Baş Prokurorluq Zaqataladakı hadisə ilə  bağlı məlumat yaydı
Baş Prokurorluq Zaqataladakı hadisə ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Zaqatalada polis kapitanının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də Zaqatala Rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Anar Zeynalovun kəsilib-deşilmiş xəsarətlərlə mərkəzi rayon xəstəxanasına daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, qeyd edilən tarixdə saat 19 radələrində A.Zeynalov Zaqatala şəhərində xidmətdə olarkən küçədə Ceyhun Camalovla Nərmin Heydərovanın mübahisə etmələrini görüb onlara yaxınlaşıb, sonuncu ona C.Camalovun onu təqib etdiyini bildirib. A.Zeynalov C.Camalovdan qanunsuz hərəkətlərinə son qoymasını tələb etmiş və N.Heydərovaya Rayon Polis Şöbəsinə gedərək rəsmi müraciət etməsini izah edən zaman C.Camalov üzərində gəzdirdiyi cib bıçağını çıxarıb A.Zeynalovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Ceyhun Camalov martın 12-də tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.