Novruz bayramında milli və dini tolerantlıq izləri

Novruz bayramında milli və dini tolerantlıq izləri

Azərbaycandakı bütün millətlər üçün bu bayram xüsusi qeyd edilir
Bu gün Azərbaycanda milli və dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı göz qabağındadır. Sözsüz ki, bu dəyərlərin qorunub saxlanılmasında mövcud hakimiyyətin həyata keçirtdiyi siyasətin böyük rolu olması ilə yanaşı, həm də folklorumuzun, adət-ənənələrimizin ,bayramlarımızın da ciddi təsiri var.
Bu baxımdan Novruz bayramını xüsusi olaraq qeyd etmək lazımdır. Tarixlər boyu qeyd etdiyimiz bu bayram demək olar ki, Azərbaycanda yaşayan tək azərbaycanlıların yox, həmçinin bütün milli azlıqların, o cümlədən yəhüdilərin, ruslarında sevimli bir gününə çevrilib. Bunun isə kökündə duran ən vacib faktor məhz bərabərlik, yaranış, başlanığıcdır. Yazın gəlişindən xəbər verən Novruz bayramında küsülülər barışar, qonşuya xoş gün bəxş edilər, bir sözlə bütün məqamlarda insanlarda ovqat, ruh yüksəkliyi yaşanır. Psixoloq Türkan Azad "Unikal"a açıqlamasında bildirdi ki, Novruz bayramında bir çox psixoloji məqamlar var ki, bu millətlərarası münasibətlərin inkişafına bir başa təsir edir:-"Məsələn Novruz bayramının şərtlərindən biri budur ki, savaş etmək olmaz, düşmənçilik unudular. Bu isə əslində ünsiyyət psixologiyası ilə bağlıdır və mənfi auranın sıradan çıxması deməkdir. Novruz bayramının özəlliyindən biri də budur ki, heç bir dinlə bağlılığı yoxdur və bu baxımdan dinlər arasında ayrıseçkilik, ayırmalar etmə keyfiyyətlərinə sahib deyil və bu səbəbdən də dinindən aslı olmayaraq bütün insanlar üçün Novruz bayramı doğma ola bilir. Novruz bayramının aurası elədir ki, bəzən Novruz bayramına canlı insan kimi yanaşma olur. Sanki tutalım Dədə Qorqud ruhlu bir insan gəlir və insanlara doğmalıq, barış düşüncələri arzulayır. Buna görə də Novruz bayramı milli və dini tolerantlığa, millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir. Başqa bir faktorada toxunum ki, Novruz bayramı həm də insanların psixoloji tipinə belə təsir göstərir. Hətta ən melonxolik insan belə özündə fərqli bir aura hiss edir. Bu həm də təbiətin dəyişməsi, yazın mifik bir formada dərkidir. Ümumiyyətlə Novruz bayramında fərqli bir mistik güc olur və buda insan üçün bu bayramı həm doğmalaşdırır, həm də insanların özündə bir doğmalıq hissi yaradır". Əksər mütəxəssislərdə hesab edir ki, Novruz bayramının fəlsəfəsini öyrənmək insanlarda bu bayrama baxışları daha da ciddiləşdirir və bir rahatlıq gətirir. Məhz bu səbəbdən də Novruz bayramı milli və dini tolerantlığa, millətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir. "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov bildirdi ki, bu bayram həqiqətəndə fərqli bir dəyərlər aşılayan bayramdır:-" Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar sanki öz aralarında bərabər olurlar. Ümumilikdə, Novruz qardaşlıq və bərabərlik bayramıdır.Janrından, o cümlədən xalq bayramı olmasından asılı olmayaraq, folklorun bütün nümunələrinin əsas xüsusiyyətlərindən biri onların müxtəlif olmasıdır. Həmin bayramların müxtəlifliyi və rəngarəngliyi həm yazılı, həm də şifahi xalq ədəbiyyatında öz əksini tapır. Ona görə də Novruzun bayram edilməsində bu xüsusiyyətləri nəzərə almaq lazımdır. Belə ki, Novruzdan əvvəl gələn və yel, su, od və torpaq adlanan dörd çərşənbə axşamının ardıcıllığı mədəniyyət xəzinəsi sayılan folklorun mahiyyəti ilə ziddiyyət təşkil edir. Həmçinin belə bir ardıcıllığın olması azərbaycanlıların daha çox yaşadığı İran və Türkiyədə xüsusilə mövcud deyil. Əvvəllər Novruza qədər olan bu çərşənbələr birinci, ikinci, üçüncü və sonuncu çərşənbə axşamları adlanırdı. Novruza qədərki bu dörd çərşənbənin mahiyyətini və mənasını bir çox folklorçular, o cümlədən Azərbaycan folklorunun patriarxı hesab edilən Məmmədhüseyn Təhmasib və Yusif Vəzir Çəmənzəminli öz elmi tədqiqat əsərlərində araşdırıblar. Həmin folklorçuların elmi əsərləri Novruza qədərki çərşənbə axşamı günlərinə müəyyən adların verilməsinin qeyri-mümkün olduğunu sübuta yetirir. Bu yaxınlarda institutumuzda keçirilən elmi sessiyada tanınmış folklorçulardan biri Ramazan Qafarlı etiraf etdi ki, vaxtilə- 1989-cu ildə Novruza qədərki çərşənbələrə adların verilməsi haqqında qərar respublika rəhbərliyi tərəfindən qəbul olunub, daha doğrusu, o vaxt fəaliyyətdə olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən qərara alınıb.Beləliklə də həmin günlərin, daha doğrusu, çərşənbələrin adlandırılma ardıcıllığı folklorçular tərəfindən yaradıldı.
Mən hazırki Azərbaycan rəhbərliyinin Novruz bayramı ilə bağlı adət-ənənələrin və ümumilikdə folklor nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasındakı rolunu yüksək qiymətləndirirəm. Novruzun dövlət səviyyəsində bayram edilməsi onun əhəmiyyətini daha da artırır. Həmçinin bütün xalqların bayramlarının mərkəzində qidaya pərəstiş durur. Axı qədim zamanlarda insan təbiət qarşısında özünü çox zəif hesab edirdi. Qədim zamanlarda insanın ən böyük problemi qışın soyuğuna davam gətirmək idi.Novruz bayramı zamanı bişirilən şirniyyatlar günəş, təbiət və işıq rəmzlərini əks etdirir. Lakin ümumilikdə Novruz zamanı yeməyə pərəstiş bu bayramın əsas mahiyyətini təşkil edir.Bunu da qeyd edim ki, atəşpərəstlərin tonqaldan tullanmaq kimi mərasimləri yoxdur. Atəşpərəstlər alova müqəddəs substansiya kimi baxırlar. Tonqaldan tullanan insanın deməli olduğu sözlər buna sübutdur.Bildiyiniz kimi, tonqal üzərindən tullanan şəxs məcazi olaraq öz problem və dərdlərini tonqala atır. Beləliklə , bu ənənə insan ruhunun təmizlənməsi anlamına gəlir. Novruz din, dünyəviliklə ziddiyyət təşkil etmir. Novruzun həmçinin atəşpərəstlik və ya İslamla birbaşa bağlılığı da yoxdur. Əksinə, din xadimləri bu bayramdan faydalanmağa çalışıblar. Məsələn, din xadimləri hesab edirdilər ki, dördüncü xəlifənin hakimiyyətə gəlişi Novruzun ilk günü ilə üst-üstə düşüb. Bundan əlavə, deyilənlərə görə, bu gün Nuh peyğəmbərin dünyaya gəlişi, həmçinin Allah tərəfindən yer üzündə ilk insan -Adəmin yaradıldığı günlə üst-üstə düşüb. Bununla belə Novruz dini deyil, dünyəvi bayramdır".Beləliklə gördüyünüz kimi qədimi köklərə dayanan Novruz bayramı əslində sırf insani dəyərləri gündəmə gətirən bir bayramdır və insani hisslərlə pərçimlənən bir bayramda hər hansı ayrıseçkilikdən söz açıla bilinməz. Məsələn, yeni il bayramı əslində xristianlığın,Ramazan bayramı İslamın atributu sayılır və dar çərçivələrdə qeyd olunursa, Novruz bayramında din, milliyət, xalq anlayışları ikinci plana keçir. Buna görə də Novruz bayramı ümumilikdə tolerantlığın rəmzi kimi də qəbul oluna bilər. Ekspertlər hesab edir ki, Novruz bayramının Azərbaycanda başqa millətlər tərəfindən qəbulunun həm də başqa səbəbləri var. Bunlar nədən ibarətdir? Müşahidəçilər hesab edir ki, bunun ən başlıca səbəblərindən biri Azərbaycan toplumunun bu ölkədə yaşayan digər millətlərin və ya dindarların bayramlarına sayğı ilə yanaşır və bəzi bayramları hətta bir yerdə keçirirlər. Bu isə tolerantlığın əsasıdır. Digər millətlərdə özlərinə qarşı belə isti münasibət görəndə eyni addımı atırlar. Bunu da qeyd edək ki, Azərbaycanda bayramlara insanların fərq qoymadan keçirmələri bəzi kənar qüvvələrdə ciddi qıcıq yaradır. Dəfələrlə şahidi olmuşuq ki, müəyyən qüvvələr yeni il qabağı aktivləşərək müsəlmanların bu bayramı keçirtməsinin haram olması ilə bağlı fikirlər səsləndirir, hətta konkret addımların atılacağını da bəyan edirlər. Amma Azərbaycan cəmiyyəti bu qüvvələri heç bir halda yaxına buraxmır və bu istiqamətdə hakimiyyətin gördüyü işləri də xüsusi dəyərləndirmək vacibdir. Qeyd edək ki, prezident İlham Əliyev ölkə ərazisində yaşayan millətlərə məxsus bayramlar belə olanda onları təbrik edir və bərabərliyi, tolerantlığı elə prezidentin özü cəmiyyətə nümayiş etdirir. Bununla da prezident bu xalqın vahid orqanizm halında birləşməsini təmin edir. Azərbaycançılıq prinsipinin əsas dövlət prinsipi kimi qəbuluda bu imkanları daha da genişləndirir.