Regionlarda dini maarifləndirmə gücləndirilir
Regionlarda dini maarifləndirmə gücləndirilir

Dini savadsızlıq aradan qaldırılarsa radikalların yolu bağlanacaq

Son zamanlar Azərbaycanda qeyri-ənənəvi təriqətlərin geniş yayılması ciddi narahatçılıqlar törətməkdədir. Belə ki, əsasən radikal İslam qruplaşmaları olan bu təriqətlər Azərbaycanda nəinki dini tolerantlığa, həmçinin Azərbaycanın öz gələcəyinə, dövlətçiliyinə ciddi təhlükə törətməkdədir. Aparılan statistik yoxlamalar da göstərir ki, bu qruplaşmalar harda olursa, həmin ərazidə mütləq terror aksiyaları, milli-dini zəmində silahlı toqquşmalar baş verir.
Bu baxımdan Suriya, Əfqanıstan, İraq, Misir, Tunis, Çeçenistan buna misal ola bilər. Səüdiyyə Ərəbistanından və gizli şəkildə bəzi qərb dairələrindən istiqamətləndirilən bu qruplaşmalar terrorun həm də mərkəzi kimi qəbul olunur. Bunu da qeyd edək ki, hər zaman belə bir sual verilir ki, nədən hansısa qərb birlikləri İslam təriqətinin himayədarı olurlar? Əslində məsələ bundadır ki, üzdə bu qruplaşmalar İslamın inkişafı üçün çalışdıqlarını bildirsələrdə başqa qatlarda var və gəlin bu qatlara diqqət ayıraq. Bu qruplaşmaların uzaq məqsədləri dünyada İslam xilafəti yaratmaqdır. Təsəvvür edin bütün dünya bir dövlətdən, bir xilafətdən ibarət olacaq. Bu isə sadəcə olaraq fantastikadır. Deməli strateji məqsəd əslində mənasızlıqdır. Amma qərb qüvvələri belə bir istiqamətli qruplaşmlar yaratmaqla əslində İslamla terroru eyniləşdirirlər. Bu gün diqqət yetirsəniz İslam deyiləndə ilk ağıla gələn terror olur. Halbu ki, İslam terroru rədd edir. Bundan başqa yaranan bu qruplaşmalar indiyə qədər elə müsəlmanlara qarşı savaş açıblar. Şiə və sünnü təriqətinə qarşı yaradılan bu qruplaşmalar əslində İslama ağır zərbə vururlar. Və sonda qərb dairələri zəngin neft yataqlarına malik olan müsəlman ölkələrinə "parçala hökm et" prinsipi ilə yanaşırlar və bu cür münaqişələr yaratmaqla neft üzərində hökümranlıqlarını müəyyənləşdirirlər.Artıq belə bir prosesi Azərbaycanda da inkişaf etdirməyə çalışan qüvvələr var. Azərbaycanda bu istiqamətdə əsasən iki qüvvənin aktivliyi hiss olunur. Birinci tərəf bir başa Səüdiyyə Ərəbistanı ilə bağlılığı olan qüvvələrdir ki, bunlarda əksər hallarda Sumqayıtda çox aktivlik göstərirlər. İkinci qüvvə isə Rusiyaya, daha doğrusu Çeçenistana bağlı olan qüvvələrdir. Ekspertlər bildirir ki, son zamanlar bu qüvvələr birləşib və şimal bölgəsində real təhlükəyə çevriliblər. Buda proqnozlaşdırılır ki, xəvariclər şimal bölgəsində imkanlarını genişləndirmək üçün artıq milli azlıqlardan da istifadə etməyə cəhd edirlər. Yəni ləzgi, avar separatçılarını da öz sıralarına daxil edirlər. Şimal bölgəsində belə bir gərginliyin yaranmasına görə də hakimiyyət bu bölgəyə həssaslığını artırıb. Zaman-zaman güc orqanları bu bölgədə əməliyyatlar keçirtməklə qanunsuz silahlı birləşmələri sıradan çıxartmağa nail olur. Şimal bölgəsində bu qüvvələr özlərini "Meşə qardaşları" təşkilatı kimi tanıdırlar və müəyyən dövrlərdə sərt bəyanatlarlada çıxış ediblər. Ekspertlər hesab edir ki, "Meşə qardaşları" çox böyük ehtimal ki, 2015-ci ildə daha çox aktivləşməyə çalışacaqlar. Çünki 2015-ci ildə Azərbaycanda birinci dəfə Avropa Olimpiadası keçiriləcək. Bu tip qüvvələr isə adətən beynəlxalq səviyyəli tədbirlər zamanı peyda olurlar. Elə bir ay öncə Rusiyada qış olimpiadası keçirilən zaman ölkənin bir sıra yerlərində teror aktları həyata keçirildi. Buna görə də Azərbaycan ehtiyatlılığını daha da artırmalıdır. Bunu da qeyd edək ki, güc orqanları nə qədər aktivləşibsə, lazımi təşkilatlarda bir o qədər maarifləndirmə işlərini gücləndirir və müxtəlif seminarlar təşkil edilir. Elə bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın şimal-qərb bölgəsinə səfər edib. Səfər zamanı QMİ-nin sədri xeyriyə yardımı həyata keçirib. Məlumata görə, QMİ sədri Zaqatalada baş verən son zəlzələdən sonra zərərçəkən ailələrə 10 min manat miqdarında yardım edib. Bundan başqa, Allahşükür Paşazadə Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü vəsait ödəyib. Qeyd edək ki, Zaqatalaya gələn Allahşükür Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadənin bölgədə yerləşən ətraf rayonlarada səfəri gözlənilir. Şeyxülislamın səfəri ilə yanaşı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovda səfər edib və Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan 30-dan çox vətəndaşı qəbul edib.
Dövlət Komitəsinin sədri vətəndaşları narahat edən problemlərlə tanış olub. Qeyd edək ki, vətandaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, dini ibadət yerlərinin təmiri və yenilərinin tikilməsi, məscidlərin dini ədəbiyyatla təmin edilməsi və bir sıra digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Bir sıra məsələlər yerindəcə həllini tapıb. Eyni zamanda bütün müraciətlər əsasında Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə və qəbulda iştirak edən struktur rəhbərlərinə aidiyyatı tapşırıqlar verilib. Belə ki, dini icmaların qeydiyyata alınması ilə bağlı lazım olan sənədlərin toplanmasında və təqdim edilməsində Dövlət Komitəsinin müvafiq şöbəsi vətəndaşlara dəstək verəcək. Eyni zamanda ibadət evlərinin təmiri və bərpası, o cümlədən yenilərinin tikilməsi istiqamətində də aidiyyatı qurumlara Dövlət komitəsi tərəfindən müraciətlər ediləcəkdir. Regionda dini ədəbiyyat azlıq təşkil edən ibadət evlərinə Dövlət Komitəsinin kitabxanasından ədəbiyyatlar göndəriləcəkdir.
Qəbuldan sonra jurnalistlərin suallarına cavab verən E. İskəndərov bildirib ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri də radikalizm və təkfirçi cərəyanlardır. "Bu istiqamətdə tədbirlərimizi davam etdiririk. Əlbəttə, vətəndaş övladının bu cür cərəyanlara qoşula biləcəyindən narahatdır. Lakin Dövlət Komitəsi olaraq istər maarifləndirici, istərsə də digər qurumlarla birlikdə həyata keçirdiyimiz konkret tədbirlər davam etdiriləcək. Bu cür cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər daxil olurdu. Artıq yerli əhalinin istəyi və Dövlət Komitəsinin dəstəyi ilə adıçəkilən qrupların toplaşdığı iki məsciddə icmaların tərkibi dəyişib, məscidə yeni savadlı imamlar təyin edilib və məscidin idarəçiliyi ənənəvi yerli dindarların ixtiyarındadır. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə problemlər olan digər məscidlərdə də analoji addımlar atılacaqdır. Eyni zamanda vətəndaşlar bu cür məsələləri qaldırmaqla yanaşı Dövlət Komitəsi tərəfindən radikalizmə qarşı həyata keçirilən tədbirlərə dəstək nümayiş edirdilər."Bunu da qeyd edək ki, dini komitə həm də regionlarda din xadimlərinin maarifləndirilməsi işinə start verib. Bu real faktdır ki, xəvariclər və digər radikal qruplaşmalar öz üzvlərinin dini maarifləndirməsini çox ciddi şəkildə təşkil ediblər və müasir texnologiyadan yararlana bilirlər. Təsəvvür edin ki, hətta yazı yazıb, oxumağı bilməyən şəxslərin də sıralarına cəlb edilməsi üçün təbliğat xarakterli filmlər, roliklər hazırlayır, audio yazılar təşkil olunur və bununla da məqsədlərinə nail olurlar. Sünni və şiə təriqətlərinə gəldikdə isə razılaşmalıyıq ki, bunlarda maarifləndirmə işləri az qala yox səviyyəsindədir. Dini savadı zəif olan din xadimlərinə cənub bölgəsində daha çox rast gəlmək mümkündür. Məhz bu savadsızlıqdan istifadə edən İrandakı bəzi qüvvələr cənub bölgəsini az qala ələ keçiriblər. Bu baxımdan dini komitənin seminarlar təşkil etməsi ciddi faktdır. Mütəxəssislər həmçinin hesab edirlər ki, Azərbaycanda din xadimlərinin formalaşması üçün bölgələrdə kollec tipli tədris müəssisələri yaradılmalıdır. Çünki istər BDU-in şərqşünaslıq fakültəsinin, istərsədə Qafqaz İslam Universitetinin məzunları olan şəxslər hansısa kəndə gedib mollalıq edən deyil. Buna görə elə əyalətlərin özündə belə kolleclər yaradılmalı və Səüdiyyə ərəbistanına və ya İrana gedib təhsil almaq istəyən şəxslərin sayını azaltmaq lazımdır. Bu faktdır ki, hazırda ciddi dini icmaların rəhbərlərinin 90 faizi ya Səüdiyyə Ərəbistanında, ya da İranda dini təhsil alanlardır. Bu şəxslər isə istər istəməz həmən dövlətlərə daha çox meyilli olur, bəzi hallarda isə bu dövlətlərin xəfiyyə orqanlarına sıx bağlı olurlar.
Beləliklə bir daha açıq şəkildə demək lazımdır ki, Azərbaycanda milli və dini tolerantlığı qoruyub saxlamaq üçün mütləq halda maarifləndirməyə güclü fikir verilməli və əsasən əyalətlərdə təbliğat işini sistemli qurmaq şərtdir. Ən azından radikal dini qruplaşmaların tətbiq etdiyi sistemin özünü də tətbiq etməklə onları neytrallaşdırmaq və cəmiyyətdən kənarda saxlamaq lazımdır. Yoxsa 5 ildə 70 min vəhhabi olubsa, növbəti 5 ildə bu rəqəm bir neçə dəfə böyüyə bilər.