"Əsəd Cahangir bəzən belə deyir, bəzən elə deyir"
"Əsəd Cahangir bəzən belə deyir, bəzən elə deyir"

Məmməd İsmayıl: "Adamlar mənim haqqımda danışmaqdan ehtiyatlanırlar"

Tanınmış şair, Az.TV-nin keçmiş sədri, bir zamanların məşhur "Gənclik" jurnalının ilk baş redaktoru Məmməd İsmayılla müsahibə.
- Məmməd bəy, bildiyim qədərilə, Türkiyə universitetlərinin birində çalışırsınız. Orda həyat necə keçir, nə işlə məşğulsunuz?
- Burda həyat yaxşı keçir, Türkiyə mənim üçün qardaş qürbətdir, məcburi qürbətdir. Desəm ki, burda həyat lap yaxşı keçir, yalan olar, amma öz daxili imkanlarını izhar etmək imkanı olmayan, üzünə tabut qapısından qeyri bütün qapıların qapalı olduğu bir məmləkətdə neynəyəcəkdim, məcbur idim qürbətə gəlməyə. İki yolum vardı, ya Türkiyəyə üz tutmalıydım, ya Rusiyaya, çünki ancaq bu iki ölkənin dilini bilirdim. Rusiyada məni daha yaxşı tanıyırdılar, amma rusların 1990-cı illərdə Azərbaycanda törətdiklərindən sonra o ölkəyə getmək istəməzdim. Ona görə də Türkiyəyə gəldim. Qəribə bir şeydir ki, indi çalışdığım Çanaqqala şəhəri mənim alın yazımın şəhəridir. 1988-ci ildə yazdığım bir şeirdə belə demişdim:
İki sahil yaxasıyam
Həsrət-həsrət baxasıyam
Mən Dardanel boğazıyam
Hər kəs məndən keçib gedir.
Düşünə bilirsənmi o zamanlar Türkiyəyə turist kimi də gəlmək şansım yox idi. O illərdə dəfələrlə SSRİ Yazıçılar İttifaqının xarici əlaqələr komissiyasına Türkiyəyə gəlmək üçün müraciət etmişdim, amma onlar hər dəfə mənə başqa ölkə təklif edirdilər. Dünyanın otuzdan çox ölkəsində oldum, amma Türkiyəyə gedə bilmədim, bu şeiri o zamanlar yazmışdım. İşin maraqlı tərəfi odur ki, mən Türkiyənin başqa yerində yox, Çanaqqalada yaşayası və işləyəsi oldum. Buna alın yazısı deməyib nə deyəcəksən?! Məncə Allah birilərinin əli ilə bir bəhanə tapıb məni qürbətdə yaşamağa göndərməliydi, göndərdi də! Amma narazı deyiləm, on səkkiz ildir qürbətdə yaşayıram, müəllimliyə burda başladım, namizədliyimi burda yazdım, əvvəl dosent, sonra da professor oldum. Bundan əlavə bir çox dərgilərin redaksiya heyətinin üzvüyəm, çoxlu tədbirlərə dəvət alıram. Heç başımı qaşımağa macalım olmur.
- İndi nə yazırsınız, sonuncu dəfə nə isə bir yeni kitabınız çıxıbmı?
- 2012-ci ildə Türkiyədə "Unutduğun yerdəyəm" adlı dəyər verdiyim bir kitabım çap olundu. O kitaba Çanaqqalada möhtəşəm bir imza günü keçirildi. Həmin ildə Moskvada "Vmesto pisma" (Məktub yerinə) adlı üç önəmli tərcüməçi: Yuri Kuznetsovun, Aleksandr Kuşnerin, Mixaıl Sinelnikovun tərcüməsi ilə çox mükəmməl kitabım çap olundu. O kitab haqqında "Literaturnaya qazeta"da, "Literaturnaya Rossiya"da məqalələr çap olundu və mənim Moskvada iki yerdə, Marina Svetayevanın ev muzeyində və Millətlər Evində görüşlərim keçirildi. Təqribən bir ay əvvəl Moskvada yetmişinci illərdə təhsil aldığım M.Qorki adına Ədəbiyyat İnstitutunda tələbələrlə görüşüm oldu.Və həqiqətən də heç gözləmədiyim halda mənə Rusiya Yazarlar Birliyi tərəfindən Serqey Yesenin adına "Qızıl Payız" ordeni və diplomu verildi. Tədbirdə mənim 74-cü ildə Serqey Yeseninə həsr etdiyim "Ryazan motivləri" şeirimin tərcüməsi oxundu.
- Amma Azərbaycandakı saytlarda, jurnallarda, qəzetlərdə sizin şeirləriniz çox az-az verilir. Yadımdadır ki, 90-cı illərdə sizin kitablarınız çox yayılmışdı, qəzetlərdə sıx-sıx çap olunurdunuz. Öz ölkənizdəki bu susqunluğun səbəbi nədir?
- Azərbaycanda mənim ən çox sevdiyim kitablarımdan biri "Yoxun varlığı" çıxıb, "Azərbaycan" jurnalının 10-11-ci nömrələrində "İz" romanım çıxıb. Amma sanki bir əl çevrəmdə bir boşluq yaradıb adamları susdurub, adamlar mənim haqqımda danışmaqdan ehtiyatlanırlar. "525-ci qəzet"də, "Kaspi" qəzetində ara-sıra məqalələrim və şeirlərim çap olunur, amma ümumiyyətlə doğrusunu gəzirsən, mənim Azərbaycanda çap olunmağa elə də ehtiyacım yoxdur. Əgər mənim yazdıqlarım Moskvada, Ankarada, İstanbulda, Fransada çap olunursa, niyə Azərbaycanda çap, ya da təbliğ olunmamaq məni narahat etsin ki?! Həm də az çap olunmaq, ya da adım ətrafından sükutla keçmək mənim günahım deyil ki?!
- "Gənclik" jurnalı milli mətbuatımızda bir hadisə idi, o öz dövründə müstəqil mövqeli, mütərəqqi bir jurnal olub və bu xeyli dərəcədə sizin və təşkil etdiyiniz komandanın hesabına baş tutub. Ancaq iki il fəaliyyətindən sonra jurnalın öz mövqeyini itirdiyini deyirlər. Bunun səbəbi nə idi?
- O sözü sənə deyənlər yüz faiz yalan deyiblər. Bu dəqiqə xeyli adam Azərbaycan demokratik mətbuatının gəlişməsini öz adı ilə bağlamağa çalışır. Amma gedib kitabxanalardan araşdıra bilərsən. 1988-ci ildən öncə Azərbaycanda çıxan jurnal və qəzetlərə bax və sonra 1988-ci ildə çıxmağa başlayan "Gənclik" jurnalının bir-iki sayına da bax. Sən orda tamam fərqli rubrikalar, dizayn, məzmun və tabu qoyulmuş mövzulara cəsarətli yanaşım görəcəksən. Bundan sonra mətbu orqanlar "Gəncliy"i yamsılamağa başladı. Mən o jurnalı şəxsi cəsarətim və özümə bənzəyən sahibsiz, işsiz gənclərin hesabına qurdum və o, Azərbaycan jurnalistikasında yeni bir hava yaratdı, ortaya cəsarətli jurnalistika nümunəsi qoyduq. Bu səbəbdən jurnal böyük bir məhşurluq qazanmışdı. Hər nömrəsi çıxandan sonra redaksiyaya zəng vurub soruşurdular ki, Məmməd İsmayılı KQB-yə aparıblar, ya yox.
Lakin sonradan mən dövlət televiziyasına keçməyimlə əlaqədar "Gənclik" jurnalından çıxmalı oldum. Mənim yerimə gözəl insan və jurnalist Hüseyn Əfəndi gəldi. Hüseyn Əfəndi çox yaxşı şair idi, yaxşı qələmi vardı, amma zaman pis zamandı, xaosdu, nə sovet rejimi qalmışdı, nə yeni rejim tam oturuşmuşdu, ara tarix idi. Jurnal təqribən 5-6 ay ayaqda qala bildi, sonra bağlandı, yazarlar ora-bura dağılışdılar.
- "Gənclik" jurnalında o dövrün istedadlı gənclərindən xeyli imzanı ilk dəfə siz gün işığına çıxardıbsınız. Sonradan o gənclər hərəsi öz yolunu tutub getdi. Çoxusu hökümət vəzifələrinə keçdilər əksəriyyəti isə tamam yoxa çıxdılar. Bu gün o gənclərin ədəbi mühitdə izi-tozu da qalmayıb. Sizcə o gənclərdən kimlər "Gənclik" jurnalının müstəqil ruhuna sadiq qaldı?
- "Gənclik" jurnalının nəzdində "Respublika ədəbi birliyi" vardı 1983-cü ildən 1993-cü ilə qədər o ədəbi birliyin rəhbəri mən olmuşam. Bu gün ədəbi mühitimizdə orta nəsildə kim varsa, hamısı o jurnaldan çıxıb. Onlardan bəzilərini saya bilərəm: Akif Səməd, Əjdər Ol, Paşa Qəlbinur, Məti Osmanoğlu, Səfər Alışarlı, Akif Əhmədgil, Sabir Sarvan, Ənvər Börüsoy və daha kimlər.
- Bizim gənc nəsil o yazarları tanımır. Adlarını sadaladığınız o yazarların çoxu indi çoxdandır heç nə yazmırlar, susublar.
- Sənin bu gün təmsil etdiyin gənclikdən on il sonra kimlərin ədəbiyyatda qalacağını deyə bilərsən? Əsas odur ədəbiyyatda mühit yaradasan. Mən ədəbi birliyin o zamankı üzvlərinə cəsarəti, doğruluğu, insanlığı öyrətdim. Elə bilirsən indiki ədəbi gənclik yerdən çıxıb. Birinci qar yağıb sonra tez də əriyir, ikinci qar daha çox qalır. Səfər Alışarlının dövlət idarəsində çalışdığına vurğu yapdın, amma onu bil ki, S.Alışarlının hekayələri olmasaydı, ondan sonra gələnlərin yazıları da olmazdı. Sənin fikrinlə yaradıcılıq baxımından şərikəm, amma Səfər Alışarlı neynəyəydi, on il işsiz qaldı, bundan sonra gedib heç yerdə ədəbi işçi kimi çalışası da deyildi, məcbur olub dövlət işində çalışır.
- Bu halda bizim ədəbiyyatın gələcəyinə ümidiniz varmı?
- Əlbəttə, ümid həmişə var. Amma Azərbaycan ədəbiyyatının tənqidi yoxdur. Misalçün Əsəd Cahangir var, mən onun istedadına, intellektinə şübhə etmərəm, amma bəzən belə deyir, bəzən elə deyir, dediklərini tez-tez inkar edir, yaxud Rüstəm Kamal, Cavanşir Yusiflidən çox şeylər gözləyirəm, amma nə yazıq ki, ailə qayğısı, problemlər, özlərinin də xəbəri olmadan düşdükləri mühit bəzən onaları da yolundan çaşdırır, bu adamlar bəzən elələri haqqında məqalə yazırlar ki, məəttəl qalırsan. Bu adamlar Belinski misalı qılınclarını çəkib mütləq sözün, tanrısal sözün keşiyində dursaydılar, dura bilsəydilər, ədəbiyyatımızı çox irəlilərə aparmış olardılar.