Roza Zərgərli: “Axundov kitabxanasına gedirdim”
Roza Zərgərli: “Axundov kitabxanasına gedirdim”

Kulis.az məşhur müğənni Roza Zərgərli ilə qısa müsahibəni təqdim edir.
- Orta məktəbi necə oxumusuz?
- Yaxşı oxumuşam. Qiymətlərim 4-5 olub.
- "Uşaq və Buz" şeiri yadınızdadırmı? Mümkünsə deyərdiniz...
- Dərsə gedən bir uşaq,
Çıxdı buz üstə qaçaq,
Sürüşdü birdən birə,
buza söylədi belə.
Sən nə yamansan ay buz,
adam yıxansan ay buz və s.
- Məktəb illərində oxuduğunuz hansı əsərləri xatırlayırsız?
- "Voyna i mir" , " Aleksandır Velikiy" , " İsgəndərnamə" .
- İlk oxuduğunuz kitab? Mümkünsə ətraflı xatırlayın. Necə və hansı şəraitdə oxudunuz?
- Uşaq vaxtı "1001 gecə" nağılı kitabını ilk dəfə oxudum. Böyük kitab olub. 68 vərəqdən ibarət bölüm-bölüm, əfsanəvi Şərq nağılları. İkinci oxuduğum kitab isə " Timur və komandası" adlı kitab idi.
- Həyatınıza təsir edən kitab olubmu?
- Bəli olub. “Titanik” gəmisi haqqında kitab oxumuşam. İki hissədən ibarət olub. Birinci hissəsi “Titanik” gəmisinin tarixi haqqında idi. İkinci hissəsi isə filmin çəkilişi haqqında. Hətta filmdə oynayan baş qəhrəmanlardan biri olan Keyt Uinslet əslində aktrisa olmayıb. Rejissor onu görüb və filmə uyğun xanım olduğunu düşünərək çəkilməyi təklif edib. Katerina isə həmin vaxt nişanlı olubmuş. Nişanlısı deyib ki, ya filmə çəkiləcəksən, ya da ki, biz ayrılacağıq. Keyt isə filmi seçib. Mənə təsir edən də o olub ki, insan sənəti üçün nələri qurban verib.
- Müqəddəs kitablardan hansıları oxumusuz?
- "Qurani Kərim"in tərcüməsini oxumuşam. Onu mənə keçən il ad günümdə Təbriz adında fanatım hədiyyə edib.
- Axırıncı dəfə nə vaxt kitab oxumusuz?
- Keçən il təyyarədə roman oxumuşam.
- Kitab seçiminizə nə təsir edir?
- Zövqüm. Kitab seçimində bəzən romana, bəzən bədii əsərlərə, bəzən də, treylerlərə üstünlük verirəm. Yəni kitab seçimimə təsir edən ilk amil mənim zövqümdür.
- Kitab alırsız? Yoxsa hədiyyə edirlər? Alırsınızsa sonuncu dəfə hansı kitabı almısız?
- Daha çox hədiyyə alıram. Sonuncu dəfə təqdimatımda aktyor dostum Tərlan mənə kitab hədiyyə edib.
- Kitabı daha çox hansı fəsillərdə oxuyursuz?
- Düzü fəsillə oxumuram. Uzun yol gedəndə, təyyarədə vaxtım olursa o zaman oxuyuram. Amma keçən ilin sentyabr ayına qədər hər gecə yuxudan qabaq oxuyurdum.
- Kitabxananız varmı? Varsa əsasən hansı kitablardır. Yoxdursa, ümumiyyətlə evinizdə kitab varmı?
- Kitabxanam yoxdur. Amma evimdə oxuduğum kitablarım var.
- Təkrar oxuduğunuz kitablar olubmu?
- Bəli olub. Çingiz xanın həyatı ilə bağlı kitabı iki dəfə oxumuşam. "Sülh və müharibə" kitabını isə uşaq vaxtı dörd dəfə oxumuşam. “Timur və komandası" adlı kitabı da təkrar-təkrar oxumuşam.
- Hansı mövzular sizə daha maraqlı gəlir və nə üçün?
- Əgər yüngül bir şeylər oxumaq istəyirəmsə sevgi romanları oxuyuram. Maraqlı və özümə yaxın bildiyim janrlar isə kriminal dramlardır. Onlara daha çox üstünlüklər verirəm.
- Yandırmaq istədiyiniz kitab olubmu?
- Yox, yox, yox! Qəti! Mən hətta elektron kitabların da əleyhinəyəm. Çünki kitabı hiss etmək lazımdır. Əgər onu hiss etmədinsə, kitabın qoxusunu içinə çəkmədinsə onun marağı olmur. Mən hətta əvvəllər “Axundov kitabxanası”na gedirdim, orada oxuyurdum kitabları. İnsanlar hamısı birtəhər baxırdı ki, müğənni gəlib kitabxanada saatlarla kitab oxuyur.
- Hansı kitabları hamıya məsləhət görərdiz?
- Tarixi kitabları məsləhət görərdim. Çünki özüm tarixi kitabları oxumağı çox sevirəm.
- Kitab oğurlamısınızmı?
- Oğurlamamışam. Belə deyim icarəyə götürüb oxumuşam, bir aydan sonra da qaytarmışam.
- Maraqlı hesab etdiyiniz yazıçı və şairlər...
- Fizulini çox sevirəm. Klassiklərdən Tolstoyu bəyənirəm. Əcnəbilərdən Conatan F-nin "Qadın sirli aləm" romanını bəyənirəm. Ruslardan isə "Kafkaznaya plennicca" şeirini çox bəyənirəm.
- Sevdiyiniz şeir hansıdır? Əzbər bilirsiz?
- Sevdiyim və qəlbimə toxunan şeirlər çoxdu. Amma indi yadıma düşmür. Düşsə deyəcəm.
- Oxuduğunuz mahnılarda sözlərə fikir verisinizmi?
- Mütləq. Mənim mahnılarımda bəndlər təkrar olunmur. Mahnımda olan sözlər ssenari və məntiq daşıyır. Özüm rejissor olduğum üçün bunlara diqqət yetirirəm. Bütün sözlərdə hadisələr var. Elə sözlər var ki, nələrdənsə bəhs edir. Qafiyə üçün oxumuram mən. Hətta elə vaxt olur ki, təqdim olunan musiqini çox bəyənirəm, amma sözləri xoşuma gəlmir. O zaman musiqini saxlayıb, sözləri dəyişirəm.
- Sizcə Axundov kimdir?
- Necə yəni kimdir?! Yazar, filosof. Dərinə getsən teatrşünasdır.
- Cavablara görə təşəkkürlər.
- Mən də sizə təşəkkür edirəm... Xeyirli-uğurlu olsun. Bütün kitab sevənlərə demək istəyirəm ki, kitabları sevin, onlarla incə davranın. Kitabın kağızlarını əzməyin. Onu qələmlərlə yazmayın. Bir ara qızımın məktəbdə pis vərdişi var idi. Kitabı qələmlə işarələyirdi. Mən buna görə onu həmişə danlayırdım ki, heç olmasa sadə qələmlə yaz, sonra poza biləsən.
R: Bayaqdan siz mənə suallar verirsiz, indi mən sizdən soruşum. Kitab nədən hazırlanır bilirsiz?
M: Bəli, bilirəm, ağacdan.
R: Bəs ağac nəyin üzərində bitir?
M: Torpağın.
R: Bəs torpaq nə ilə qidalanır?
M: Su ilə.
R: Görürsünüz, əgər torpaq su ilə qidalanırsa, insanlar kimi demək ki, ağac da canlıdır. Və ondan yaranan kitab da canlıdır. Çalışın, kitabları qoruyun və sevin. Təşəkkürlər.