"Hazırda Qərb ənənəvi müxalifətə dəstək vermir"
"Hazırda Qərb ənənəvi müxalifətə dəstək vermir"

Sərdar Cəlaloğlu: "Dəqiq bilirəm ki, Azərbaycanda ciddi dəyişilmələr olacağı təqdirdə radikal müxalifətdən kimsə hakimiyyətdə aparıcı yer tutmayacaq"

Bu gün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 60 yaşı tamam olur. Ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdakı dönəmdən gözləntilər və digər məsələlərlə bağlı "Unikal"a müsahibə verən ADP sədri ilə söhbətə yubileylə bağlı sualla başladıq.

- Sərdar bəy, 60 ili arxada qoydunuz. Bir siyasətçi, ziyalı, ictimai xadim kimi ötən dövrü necə xarakterizə edirsiz?
- Keçdiyim ömür yolunu nəzərdən keçirirəm, yaşadıqlarıma görə nə utanıram, nə də peşmançılıq çəkirəm. Bu da onu göstərir ki, həyatımı düzgün yaşamışam. Təbii ki, səhvlərim də olub, elə şeylər var ki, onları daha yaxşı eləmək olardı, eləməmişəm. Bəzi şeylər var idi ki, onları eləmək lazım deyildi, amma eləmişəm. Amma bütünlükdə keçdiym həyat yolunu düzgün hesab edirəm. Öncə onu deyim ki, istər orta, istər ali məktəbdə yaxşı təhsil almışam. İkincisi, lap kiçik yaşlarımdan kollktiv yaşamağı, düşünməyi, qərar verməyi öyrənmişəm. Üçüncüsü, dünyadakı peşələrin içərisində ən gözəl peşəni, həkimliyi seçmişəm. Dördüncüsü, öz həyatımın böyük hissəsini xalqıma, onun müstəqilliyinə, Azərbaycanda demokratikləşməyə həsr eləmişəm. Beşincisi, ömrümü 30 ildən artıqdır ki, çox fundamental bir elmi-fəlsəfi tədqiqata həsr eləmişəm. Tarixin metofizikası haqqında 3 cildlik əsər yazmışam. Eyni zamanda, dünyada yeni bir elmin əsasını qoymuşam. Yəni, bir insan nə edə bilərsə, onu eləmişəm və peşman da deyiləm. Əslində, 60 yaş taleyə tam qiymət verməyə imkan verir. Bu yaşda seçiminizin nə olduğunu görə bilirsiz. Bu baxımdan, seçimlərimin hamısını düzgün hesab edirəm.
- Siz bir partiyanın sədrisiniz, minlərlə insan liderliyinizi qəbul edir. Rəhbəri olduğunuz partiyanın və özünüzün siyasi mövqeyinizdən narazılığınız yoxdur ki?
- Əvvəla onu deyim ki, hər bir siyasi partiyanın tutduğu mövqe siyasi situasiyaya, şəraitə uyğunlaşdırılmalıdır. Əgər siz 20 il bundan əvvəl bir prinsip müəyyənləşdirmisiz və indi də bu prinsiplərlə işləyirsinizsə, deməli, bu 20 il ərzində nə dünyada, nə ölkədə, nə də cəmiyyətdə heç bir dəyişiklik olmayıb. Halbuki 20 il kifayət edir ki, bütöv bir yeni nəsil əmələ gəlir, həmin nəslin özünəməxsus dəyərləri var. Yəni, bu günə kimi qeyd etdiyim mənada xeyli dəyişilmələr oldu və buna uyğun da bizim siyasətimiz də dəiyşməli idi. Hesab edirəm ki, dünyada, keçmiş SSRİ-də, Yaxın Şərqdə baş verən hadisələr də göstərir ki, bizim seçimimiz situasiyaya adekvatdır. Baxın, Suriyada müxalifət əlində silah neçə ildir vuruşur, amma Bəşər Əsədi bir addım da geri oturda bilməyiblər. Dünya ictimaiyyəti həm Yuşşenkonun vaxtında, həm son proseslərdə müxalifəti dəstəklədi, Rusiyanın arxasında durduğu bir adamı çox asanlıqla hakimiyyətdən qovdular. Yəni, bütün bu fktorları nəzərə almaq lazımdır.
- Belə çıxır ki, ADP siyasətini qlobal siyasi tarazlığa uyğunlaşdırıb?
- Bəli. ADP-nin siyasətinin dəyişlməsinə səbəb bölgədə siyasi güclərin, situasiyanın dəyişməsi ilə bağlıdır. Biz də ətrafımızda baş verənləri nəzərə alıb mövqeyimizi real situasiyaya uyğunlaşdırmışıq.
- Ancaq bəzi müxalifət nümayəndələri bildirir ki, Sərdar Cəlaloğlu və partiyası hakimiyyətə qarşı loyallaşmağa başlayıb...
- Tamamilə düz deyillər. Azərbaycan üçün təhlükələr artdıqca daxildəki qüvvələr yumşalmalıdır, münasibətlər dostlaşma, uzlaşma müstəvisinə çıxmalıdır. Xarici təhlükə azaldıqca, daxildə gərginlik azalmalıdır. Çox təəssüf ki, Azərbaycanda bir qrup adam var ki, onlar Azərbaycanın başı üzərində təhlükə olanda belə, cılız hislərindən geri durmurlar. Məsələn, elələri var deyir ki, bu iqtidardansa, rusların, ermənilərin hakimiyyətə gəlməyi daha yaxşıdır. Mən isə hesab edirəm ki, Azərbaycan on il də bu vəziyyətdə qalsa, böyük təhlükə deyil, amma suverenliyini, müstəqilliyini itirsə, fəlakətdir. Hərənin öz baxışı var və bu, mənim mövqeyimdir.
-Görünən odur ki, müxalifət bu məsələlərdə belə vahid mövqeyə gələ bilmir...
- Azərbaycanda iki cür müxalifətçilik var. Bir radikal müxalifətçilik var ki, onlar deyirlər ki, hakimiyyət yaxşı da, pis də olsa, getməlidir. Birdə konstruktiv müxalifət var, onlar da deyir ki, iqtidar yaxşı iş görürsə, alqışlamalıyıq, pis işlər görürsə, tənqid eləməliyik və mane olmalıyıq. Necə ola bilər axı, hakimiyyətin bir dənə də müsbət addımı olmasın? Əgər bir dənə də müsbət addımı yoxdursa, bu 20 il də hakimiyyətdə necə qalıb? Bilirsiniz, liderlərin vəzifəsi xalqın gedə biləcəyi yolu təklif eləməkdir. Məsələn, mən çıxıb deyirəm ki, gəlin mitinq keçirək, amma mitinqə adam gəlmir. Bu, o deməkdir ki, mənim mitinq qərarım xalqın gedə biləcəyi yola uyğun deyil. Məni tənqid edən dostlarım bu vəziyyətə düşüblər. Onlar dəfələrlə xalqın getmək istəmədiyi, yaxud gedə bilməyəcəyi yolu təklif ediblər, o yolla da xalq getmir. Mən deyirəm ki, əlimizdə olan materialdan nə düzəldə biliriksə, onu düzəldək. Azərbaycan xalqından nə ərəb ölkələrindəki kimi vuruşan, terror edən adamlar düzəltmək lazımdır, nə də başqa cür. Xalq hansı yolu özünə uyğun bilirsə, o yolu getməliyik.
- Konkret təklifiniz varmı?
- Dünya qloballaşıb və ölkələrin taleyini müəyyənləşdirən qüvvə iqtidarla müxalifət deyil. Hazırda dəngələri qlobal dünya həll edir. Bu siyasəti nəzərə almayan heç bir qüvvə nə hakimiyyətə gələ bilər, nə də xalqına yaxşı bir şey vəd edə bilər. Bu baxımdan, mən deyirəm ki, gəlin qlobal faktoru nəzərə alaq. Əgər dünya bizə deyirsə ki, əvvəlki mübarizə üslubunuzu dəyişin, biz niyə dəyişməməliyik ki? Köhnə üslubdan əl çəkməyəndə də beynəlxalq ictimaiyyəti arxamızda görmürük. Bu gün Ukraynada müxalifətin qələbəsinin 90 faizi Qərbin və Amerikanındır, 10 faizi xalqındır. Düzdür, Ukrayna xalqı bizdən on dəfə böyükdür, güclüdür, amma o 90 faiz dəstək olmasaydı, onlar heç nə edə bilməzdi. Azərbaycanda beynəlxalq dəstək yoxdursa, bizim müxalifətin və xalqın 99 faizi üzərinə götürüb nəsə eləməyi mümkün deyil. Siyasət də reallıq elmidir, bu səbəbdən də deyirəm ki, gəlin reallığı nəzərə alaq. Amerikadan, Avropadan bizə dəfələrlə Azərbaycanda fazalı demokratiyaya keçmək üçün müəyyən təkliflər ediblər. Hər dəfə özünü ana müxalifət elən edən qüvvələr bu yoldan imtina ediblər. Onlar deyiblər ki, ya hər şey, ya heç nə. Ona görə də 20 ildir heç nə əldə edə bilməyiblər. Hakimiyyətlə müxalifət arasında vasitəçilik edib deyirdilər ki, gəlin 35 nəfər müxalifətdən,35 nəfər hakimiyyətdən parlamentə düşsün, yerdə qalan yerlərə isə rəqabət aparılsın, kim keçir keçsin. Bizim müxalifət isə dedi ki, 75 faiz bizə verilməlidir. Onlar da dedilər ki, əgər siz 75 faiz əldə edə bilirsizsə, onda gedin məsələni həll edin də bizim vasitəçiliyimizə nə ehtiyac var? Axırda müxalifət 5 mandatı güclə aldı. Yəni, birinci dəfə deyil ki, müxalifət uzlaşmaya getməyib. Məqam olub ki, hakimiyyətin özü müxalifətə qarşı loyallaşıb. Onda da bəzi müxalifət qüvvələri elə biliblər ki, hakimiyyət bunlardan qorxur, ona görə özlərini daha yüksəyə dartırlar. Ona görə də uduzublar. Yəni, bizim tənqid edən müxalifətçilikdə yenilikçi, dəyişikliyə açıq yanaşma yoxdur. İnsanlarda donmuş baxışlar var. Onlar elə bilirlər ki, dünya onların gördükləri kimi sükunətdədir, heç bir dəyişiklik olmayıb. Halbuki dünyada çox şey dəyişib. Mən indi fəlsəfə ilə, elmlə məşğul olan bir adam kitablarımda insanlara dəyişikliklərə uyğun addımlar atmağı deyirəmsə, özüm o yolla getmirəmsə, deməli, ağılsız adamam. Şəxsən mən elmə və fəlsəfəyə əsaslanmayan heç bir addımı atmıram, partiyamın mövqeyini bu prinsiplər üzərində qururam.
- Sərdar bəy, dünən İsveçrənin prezidenti ölkəmizdə səfərdə oldu və müxalifət nümayəndələri ilə görüşdü. Həmin görüşdə Siz yox idiniz. Bu barədə nə deyə bilərsiniz?
- Seyid Əzim Şirvaninin məşhur "Kəndli və padşah" əsəri var. Orda belə bir məqam var ki, kəndli gəlib arvadına deyir ki, padşah mənimlə danışdı. Arvadı soruşur ki, nə dedi. Kişi da cavabında bildirir ki, padşah dedi ki, kolun dalından yola nə donuz kimi cumursan, atımı hürkütdün. Yəni, iki cürə danışıq var. Xaricilərin bir çoxlarının danışığı kəndli ilə padşahın məsələsinə oxşayır. Sadəcə, gəlirlər, on beş nəfəri çağırıb, 10 dəqiqə söhbət edirlər vəssəlam. Müxalifətə dəstək verən görüşlər Ukraynadakı kimi olur. Hazırda Qərb Azərbaycanın ənənəvi müxalifətinə dəstək vermir.
- Əli Kərimli isə deyir ki, Qərb bizə sabahkı iqtidar kimi baxır...
- (Gülür) Mən səni aldatsam, bu, böyük fəlakət olmaz. Amma sən özün-özünü aldadırsansa, o faciədir. İnsan özü-özünü aldatmamalıdır. Müxalifətçilik konyukturası baxımından Əli Kərimlinin dediklərini qəbul eləmək olar, çünki bu yolla tərəfdarlarında həvəs yaradır. İsveçrənin prezidenti olmur, lap beş dənə başqa prezidentin Azərbaycanda müxalifətlə görüşməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan xalqı sənə iqtidar kimi baxmırsa, başqasının səni o gözdə görməsinin xeyri yoxdur. Bir şeyidə unutmayın. Real dəyişikliklər bu gün kimlərinsə görüşdüyü müxalifət liderləri arasından seçilmir. Əksinə, mən dəqiq bilirəm ki, Azərbaycanda ciddi dəyişilmələr olacağı təqdirdə radikal müxalifətdən kimsə hakimiyyətdə aparıcı yer tutmayacaq.

Z.MƏMMƏDLİ