Heydər Əliyevin Azərbaycanda yaşayan azsaylı xalqlara qayğısı
Əliağa Məmmədli: "Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə
milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı"

Bir neçə gündür ki, ölkədə Ümumilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı tədbirlər davam etdirilir. Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar "Unikal" qəzeti layihə çərçivəsində Ulu Öndərin Azərbaycanda yaşayan azsaylı xalqların milli, mədəni dəyərlərinin qorunması istiqamətində gördüyü işlərdən bəhs edən məqalə hazırlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin müdiri Əliağa Məmmədli "Unikal"a bu barədə danışıb: „ Müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi hadisələrdən dolayı dövlət strukturları milli azlıqların problemləri ilə faktiki olaraq məşğul ola bilmədi. Lakin 1993-cü ildən sonra Azərbaycanın bütün ictimai və siyasi həyatında olduğu kimi, milli azlıqlara münasibətdə də vəziyyət tamamilə yaxşılığa doğru getməyə başladı. Artıq ümummilli lider Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılıb". Ə. Məmmədli deyir ki, ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb: „Ulu öndər çıxışlarının birində demişdir: "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır". 1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi. 1993-cü ildə 33 milli mədəni mərkəzin fəaliyyət göstərməsinə icazə verildi. Hüquq-mühafizə orqanlarına göstəriş verildi ki, milli əlamətə görə hər hansı ayrı-seçkiliyin qarşısı dərhal alınsın. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident Fondundan vəsait ayrıldı. Respublikada aparılan 1999-cu ilin siyahıyaalınması göstərdi ki, ölkədə yaşayan milli azlıqların əksəriyyəti öz ana dilini qoruyub saxlayıblar. Onlar haqqında yazılan kitablar - dərsliklər, hekayələr və digər çap materialları bu xalqlara yaradılan şəraitin bariz nümunəsidir". Həmsöhbətimizin sözlərinə görə, 1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Prezdentin milli məsələlər üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirib: " Bundan başqa Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi "Links"in təşəbbüsi ilə "Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti" mövzusunda beynəlxalq seminar təşkil olundu. Burada bütün milli azlıqların nümayəndələri iştirak etdi, onlar hüquq və azadlıqlarını qoruyan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Bu beynəlxalq qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün əhəmiyyətli bir tədbir kimi qiymətləndirildi. 2001-ci il noyabrın 1-də Prezident Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə sərəncam imzaladı. Sərəncamdan dərhal sonra Azərbaycan Respublikasında milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması üzrə mövcud vəziyyət barədə ilkin hesabat hazırlanaraq Avropa Şurasına təqdim olundu. Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir. Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında "Birlik" cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd mədəni mərkəzi "Ronai", "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti "Turqan-tel", Tatar mədəniyyət mərkəzi "Yaşlıq", Krım tatarları cəmiyyəti "Krım", gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin "Vətən" cəmiyyəti, Axısxa türk qadınlarının "Sona" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, "Karelhaus" alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi "Polonia", Beynəlxalq Talış Assosiasiyası "Mada", Talış assosiasiyası "Avesta", Udin mədəniyyət mərkəzi "Orain", "Buduq" mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən "Üç qardaş" təşkilatı artıq qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət göstərir. "Links" təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də Azərbaycanda fəaliyyət göstərir. Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır". Ə. Məmmədli bildirir ki, bu gün H. Əliyevin qayğısı nəticəsində azsaylı xalqlara konstitutsion azadlıq verirlib: „ 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının qanun qarşısında bərabər olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycanda hətta ən azsaylı millətlərin nümayəndələri belə icmalarda birləşə, öz mədəniyyət, dil və adət-ənənələrini inkişaf etdirə bilərlər. Onlar heç bir dini və milli ayrı - seçkiliyə məruz qalmırlar. Azərbaycanda üç əsas dini cərəyan - İslam, xristianlıq və iudaizm qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərir. Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyirdi: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar.Digər görüşdə isə deyirdi. "Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşüdür"".