Gəncə yaxınlığında suyu bol  torpaqların su ilə bağlı çətinlikləri
Gəncə yaxınlığında suyu bol
torpaqların su ilə bağlı çətinlikləri
Hacıkənddə mənzillərin su təchizatı xəttləri yoxdur

Hacıkəndə girən kimi çiçəyin, otun ətrinə qarışıq nəmişlik hava duyulur. Bu yerlər addımbaşı səfalı bulaqlarla zəngindir. Di gəl ki, bu qəsəbədə yaşayanların evində su kranları belə çəkilməyib. İstər su içmək, istər də paltar yumaq, təsərrüfatda istifadə etmək üçün qadınlar mütləq günün əsas hissəsini vedrələrlə su daşıyırlar. Bu qəsəbədə yaşayanların su problemi barədə bir azdan danışarıq.
Hacıkəndin "5 ulduz" adlanan, vaxtilə turistlərin axın etdiyi ən safalı yerindəki, internat məktəbin yay düşərgəsi binasında 22 ildir ki, Şuşadan və Xocalıdan olan köçkünlər yaşayır. Həmçinin barmaq qalınlığında olan taxtalardan tikilmiş, yerdən otaqlarda bu ilər ərzində onlarla köçkün balası böyüyüb başa çatıb. 28 yaşlı Vüsalə Mürsəlova deyir ki, Şuşadan gələndə bərbəzəkli, yenicə təmirdən çıxmış 2 mərtəbəli evlərindən əlində sürüyərək çıxardığı gəlinciyindən başqa heç nə gətirə bilməyib. Kədərli xatirələrinə müharibənin güllə səsləri, anasının göz yaşları da iz salıb.
"Bizim Şuşada hər şeyimiz var idi. Evimiz cəmi 10-15 gün idi təmir edilmişdi. Bütün qapıları qırmızı lent bağlamışdım. Atam qurban kəsəcəkdi. Alınmadı. İndi Allahın qismətinə bax, bu çökək nəmli evlərdə gəlin cehizim bəzəndi. Elə bu qəsəbədə olan köçkünlə evləndim. Bircə gəlinciyim var - uşaqlığımdan mənə qalan" - Vusalə xatirələrdən ayrılıb reallığa qayıdır. Deyir ki, heç olmasa güzəranları yaxşı olardı.
Qapının yanında cərgə ilə düzülmüş boş su qablarını göstərib deyir ki, hər gün onlarla su qablarını 200 metr aralıdakı bulaqdan gedib gətirir. "Hamı Hacıkəndin bulaqlarından danışır. Ətraf ərazilərə burdakı su anbarlarından su paylanır. Amma biz köçkünük deyə, bizi adam yerinə qoyub şərait yaradan yoxdur. Körpə uşaqlar var, yuyunmalıdırlar, məktəbə gedirlər, ev eşik təmizlənməlidir. Natəmizlikdən xəstəlik tapacağıq". Qəsəbəyə gedən yol boyu görünən bulaq başında qız-gəlinlər kimisi su vedrəsin doldurur, kimisi isə pal paltar yuyur.
Gəncədən köçmüş Hacıkənd sakini Saidə Cəfərova danışır ki, Gəncənin bütün əhalisi bu xəttlərdən su əldə etsə də lap yaxınlıqda olan anbarlardan qəsəbəyə su xətti çəkən yoxdur: "Oğlum məktəbdə müəllimdir. Səhər dərsə gedir, işdən gələn kimi su daşıyır. Nə zamanədir ki, biz bir ocuc suyu qollarımızda daşıyırıq".
Xocalı sakini Sahil Abbasov deyir ki, onlara da su çəkilməsi üçün dəfələrlə müvafiq qurumlara müraciət ediblər. Lakin buna heç kim əhəmiyyət verməyib: "Göy Gölün suyu bu tərəflərə axır. Amma borularla çəkmək lazımdır. Sarıyaldan (Hacıkənddən sonrakı kənddir. Təxminən 200 metr aralıdadır-R.M.) su çəkmişik, aşağıdakı lagerə, ordan da vedrələrlə daşıyırıq. İcra nümayəndəliyimizə də, su idarəsinə də ərizə yazmışıq. Şifahi də məlumat vermişik, amma faydası yoxdur".
Göygöl şəhərində, Toğanalı, Çaykənd, Yeni Zod, Göyçəkənd, Mixaylovka, Hacıkənd, Aşıqlı kəndlərində olan su bulaqlarının dünya standartlarına cavab verməsi ilə bağlı 2000- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sertifikat müəyyən etdi. 2011 ci ildən başlayaraq isə 2031-ci ilə olan artım proqnozunu nəzərə almaqla fasiləsiz su ilə təmin olunma məqsədilə yeni layihənin icrasına başlanılıb.
Hacıkənd qəsəbə icra nümayəndəsi Hümbət Hüseynov danışır ki, Hacıkənddə 12 içməli bulaq var ki, bunlardan 6 su anbarı yaradılıb. Həmin anbarların ikisi hələlik Hacıkənd qəsəbəsi dördü isə Gəncəni içməli su ilə təmin edir. Hümbət Hüseynov əlavə edir ki, Gəncəyə içməli su xəttləri Almaniya və İsveçrə Bankının layihəsinə əsasən çəkilir. Hacıkənddə başlanan layihə isə sırf dövlət sifarişi ilə reallaşır: "Bizim yeni layihəmiz var ki, icrasına hazırlıq işləri aparılır. Hələlik anbarların tikintisi reallaşır. Anbardan sonra xəttlər çəkiləcək. Hələ ki, anbara qədər olan hissə işlənib. 2014-cü ilədək 600 ailəyə su xətti çəkiləcək".
Hümbət Hüseynovun dediyinə görə, 2016-cə ildə bütün Hacıkənd qəsəbəsində hər evdə təmiz içməli su olacaq.
R. Məmmədli