Azərbaycanda milli azlıqlara provakasiya cəhdi
Azərbaycanda milli azlıqlara provakasiya cəhdi

Asim Mollazadə: “Azərbaycanda müxtəlif cəmiyyətlərin, dini cərəyanların provakasiya yaratmaq cəhdlərinin qarşısı alınmalıdır”

Bu sözlərin müəllifi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeindir. Bir neçə çümlə ilə çoxmillətli Azərbaycanda etnik azlıqlara yaradılmış şəraitin real tablosunu çəkən İşeinin bu fikirləri ölkəmizdə yaşayan azsaylı xalqlar tərəfindən də dəstəklənir. Doğurdan da, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayır, ölkənin digər vətəndaşları kimi hüquqlardan istifadə edirlər. Bunu Azərbaycanın tarixində indiyədək dini, milli zəmində ayrı-seçkiliyin, qarşıdurmaların olmamısı da təsdiqləyir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam şəkildə inkişafı bu gün də davam edir. Elə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə söhbətimiz də bu mövzuda oldu.

-Asim müəllim, Azərbaycan çoxmillətli ölkədir və əsrlərdir ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri dinc şəraitdə yaşamaqda davam edir. Azərbaycanda etnik azlıqlara bu münasibətin kökündə nə dayanır?
-Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinə yaradılmış bu mühit tarixən belə olub. Yəni, ölkəmizdə əsrlər boyu azsaylı millətlər başqa bir dövlətdə yaşadıqlarını hiss etməyiblər. Onlara Azərbaycanda elə şərait yaradılıb ki, sanki öz doğma torpaqlarında yaşayırlar. Bu tarixən belə olub. Azərbaycan bütün dünyaya tolerant çoxmillətli ölkə kimi tanınıb və bu gün də buna görə nümunə çəkilir. Azərbaycan öz ərazisində yaşayan bütün xalqlara inkişaf etmək üçün də şərait yaradıb. Bu tarixən Azərbaycanda ənənə halını alıb. Bu gün Azərbaycanda bu mənada Avropadan fərqli mühit yaranıb. Mən hətta deyərdim ki, Avropada digər bölgələrində öz dininə etnik mənsubiyyətinə görə əziyyət çəkən millətlər Azərbaycanda sığınacaq tapıb və inkişaf etməyə şərait yaradılıb. Bu Azərbaycanın çox mühim bir ənənəsidir deyərdim. Azərbaycanda tolerantlıq mədəniyyətlərin əməkdaşlığı iqtiqamətində formalaşıb və mənə elə gəlir ki, bu gənc Azərbaycan dövləti üçün böyük bir naliyyətdir.
-Azərbaycan çoxmillətli ölkə kimi burada yaşayan xalqlara münasibətinə görə müsbət mənada seçilsə də, bəzi hallarda xarici ölkələrdə yaşayan həmvətənlərimizə qarşı ayrı-seçkiliyə rəvac verilir. Milli, dini zəmin üzərində qərarlar qəbul edilir. Bəzi xalqlar diskriminasiyaya məruz qalırlar.
-Azərbaycana qarşı dözümsüzlük olan, radikallıq cərəyan edən ölkələrdə bu hal baş verə bilər. Bir də hər zaman hiddətlə yaşayan ölkələrdə, məsələn ermənilərin fikrində türklərə hər zaman nirfət aşılandıqdan belə şəraitdə hər hansı formada milli, dini ayrıseçkiliyə yol verilə bilər. Amma normal ölkələrdə, tolerantlıq ənənələri olan ölkələrdə azərbaycanlılar normal şəraitdə yaşayır. Sadəcə bir həqiqət var ki, azərbaycanlılar öz torpaqlarına, vətəninə bağlı olduğundan, Azərbaycanın xarici ölkələrdə elə böyük diasporu yoxdur.
-Asim bəy son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
-Doğrudur Azərbaycanın tolerantlıq sahəsində nümunəvi bir dövlətə çevrilməsini şərtləndirən amillər təkcə qeyd olunanlarla məhdudlaşmır. Daha bir vacib nüans ondan ibarətdir ki, ölkəmiz həm də müxtəlif beynəlxalq dini tədbirlərin keçirildiyi əsas məkanlardan biri olaraq da beynəlxalq miqyasda kifayət qədər yaxşı tanınır. Hətta belə demək mümkündürsə, artıq bu qəbildən olan tədbirlərin ölkəmizdə baş tutması ənənəvi xarakter almaqdadır. Bunun nəticəsidir ki, son illər Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib, Bakıda dünya dini liderlərinin sammiti keçirilib. Xatırladaq ki, 2009-cu ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün ölkəmizdə böyük bir tədbir keçirilib. Bundan cəmi bir il sonra isə dünya dini liderlərinin Bakı sammiti baş tutub. Bütün bunlar həm də Azərbaycanın sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən tərəflərdən biri kimi çıxış etməsindən xəbər verir. Bu mənada təsadüfi deyil ki, 2009-cu il Bakı İslam mədəniyyətinin paytaxtı seçildi və həmin il ərzində bununla əlaqədar ölkədə çoxsaylı tədbirlər keçirildi. Ötən ilin sonunda isə Bakıda keçirilən «Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi» birinci Beynəlxalq Bakı Forumu yenidən dünyanın diqqətini Azərbaycana çevirdi. Bütün bunlar eyni zamanda dünya miqyasında Azərbaycanda tolerantlıq mühitinə, onun əsas cəhətlərinə olan marağı artırmaqdadır. Təqdirəlayiq haldır ki, bütün tarix boyu Azərbaycanda bir dəfə də olsun belə dini və etnik zəmində ədavət, qarşıdurma olmayıb, bütün millətlərin nümayəndələrinə hər zaman eyni münasibət sərgilənib. Çünki bu, bütövlükdə cəmiyyətin, dövlətin özünün inkişafına böyük təkan verir. Xatırlatmaq yerinə düşərdi ki, əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşayan millətlərin, dinlərin nümayəndələri ölkəmizin inkişafında özünəməxsus rol oynayıblar və oynamaqdadırlar. O da danılmaz həqiqətdir ki, ölkəmizdə din xadimlərinin, eləcə də dinə bağlı insanların Azərbaycanda gündəlik fəaliyyəti üçün hər cür şərait və sərbəstlik yaradılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə iki minə yaxın məscid, on bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Bu dini və maddi mədəniyyət abidələrinin qorunması, hələ bundan sonra neçə onilliklər boyu fəaliyyət göstərməsi üçün dövlət tərəfindən müvafiq addımlar atılır. Bütün bunların nəticəsidir ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri, o cümlədən müsəlmanlar, yəhudilər, xristian icmasının təmsilçiləri və digərləri dostluq, qardaşlıq şəraitində yaşayıb fəaliyyət göstərirlər.
-Ölkəmizdə azsaylı xalqlara qarşı yaradılmış şərait beynəlxalq səviyyədə rəğbətlə qarşılansa da, bəzən Azərbaycanın bu imicini ləkələməyə cəhdlər də olur.
-Yerli və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən aparılan çoxsaylı tədqiqatlar, sorğular da göstərir ki, həqiqətən Azərbaycan cəmiyyətində dini tolerantlıq olduqca yüksək səviyyədədir və xalqımızı xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. Konfessiyalar və millətlərarası tolerantlığın daim yüksələn xətt üzrə inkişaf etməsi isə Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət mərkəzində yer alan əsas prioritetlərdəndir. Bu istiqamətdə dövlət məqsədyönlü siyasət həyata keçirir, müvafiq tədbirlər görür, dünyəvi ölkə kimi konfessiyalararası istənilən ədavət və ziddiyyətin yaranmasına xidmət edən cəhdin qarşısı vaxtında, effektiv şəkildə alınır. Ölkəmizdə milli siyasəti müxtəlif xalq, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Prezident İlham Əliyev də bu xüsusda bəyan edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: “Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.
Amma radikal dini dözümsüzlük zorakılığı Azərbaycana aşılamaq istəyən qüvvələr də yox deyil. Ona görə də, Azərbaycan ayıq olmalıdır. Azərbaycanda müxtəlif cəmiyyətlərin, dini cərəyanların provakasiya yaratmaq cəhdlərinin qarşısı alınmalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin buna kifayət qədər gücü var.
-Cəhdlər hansı vasitələrlə olur?
-Hansısa dini radikal qruplar tərəfindən, onların fəaliyyəti vasitəsilə bunu həyata keçirmək istəyirlər. Yaxud da hansısa digər ölkələrdəki münaqişələri Azərbaycana ixrac etmək vasitəsilə bunu etməyə çalışırlar. Amma qeyd etdiyim kimi, Azərbaycanda azsaylı xalqlar, müxtəlif dinə sitayiş edənlər dinc şəraitdə qardaşlıq əlaqələrində yaşayırlar. Bu əməkdaşlıq ənənələri həmin qüvvələrin provakasyon əməllərinin Azərbaycanda həyata keçməsinin qarşısını alır.
-Ölkəmizdə milli azlıqlarla münasibətlərin daha da inkişaf etdirilməsi, ümumiyyətlə bu sahədə Azərbaycanda hansı istiqamətdə işlərin aparılmasına ehtiyac var?
- Mövcud sivilizasiyaların dialoqu genişləndirilməli, bu sahədə mövcud forum, tədbirlərin keçirilməsi davam etdirilməlidir. Həmçinin medianın rolu vasitəsilə ictimai maarifləndirilmə də aparılmalıdır.