Nazirlər Kabinetinin adından dələduzluq edənlərin məhkəməsi başladı
Nazirlər Kabinetinin adından dələduzluq edənlərin məhkəməsi başladı

Vəzifəli şəxslərin səlahiyyətini mənimsəyən, rəsmi sənədləri saxtalaşdıran dəstə üzvləri mühakimə olunacaq

Baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi Nazirlər Kabinetinin adından dələduzluq edərək, vəzifəli şəxslərin səlahiyyətini mənimsəyən, rəsmi sənədləri saxtalaşdıran dəstə üzvlərinin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri ilə həbs edilən Əhliman Məhəmməd oğlu Məmmədov, Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri ilə tutullan İlham Nuhu oğlu Cəfərov və Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə hökmü verilən Eyvaz İbrahim oğlu Bayramov apellyasiya şikayətləri veriblər: "Adıçəkilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə birinci məhkəmə instansiyasının hökmündən şikayət verərək, hökmlə razılaşmadıqlarını ifadə ediblər: "Artıq onların şikayətləri Bakı Apellyasiya Məhkəməsində icraata qəbul edilib və hakim Əflatun Qasımovun sədrliyi ilə baxışdadır. Hakim şikayət üzrə mayın 27-nə ilkin baxış saatı elan edib".
Məlumatda o da bildirir ki, adıçəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Onlar bir sıra cinayətlərlə yanaşı, birbaşa Nazirlər Kabinetinin adından saxta sənədlər tərtib etməkdə təqsirləndiriliblər. Məhkəmə işində olan sənədlərə görə, dəstə üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirmiş, həmin şəxslərə külli miqdarda ziyan vurublar: "İlham Cəfərovla Əhliman Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat yaradıblar.Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü "Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri" kimi qələmə vermiş və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunmuş, bu sahədə müəyyən təbliğat işləri də aparmışdır. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölüblər".