Anarın sədrliyi illərində Azərbaycan
ədəbiyyatı öz tənəzzül dövrünü yaşadı

Azərbaycan Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev bu yaxınlarda Türk dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildi. Bu hadisə 90-cı illərin əvvəllərində, türkçülük ideyalarının qaynadığı zamanlarda baş versəydi bu xəbər böyük coşqqunluqla qarşılanardı.
Ancaq indi, ho ho olub, cüt so olandan sonra 76 yaşlı Anarın Türk dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçilməsi xəbəri ölkə gündəmində öz məzənnəsini heç yarım saat da qoruya bilmədi. İnanıram, əgər yazıçıdan bu günlərdə müsahibə götürən Əsəd Cahangir yada salmasa, ahıl yazıçının özü də bu başqanlıq olayını unutmuş olmalıydı.
Jurnalist soruşur: "Sizcə, Türk dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçilməyiniz Azərbaycan ədəbiyyatının türk xalqları ədəbiyyatı müstəvisində müstəsna mövqeyi ilə bağlıdır, yoxsa sizin şəxsi nüfuzunuzla?"
Anar cavab verir: "Məncə, hər ikisi ilə. Azərbaycan ədəbiyyatı, əlbəttə ki, bu gün türk dünyasında özünün xüsusi mövqeyi ilə seçilir. Amma bu işdə mənim nüfuzumun da rolu var".
Bu sual cavabın psixoloji incəlikləri də maraqlıdır. Hələ sualın içində 2 cavab var: Azərbaycan ədəbiyyatının türk xalqları ədəbiyyatı müstəvisində müstəsna mövqeyi var və Anarın fövqəladə şəxsi nüfuzu var.
Bunu sual verən şəxsin yaşlı yazıçıya iltifatı kimi qəbul edək, ancaq yazıçının cavabı rasional məntiqdən və təvazökarlıqdan uzaqdır. Azərbaycan ədəbiyyatının türk xalqları ədəbiyyatı müstəvisində müstəsna mövqeyinin olması kimi absurd bir mülahizəni qəbul edir və özünün də hansısa nüfuzunun olduğunu təsdiq edir.
Azərbaycan ədəbiyyatının, məsələn, Türkiyədə yaşayan türk xalqının ədəbiyyatında hansı müstəsna mövqeyi var. Klassikanı bir kənara qoyuram, Füzuli, Nəsimi kimi şairlər təkcə bizim deyil, həm də onlarındır, hətta Nəsimini əsla Azərbaycan şairi hesab etmirlər, onun Şamaxıda doğulduğu da bizim alimlərin uydurmasıdır, Türkiyə alimləri bunu təsdiq etmir.
Müasir Azərbaycan yazarlarının da Türkiyədə heç bir müstəsna moqeyi yoxdur, Anar, Elçin və s. yazarların şəxsi tanışlıqlar hesabına və öz ciblərinin xərciylə 10-cu dərəcəli yayın evlərində nəşr etdirdikləri kitablar belə bir ifadə işlətməkdən ötrü heç bir əsas vermir.
Anarın Türkmənistanda, Özbəkistanda, Çuvaşiyada, Başqırdıstanda, Kalmıkiyada və başqa türkcə danışan ölkələrdə nüfuzunun olmasına şübhə etmirəm, onun belə bir nüfuzu var, lakin bu nüfuz bir yazıçı nüfuzu deyil, onun illərdən bəri zəbt edib oturduğu vəzifənin nüfuzudur ki, bu vəzifədən gedəndən sonra sıfıra bərabər olacaq.
Anarın həqiqətən də nüfuz sahibi olduğu Türk Dilində Danışan yeganə bir ölkə varsa, o da Azərbaycandır, lakin, işin tərsliyinə baxın, burada o öz nüfuzundan istifadə etmək istəmir.
Bu nüfuz Azərbaycanda gözəl bir yazıçı ansamblının yaranması üçün yetərli ola bilərdi. Lakin, məhz Anarın sədrliyi illərində Azərbaycan ədəbiyyatı öz tənəzzül dövrünü yaşadı, istedadlı qələm adamları Yazıçılar Birliyindən uzaqlaşdırıldı,
Anara kölgə salmayan ikinci dərəcəli yazarlar təşkilata dolduruldu, nəticədə ədəbi proses Yazıçılar Birliyindən kənarda cərəyan etməyə başladı. Anar nüfuzundan, Mədəniyyət Nazirliyi ilə yaxın münasibətlərindən və s. istifadə etsəydi indi Azərbaycan ədəbiyyatı təkcə türk xalqları müstəvisində deyil, dünya müstəvisində müstəsna mövqeyə sahib olardı.
Rasim Qaraca