"Xalqı qıcıqlandıran məmur və  məmur balaları cəzalandırılmalıdır"
"Xalqı qıcıqlandıran məmur və
məmur balaları cəzalandırılmalıdır"

Hafiz Hacıyev: "Onsuz da Prezident İlham Əliyev harınlamış məmurlara qarşı təpkisini göstərib, kim onun humanistliyindən istifadə edib, özünü yığışdırmayacaqsa, daha ağır cəza alacaq"
"Yaxşı olardı ki, İsa Qəmbər getsin şalvarının bağını
möhkəm bağlasın və ətrafında olan Cəmil Həsənlinin, Əli Kərimlinin, oriyentasiyası bəlli olan adamların dərdini çəksin"

Budəfəki müsahibimiz Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdir. Ölkədəki mövcud ictimai-siyasi vəziyyət, görülən işlər, problemlər və perspektivdəki proseslərlə bağlı "Unikal"a müsahibə verən Hafiz Hacıyev maraqlı fikirlər səsləndirib.

- Hafiz müəllim, son dövrlər müxalifət nümayəndələri yenidən radikallaşıblar. Müsavat başqanı İsa Qəmbər deyir ki, hakimiyyət çökmək üzrədir. Sizcə, bu fikirlərin əsası varmı?
- Azərbaycan hakimiyyəti oturuşmuş hakimiyyət olaraq, möhkəmlənə-möhkəmlənə irəliyə doğru gedir. Nöqsanlar olduqda isə onlar aradan qaldırılır. Eyni zamanda, Azərbaycan bu gün dünyada söz sahibinə çevrilib. Ona görə də biz heç də narahat deyilik ki, İsa Qəmbər, yaxud başqası nə vaxtsa hakimiyyətə gələcək. Hələ bir illik hakimiyyətimiz dövründə, hansı ki, mən də həmin hakimiyyətin tərkibində idim, məhz həmin ərəfədə İsa Qəmbərin nələr etdiyini görmüşəm. İndi o, yuxular görür və özü üçün illüziyalar qurur. Təbii ki, bu, mümkün olan məsələ deyil. Mən hər zaman dövlətçilik maraqlarını düşünmüşəm, ölənədək də onu qoruyacağam. Şəxsən mən özümü və partiyamı götürürəm, nə qədər ki, yaşayıram, bu hakimiyyəti, bu dövlətçiliyi ölənə qədər qoruyacağıq. Biz burada fikirləşmirik ki, gələcəkdə nə olacaq, nə olmayacaq. Sadəcə, biz öz siyasi xəttimizi bu cür tutmuşuq. Ona görə də İsa Qəmbərə - millətinə xəyanət edən birinə hakimiyyətə gəlməyə imkan verməyəcəyəm.
- Ancaq zaman-zaman İsa Qəmbər də, digər müxalifət liderləri hakimiyyətə sərt mesajlar verirlər...
- İsa Qəmbər də, o biriləri də guya hakimiyyətə mesaj verirlər. Ancaq onların bu mesajları blefdən başqa bir şey deyil. İndi bu vasitə ilə demək istəyirlər ki, çəkilin kənara, biz hakimiyyətə gəlirik. Ancaq yaxşı olardı ki, İsa Qəmbər getsin şalvarının bağını möhkəm bağlasın və ətrafında olan Cəmil Həsənlinin, Əli Kərimlinin, oriyentasiyası bəlli olan adamların dərdini çəksin, sonra hakimiyyətə gəlmək haqqında düşünsün. Onun sərsəm xülyalarını bu millət 20 ildir ki, eşidir. Bu həmin İsadır ki, gedib oturub kabinetində və millətin balalarını türmələrə doldurtdurub. O, getsin özünə bir qurultay keçirsin və başına 50, 100 nəfər yığsın. Əgər deyirsə ki, qurultay keçirməyə yeri yoxdur. Həmin yeri də mən ona təşkil edə bilərəm. Getsin keçirsin, biz də görək ki, bu adam adicə bir qurultayını keçirə bilirmi? O zaman hər şey aydın olacaq.
- Diqqət etdinizsə, qurultay məsələsi artıq Müsavat daxilində də qarşıdurmaya səbəb olub. Bunun nəticəsini necə görürsünüz?
- Necə olacaq, pis. Müsavat Partiyası tamamilə məhv olmağa məhkumdur. Əslində, Səxavət Əlisoy düz deyir. Qurultay nədir ki, onu bu qədər gecikdirirlər. Yer məsələsi də bəhanədir. İsa Qəmbər başını itirib, nə elədiyini də bilmir. Artıq partiyada funksionerlər bir-birini qırmağa başlayıb. Əgər qurultay baş tutsa, Müsavatdakı qarşıdurmalar daha da dərinləşəcək, partiya tamamilə məhv olacaq. Tələsməyin, qarşıdan gələn dövrdə bütün bu biabırçılıqlara özünüz şahid olacaqsız.
Bu adamlar heç vaxt milli maraqlarımıza xidmət etməyiblər. İsa Qəmbər xarici dövlətlərdən qrant alır və onların sifarişini yerinə yetirir. Biz onu da bilirik ki, İsa Qəmbər niyə belə qeyzə gəlib? ABŞ səfirinin sərsəm açıqlaması, Fransa prezidentinin bunlarla görüşməsi, Leyla Yunusun əməlləri indi buna qol-qanad verib. Amma nahaq yerə. Çünki o, bütün hallarda qarşısında məni görəcək.
- Bir neçə gün öncə AXCP sədri Əli Kərimli barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyinizi bildirmişdiniz. O məsələ nə yerdə qaldı?
- Bilirsiniz ki, radikal müxalifət liderləri, xüsusilə də Əli Kərimli son dövrlər radikallıq edirlər. Mən onların yenidən radikallaşmasının səbəbini araşdırdım. Baş verənlərin real səbəbləri üçün lazımi instansiyalara müraciət etmək qərarındayam. Yəqin ki yadınızdadır, mən hələ keçən il AXCP sədri Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyi haqda hüquq mühafizə orqanlarına müraciət etmişdim. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardıqları fəaliyyət və araşdırmanın nəticəsi məni qane etmədi. Baş verənlər məni çox narahat edir. Əli Kərimlinin cinayət işinin araşdırılmasının üstündən az qala, bir il vaxt ötür. Faktla bağlı 100 nəfərə yaxın insan dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib. Ancaq əfsuslar olsun ki, bu günə qədər müsbət heç bir nəticə əldə edilməyib. Düşünürəm ki, baş verənlər haqqında Baş prokuror Zakir Qaralova müraciət etməyin artıq zamanıdır. Bu səhlənkarlığın bir sonu, bir nəticəsi olmalıdır. Bu gün xarici səfirliklərin dəstəyi və malliyə yardımı ilə dirçələn və daha da radikallaşan Kərimov Əlinin cinayət işinin yarımçıq və nəticəsiz qalması mütləq araşdırılmalıdır. Əks təqdirdə, ölkə prezidentinə müraciət edəcəm. Görürəm ki, bundan başqa yol qalmayıb. Hələlik gözləyirəm, ortaya real nəticə çıxamasa, yenidən müraciət edəcəyəm. Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Əli Kərimli öz liderini zəhərləyən, öldürən adamdır. Elçibəy xəstə yatağında olanda Əli Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Əli Kərimlinin sifarişi ilə Azadlıq qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Əli Kərimli də İsa Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar. Mənim əlimdə kifayət qədər əsaslar var, ona görə də geri çəkilən deyiləm.
- Hafiz müəllim, bir müddət öncə Siz "Aqrolizinq" barədə fikirlər səsələndirirdiniz. Son günlər baş verənlər haqlı olduğunuzu göstərdi...
- Mən, Heydər Əliyev Mərkəzi Komitənin I katibi olandan müxtəlif vəzifələrdə çalışmışam, kifayət qədər təcrübə toplamışam. Lobarantlardan fərqli olaraq, hər dəfə verdiyim proqnozlar düz çıxır. "Aqrolizinq"də və İsmət Abbasovun kənd təsərrüfatı naziri olduğu dövrdə nazirlikdə baş verənlərlə bağlı korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıldı. Mən həmin nazirlikdə baş verənlər haqda hələ 5 il bundan öncə mətbuata məlumat vermişəm. İsmət Abbasovun qohumu, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun külli miqdarda dövlət büdcəsini mənimsəməsi haqda onun həbsindən xeyli öncə mətbuata məlumat vermişəm. İsmət Abbasov və onun əsabələri hər an dövlətə xəyanət etməyə çalışırlar. Bunu mən faktlarıma əsaslanıb deyirəm. Dövlətin büdcəsini talamaq cinayətdir. Hesab edirəm ki, Əli Bayramov öz layiqli cəzasını alacaq.
- Sizcə, hakim komanda da daha hansı məmuru bu cür aqibət gözləyir?
- Əgər ölkədə real yoxlamalar aparılsa, bir sıra səhmdar cəmiyyətlərin və dövlət komitələrinin bu cür cinayətlərinin üstü açılar.
- Məlum olduğu kimi, prezident islahatlar yolu seçib. Amma Nazirlər Kabinetinin tərkibində hələ də dəyişikliklərə ehtiyac var. Sizcə, hökumətdəki yaşlıları niyə gənc kadrlarla əvəz etmirlər?
- Ölkə başçısı cənab İlham Əliyev ölkədə gedən proseslərdən xəbərdardır. Lazımi anda özü onların öhdəsindən gələcək. Amma onu da nəzərə çatdırım ki, komandada islahatlara ehtiyac var. Prezident bu istiqamətdə önəmli addımlar atıb. Əminəm ki, qarşıdakı dövrdə də önəmli addımlar atacaq.
- Son günlər harınlamış məmur balaları ilə bağlı mətbuatda məlumatlar dolaşmaqdadır. Necə düşünürsünüz, həmin məmurlara dövlətin sərt üzünü göstərmək lazım deyilmi?
- Mən təklif edirəm ki, ölkə rəhbərliyi məmur balaları və valideyinləri haqda verilən məlumatı düzgün yoxlasınlar və bu tədbirlər davamlı olsun. Xalqı qıcıqlandıran hərəkətlərə yol verən məmur və məmur balaları cəzalandırılmalıdır. Onsuz da Prezident İlham Əliyev harınlamış məmurlara qarşı təpkisini göstərib. Bu günə kimi, verilən sərt cəzalar da olub. Sadəcə olaraq, İlham Əliyev humanistlik göstərib, bəzən güzəştlər də edib. Ancaq kim onun bu humanistliyindən istifadə edib, özünü yığışdırmayacaqsa, daha ağır cəza alacaq.
- Hafiz müəllim, MMP-də hansı yeniliklər var? Partiya quruculuğu istiqamətində nələr edirsiniz?
- Öncə baş verən son yeniliklərdən danışım. Bir müddət öncə İdarə Heyətinin və Qadınlar Şurasının birgə növbəti toplantısı keçirildi. Toplantıda bir neçə gün öncə Qadınlar Şurasının sədri seçilmiş Paşayevə Zəhranın İdarə Heyətinə təqdimatı və Qadınlar Şurasının İdarə Heyətinin tərkibinin yenidən təsdiq edilməsi məsələsi müzakirəyə çıxarıldı. Səs çoxluğu ilə 11 nəfərdən ibarət ziyalı xanım MMP QŞ-nın İdarə Heyətinə üzv seçildilər . Qeyd edim ki, MMP Qadınlar Şurasının İdarə Heyətinin tərkibində 4 professor, 2 həkim, 4 jurnalist, 1 təhsil işcisi təmsil olunacaq. İşlər bununla bitmir, bu istiqamətdə müvafiq işlər görülür, patiyanın gücləndirilməsi üçün müxtəlif addımlar atılır.
- Qarşıdan gələn seçkilərdə iştirak etmək planlarınız varmı?
- Bəli. Seçkilərdə mütləq iştitak edəcəyik. Bu ilin payızında bələdiyyə seçkiləridir. Bəziləri üçün bu seçkilər önəmli olmasa da, bizim üçün hər bir seçki vacibdir. Ona görə də partiyanın müvafiq qurumlarına tapşırıqlar verilib. Ümid edirik ki, qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Ancaq əsas hədəfimiz 2015-ci il parlament seçkiləridir. Bu günə kimi, bizə qarşı haqsızlıq olub, ancaq 2015 seçkilərinə yönəlik ciddi planlarımız var. Əminəm ki, 2015-də ən çox mandat qazanan müxalifət partiyası biz olacağıq. Buna görə da hər gün seçkiyə hazırlaşırmış kimi seçicilərlə işləyirik, yeni təkliflər, proqramlarla çıxış edirik.

Z.Məmmədli