Dini tolerantlığın Azərbaycan modeli dünyaya nümunədir
Dini tolerantlığın Azərbaycan modeli dünyaya nümunədir

Musa Quliyev: “Kiçik bir qığılcımın olması da bizə işarə olmalıdır və bizi lazımi tədbirlərin görülməsinə sövq etməlidir”

Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşdiyindən, ölkəmizdə müxtəlif dinə sitayiş edən xalqlar cəmləşdiyindən dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Amma bütün bunlara rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında lider sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunsa da, fəxr edəcək haldır ki, Azərbaycan müxtəlif dinlərə sitayiş edən insanların birgə yaşadığı, barmaqla sayılacaq qədər çox az sayda olan ölkələrdəndir.
Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlər üçün ibadət evlərinin olması bunun bariz nümunəsidir. Müxtəlif dinlərə mənsub insanların münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması isə artıq Azərbaycanı bütün dünyaya tolerantlıq nümunəsi kimi tanıdıb. Doğurdan da, bu gün istənilən cəmiyyətdə sabitlik və təhlükəsizliyin mövcudluğunu şərtləndirən əsas amillərdən biri dini dözümlülük, müxtəlif dinə sitayiş edən insanların tolerantlıq şəraitində yaşaya bilməsi ilə birbaşa bağlıdır. Sözügedən amil həm də davamlı inkişafın möhkəm əsasını yaradan ən vacib faktorlardan biri kimi çıxış edir. Dünyanın mövcud siyasi və dini xəritəsinə nəzər yetirməklə qeyd edilənlərin çoxsaylı real nümunəsinə rast gəlmək mümkündür. Artıq sosial bir fenomenə çevrilən dini tolerantlıq günümüzdə həm də multikulturalizmin əsas təzahür elementlərindən birinə çevrilib. Modern tərəqqi yolunda uğurla irəliləyən Azərbaycanı da xarakterizə edən əsas xüsusiyyətlərdən biri yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmasıdır. Qloballaşan dünyada milli-mənəvi dəyərləri, mədəni fərqliliyi qoruyub-saxlamaq və gələcək nəsillərə ötürmək çətin olduğu qədər də vacibdir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı, dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir.Bütün bu məsələlərə aydınlıq gətirmək üçün millət vəkili Musa Urudun “Unikal”a verdiyi müsahibəni təqdim edirik
-Musa müəllim ölkəmizdə dini tolerantlıqla bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycan xalqı çox tolerant bir xalqdır. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində çox tolerant bir xalqdır. Azərbaycan xalqı özünə mənsub olan və bu ölkənin qanunlarını pozmayan istənilən milli mənəvi daşıyıcısına hörmətlə yanaşır. İndiyə qədər inanmıram ki, hansısa bir şəxs Azərbaycanda ona dözümsüz münasibət göstərilməsindən şikayətlənsin. Kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə burada təzyiqə məruz qalması, yaxud hər hansı bir pis münasibətlə üzləşməsindən gileylənə də bilməz. Bu ondan irəli gəlir ki, Azərbaycan tarixən tolerant münasibət sərgiləyən bir ölkə olub. Azərbaycanın özünəməxsus dini və milli ənənələri var, lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Bu gün Azərbaycanın dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə aid olan şəxslər çalışır. İnanın ki, heç yerdə Azərbaycanda olduğu qədər dözümlülük yoxdur. Hətta Avropada da bəzən milli və dini zəmində kataklizmlər baş verir. Azərbaycan bu baxımdan bir model kimi nümunə ola bilər. Bəzən biz hansısa beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı tənqidlər eşidirik. Çox sevindiricidir ki, bütün hesabatlarda Azərbaycanda tolerantlıq olduğu xüsusi vurğulanır və bundan məmnunluq duyulduğu qeyd edilir.
-Azərbaycanın dini baxımdan tolerant olduğunu vurğuladınız. Amma son vaxtlar dini tolerantlığın Azərbaycan modelini laxlatmağa cəhdlər də olur. Sizcə bu cəhdlər təsirsiz ötüşməyə bilərmi?
- Bu gün baxmayaraq ki, müxtəlif dini təriqətlər Azərbaycana ayaq açıb, müxtəlif pozucu qüvvələr öz təsirini göstərməyə çalışır. Amma buna qarşı Azərbaycanın dövlət qurumları, eləcə də cəmiyyət mübarizə aparır və qəti sözünü deyir. Heç kəs deyə bilməz ki, Azərbaycanda kimisə dini inancına görə siyasi baxışına görə hər hansı mənəviyyatın daşıyıcısı olmasına görə təqib olunur. Çünki, bu fakt olaraq mövcud deyil. Ona görə də dəfələrlə Azərbaycanda tolerantlıqla bağlı keçirilən tədbirlərdə və ictimai-siyasi görüşlərdə Azərbaycan dünyaya bir tolerantlıq nümunəsi kimi göstərilir. Bu bizim tərəfimizdən deyil, yüksək səviyyəli bu sahənin biliciləri yüksək səviyyəli qonaqlar Azərbaycanı dünyaya tolerantlıq nümunəsi kimi təqdim edirlər. Baxmayaraq ki, Azərbaycanda müxtəlif dinin daşıyıcıları tarixən mövcud olub, yanaşı yaşayıblar, istər yəhudi, istər xristian provaslav, katolik, hətta ateist insanlara sivil bir Azərabaycanda münasibət var. Bizim ölkədə insanlara hansı dili danışması, hansı dinə qulluq etməsi, hansı siyasi baxışı olmasına görə fərq qoyulmur və bu ənənə şəklində davam edir. Bu mənada biz Azərbaycandakı bu dini tolerantlıqla fəxr edə bilərik. Azərbaycanda zaman-zaman müxtəlif təşkilatlar, radikal cərəyanlar vasitəsilə bu ənənəni pozmağa, tolerantlıq modelini zəiflətməyə yönəlik addımlar atılıb. Amma hüquq mühafizə orqanları bu sahədə səlahiyyətli dövlət qurumları belə cəhdlərin qarşısını ciddi cəhdlə alıblar. Azərbaycan cəmiyyəti özü əks təsirini göstərir. Baxmayaraq Azərbaycanda son vaxtlar İslamın müxtəlif təriqətlərinin vəhhabiliyin, nurçuluğun yayılması ilə bağlı fikirlər səslənir. Mən bunları ciddi qəbul etmirəm və düşünürəm ki, Azərbaycan cəmiyyətini, Azərbaycan dövlətini laxladacaq gücdədir. Bununla belə, kiçik bir qığılcımın olması da bizə işarə olmalıdır və lazımi tədbirlərin görülməsinə bizi sövq etməlidir.
-Sizcə Azərbaycanda dini tolerantlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?
- Mənim fikrimcə, daima maarifləndirmə işləri aparılmalıdır. Mən bu mənada Qafqaz Müsəlmanları İdarəsinin İslam dininin əsas fundamental kitablarının nəşrini, onların yayılmasını vacib hesab edirəm. Və düşünürəm ki, bunun çox ciddi əhəmiyyəti var. Azərbaycanda başqa dinlərə məxsus ayinlərin, bayramların böyük coşqu ilə keçirilməsi çox yaxşı bir ənənədir. Gördüyünüz kimi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev həmin bayramlarda müxtəlif dinlərin daşıyıcıları olan insanları təbrik edir, onlara hörmət etiramını ifadə edir. Bunun özü bir daha təsdiqləyir ki, ölkəmizin başçısı başda olmaqla Azərbaycanda dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına eyni dərəcədə hörmət, ehtiram göstərilir. Dinə xürafat şəklində deyil, şüurlu şəkildə inanılmasına və qavranılmasına dair addımların atılması müsbət haldır. Bu dini tolerantlığın möhkəmlənməsinin, müxtəlif radikal dini cərəyanların qol-qanad açmasının qarşısını alır.
- Azərbaycanda müxtəlif dinin daşıyıcılarının, müxtəlif dinə məxsus insanların bir ortamda yaşaması, həmdə onlara hüquqi baxımdan azad bir mühitin yaradılması həmin insanlara hansı imkanlar açır?
-Etnik azlıqlar doğma dildə təhsil hüququ da daxil olmaqla, azərbaycanlılarla bərabər bütün hüquqlardan sərbəst istifadə edirlər. Talışlar, avarlar, ləzgilər, ruslar, ukraynalılar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla, Azərbaycanda 40-dan çox azlıq və etnik qrup var. Unutmayaq ki, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi çoxmədəniyyətli bir cəmiyyətdir. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərə mənsub xalqlar sülh və harmoniya şəraitində yaşayıb. Beynəlxalq Tolerantlıq Gününü qeyd etməklə Azərbaycan dünyanın beş ən tolerant ölkəsi sırasına daxil olub. Azərbaycanın tolerant ölkə olması faktı bir çox elm adamları, siyasətçilər, jurnalistlər və ictimai xadimlər tərəfindən tanınır. Bir çoxları inanır ki, Azərbaycan dünyada etnik və dini tolerantlığın yaxşı bir nümunəsi kimi xidmət edə bilər. Həm İslam, həm xristianlıq, həm də yəhudilik əsrlər boyu Azərbaycanda sülh şəraitində birgə mövcud olub. Onların hamısı bərabərhüquqlu şəxslər kimi ölkəmizdə təqib olunmadana azad mühitdə mehriban yaşayırlar. Yəhudilər artıq 2500 ilə yaxındır ki, Azərbaycanda yaşayırlar. Yəhudilər Sasanilərin dövründən burada məskunlaşmış bir etnosdur. Lakin tarixin heç bir dövründə yəhudilərə qarşı nə milli, nə dini, nə də məişət zəminində heç bir arzuolunmaz münasibət olmayıb. Bu gün Bakı Dövlət Universitetində ivrit fakültəsi var. Ümumiyyətlə, Azərbaycanda doğulub burada böyüyən bir insan kimi burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət görməmişəm. Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var, biri Yerusəlim, biri də Quba. Üçüncü belə bir yer yoxdur. İstər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir.