Millət vəkili: "Daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi  vəhşiliklər soyqırım kimi qiymətləndirilməlidir"
Millət vəkili: "Daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi
vəhşiliklər soyqırım kimi qiymətləndirilməlidir"

"1918-ci ildə Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir".
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, bunu 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə institutun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva deyib.
Onun sözlərinə görə, ermənilər XX əsrin əvvəllərində yalnız bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur və Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Ermənilər bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetiriblər:
Millət vəkili qeyd edib ki, tarixin hələ tam açılmamış səhifələrindən olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir: "Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlanan öz doğma torpaqlarından didərgin salınmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdiyi qırğınlardan 95 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. 1918-ci ildə ermənilər insanlara qarşı amansızlıq etdikləri kimi, mədəniyyət abidələri və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Həmin vaxt Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırım kimi qiymətləndirilməlidir".
G.Baxşəliyeva bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "31 mart Azərbaycanlıların Soyqırım haqqında" fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.