruna təsiri kinodan da, mədəniyyətdən də, telekanallardan da güclüdür. Bu savadsızlığın təsirlərinin qarşısını almaq olduqca vacib məsələdir.