Ramazanın fəzilətləri
Ramazanın fəzilətləri

Orucluğun bəyənilən və bəyənilməyən əməlləri hansılardır?

Müsəlmanlar əsrlərdən bəri oruc tutb, namaz qılaraq Allaha ibadət etsələr də hələ də bu dini ayinlərin əsil mahiyyəti barədə təzadlı fikirlər mövcuddur. Daha doğrusu, məqsədli şəkildə İslamın dini ayinlərinə xələl gətirmək istəyən qüvvələr onları müxtəlif cür yozaraq insanları əqidəsindən sapdırmaq niyyəti güdürlər. Bəs, əslində oruc nədir, biz müqəddəs Ramazan ayı barədə nə bilirik?

Xatırladaq ki, imsak vaxtından iftar vaxtına qədər yemə, içmə və cinsi münasibətdən uzaq durmaq deməkdir. Sunna.az xəbər verir ki, imsak vaxtı orucla bağlı qadağaların başlama vaxtı, fəcri-sadiq, yəni dan yerinin ağarmasıdır. Bununla gecə (işa) namazının vaxtı çıxır, sübh namazının vaxtı daxil olur. Bu vaxt eyni zamanda səhurun (obaşdan) sona çatıb, orucun başladığı vaxtdır. İftar isə oruc qadağalarının sona çatdığı, günəşin qürub etdiyi vaxtdır. Həmin bu vaxtla axşam namazının vaxtı daxil olur. Ağlı başında olub həddi-büluğa çatmış müsəlmanın Ramazan orucu tutması fərzdir. Lakin, oruc tuta bilməyəcək dərəcədə xəstə olanlar və səfərdə olanlar oruc tutmaya bilərlər. Xəstələr sağaldıqdan, səfərdə olanlar isə öz vətənlərinə (yurdlarına) qayıtdıqdan sonra tutmadıqları orucları qəza etməlidirlər. Xəstə olan şəxsin sağalma ehtimalı yoxdursa tutmadığı hər gün üçün bir fidyə verməlidir. Yəni, bir kasıbı doyurmalıdır. Heyz (aybaşı) və nifas (zahı) qadınlar, həmin bu xüsusi günlərdə oruc tutmayıb daha sonra gününə gün qəza etməlidirlər. Ramazan orucunu qəsdən və istəyərək pozan şəxs pozduğu orucu qəza etməli və kəffarə ödəməlidir. Orucun kəffarəsi iki ay dalbadal oruc tutmaq, buna gücü çatmazsa 60 kasıbı doyurmaqdır. Ramazan bayramının birinci günü ilə qurban bayramının dörd günündə oruc tutmaq təhrimən məkruhdur. Məhərrəm ayının yalnız onuncu günündə, həftənin yalnız cümə və ya şənbə günündə oruc tutmaq, ilin bütün günlərini oruclu keçirmək və axşam iftar etmədən sonrakı günə birləşdirərək oruc tutmaq tənzihən məkruhdur.

Oruclunun məkruh
(bəyənilməyən) əməlləri

İlahiyyatçı alim Anar Qurbanovun sözlərinə görə, məkruh, haram olmadığı halda, ibadətlərin savabını azaldan və Allah-Təala tərəfindən xoş qarşılanmayan hallara deyilir. Bu xüsusiyyətlər orucu pozmasa da, onun Allah qatındakı dərəcəsinin azalmasına səbəb ola bilər. Orucluya məkruh hesab olunan əməllər bunlardır: Üzrsüz olaraq bir şeyin dadına baxmaq və çeynəmək məkruhdur. Çünki ağızda olan bir şeyin udulma təhlükəsi var. Ancaq qaçılmaz zərurət halında bişirilən yeməyin və ya aldanma təhlükəsi varsa satın alınan qida maddəsinin dadına baxmaq olar. Bu zaman boğaza heç bir şeyin getməməsi şərtdir. Oruclunun əvvəlcədən çeynənmiş, şəkərli olmayan, ağ və parçalanmayan saqqızı çeynəməsi məkruhdur. Yeni açılmış saqqızı çeynəmək isə caiz deyil. Digər tərəfdən, bu gün çoxlu dadvericilər qarışan saqqızları ilk çeynəməkdə şəkər udulsa oruc pozulur. Kişilərin oruc tutmadıqları zaman da saqqız çeynəmələri xoş qarşılanmamışdır. Ancaq hər hansı bir üzrdən ötrü gizli çeynəmək bundan istisnadır. Həyat yoldaşını öpmək, ona sarılmaq özünə güvənməyən üçün məkruhdur. Çünki bu, orucu pozacaq bir işi görməyə gətirib çıxara bilər. Ümumiyyətlə, yoldaşını öpmək oruca zərər verməz. Necə ki, Hz. Aişə (r.anhə) Rəsulallahın (s.ə.s) oruclu ikən xanımlarıyla zarafatlaşdığını və öpdüyünü nəql etmişdir. Ancaq oruclu şəxsin yoldaşıyla çılpaq olduqları halda sarılmaları, özünə güvəni olsa da, olmasa da məkruhdur. Buna "fahiş mübaşirə" deyilir. Damardan qan aldırmaq və ya hacamat etdirmək kimi insan bədənini zəiflədə bilən şeyləri etmək məkruhdur. Bədəni zəiflətməyəcəksə, məkruh deyil. Ancaq bunu iftardan sonra etmək daha yaxşı olar. Əksər hənəfi alimlərinə görə yaş və ya quru misvakla dişlərin təmizlənməsində heç bir problem yoxdur. Əbu Yusifə görə isə, su ilə isladılmış misvakı işlətmək məkruhdur. Ağız və diş təmizliyi, yeyilən yemək və ya içilən içəcəklərin artıqlarının təmizlənməsi məqsədilə edilir. Səhur yeməyindən sonra misvak və ya fırça ilə ağız və dişlər təmizləndikdən sonra, axşama qədər bu təmizlik kifayət edər. Çünki oruclu adamın ağzına onun təmizliyini pozan heç nə daxil olmur. Həmçinin hər dəstəmaz alanda ağzı üç dəfə yumaq da sünnədir. Oruclu xüsusilə diş məcunlarındakı dadlandırıcı maddələri udmaqdan qorunmalıdır. Şafeilərə görə, zəval vaxtından günəşin batışına qədər misvak işlətmək məkruhdur. Dəlilləri bu hədisdir: "And olsun ki, oruclu insanın ağız qoxusu Allah qatında müşk qoxusundan daha üstündür" Çünki zəvaldan əvvəlki ağız qoxusu yeməyin, zəvaldan sonrakı isə ibadətin əsəridir. Sərinləmək üçün yuyunmaq və ya islaq bir parçaya bürünmək Əbu Yusifə görə oruca zərər verməz. Əsas alınan görüş də budur. Çünki bununla ibadətə kömək olunur. Əbu Hənəfiyə görə isə sərinləmək məqsədilə ağız və buruna su almaq və ya soyuq su ilə yuyunmaq məkruhdur. Oruclunun gül, müşk, ətir kimi şeyləri iyləməsi məkruh deyil. Hənəfilər xaricindəki üç məzhəbə görə, ətir vurmaq və xüsusilə də iyləmək məkruhdur. Qan aldırmaq və ya hacamat etdirmək orucu pozmur. Ancaq oruclunun müqavimətini qırar və zəiflədərsə məkruh olar. Hz. Peyğəmbərin (s.ə.s) ehramlı ikən və oruclu olduğu əsnada qan aldırdığı, hacamat etdirdiyi nəql olunmuşdur.

Oruclunun müstəhəb (bəyənilən) əməlləri

Orucun mötəbərliliyinə birbaşa təsir etməməklə yanaşı, oruc tutmağı asanlaşdırmaq və orucun dünyəvi və üxrəvi faydalarını artırmaq məqsədilə Hz. Peyğəmbər (s.ə.s.) bəzi tövsiyələr vermişdir. Oruclu üçün Allah tərəfindən bəyənilən əməllər bunlardır: Sahura durmaq: Gecənin son 1/6-nə səhər vaxtı deyilir. Səhər vaxtı imsak girmədən əvvəl oruc tutmaq məqsədilə yeyilən yeməyə "sahur" deyilir. Bir udumluq su ilə də olsa sahur etmək və sahur yeməyini mümkün olduğu qədər gecənin son vaxtına saxlamaq daha münasibdir. Sahura qalxmaqda məqsəd həm oruc tutmaq üçün güc qazanmaq, həm də səhər vaxtının əcr və fəzilətlərindən faydalanmaqdır. Hz. Peyğəmbərin (s.ə.s.) sahura qalxmağı təşviq və tövsiyə edən müxtəlif hədisləri vardır. Məsələn, "Sahura qalxın, çünki sahur yeməyində bərəkət vardır" (Buxari, Səvm, 20; Müslim, Siyam, 45), "Oruc tutmaq istəyən, sahur vaxtı nə isə bir şey yesin"(Əhməd. b. Hənbəl, III, 367, 379), "Sahur yeməyi ilə gündüz tutacağınız oruca və günorta yuxusuyla da (qeylulə) təhəccüd namazına güc qazanın" ( İbn Macə, Siyam, 22). Sübh vaxtı girənə qədər sahuru gecikdirmək də müstəhəbdir. Allah Rəsulu belə buyurmuşdur: "Ümmətim iftarı tez edib (vaxtında), sahuru gecikdirdiyi müddətcə xeyir üzərindədir (doğru yoldadır)." (Buxari; Səvm, 45, Müslim, Siyam, 48). İftarı axşam namazını qılmadan əvvəl etmək: Namazda aclığın qəlbi məşğul etməməsi üçün iftarda tələsmək müstəhəbdir. Hava buludlu olduğu zaman isə, əzan oxunsa belə iftarda tələsməmək lazımdır. Yüksək bir yerdə olan kimsə günəşin batdığını görməyənə qədər iftar edə bilməz. İftarın xurma və ya su ilə edilməsi müstəhəbdir. Çünki Allahın Rəsulu (s.ə.s.) orucunu bunlarla açardı (Şövkani, Neylül-övtar, IV, 220). İftarın tez edilməsi bu hədisə istinad edir: "İnsanlar iftarda tələsdikləri müddətcə xeyir üzərindədirlər."(Buxari, Səvm, 45, Müslim, Siyam, 48.) Oruc açılarkən dua edilməsi sünnədir. Hədislərdə keçən bir dua belədir: "(Ey Allahım! Sənin rizan üçün oruc tutdum, sənin verdiyin ruzinlə iftar etdim və yalnız sənə təvəkkül etdim. Bu orucumu qəbul et və məni bağışla! Şübhəsiz ki, sən hər şeyi eşidən və bilənsən.) ( Əbu Davud, Səvm, 22) Oruc tutanlara iftar vermək: Zəngin şəxslərin, xüsusilə maddi vəziyyəti yaxşı olmayan oruclulara iftar etdirmələri, ehsan və hədiyyələr vermələri müstəhəbdir. Ən yaxşısı oruclulara yeməklə iftar etdirməkdir. Hədisdə belə buyurulmuşdur: "Orucu tutana iftar verən şəxs, oruclunun alacağı qədər savab alar və oruclunun savabında da heç bir azalma olmaz." (Tirmizi, Səvm, 82) Allah Rəsulu (s.ə.s.) xeyir işlər görməkdə insanların ən comərdi idi, Ramazan ayı gəldiyi zaman isə, comərdliyi daha da artardı (Buxari, Bədül-vəhy, 5, Səvm, 7). Ramazan ayında ehsan və hədiyyələri çoxaltmaqda məqsəd, oruc tutanların, ibadətlə məşğul olanların ehtiyaclarını qarşılamaq və qəlblərini rahatlatmaqdır. Cünub olanların, heyz və nifas halı sona çatanın sabah vaxtı girmədən əvvəl qüsl alması: Orucun başlanğıcında təmiz olmaq üçün, mümkünsə bu sayılanların imsakdan əvvəl qüsl alması tövsiyə olunur. Fəzilətli olan da budur. Ancaq qüsl almağa imkanı olmayan və ya buna vaxtı qalmayanların oruca niyyət etmələri caizdir. Qurani-Kərimdə belə buyurulur: "...Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik etdiyinizi (və ya nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın. Allahın sizə halal etdiyini onlardan (qadınlarınızdan) istəyin."(Bəqərə, 2/187). Ayədə keçən "gecə" ifadəsi, Ramazan ayında, günəşin batışından imsak vaxtına qədər olan müddəti ehtiva edir. Oruc tutanın dilini lüzumsuz və boş sözlərdən
qoruması müstəhəbdir. Dedi-qodu etmək, söz daşımaq və yalan danışmaq kimi davranışlardan isə daha çox çəkinmək lazımdır. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Yalan danışmağı tərk etməyən, xətalı davranışlardan uzaq durmayan bir adamın özünü ac və susuz qoymasına Allahın ehtiyacı yoxdur." (Buxari, Səvm, 8, ədəb, 51; Əbu Davud, Səvm). Başqa bir hədisdə də belə buyurulmuşdur: "Nə qədər oruc tutanlar var ki, orucundan susuzluq və aclıqdan başqa heç bir qazancı yoxdur. Nə qədər gecə qalxıb nafilə ibadət edənlər var ki, bu qalxmasından ötrü yuxusuzluqdan başqa heç bir qazancı yoxdur" (İbn Macə, Siyam, 21). Ramazan günü oruclu bir şəxsə kimsə sataşsa, söysə və ya dalaşsa ona "mən orucluyam" deyə xatırlatması da sünnədir. Necə ki, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: "Heç biriniz oruclu ikən pis söz danışmasın, çığırıb bağırmasın. Hətta özünə ağır sözlər söyləyənə qarşı belə yalnız "mən orucluyam" deməklə kifayətlənsin" (Buxari, Səvm, 2; Müslim, Siyam, 160). Ramazan ayı xaricində oruclu kimsə isə bunu daxilində deyib özünü təskinləşdirməlidir. Çünki riyadan qorunmaq üçün nafilə bir ibadəti gizləmək daha fəzilətlidir. Ramazan ayının mənəvi havasından daha çox faydalana bilmək üçün bu ayda Quran oxumaq, məlumatı az olduğu sahədə mütaliə etmək, dua və zikri çoxaltmaq müstəhəbdir. Allah Rəsulu (s.ə.s.): "Ramazan ayında hər gecə Cəbrail əleyhissalamla qarşılaşar, onunla Qurani-Kərimi müzakirə və müqabilə edərdi." ( Buxari, Bədül-vəhy, 5, Bədül-xəlq, 6, Mənaqib, 23). Xüsusilə Ramazan ayının son on günündə oruclunun etikafa girməsi müstəhəbdir. Çünki etikafa girmək nəfsin qadağalardan qorunmasına kömək edir, həmçinin Qədr gecəsilə rastlaşmaq imkan və ümidini artırır. Həzrət Aişə (r.anhə) belə demişdir: "Rəsulullah (s.ə.s.) Ramazan ayının son on gününə girincə bütün gecəni ehya edər, ailəsini oyandırar və qadınlardan ayrı qalardı." (Müslim, Etiqad, 8; Tirmizi, Səvm, 72).
Alim