Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib
Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib

Robert Mobili: "Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq"

Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Azərbaycan torpaqlarında bu gün də Azəri türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar, udilər kimi etnik qruplar yaşayır. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb.
Azərbaycanda etnik xalqların nümayəndələrinin əsrlər boyu mehriban şəraitdə ölkəmizi tərk etmədən yaşamasını, bu xalqlara ölkəmizdə dini tolerantlıq sahəsində yaradılan şəraiti bariz nümunə hesab etmək olar. "Unikal"a müsahibə verən , Alban-udi xristian icmasının sədri Robert Mobili ilə söhbətimizdə də etnik xalqlar, Azərbaycanda onlara qarşı münasibət və dözümlülükdən danışdıq.
-Siz özünüz udi xalqının nümayəndəsisiniz. Udi xalqı barədə oxucularımıza bir qədər məlumat verərdiniz.
-Bəli, mən udi xalqının nümayəndəsiyəm. Qeyd edim ki, udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunun mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qavqazın qədim sakinlərindəndir, dilləri Qafqaz-iber dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib.Tarixən Günəşə, Aya və Oda sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı dövlət dini kimi qəbul edərək bu günə kimi bu dini qoruyub saxlayıblar.
- Udi xalqının xristianlığı qəbul edərək bu günə kimi bu dini qoruyub saxladığını söylədiniz. Cənab Robert Mobili Azərbaycanda yaşayan udilərə öz dinlərini qoruyub saxlamaq, burada yaşamaq üçün hansı imkanlar, şərait yaradılıb? Ümumiyyətlə udi xalqının nümayəndəsi kimi Azərbaycanda özünüzü necə hiss edirsiniz?
- İllər bundan əvvəl Rusiya çarı tərəfindən 1836-cı ildə Alban Apostol müstəqil Kilsəsi Erməni-Qriqorian Kilsəsinin birbaşa tabeliçiyinə verilib. Lakin udilər öz dili, mədəniyyəti və Alban Kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək kilsəyə getməyib, ibadətlərini evlərində ediblər. Sovet dövründə isə dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail olublar. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra udilərin ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından keçməsi olub. Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görülməyə başlayıb. Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa olunub və icmanın istifadəsinə verilib. Udilərin tarixi vətəni Azərbaycandır. Udilər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. Alban çarı Urnayr 313-cü ildə xristianlığı rəsmi dövlət dini kimi elan edib. Bununla qədim Azərbaycan ərazilərində xristianlıq təşəkkül tapmağa başlayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi ədalət öz yerini tapdı və alban-udi kilsəsi bərpa olundu. Bu gün udilər Alban Apostol Avtokefal Kilsəsinin zəngin dini- mədəni irsinin varisləri hesab olunur.
- Bu gün udi xalqı deyəndə hamımızın yadına Qəbələ rayonunun Nic kəndi düşür. Nicdə yaşayan, eləcə də Oğuzda, paytaxtda yerləşən udilərə göstərilən diqqət qayğıdan razısınızmı?
- Udilərin kompakt şəraitdə yaşadığı Nic qəsəbəsində daim abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının bariz nümunəsidir . Ümumiyyətlə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına ciddi diqqət yetirilir. Azərbaycanda bu rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-udi kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd bu qədim tarixin daşıyıcılarından biridir. Son illər udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görür, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbərliyidir. Buna görə, cənab Prezident İlham Əliyevə udi xalqı adından təşəkkür edirəm.
- Bildiyimizə görə, Azərbaycanın işğal altında olan torpaqlarında da sizə məxsus məbədlər var. O kilsələrin aqibətindən xəbəriniz varmı?
-Alban kilsəsinin hələ 1836 -cı ildə Rusiya İmperiyasınin carı I Nikolayın reskripti və Müqəddəs Sinodunun razılığı ilə erməni kilsəsinə təhvil verilməsi udi xalqının məhvinə yönəlmiş bir addım olub. VII əsrin əvvəllərində ərəblər Azərbaycanı fəth edərkən İslamı qəbul etdirmək üçün xristianları çox sıxışdırmayıblar, əsasən bütpərəstlərə qarşı mübarizə aparıblar. Amma udilər o vaxt öz dinlərini qoruyub saxlaya bilib. Digər tərəfdən ermənilər də bizə təzyiqlər göstərirdilər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər. Bu siyasətin arxasında isə o torpaqların qədimdən güya ermənilərə məxsus olduğunu isbatlamaq olub.
- Udi xalqı niyə əvvəllər ermənilərlə yaxın xalq hesab olunub?
-Udi dilində demək olar ki, heç bir dənə də olsun erməni sözü yoxdur. Azərbaycan sözlərinə oxşar bəzi sözlərimiz var. Sadəcə, bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə şərq Apostol (Varfolomey) Kilsəyə məxsusuq. O vaxt udi xalqının soyad sonluqları dəyişdirilib "...yan" edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udi xalqının oğlanları hərbi xidmətdən müvəqqəti azad edilmişdi. O vaxtlar bəziləri udiləri də ermənilərin sırasına aid edirmiş. Ancaq sonra yavaş-yavaş aparılan təbliğat işə yaradı. İndi artiq hamı tanıyır ki, udi xalqı kimdir. Artıq soyadları istədiyimiz kimi dəyişə bilirik. Hazırda udilərin əksəriyyətinin soyad sonluqları " ...li, ... rı" ilə qurtarır. "...ov"la bitən soyadlar da az deyil. Udilər də hazırda digər azərbaycanlılar kimi hərbi xidmətə gedir .
-Həqiqi hərbi xidmətdən söz düşmüşkən, indi azərbaycan oğulları kimi, sizin də oğullarınız vətənə olan borclarını ödəməyə gedir. Bayaq ermənilərin sizə məxsus mədəni və dini irsi məhv etməsindən danışdız. Əgər Dağlıq Qarabağda müharibə baş verərsə, siz, sizin övladlarınız bizimlə çiyin-çiyinə erməni işğalçılarına qarşı döyüşə yollanacaqmı?
-Əlbəttə, biz nəhayət ki, udi xalqının nümayəndələrinin də vətənə qulluğa aparılmasına çox sevindik. Bu bizim bir çox problemlərimizin həllinə imkanlar açdı. Azərbaycanı özümüzə vətən hesab edirik. Biz sizinlə birgə burada fərq qoyulamadan dinc mühitdə yaşayırıq. Sizdən bütün dəyərlərimizə, mədəni irsimizin qorunub saxlanılmasına diqqət, qayğı görürük. Biz də əlimizə silah alıb erməni işğalçılarına qarşı döyüşməyə hazırıq.
- Əsrlər boyu azərbaycan xalqı ilə birgə yaşamısınız. Yəqin ki, bu yaxınlıq sizi bizim milli adət-ənənələrimizlə də yaxınlaşdırıb.
-Azərbaycanlılarla olan sıx münasibətlərin nəticəsidir ki, udi toylarında artıq Azərbaycanın milli yeməyi olan aş da verilir. İnsanlar bir - birlərinin xeyir- şər işlərində yaxından iştirak edirlər. Mənim dostlarımın yarıdan çoxu azərbaycanlılardır. Rəsmi və milli bayramlar yüksək səviyyədə keçirilir.Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradılıb. Bu gün də Azərbaycan dövləti udi icmasının fəaliyyətinə zəruri şərait yaradıb. 2003-cü ildə Nic kəndində alban-udin xristian icması, 2010-cu ildə isə Oğuzda udin xristian cəmiyyəti qeydiyyatdan keçib. Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir. Udilər tarix boyu əkinçilik, maldarlıqla məşğul olublar. Bu günədək özlərinin ənənəvi yemək və içkilərini, milli geyim və mərasimlərini qoruyub saxlayıblar.