Avropa Liqası: "Valensiya" mümkünsüzü bacardı
Avropa Liqası: "Valensiya" mümkünsüzü bacardı

"Yuventus", "Benfika" və "Sevilya" da mərhələ adladı

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib.

"Benfika" Hollandiyada məğlub etdiyi "Alkmaar"la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar.
İtaliya "Yuventus"u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri "Lion"u evdə də 2:1 hesabı ilə məğlub ediblər.
İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. "Sevilya" "Porto"dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib.
"Valensiya"-"Bazel" qarşılaşmasında isə Avropa Liqası tarixində indiyədək görünməmiş hadisə qeydə alınıb. Belə ki, yarışın tarixində ilk dəfə 1-ci oyunda 3 top fərqilə uduzan komanda sonda mərhələ adlayıb.
Buna İspaniyanın "Valensiya" klubu imza atıb. Pireneylilər ötən həftə İsveçrədə "Bazel" tərəfindən darmadağın edilsə də, 0:3 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Oyunun 90 dəqiqəsində 3 cavabsız qol vuran valensiyalılar əlavə vaxtda daha 2 qol vurmağa nail olub.
Qeyd edək ki, 2009-cu ilin yayından Avropa Liqası adı altında keçirilən yarışlarda bunadək heç bir komanda 3 top fərqini aradan qaldırmamışdı. Amma bu turnirin əvvəlki adı - UEFA kuboku dövründə nəinki 3, hətta 4 topun əvəzini də çıxanlar olub. 1984/85 mövsümündə Serbiya "Partizan"ı İngiltərə "Kuins Park Reyncers"ini (2:6, 4:0), növbəti mövsümdə isə İspaniya "Real"ı Almaniya "Borussiya"sını (Dortmund) əzmkarlıqla (1:5, 4:0) keçmişdi. Səfərdə 3:0 hesabı ilə məğlub olan "Valensiya" öz meydanında əsas vaxtda "Bazel"in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda "Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. "Valensiya" isə daha 2 qol vuraraq yarımfinala yüksəlib.
Avropa Liqası, 1/4 final, cavab oyunları, 10 aprel:
"Sevilya" (İspaniya) - "Porto" (Portuqaliya) - 4:1
Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90
Qırmızı vərəqə: Coke, 54 ("Sevilya")
İlk oyun - 0:1
"Benfika" (Portuqaliya) - "Alkmaar" (Hollandiya) - 2:0
Qollar: Rodriqo, 39; 71
İlk oyun - 1:0
"Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18
İlk oyun - 1:0
"Valensiya" (İspaniya) - "Bazel" (İsveçrə) - 5:0
Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118
Qırmızı vərəqə: Diaz, 100 ("Bazel"), Sauro, 105 ("Bazel")
İlk oyun - 0:3
İlkin Həsənoğlu