Dini tolerantlığa uzanan əllər
Dini tolerantlığa uzanan əllər

Xarici qüvvələrin qurduğu qruplar zaman-zaman təhlükə mənbəyinə çevrilir

Azərbaycanda dini tolerantlığın qorunması üçün bütün addımlar atılır. Buna baxmayaraq ölkə kənarındakı müəyyən qüvvələr hər fürsətdə dini parçalanma yaratmaqla tolerantlığa zərbə vurmağa çalışırlar. Bu məsələdə Səüdiyyə Ərəbistanı və İranın bəzi qüvvələri daha aktiv görünürlər. Elə bu səbəbdən də insanların aldadılmaması və bu qüvvələrin təsirinə düşməmələri üçün addımlar atılır.
Elə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın son addımıda buna misal ola bilər. Belə ki, dövlət müşaviri Novruz bayramı günlərində Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarında olub.Dövlət müşaviri əvvəlcə həmin rayonlarda ictimaiyyət nümayəndələri və ziyalılarla görüşüb. Səmimi və açıq dialoq şəraitində keçən görüşlərdə Azərbaycanda millətlərarası münasibətlər, etnik dillərin və mədəniyyətlərin, zəngin multikulturalist ənənələrin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.Daha sonra Dövlət müşavirinin Lənkəran, Astara, Quba, Qusar və Xaçmaz rayonlarının və kəndlərinin bir sıra məscidlərində, Qırmızı Qəsəbədəki (Quba rayonu) sinaqoqda, eləcə də Xaçmaz rayonunda rus pravoslav kilsəsində dini icma üzvləri və ruhanilərlə görüşlərində dövlət-din münasibətlərinin mövcud durumu, etnik-dini tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilib.Bunu da qeyd edək ki, hazırda həqiqətən şimal və cənub bölgəsində süni şəkildə bir gərginlik yaradılır. Əsasən İrandakı müəyyən qüvvələr şiəliyi az qala İranın ənənəsi kimi təqdim etməklə Azərbaycan şiələri üçün İranı müqəddəsləşdirirlər. Hətta elə qanadlar var ki, Azərbaycanı İranın bir əyaləti kimi də təqdim edirlər. Həmçinin İrana bağlılığı olmayan din xadimlərinə qarşı az qala səlib yürüşü elan ediblər. Elə bu günlərdə bunun başqa bir nümunəsini də gördük. Belə ki, İrana bağlılığı olan din nümayəndəsi Hacı Firuz Qədimov din xadimi Hacı Şahini aşağılayaraq əsl İran mövqeyini ortaya qoyub. : "Sənə son xəbərdarlığı edirik, özüvü yığışdır və etiqadımızı gizlətmə. Hacı Şahin özünü elə aparır ki, guya şiəliyinin müdafiəçisidir.Ərdoğanın şiyəlikdə təqiyyə barədə dediyinə cavab verməklə əslində özünü biabır etdi". Bu sözləri Hacı Firuz Qədimov yazıb. O yazır ki, Hacı Şahini qınamır, çünki onun İranda müctəhidlərin yanında təhsil almadığını iddia edib. "Əhli şiyəlikdə təqiyyənin nə olduğunu heç şiyə ülaması da gizlətmir və şiyəlikdə təqiyyə etiqad məsələsidir. Şiyəlikdə təqiyyə Hacı Şahinin dediyi kimi təqib zamanı və ya problem olanda deyil. Şiyəlikdə təqiyyə müxalifi, yəni əhli sünnəni aldatmaq üçün onun kimi danışa bilərsən. Baxın İran müctəhidlərimizə, Ərəb ölkələrində konfranslarda Abu Bəkri, Öməri tərifləyən sözlər deyirlər. Sünnilər şiələrə deyəndə ki, baxın sizin filan müctəhidini belə dedi. Dərhal cavab veririk ki, müctəhid təqiyyə edirdi". Hacı Firuz Qədimov daha sonra misal olaraq göstərir: "Misal üçün əhli şiənin öz mötəbər kitablarından "Biharul Anvar" kitabında Əbu Bəkri, Öməri və Aişəni tərifləyən çox sözlər var. Hacı Şahin kimisinə deyəndə ki, axı buda sizin ən mötəbər kitabınız və imamların dilindən təriflər. Dərhal cavab verir ki, imamlar təqiyyə edib. Camaata belə dediyin halda nə üçün əsl etiqadımızı gizlədirsən". Məktubu yazan şəxs bildirir ki, Hacı Şahinin sadəcə, bəxti gətirib. "Hakimiyyət Azərbaycan şiələrini İran müctəhidlərindən uzaq tutması və İran müctəhidlərinin fətvalarına inanmamaları üçün Azərbaycan şiəliyini sənin ətrafında toplamağa çalışır. Hacı Abgül məsələsindən sonra hakimiyyət gördü ki, Azərbaycan şiəliyi İran müctəhidlərinin fetvaları ilə mitinqlər təşkil edir və müxalifətlə birləşirlər. Heç zaman səndən müctəhiddə olmayacaq. Həmişə hakimiyyətin maraqlarına uyğun şiəliyi təbliğ edəcəksən". Şiəlikdə təqiyyə nədir məsələsinə toxunan Hacı Firuz qeyd edir ki, ən
mötəbər şiə alimi Şeyx Mufid təqiyyəni belə izah etmişdir: "Təqiyyə haqqı və etiqadı gizli gizlətmək və müxalifləri bu vasitə ilə susdurmaq, çaşdırmaqdır.( Tashih al-Etiqad kitabı səh 115)" Mötəbər şiə alimimiz al-Bahrani demişdir: "Müxaliflərin etiqadına görə özünün də o etiqadda olduğunu göstərməsinə təqiyyə deyilir" (al Kaşkul kitabı cild 1 ,səh 202)" Ən mötəbər şiə alimimiz Muhamməd bin Əli ( ləqəbi saduqdur) demişdir: "Təqiyyə vacibdir.Kim təqiyyəni tərk edərsə sanki namazı tərk etmiş kimidir.Təqiyyəni tərk etmək olmaz. Təqiyyə etmək sahib zaman zühür edənə qədər vacib olaraq qalacaqdır. Kim sahib zaman zühur etmədən təqiyyəni tərk edərsə artıq islam dinindən çıxmışdır" (Etiqad Risaləsi səh 104). İmamımız Cəfər Sadiq(aleyhissalam) demişdir:"Təqiyyə etməyən bizdən deyildir" (AL Amali Tusi kitabı səh 287) İmam Bəqirdən ən kamil insan barədə soruşurlar. O belə cavab verir: "Ən kamil insan təqiyyə etməyi ən yaxşı biləndir". ( Usul Al Asila kitabı səh 324) Məktubun müəllifi daha sonra yazır:- "Yoxsa çoxdan İrandakı mücətidlərimiz sənin kafir hökmünü vermişdilər. İranda özündə bilirsən tanıdığmız müctəhidlə danışdıq. O çox rəhimli insandır. Bizə dedi ki, hakimiyyətin yanında olmasını təqiyyə kimi qəbul edin. Hacı Firuz Qədimov daha sonra bildirir ki, Ərdoğan əslində düz deyir. "Nurçuların lideri Fətullah Gülən öz sünnilərinə qarşı bizim təqiyyəmizdən istifadə edir. Fətullah Gülən ilk sünnidir ki, şiələrin təqiyyəsindən istifadə edib. Bu əslində yaxşıdır. Çünki bizim təqiyyədə haqlı olduğumuzu göstərir". Məktubu yazan şəxs sonda Hacı Şahinə xəbərdarlıq da edib. "Hacı Şahin sənə son xəbərdarlığımız. Özüvü yığışdır. Etiqadımızı gizlətmə. Allahşükür Paşazadə qədər ola bilmədin. Heç zaman etiqadımızda əsas məsələləri gizlətmir". Burada diqqətimizi cəlb edən məqam Firuz Qədimovun bilmədən bir şeyi etiraf etməsidir. O, açıq şəkildə bildirir ki, İranda din xadimləri fətva verən kimi Azərbaycanda dindarlar ayağa qalxır və mitinq keçirirlər. Bu bir reallıqdır və bu açıq şəkildə sübutlayır ki, məlum qüvvələr üçün Azərbaycanın yox, İranın maraqları daha vacibdir. Biz bunu dəfələrlə İslam partiyasının timsalında da görmüşük. Hətta bu partiyanın rəsmiləri dəfələrlə İranın Ermənistana dəstək olmasına haqq belə qazandırmağa çalışıblar. Bunu da qeyd edək ki, İranın ciddi dayaqlarından biri də Nardarandadır. Dəfələrlə açıq şəkildə görünüb ki, Azərbaycan hakimiyyəti ilə İran münasibətlərində gərginlik yaranan kimi hansısa bəhanədən istifadə edən Nardarandakı qrup aktivləşir, hakimiyyətə itaətsizlik nümayiş etdirilir. Bununla da sanki İran Azərbaycana əzələ nümayiş etdirir. Siyasiləşmiş bu dini qruplaşmalar son prezident seçkilərində də fürsətdən yararlanmağa çalışdılar. Belə ki, İslam partiyasının üzvləri, həmçinin İrana sıx bağlılığı olan qüvvələr müxalifətin cəmləşdiyi Milli Şuraya meyilləndilər və hakimiyyətə qarşı sərt mövqe sərgilədilər. Bunu da qeyd edək ki, on il öncə bu qüvvələr daha ciddi qüvvəyə çevrilmişdilər. Amma hakimiyyətin həyata keçirtdiyi doğru siyasi yanaşmadan sonra bu qüvvələr kifayət qədər zəiflədilər. Buna baxmayaraq yenə də müəyyən zamanlarda problemlər yarada bilirlər. Qeyd edək ki, öncələr bu tip qruplaşmalar cəmiyyətin içinə girə bilmişdilər və cəmiyyətin inamını da qazanmışdılar. Amma indi cəmiyyətdə bilir ki, əslində bunlar dindən bəhrələnməklə başqa dövlətin maraqlarını təmin edirlər. Ekspertlər hesab edir ki, buna görə mütləq maarifləndirmə işləri gücləndirilməli, dini təmayüllü verlişlər açılmalı və bununlada bu tip qruplaşmaların insanları aldatmasının qarşısını almalıdırlar. Xatırladaq ki, artıq bu istiqamətdə işlərə start verilib və ciddi maliyyə
dəstəyi ilə təmin olunub. Bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi seminarlar təşkil edib və müəyyən dini birliklərə bir başa maddi dəstək ayırır. Həmçinin Prezident yanında QHT-lərə Dəstək Fonduda dini maarifləndirmə ilə bağlı qrand layihələri həyata keçirir. Mütəxəssislər hesab edir ki, bunlarla yanaşı dini kitablarında çapına və yayılmasına ehtiyac var. Çünki bu sahədə bir boşluq var və olan kitabların da əksəriyyəti ya İran ya da Səüdiyyə Ərəbistanından olan müəlliflər tərəfindən yazılıb. Bu kitabların həm də böyük əksəriyyətində hansısa formada siyasi maraqlar güdülür. Təriqətlərin təbliğinə xüsusi üstünlük verən bu kitablar isə özlüyündə tolerantlığa ağır zərbə vurur. Öncələr bu tip kitabların ölkəyə gətirilməsi yasaq edilmişdisə artıq indi internet resursları vasitəsi ilə sürətlə yaya bilirlər.