"Atamın barmaqları çürüdü, dırnaq sədəfdən çıxdı"
"Atamın barmaqları çürüdü, dırnaq sədəfdən çıxdı"

Xanəndə Babək Niftalıyevin müsahibəsini təqdim edir.
Gənc xanəndə danışdıqca bir daha anlamaq olar ki, Kəlbəcərdən çıxanda cəmi 8 yaşı olmasına baxmayaraq, o faciəvi gün Babəki, yəqin ki, ömrünün sonuna qədər tərk etməyəcək. Kəlbəcərdə gördüyü son mənzərəni son dəfə gözünə, beyninə köçürüb gələn Babəkin yarasının qaysağını qopardığıma görə, içimdə özümü çox qınadım. Amma o qaysaq yara bağlamışdımı ki?

"Atam qışqırırdı ki,
tez olun, gedək"
"1985-ci ildə Kəlbəcərdə anadan olmuşam. Əslimiz Milli Kəndindən olsa da, rayon mərkəzində yaşayıb, boya-başa çatmışam. Ailədə beş nəfər olmuşuq, atam, anam və məndən başqa iki qardaşım. Atam qaynaqçı idi, azdan-çoxdan yaxşı dolanışığımız da olub.
Kəlbəcərdən axırıncı dəfə çıxanda 8 yaşım vardı. Uşaq heç nəyi yaddan çıxarmır axı, inan Allaha, son dəfə Kəlbəcərdən çıxmağımızı anbaan yaddaşıma köçürmüşəm. 1993-cü il aprelin 2-si. Yatmışdım, atamın bərk səsinə oyandım. Hələ balaca qardaşım onda dünyaya gəlməmişdi. Atam qışqırırdı ki, tez olun, yığışın gedək".

"Belə dəhşət
görməmişdim"
"Soruşdum ki, hara gedirik? Qayıtdı ki, Kəlbəcərdən çıxmalıyıq, amma sonra yenidən gələcəyik. Evdən bayıra çıxanda dəhşətli mənzərənin şahidi oldum. Dağların üzərindən mərmilər vıyıldayırdı, bombalar partlayırdı, kəsəsi, 8 illik həyatımda belə dəhşət görməmişdim.

"Maşında yer
olmasaydı, erməniyə
girov qalacaqdıq"
"Atam tələm-tələsik bizi yığıb dedi ki, vertolyota çatmalıyıq. Elə əyin paltarlarımızı güclə götürüb çıxa bildik, çünki atışma səsindən qulaq batırdı. Hər an ölümü gözə alan camaat bir onu bilirdi ki, qaçıb canını qurtarsın. Vertolyota çatanda bizə dedilər ki, yer yoxdur. Kənarda maşın karvanları vardı, atam bizi o maşınlara doğru apardı. Amma orda da bizə yer olmadı. Atamın qaynaq aparatı vardı, onu işlədiyi evlərə gedəndə maşın kimi sürürdü. Bu aparatı da o, özüylə bura gətirmişdi ki, Kəlbəcərdən çıxarsın. Maşın karvanları razılıq vermədilər ki, təkərləri buna dözməyəcək.
Öz qohumumuzun yanına getdik ki, heç olmasa, onlar bizi Kəlbəcərdən çıxaralar, eyni sözləri eşitdik: "Yer yoxdur, adamlar bir-birinin üstünə çıxıb". Təsəvvür edin, həmin vaxt axıra qalan yeganə maşın o idi, əgər o maşında da bizə yer olmasaydı, erməniyə girov qalacaqdıq. Atam yalvar-yaxar elədi ki, öz qaynaq aparatımın təkərlərini söküm verim sənə, bizi yerdə qoyma. Tez-tələsik o aparatın təkərlərini zülümlə söküb "QAZ 53" maşınına yığdılar və rayondan çıxdıq. Gözəl şairimiz Qəmkeş Allahverdinin qardaşı İdris Verdiyevgilin maşınında gəldik".

"Atamın barmaqlarını şaxta vurdu, çürüdü"
"Yazın gəlməsinə baxmayaraq həmin vaxt qar dizdən idi. Murov dağını necə biz zülüm-zillətlə gəlmişik, bunu bir Allah bilir. İnternetdə yayılan şəkillərdə də var o maşın karvanları. Atamgilin də şəkli var, amma mən balaca olduğumdan görünmürəm. Yadımdadır ki, atamın baş və ayaq barmaqlarını şaxta necə vurmuşdusa, barmaqları çürüdü, dırnaq sədəfdən çıxdı. Maşınların sepi olmadığı üçün yerimirdi, atamgil o maşınların arxasına kubik daşı qoya-qoya dağdan aşırırdı. Həmin vaxt sanki bir bütöv ömür yaşamışam. Yadımdadır ki, qardaşım kirimədən atamdan su istəyirdi. Anamgil də özləriylə su götürməmişdilər".