Dini tolerantlığa kimlər zərbə vurur?
Dini tolerantlığa kimlər zərbə vurur?

Vəhhabilərin sayı fantastik dərəcədə artıb

Son zamanlar Azərbaycanda qeyri-ənənəvi təriqətlərin artması və dini tolerantlığa zərbə vurma cəhdləri müşahidə olunmaqdadır. Bu isə sözsüz ki, həm cəmiyyəti, həm də hakim düşərgəni ciddi narahat edir. Elə bu səbəbdən də mühüm addımlar atılmaqdadır. Bu baxımdan Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda keçirdiyi konfrans diqqəti cəlb etdi. Konfrans Sumqayıt şəhərində baş tutub.
Bunu da qeyd edək ki, Sumqayıt şəhəri radikal qruplaşma olan xəvariclərin mərkəzinə çevrilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt ŞPİ-nin rəisi, polis general-mayoru Sahib Mirzəyev qeyd edib ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə köklü islahatlar və böyük quruculuq işləri həyata keçirilib. Görülmüş kompleks tədbirlər nəticəsində respublikamız bir çox istiqamətlər üzrə yüksək potensiala malik ölkə kimi dünya dövlətləri arasında özünə layiqli yer tutub. Sonra İdarə rəisi şəhərdə radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılıb. Dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəları, "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görülür.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Şəhər İcra Hakimiyyəti başçısının müavini, dini işlər üzrə komissiyanın sədri Akif Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Azər Abasov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Rauf Sərdarov, Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov Sumqayıtda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlər barədə çıxış ediblər.Bu arada tədqiqatçı alimlərdə bu məsələ ilə bağlı müəyyən araşdırmalarını cəmiyyətə təqdim ediblər. Belə ki, fəlsəfə elmlər doktoru, ekspert Aydın Əlizadə yaranmış vəziyyətlə bağlı açıqlama verib. Ekspert bildirib ki, dini durumda əsas narahatlıq yaradan problemli hal, dini zəmində olan radikal təfəkkürdür: “Radikal baxışlar İslamın bütün məzhəblərində vardır. Bu gün Azərbaycanda daha çox sələfi radikalizmi barəsində danışırlar və bunun üçün çoxlu səbəblər vardır. Buna görə də bu brifinq sələfi radikallığı nümunəsində ümumiyyətlə ifratçı baxışlarla mübarizənin formaları və metodlarına həsr olunur”.
A.Əlizadə qeyd edib ki, sələfilər cəmiyyətdə çox vaxt “vəhhabi” adı ilə tanınırlar və bu cərəyana məxsus dindarların sayı yalnız son 5 ildə 100% artaraq 70 min nəfərə çatmışdır (bütün qruplar üzrə).Ekspert deyib: “Təbii ki, bunların bir çoxu qanuna hörmətlə yanaşan sıravi Azərbaycan vətəndaşlarıdırlar. Ancaq onların arasında bir çox radikal qruplar da vardır. Onların sayının nisbətdə az olmasına baxmayaraq, onlar dövlət, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükəli ola bilərlər. Hazırkı artım sürəti saxlanarsa yaxın gələcəkdə radikal sələfi cərəyanları dini zəmində cəmiyyət üçün ən təhlükəli qruplar halına gəlib çıxacaqdır. Mətbuatda da eşitdiyiniz kimi hazırda sələfiliyin ardıcılları bir- biri ilə rəqabət aparan 3-4 müxtəlif qruplara bölünüblər. Bunların bir çoxu mötədil sələfidir. Radikal qollara isə təkfirçi, xəvaric, cihadçı kimi tanınan qruplar aiddirlər. Onların iş metodunda fərqlər olsa da son nəticədə hamsının məqsədi eynidir: şəriət dövlətinin qurulması. Sadəcə bəzi qruplar bunu dərhal cihad yolu ilə, bəziləri isə ilkin mərhələdə “dəvət”, sonda isə cihadla həyata keçirmək tərəfdarlarıdırlar. Həmin radikal qruplar ciddi ierarxiya və gizli şəbəkələrə malikdirlər”.
A.Əlizadə xüsusi ilə vurğulayıb ki, radikal sələfilərin yalnız yarısı mövcud məscidlərə ibadətə gəlir və zahiri görünüşlərindən tanınırlar (qısa şalvar və uzun saqqal). Digər yarısı ümumiyyətlə məscidlərdən kənarda mövcud olan gizli toplantı yerlərində yığılır, ciddi ierarxiyaya və gizliliyə riayət edir, görünüşdə isə digər vətəndaşlardan çox az fərqlənirlər. Buna görə də onları müəyyən etmək ən çətin hal olur.
“Sələfi radikallarının əsas hədəfləri ənənəvi sünni və şiə cərəyanları ilə mübarizə və onların zəiflədilməsi, polis orqanlarında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öz adamlarını yerləşdirməklə onların ələ alınmasıdır”, - ekspert deyib.
Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarndan gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.
Aydın Əlizadə bildirib ki, Şeyxulislam əleyhinə və “nurçuluq” adı ilə ortaya atılan isterik materiallar da radikal qrupların media xidmətləri tərəfindən başladılan oyundur. “Məqsəd isə diqqəti özlərindən yayındırmaqdır”, - ekspert söyləyib.
“Sələfilərin yaxşı təşkil olunmuş peşəkar media və PR qrupları mövcuddur. Onlar həm ağ, həm də qara PR-ın bütün formalarından istifadə edirlər. Onların işlətdiyi 20-dən artıq sayt mövcuddur. Sələfiliyin radikal qrupların qara PR-ının əsas xüsusiyyətləri adsız emayl və saxta FB profillərindən istifadə edərək başqalarına böhtan atmaqdan və gündəmi başqa istiqamətə yönəltməkdən ibarətdir. Əsas hədəf isə adətən radikal sələfiliyə qarşı çıxan bütün şəxslər və qurumlar olur”, - ekspert deyib.
O bildirib ki, eyni zamanda dini radikalizmin səbəbləri kimi təkcə xaricdən dəstəklənən təbliğat və radikal qruplara gənclərin cəlb edilməsi üçün ayrılan maliyyə vəsaitləri deyil, həmdə nəsillərin dəyişməsi, cəmiyyətdəki sosial ədalətsizlik halları, insanların psixoloji problemləri, geriçi xalq adətləri, işsizlik və yoxsulluq, dövlətin radikal dini təbliğata qarşı öz ideologiyasını qoya bilməməsi də göstərilə bilər. Problemlərdən çıxış yollarının istiqamətləri isə dövlətin sosial ədalət prinsiplərinin keşiyində durmasında, insanların psixoloji durumunun düzəldilməsində, ziyanlı və geriçi xalq adətlərinə qarşı maarifçilik siyasətinin aparılmasında, dövlətin öz ideoloji əsaslarını nəzəri cəhətdən formalaşdırıb, onları düşünülmüş şəkildə təbliğ etməsində görülə bilər. Bununla bərabər, radikallığın qarşısının alınması üçün artıq sınanmış vasitələr olan dini ədəbiyyata və dini icmalara dövlət nəzarətini gücləndirmək lazımdır.
A.Əlizadə qeyd edib ki, zərərli və əsas mahiyyətini itirmiş xalq adətlərinə qarşı maarifçilik prinsipləri inkişaf etdirilməlidir. Əhəmiyyətini itirmiş milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. Ali məktəblərdə fəlsəfə kurslarında sekulyarlığa və dünyəviliyə daha çox tədris saatı ayrılmalı, Azərbaycan dövlətçiliyinin fəlsəfəsi tədris edilməlidir.
Ekspert hesab edir ki, bütün bu hallar dövlətin dünyəviliyinə zərbə vurur, onu sarsıdır. Dövlət gərək dünyəvilik və sekulyarizm ideya əsaslarını konseptual şəkildə işləyib ortaya qoyub ona ciddi əməl etsin ki, dini sahədə olan bu problemlər cəmiyyətdə qarşıdurma həddinə çatmasın.
Bunu da qeyd edək ki, həqiqətən son bir neçə ay ərzində radikal dini qruplaşmalar sosial şəbəkələrdə də həddindən artıq aktivləşiblər və hədəf olaraq hakimiyyəti seçiblər. Çox qəribədir ki, bu qruplaşmalar sosial şəbəkələrdə müxalifətə həddindən artıq meyillənirlər və əslində bununla da müxalifəti də öz ətraflarında sipər kimi istifadə etməyə çalışırlar. Bundan başqa dini radikalizmə qarşı çıxan şəxslərə qarşıda bir basqı müşahidə olunmaqdadır. Sanki açıq şəkildə bəyan edirlər ki, kim onlara qarşı çıxarsa şantaj yolu ilə də olsa onlara zərbə vuracaqlar. Görünür bu səbəbdən uzun müddət onlara qarşı heç bir addım atılmayıb. İndi isə durum dəyişib və bir məqamda ondan ibarətdir ki, artıq cəmiyyətində bu radikal qruplaşmalara münasibəti pisləşib və onlar sanki bu cəmiyyətdən təcrid olunublar.